İyunun 8-də İran İslam Respublikasının Azərbaycandakı səfiri Seyid Abbas Musəvi və Səfirliyinin Mədəniyyət Mərkəzinin sədri Q.Əli Purmərcan Milli Kitabxanada olub.
525.az xəbər verir ki, Kitabxananın direktoru prof. Kərim Tahirov qonaqları salamlayaraq onların Azərbaycan Milli Kitabxanasında olmasından məmnunluğunu ifadə edib.
Milli Kitabxananın ölkənin ən böyük və zəngin kitabxanası olduğunu diqqətə çatdıran K.Tahirov bildirib ki, Azərbaycan Milli Kitabxanası ilə İran İslam Respublikasının Milli Kitabxana və Arxivi arasında təxminən 2000-ci illərin əvvələrində qurulan əməkdaşlıq əlaqələri son zamanlarda zəifləmişdir. Bu gün imzalanacaq əməkdaşlıq memorandumu bu əlaqələrin daha da möhkəmlənməsinə, genişlənməsinə səbəb olacaqdır. O, qeyd edib ki, hər iki ölkənin qədim tarixi, ortaq mədəni dəyərləri vardır. Biz İran İslam Respublikasının Milli Kitabxanası ilə bir sıra beynəlxalq miqyaslı layihələrdə və İqtisadi Əməkdaşlıq Təşkilatına (İƏT) üzv ölkələrin Milli Kitabxanaları Təşkilatı çərçivəsində fəal əməkdaşlıq edirik. Bir həftədən sonra bu təşkilatın növbəti konfransında onlayn iştirak edəcəyik.
Sonra İran İslam Respublikasının Azərbaycandakı səfiri Seyid Abbas Musəvi çıxış edərək Azərbaycan Milli Kitabxanasında olmasından şad olduğunu vurğulayaraq öz təşəkkürünü direktora çatdırıb. O, bildirib ki, hər iki ölkənin münasibətləri bütün sahələrdə yüksək səviyyədə inkişaf etməkdədir. Böyük iftixar hissi ilə bildirmək istəyirəm ki, hər iki ölkənin iqtisadi, siyasi sahədə inkişaf edən yaxınlığı mədəniyyət sahəsində də imzalanan bu memorandumdan sonra daha da möhkəmlənəcəkdir. Həmçinin, qeyd etmək istəyirəm ki, İran dünyanın ən zəngin kitab bazalarından birinə malikdir və hər il keçirilən beynəlxalq kitab sərgiləri buna əyani sübutdur. Bildirmək istəyirəm ki, bu il Azərbaycanda cənab Prezident İlham Əliyevin təşəbbüsü ilə “Nizami Gəncəvi ili” elan olunması hər iki ölkənin kitabxana sahəsində Nizami Gəncəvi əlyazmalarının mübadiləsi bu əməkdaşlığın ilkin göstəricisi olacaqdır. O, qeyd edib ki, Azərbaycan Respublikasının Mədəniyyət naziri cənab Anar Kərimovla görüşərkən İran kitabxanalarında saxlanılan qədim əlyazma nüsxələrinin Azərbaycan Milli Kitabxanasına verilməsi barədə razılığa gəlmişik. Həmçinin, o, qeyd edib ki, Nizami Gəncəvinin “Xosrov və Şirin”, “Sirlər xəzinəsi” əsərləri Azərbaycan dilinə tərcümə olunmuş, yaxın zamanlarda “Yeddi gözəl” poemasının da tərcüməsi nəzərdə tutulur. Sonra o, bildirib ki, İran Mərkəzi Kitabxanası köhnə nəşrlərin restovrasiyasında böyük təcrübəyə malikdir. İnanıram ki, bu sahədə də əməkdaşlıq edə bilərik. Əməkdaşlıq memorandumun imzalanması hər iki ölkənin kitab və mədəniyyət sahəsində müştərək əlaqələrin yaranmasına gətirib çıxaracaqdır.
Daha sonra onlayn imzalanma mərasimində çıxış edən professor Kərim Tahirov bildirib ki, bu gün imzalanan sənəd kitabxanalarımız arasında əlaqələrin daha da inkişafına gətirib çıxaracaqdır. İran İslam Respublikasının Milli Kitabxana və Arxivinin müdiri Əşrəf Boroujerdi ilə bizim ilk tanışlığımız 4 il öncə Tacikistanda olmuşdur və bir neçə gün sonra İran Milli Kitabxanası ilə İqtisadi Əməkdaşlıq Təşkilatına (ECO) üzv dövlətlərin Milli Kitabxana direktorlarının iştirakı ilə onlayn konfransımız baş tutacaqdır. İnanıram ki, sentyabr ayında Bakıda keçiriləcək “VII Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkası”nda İran ən geniş ekspozisiya nümunələri ilə təmsil olunacaqdır. Fürsətdən istifadə edərək İran İslam Respublikasının Milli Kitabxana və Arxivinin müdiri Əşrəf Boroujerdini həmin kitab sərgisi çərçivəsində Bakıda keçiriləcək “XXI əsrin oxucusu” adlı Beynəlxalq Elmi Konfransa dəvət edirəm.
Sonra İran İslam Respublikasının Milli Kitabxana və Arxivinin müdiri Əşrəf Boroujerdi çıxış edərək hər iki ölkənin nümayəndə heyətini salamlayaraq tədbirin təşkilinə görə Milli Kitabxanaya öz təşəkkürünü bildirib. İmzalanan əməkdaşlıq müqaviləsi hər iki ölkə arasında qarşılıqlı fikir mübadiləsinin yaranmasına, əməkdaşlığın genişlənməsinə səbəb olacaqdır. Bu əməkdaşlıq müqaviləsindən daha çox iki ölkə Milli Kitabxanalarının gənc oxucuları, alimləri, ziyalıları faydalanacaq və yaranan fürsətdən bəhrələnəcəklər. Eləcə də diqqətinizə çatdırmaq istəyirəm ki, İran Mərkəzi Kitabxanasında “Xalqlar salonu” var ki, həmin salonda müxtəlif ölkələrin tarixi, mədəniyyətləri nümayiş olunur. Həmin guşədən də daha çox istifadə edən məhz gənc oxuculardır. O, məhz bu guşədə Azərbaycan ədəbiyyatına, tarixinə, mədəniyyətinə dair materialların nümayiş olunacağı bir bölmənin yaradılmasından da xoşniyyətli olacağını bildirdi. Sonra xanım Əşrəf Boroujerdi qeyd edib ki, İran Mərkəzi Kitabxanasında Nizami Gəncəvinin 192 əlyazması, 1 daş kitabəsi və YUNESKO-da qeydə alınan Xəmsənin ən qədim nüsxəsi saxlanılır. Məhz Azərbaycanda “Nizami Gəncəvi ili” çərçivəsində bu sahədə də əməkdaşlığımızı genişləndirə bilərik.
Daha sonra professor Kərim Tahirov xanım Əşrəf Boroujerdiyə öz təşəkkürünü bildirib. O, qeyd edib ki, Azərbaycan Milli Kitabxanasında da “Beynəlxalq Əməkdaşlıq zalı” vardır ki, həmin zalda 14 ölkənin tarixinə, mədəniyyətinə dair ədəbiyyatlar nümayiş olunur. İnanıram ki, sentyabr ayında baş tutacaq “XXI əsrin oxucusu” konfransında iştirak edərkən İran guşəsinin də rəsmi açılışını edərik. Sonra direktor bildirib ki, “Nizami Gəncəvi ili” çərçivəsində Nizami Gəncəviyə məxsus Tehranda saxlanılan ən qədim əlyazma nüsxələrin digital nüsxələrinin Azərbaycan Milli Kitabxanasına verilməsi böyük təqdirəlayiq addım olacaqdır. Həmçinin, o, qeyd edib ki, Azərbaycan Milli Kitabxanası dünyanın 48 ölkəsində saxlanılan 100-dən artıq Nizami əlyazmalarının digital nüsxələrini artıq əldə edib və payızda Bakıda onların sərgisi keçiriləcəkdir.
Sonda Əməkdaşlıq memorandumu onlayn formada imzalanıb. Daha sonra qonaqlar Azərbaycan Milli Kitabxanası ilə tanış olublar və “Heydər Əliyev guşəsi”, “Beynəlxalq Əməkdaşlıq zalı”, “Nadir kitablar və kitabxana muzeyi”, “Açıq kitabxana” bölmələrində xatirə şəkili çəkdirib və kitabxana fondu ilə tanış olublar.