sim-sim
No Result
Bütün nəticələr
  • Proza
  • Poeziya
  • Kino & Teatr
  • Yaradıcılıq fakultəsi
  • Mənim sevimli hekayəm*
  • Kamal Abdulla – 70
sim-sim

“…bəlkə, Nuhun gəmisinə çataram” – Elvin Paşa

02/01/2019 - 09:03
A A
Facebookda paylaş

Yenə hardansa soyuq gəlir

Bir az bu səs-küylü biganəlik titrədir,

biraz boynuma sarılan əllər üşüdür.

danışırıq atıb gedənlərdən…

sonra susuruq

dünyanın ən qəddar adamlarında

 

Sonra hərəmiz bir küncdən qaldırırıq əllərimizi

Biraz Davudun səsindən

kövrəlirik,

biraz sonumuzu düşünürük,

danışırıq axşam-axşam

Gələni gözləyirik.

yenə susuruq dünyanın ən qəddar adamlarında

hərə bir ad çəkir

Yezid, Hitler, Səddam

 

bu dəfə hərəmiz eyni küncdən qaldırırıq əllərimizi.

Bəlkə, sən də dəyişərsən?

  • düşünürəm ürəyimdə

Nə bilmək olar, dünyanın işidir

biz nə qədər çox susuruq

Allah daha çox eşidir

 

İkimizə bir mələk var başımızın üstündə,

bizi hər duamızda pusur.

sənin təsəllilərinə

“Xoşbəxtəm, mən xoşbəxtəm” yalanına

Tanrı özü də susur

 

Mənəm də

məni boş ver.

Heç olmasa düzün de,

hələ də bilmirsənmi

səndən sonra nələr oldu

neçə ildi alnımdakı qırışları pozuram…

indən belə

bəlkə ölümünə belə ağlamadım

Mən 14yaşımdan

əllərimi göyə qaldırıb

təslim oldum

indi ölümünə də

iki əlli hazıram…

 

*****

 

bir arı qondu çiçəyə, tək idi

Qıymadı dodaqlarına

Ətrini çəkdi

 

bir sərçə qondu pəncərəyə

çörəyi dimdiklədi

böldü üç yerə

 

Bu küçənin sonunda

Bir it üstümə hürdü

Bir tikə sevgim qalmışdı

Onu da it gördü

 

Bir ürək qızdırdım

Balaca evdə

Məni soyuqda bağışla

İsti də sev də

 

Bir dua yerdən götürdüm

Bir dua göydən

Məndən öncə əllərim ölür

Bir dua düşürdüm əldən

O da arxamca gəlir…

 

*****

 

Düz 12 il sonra oldu olanlar

Ay tutulması

Soyuq Noyabr

 

oturacağı yenicə qrılmış skamya

Üstündə qopardılmış gül

 

Böyrümdə oturmuş əsalı kişi

Bir də titrəyən barmaqlarında

Zikr etmək vərdişi

 

Düz 12 il sonra oldu olanlar

Ay tutulması

Soyuq Noyabr

 

Bu da hey ötür qulağımın dibində

“quru salfetka var”

“…quru salfetka var…”

Dilini dinc qoyammır…

 

*****

 

Uçurum da bir dönüşdü

geriyə qayıdanlara

Qayıdanın dilindən eşitdim

Duranın ürəyinin döyüntüsündən

 

Bir eşqin zirvəsindən boylandım

Baş barmağımdan süzülür adın

Ya Kərim

Ya Kərim

 

Dizlərin bükülməyi enməkdi

Enmək ucalmaqdı

Mənə yer de, yıxlmayım bu ucalıqdan

Yanına qalxım

Yanına gəlim.

 

*****

 

And olsun köksünü geniş qıldığın kəsə

Birdən içimi ölüm qorxusu bürüyür

Ölüm cazibə qüvvəsidi adamı yerə çəkir…

 

Yaşadıqlarım öz oxu ətrafında fırlanır başıma

Bir səs fısıldanır qulağıma küləkdə

Varam, varam- Günahkar olma

 

Üzünü gördüyüm bir adam gəlir yaddaşıma

Özümü unuduram

Peşmanlıqdan əyilirəm “vav” kimi

Alnımı torpağa qoyuram

 

“Çətindi” “çətindi” zikri

edir dilim

Özüm öz sözümü kəsirəm

Qulağım bir səs alır müəzzindən

İnnəma məal usri yusrən

 

*****

 

İçimdə “Sur” çalınıb

Yenə həmin səsdi qulağımda – əmr edir

Onurğandan qırıl düş səcdəyə

Yaşa bu eşqi, qayna bu qapıda

– Qovrul

Rahatlıq olmayan yerdə dincəlmə

boş qalma, yoruldun, qalx,

yenə yorul…..

 

Üzünü yerə tutan mələk

Əlini göyə qaldıran mələk

Biri gətirir, biri aparır damcı-damcı

Bu ömürdən nə qaldı ki, geriyə

Tənginəfəs adam qəbri, bir də kölgə

bu yağış o yağışa bənzəmirsə,

Mən də gedim

Nuhun gəmisinə çataram bəlkə…

sim-sim

Sim-sim.az gündəlik köşə, araşdırma, esse, poeziya və nəsr nümunələri, eləcə də kino, teatr, musiqi, rəssamlıq, memarlıq və incəsənətin digər sahələrinə aid geniş spektrdə maraqlı materiallar təqdim edir.
Portalda ölkəmizdə və xaricdə çap olunmuş kitablar haqqında resenziyalar, tanınmış incəsənət xadimləriylə müsahibələr, müzakirələr və debatlar, dünya mədəni irsiylə bağlı tərcümə materialları dərc olunur.


Təsisçi: Kamal Abdulla
Baş redaktor: Qismət Rüstəmov
Şef redaktor: Ömər Xəyyam
Redaktor: Cavid Zeynallı

© sim-sim.az

No Result
Bütün nəticələr
  • Proza
  • Poeziya
  • Kino & Teatr
  • Yaradıcılıq fakultəsi
  • Mənim sevimli hekayəm*
  • Kamal Abdulla – 70

© sim-sim.az