Fələyin mancanağından fitnə daşları yağır
Sənsə əbləhcəssinə şüşə içərisində oturmusan…
Vaqif pyesi
Fələyin mancanağından aramsız şəkildə “Covid-19 daşları” yağdığı bir vaxtda əbləhcəsinə şüşə içərisində oturmaq bir yana, hələ üstəlik, ədəbiyyatdan yazmaq nə qədər mənasız bir hərəkət kimi görünsə də, düşünürəm ki, bu bir yandan da əlahəzrət ədəbiyyatın bizə bəxş etdiyi nadir tövhələrdən biridir ki,- nə olursa olsun, dünyanın istər düz, istərsə də düzənlik bir dövrü – ədəbiyyat daim insanların bir ehtiyacı olaraq qalacaq. Düzdür , hərçənd ki, iyirmi birinci əsrin əsas məşğuliyyətləri sırasında ədəbiyyatın funksionallıq baxımdan mahiyyəti bir xeyli azalsa da, tutalım ki, elmlə – tibblə müqayisədə bəşəriyətə fayda baxımdan məhsuldarlığı aşağı düşsə də estetik zövqdən məhrum qalmamış az sayda həkimlərimiz mütləqdir ki, əllərini fonendeskoplarının üzərinə qoyub tam səmimiyyətləri ilə etiraf edə bilərlar ki, bəli Çexovdan yola çıxıb , Selində nəfəsini dərən, nəhayətində bizim Rafiq Tağıda qərar tutan ədəbiyyatla elmin tandemi heç də mümkünsüz bir şey deyil. Axı istənilən cərrah on iki saatlıq ağır bir əməliyyatdan sonra yəqin edə bilər ki, xəstənin ürəyini açıb ona dörd kameradan baxmaq kifayət deyil ki, onu içində gizlənən dərinliyi kəşf edəsən. Bunun üçün ağla gələn ilkin vasitə incəsənətdir, ədəbiyyatdır. Deməli, ədəbiyyatla elmi qarşı -qarşıya qoymaq heç də uğurlu bir seçim deyil. Əksinə, onların bir-biri ilə daimi təması , iç- içə, bütöv bir harmoniya şəklində fəaliyyətindən doğan nəticədən bəşəriyyətə yalnız və yalnız fayda gələ bilər ki, ağıllı toplumlarda da bunun təzahürünü görmək mümkündür. Qısası, şərqsiz qərb, qərbsiz də şərq olmadığı kimi , ədəbiyyatsız elm, elmsiz də ədəbiyyat olmaz. Olacaqsa ikisi də olmalıdır, ya da heç biri.
Ədəbiyyatın apologiyasından sonra birbaşa mövzumuza keçsək haqqında danışacağımız şəxsin 2018 – ci il Nobel mükafatı laueratı Piter Handke olduğunu söyləməliyik. Daha doğrusu onun ilk əsəri “ Bədbəxtliyə doyum” əsəri. Handke haqqda internetdə kifayət qədər məlumat tapmaq mümkün olduğundan düşünürəm ki,onun bioqrafiyasına toxunmağa elə də lüzum yoxdur. Sadəcə, qısaca olaraq, onu qeyd etmək olar ki, mükafatı təqdim edən qurumun reputasiyası qədər də Handke haqqda fikirlər birmənalı deyil. Xüsusən də, onun “ Serebnitsa hadisələri “ haqqda olan qalmaqallı fikirləri şəxsinə olan antipatyanın əsas səbəblərdən biridir. Düzdür, hərçənd ki, Aliya İzzetbekoviçin müəmallı siyasi fəaliyyətindən dolayı bu hadisələrə fərqli yöndən baxış sərgiləyən insanlar da var ki , onlar üçün Handke heç də məzlum insanların qatilinə mədhiyyə yazan vicdansız olmasa da , əvvəldə də dediyimiz kimi onsuz da adı qalmaqallarda hallanan Nobel komitəsi üçün Handke bir xeyli baş ağrısı oldu. Bizim isə sözün istənilən mənasında siyasətə yaxından – uzaqdan əlaqəmizin olmaması Handkenin bu məsələ ilə əlaqəsini çox da müzakirə etməyimizə imkan vermir. Ona görə də bu qısa bioqrafik məlumatdan sonra keçək onun yaradıcılığına. Daha doğrusu ilk əsəri hətta deyərdim ki böyük ədəbiyyata gedən marafonda ilk “razminkası“ olan “ Bədbəxtliyə doyum” əsərinə.
Almancadan original adı “ Wunschloses unglück” olan əsərin türkcə tərcüməsində adı “ Mutszuluğa doyum” kimi gedir. Hər nəqədər uğurlu tərcümədir ya deyil bilmirəm , amma alman dilini bilən dostların rəylərinə əsasən bu fikrə gəlmək olar ki, bu tərcümə nisbətən konteksti ifadə edir. Və nəzərə alsaq ki, bəzi azərbaycandilli saytlarda müəllifin bu mövzuda – anasının intiharına- yazmış olduğu romana vermiş olduqları “ Əsl hissiyat anı “ adı ilə müqayisədə hərfi tərcüməyə də yaxın gəlir, onda elə yazımızda əsərin adını elə orijinalına da, türkcə tərcüməsinə də daha yaxın olan “ Bədbəxtliyə doyum” kimi vermək doğru olardı. Mən sırf yanlışlıq olmasın deyə bir neçə şəxsin köməkliyi ilə bizim dilə tərcüməsi əsl hissiyat anı mənasına gələn bir romanın olub – olmadığını araşdırsam da, belə bir roman tapa bilmədim. Üstəlik də, anasının intiharı mövzusunda və əsərlərin yazılma tarixlərini tutuşduranda da təxmini aydınlaşdırmaq olur ki, böyük ehtimal “ Əsl hissiyat anı” kimi qələmə verilən roman elə türklərin “Mutsuzluğa doyum” kimi çevirdikləri romandır. Belədə əsərin almancadan təxmini mənasının şanssızlıq , bədbəxtlik olduğunu nəzərə alıb türkcə tərcüməsi daha məqbul sayılmış olar. Üstəlik də əsəri türkcə oxumuş olduğumdan elə adını da türkcədən tərcümə etmək daha ədalətli variant kimi gəldi. İrəlidə əsərdən gətirdiyim sitatlar sırf sətri tərcümə olmaqla özümün etdiyim tərcümələrdir. Onu da qeyd edim ki, əsərin Azərbaycan dilinə tərcüməsi yoxdur , sadəcə müəllifin bioqrafiyasını oxuyarkən adının bu cür verilməsinə rastlaşmışdım. Bunu isə nəyə əsasən belə ediblər , onu anlamadım.
Nobel komitəsi Handkeyə mükafatı vermə səbəbini bu cür açıqlayır: “ İnsan təcrübəsinin subyektivliyi və əhatəsi barədə dildən dahiyanə şəkildə yararlanaraq güclü əsərlər qələmə aldığına görə”.
Hər nəqədər yazıçını orjinaldan oxumaq kimi bir lüksdən məhrum olsam da ümidimi türkiyəli tərcüməçinin peşəkarlığına bağlayaraq bu fikirlə təqribən razılaşa bilərəm. Çünki Handkenin qurduğu cümlələr ikinci əldən gəlib çatmasına baxmayaraq manevr və ifadə imkanlarının fərqliliyi baxımdan orjinallığı ilə seçilir. Onun təqdimatında oxuduğun , şahidi olduğun hadisələr dilin hansısa gözəgörünməz imkanları daxilində sənə gəlib çatır. Belədə dil Handkedə təkcə kommunikasiya vasitəsi olmaqla qalmır, o həm də hadisələrin , oxucuya çatdırılması lazım olan detalların emalında, inşaasında birbaşa iştirak edir . Və sən əminlikə deyə bilirsən ki, bu hadisələr tutalım Moppasanın və yaxud da Balzakın dilindən təsvir olunsaydı sənin daxili aləmində tamamı ilə başqa bir effekt yaradacaqdı. Handke isə linqvistik baxımdan dili önə çəkir. Və beləliklə əsərin oxu prosesində əsərdən gözləntilərinin əksinə tamam başqa bir effekti alırsan.
Handeke bu əsəri tipik elegiya şəklində yazmayıb. Üstəlik də yazıçının ilk qələm təcrübəsi olduğundan əsərin strukturu, üslubu , dizaynı və s bir sıra estetik keyfiyyətləri sarıdan ona roman adı vermək də çətindir. Bu daha çox özünün də dediyi kimi gələcəkdə yazıçı olmasını təmin edəcək ilk qələm təcrübəsi – pasportudur. Spoilerdən qorxmayan oxucular üçün rahatlıqla anons verə bilərik ki, əsər anasının intiharından sonra onunla bağlı xatirələrinin qələmə alınmasından ibarətdir. Handke onu didən – dağıdan bu xatirələri bir nəfəsə kağıza tökərək bu yükdən qurtulmağın bir növü də gələcək həyatına , əzablarına verəcək yönünə işıq salır sanki. Uşaqlığından xatırladıqları; “ Tualetdən gələn hıçqırtılar, davamlı burun çəkmələri , qızarmış gözlər” olan yeniyetmə gənc üçün əsər yazıldığı an anası artıq sadəcə bir varoluş hekayəsi idi. O, nəvaxtsa var olmuşdu : Bir şeylər olmuşdu, amma heçnə ola bilməmişdi.
Öz keçmişidən sıyrılıb azad olduqca müəllif anası ilə bağlı xatirələrdə onun xarakterik portretini çəkməyə çalışır. Katolik dinindən gələn dünya əzabına tamarzılıq hissi anasına yad idi. O yalnızca bu dünyadakı xoşbəxtliyə inanır və nə yazıq ki bu dünyəvi xoşbəxtliyin də təsadüf olması faktını dərk edirdı. Bu mənada öz bəxti də təsadüf hadisəsi qara gəlmişdi. Beləliklə əsərin adında da deyildiyi kimi anası dünyaya inanıb ondan rədd alan bədbəxt bir qadın olmuşdu. O öz xristian əxlaqının əksinə hər nəqədər xoşbəxtliyə inanıb ona doyumsuzcasına can atsa da dünya nəhayətində onun taleyinə bədbəxtliyə doyum yazmışdı. Və nəticədə bu doyum bir gün bir qutu həblərlə nəticələnən intiharlayekunlaşmış , geridə oğluna böyük bir həyat dərsi buraxmışdı. Handke yaxşı bilirdi ki, bu bir növ də yox oluş hekayəsidir.Və bu hekayə anası kimi özünün də keşməkeşli həyatına işıq salır, əzablarını cilalayırdı. Soyadını daşıdığı şəxsin əslində atası olmadığını, əsl atasının kimliyini sonradan öyrənməyini bu cür qələmə alır : ” Məmləkətindəki kiçik bir kafedə o ( anası) sevgilisi ( atası ) ilə görüşdü. Ana həyəcanlı , ata isə çaşqındı. Musiqi qurğusuna yaxın bir məsafədə idim və Elvis Preslinin in “ Devil in Disguise” musiqisini qoydum. Bu qədər . Gerçək ata ilə tanışlıq, yenidən əvvəlki həyata qayıdış, səfalət davamlı alkoqol bağımlısı olan ögey ata ilə həyatı alınmamış ananın arasında baş verən davalar və geridə bir neçə səhifədən ibarət kədər hekayəsi. Bu dünyanın fitrətindəki əzabı duymaq üçün bundan gözəl fürsət tanıya bilərmi həyat sənə? Və hələ də əsl ədəbiyyatın harada yaranması ilə bağlı sualların çarpışdığı, “ fil dişindən saraydanmı yoxsa səfil məhəllələrdən çıxır ədəbiyyat ?” sualına cavabı uşaqlığını Berlin-Pankovun xarabalıqları arasında keçirən Handkenin nümunəsində biz ikincini görürürk.
“ Yazaraq özümə qarşı daha cəsur olmağı öyrəndim. Yazmaq mənə utanmamağı öyrənməyə köməkçi oldu” . Bəlkə də bu təcrübə ona gələcək yazılarında və siyasi yaşamında böyük bir yön vermiş oldu. Bütün dünyanın politkorekktiklik dərdi çəkdiyi bir dönəmdə ümumi düşüncənin əksinə getməyi bacarmış, toplumun inancları, əxlaq anlayışlarının əksinə tamamı ilə başqa mövqe sərgiləmək cəsarəti tapmış bir insanın qidalandığı zəmin elə bəlkə də bu imiş.
“Bədbəxtliyə doyum” əsəri bəlkə də, bir üzürxahlıq , aman diləmə yazısıdır. Keçmişindəki , özünün də bilmədiyi günahlarından əzab çəkən, ondan qurtulmaq istəyən gələcəkdəki günahlarından isə məsul, amma onunla yaşamaqdan utanmayan bir avantüristin yazısı. Bu avantüra ona hər nəqədər Nobel qazandırsa da.