Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun baş elmi işçisi, Azərbaycanda Atatürk Mərkəzinin elmi işçisi, Fəlsəfə Cəmiyyətlərinin Beynəlxalq Federasiyasının üzvü fəlsəfə elmləri doktoru, professor Rahid Uluselin iki kitabı Azərbaycanda və Almaniyada çapdan çıxıb.
Ədəbiyyat İnstitutundan bildirilib ki, “Çağlar. Düşünərliyin zaman qatları”na Rahid Uluselin məhz poeziya və fəlsəfənin vəhdətindən yoğrulan ayrıcları – ikilik, dördlük və rübailəri (poetik aforizmin yeni örnəkləri), bir neçə seçmə şeiri daxil edilib. Kitab bütöv bir dünyagörüşünün bir-birinə bağlı seçkin təzahür mənzərələrini yaradan “Mütəfəkkir”, “Varlıq çağı”, “İnsan çağı”, “Duyğu çağı”, “Dəyər çağı” “Həqiqət çağı”, “Söz çağı”, “Ox çağı”, “Çağların körpüsü” və “Səndən başlayıb məndə bitməyən dünya” bölümlərindən ibarətdir. Kitabın redaktorları filosof Niyazi Mehdi və şair Vaqif Bəhmənlidir.
Rahid Uluselin “Düşüncə vadisi. Aforizmlər” (“An Oasis of Thoughts. Aphorisms”) adlı ikinci kitabı Azərbaycan, Türkiyə, Rusiya və İrandan sonra Almaniyada çap olunub. Müəllifin özünün ingilis dilinə tərcümə etdiyi kitab Avropa mərkəzli “Epubli” nəşriyyatında işıq üzü görüb.
Professorun fəlsəfi yaradıcılığında mühüm yer tutan bu aforizmlər insanla dünyanı vəhdətə gətirən ən qırılmaz telləri daha da möhkəmləndirmək, həyatımızın məna bolluğunun dərinliyinə varmaq, çatışmazlıqları görüb qətiyyətlə üzə çıxarmaq enerjisini daşıyır. Onlar ümumən aforizmin janr palitrasını (deyimlər, atmacalar, maksimlər, lakonizmlər, paradiqmalar və s.) özünəməxsus forma biçimində, məzmun zənginliyində əks etdirir. Kitabın əsas məqsədi yaşadığımız tarixi zamanın – XXI əsrin yaradıcı ideya qaynaqlarını oyatmaqdan, bəşəriyyətin epoxal inkişafı yönündə qarşılaşdığı çətinlik, gərginlik və böhranlara refleksiya vermək gərəyindən ibarətdir.
Azərbaycanlı filosofun ayıq və məsuliyyətli düşüncəni insanlığın universal dəyərlərinin necə yaşadılması üzərində cəmləyən bu kitabı Avropanın mötəbər kitabxanalarına və “Amazon” da daxil olmaqla dünyanın bir sıra aparıcı saytlarında satışa təqdim edilir.