Uzun zamandır kəşf etməyə “insan” tapmışam. Bəli, insan. Tanımadan tapılan insanlar, tanımadığın müddət boyunca, fikrindəki insan olaraq qalmağa məhkumdur. Bir də bu tapıntıların iç dünyası ilə seçdiyi yaşam tərzi, arzuları qəribə sualların yaranmasına meyl edir. Elə bil gicgahına bir silah dirənib səni “bəng-bəng ” deyər kimi rahat buraxmır.
Əslində bu, Günəşin təkcə rəsimlərdə yaranmadığının, günəşin yalnız dağların arasından boylanmadığının təsdiqidir. Sən demə, günəş yerdən də ərşə çıxa bilərmiş. Özü də məhz yerin ən qaranlıq, kölgədə qalmış tərəfindən.
Bir günəş insan tapdım, onun öz yazılarından. Hə… Bu yazı onun məhz öz yazılarının parçalarından yaranmış yeni insanın kəşfidir. Gəncliyin və onun timsalında olan inadkarlığın kəşfi.
Vətən! Qurban torpağına daşına! Vətən! Əhsən bu cür vətəndaşına!
Teatr! Nə xoş halına… Qaranlığını işıqlatmaq, soyuğunu isitmək, kölgəni oxşamaq, tənhalığını güldürmək üçün şəhərindən uzaq düşüb uzağına, ucqarına, ağrılı tərəfinə qucaq açmaq hər ürək daşıyan gəncin işi deyil. Vallah, deyil.
İnsan həmişə mənəvi dəyərlərdən danışar, amma maddi şeylərlə xoşbəxt olar.
O, aktyoru sevməyin vacibliyini ustad Vaqif İbrahimoğlunun sözlərindən öyrənib. Axı ustad buyurmuşdu: “Aktyoru sev. Teatr aktyorun təri ilə yaşayır.”
Bəlkə də gənc rejissor o sözdən sonra ona nifrət edən aktyoru belə sevməyə başlayıb. Bəzən ustad bir cümləylə, bir ifadəylə hər şeydən öncə bir insan yetişdirər. Bu insan Füzuli Teatrının rejissoru olan həmin Nicat Mirzə Qəribdir.
Bir yazısından onun düşüncə bioqrafiyasını yetəri qədər açıq şəkildə oxumaq, sezmək olur. Yazı belə idi:
– “Sənə həvalə edilən vəzifəni, öz sənətini vicdanla yerinə yetirirsənsə, bu, vətənə xidmətdir. Sui-istifadə edirsənsə, bu əxlaqsızlıqdır, xəyanətdir.”
Baxın burada yazmaq üçün söz bitir. Nöqtə!
İndi tanıya bildinizmi, az da olsa, bu şəxsi?! Doğrudur ki, “Rejissor sənəti dünyada ən etibarsız sənətdir. Əziyyət çəkirsən, düşünürsən – axırda sən heç kimin yadında qalmırsan. Yadda qalan aktyorlar və tamaşa olur. Hamıya elə gəlir ki, tamaşa özü-özünə əmələ gəlib. Sizə deyim heç aktyorların da yadına düşmür. Tamaşa bitən kimi hərə öz səhnələrini paylaşır, danışır. Tamaşanın necə uğurlu olduğundan dəm vururlar. Bu aiddir yalnız teatr rejissorluğuna. Axırda sənə təkcə proses zamanı yadda qalan xoş xatirələr qalır. Sənin üçün məşq odası, daha sonra isə səhnə məkanı cənnətə çevrilir.”
Baxın, o xatirədən qalan sevincə görə paytaxtı bölgəyə dəyişə bilirsənsə, rahatlığını poza bilirsənsə, sən əziləcəksən, sürünəcəksən, yonulacaqsan. Amma ən sonda sən sənətkar olacaqsan. Nicat Mirzənin yeganə arzusu kimi – yadda qalmaq!
Sən yadda qalacaqsan, unudulmayacaqsan, anılacaqsan. İnadkar Nicat! Tərəkəmə Nicat! Bəli… tərəkəmə… Ən əzmli, ən inadkarından özü də.
Rejissor hər cür insan ola bilər, amma hər insandan rejissor ola bilməz.
Bilirsiz axı, bölgə teatrlarında vəziyyət daha çətindir. Bölgələrdəki teatrların yaradıcı üzvlərinin əlavə qazanc yeri yoxdur. Onlar qəhrəmandır. Yoxluq içində bu sənətlə məşğul olduqları üçün onlara özləri boyda təşəkkür düşür! Təşəkkür sizə ki, bu yolun cığırına ağaclar əkir, güllər düzürsünüz.
Bu gün ümumən dünyada teatr özünün mürəkkəb dövrünü yaşayır. Bu, “olum, ya ölüm” yox, birmənalı “olum”un idrakıdır və sənət onu sevənlərlə birləşib atomlu, nüvəli dünya ilə mübarizədədir. Teatr sənəti bizdə də yenilənmə prosesinə keçiddədir. Daha doğrusu, buna çox istəklidir. İstəməyi, arzu etməyi görülən işin əvvəli hesab etsək, ümidsizliyə əsas yoxdur. Sonda mütləq işıq var.
Elə Dağlar Yusif Əfəndi də bu insanın əzminə ən düzgün sözü həkk etmişdi: “Fədakar!”
Niyə fədakar? Çünki, Bakıdan uzaqlara gedib yenə teatrımıza xidmət edir. Özü “yüngülvari çətinliklər var” desə də, əslində “böyük” çətinliklər var. Buna baxmayaraq, o, yorulmadan öz teatrını düşünür. Düşünmək sözünün yerinə başqa bəzəkli sözlər yaza bilərdim. Amma yazmadım. İndi düşünmək özü də fadakarlıqdır.
İnsan sevgidən, diqqətdən kənarda qalanda ağrılı olur, baş götürüb qaçmaq istəyir heç vaxt görmədiyi yerlərə.
Nicat bir yazısında yazır: “Mən uzun müddət unudulmuşdum. Özüm də teatrın və həyatın harasında olduğumu müəyyən edə bilmirdim. Ani bir qərar verdim. Getdim uzaqlara. Orda sevgi tapdım. Duruldum.” Duru adam!
Artıq onun Dağlar Yusif Əfəndiyə, öz içindəki səsinə və hər yerdə olan doğma heyətinə, sənət dostlarına – Anar Babalıya, Abdulla Elşadlıya və s. özlüyündə verdiyi bir gizli sözü var: – Sənət! Sənət! Sənət! Hər şey teatr üçün!
O da Dağlar Əfəndi kimi mənasız sonluq istəmir. Maraqlı ölüm istəyir. Hamı bu işdə ona mütləq kömək edəcək! Maraqlı-maraqlı, mənalı-mənalı…
Elə mən də həmçinin. Ona görə bəzəmədən öz yazılarından bir Nicat Mirzə Qərib yaratdım. Bəlkə oxuduqca bu şəxsi heç özü də tanımayacaq.
Ona elə gəlir ki, həyatı dərk edən insanlar onun dibini görmüş insanlardır. Mütaliə, elm insana həyatın əsil üzünü göstərə bilmir. Elit, zadəgan həyatı imitasiya edir. İnsan nə qədər bilgili (elmli) olur, o qədər öz orjinallığını itirir. Savadlandıqca özünü unudub başındakı bilginin dalınca düşür. Hər fürsətdə lazımlı olduğunu sübut etməyə çalışırsan. Köhnəlməkdən qorxursan. Oxuyursan, oxuyursan, oxuyursan…
O, Bakıda işləyəndə bəlli bir əhatəsi varmış. Tez-tez toplaşarmışlar ən savadlı dostlarla. Böyük şövqlə, ehtirasla, var gücüylə çərənləyirmiş (özü elə yazır). Sonra öz orijinallığını itirdiyini, kitaba döndüyünü anlayır. Həyat isə kitab deyil, kitab həyatın bəzəkli imitasiyasıdır.
Ümumiyyətlə, bölgələrdə vəziyyət başqa cürdür – deyir, burada adamın kitabını cırıb başına çırpırlar. Buradakı insanlarla həyat dilində danışmaq lazımdır. Buradakı gənclərin ruhu başqadır.
Bu gənclərin əksəriyyəti şaxtada, qarda, yayın istisində, yazın yağışında qoyun otaran, ot biçdirən, pres bağladan gənclərdir. “07 “alıb taksi sürən gənclərdir.
Gözəl bir yaz günündə işıqlı gəncləri yığıb başına Hüqodan, Tolstoydan danışdığın yerdə yağış yağır. Sənin söhbətin o dəqiqə ölür. Gözlərindən oxuyursan ki, dilləri deməsə də beyinləri deyir – “Müəllim, imkan ver yaşayaq da..” Niyə? Çünki otları islanır. Ot da qaraldı “ipişgəni çək yandır”.
Əslində bu şeylər ona çətinlik yaratmır. Yazdığına görə özünün keçdiyi yol imiş. Hamıyla dil tapa, hər kəsə ümid verə bilirmiş.
Azərbaycan teatrına xidmət etmək, onun yüksəlişində kiçik bir pay sahibi olmaq üçün uzun bir yola çıxan Nicatı yaxından tanıyanlar bilir ki, o daha asan yolu qoyub çətin yolu seçib. Bu yola isti yuvasından çıxaraq gedib. Evindən, ailəsindən uzaq düşəcəyini bilə-bilə bu addımı atıb.
Nə qədər gücü varsa, bu amalından əl çəkənə də oxşamır. Niyə? Çünki qətiyyən peşiman deyil.
Sağmal qoyun, subay qoyun, körpəli qoyun, döllək, axır – uxur, küz, ağıl, pəyə, dəlmə kimi sözlərdən ötrü çox qəribsəmiş rejissor hər gün İmişlidən Füzuliyə maşın sürürmüş. Elə indi də, hər gün…
Əvvəllər maşını yox imiş, işinə görə taksilərlə neçə maşın dəyişirmiş. Yorğunluğunu elə yoldaca, qarşılaşdığı fərqli obrazlı, müxtəlif xarakterli şəxslərlə çıxarırmış.
Tərəkəmə çöllərində qoyun-quzu otarmağını, çəpişlərin qulağını dişləməyini, Səmənd atını xatırlayaraq o qədər yollarda qaldığı olub ki, o zülmü bilir, bacardığı qədər heç kimi yolda qoymur. Bu isə ona inanılmaz ləzzət verirmiş.
İndi deyəcəksiz ki, bəs işləri?? Nə işlər qoyub ortalığa?!
Əlbəttə ki, ürəkaçan cavabı, bacarığının isbatı, zəhmətinin nəticəsi var.
Mən bu yazıda onun məhz özü haqqında yazdım. Yazdım ki, bu işıqlı gənci özünüz axtarıb tapasız, özünüz gəzəsiniz, özünüz kəşf edəsiniz. Ən əsası, diqqətdən kənarda, bölgələrin soyuğunda, soyuq səkildə unutmayasınız. Hər şeyi açıq-aşkar gözləriniz qarşısında sərgilədim. Daha Nicat Mirzə Qəribi sizə əmanət edirəm. Onu unutmayın. Axı, o gəncin arzusu yaddaşlardan silinməmək, sənətdə xatırlanıb ayaqda qalmaqdır. Unutmadan son olaraq onu deyim ki, onun bütün söhbətlərində bir “qayıtmaq ” kəlməsi gözümdən qaçmadı. O, heç kimə, heç “sözə” qayıtmır. Yalnız hər dəfə çabaladıqca başa qayıdır. Sənət üçün, teatr üçün, unudulmamaq üçün, qaranlığı işığa çevirmək üçün toranlığa qayıdır. Uzaqlara, ümidlərə, canından can vermək üçün heç kimə qayıtmır. Haqlı olsa da “qayıtmır”, susur. Təki elə bütün gənclər üzə qayıtmasın, sənətə, işığa qayıdıb orada nicat tapsın.
Alatoranlıqda nicat tapan işığa doğru! Mirzə Nicatla!