Lənkəran Dram Teatrında növbəti tamaşanın premyerası keçirilib. Bu tamaşanı ilin yekun tamaşası hesab etmək olar. Tamaşa ümumiyyətlə tamaşaçılar tərəfindən böyük rəğbətlə qarşılanıb.
Tamaşa haqqında mənim yanaşmam fərqlidir. Sözügedən tamaşa mərhum yazıçı-dramaturq, Əməkdar incəsənət xadimi Məmmədhüseyn Əliyevin “Prokuror” pyesi əsasında hazırlanıb. Tamaşanın rejissoru teatrın baş rejissoru olan Anar Babalıdır. Əsərin özü dram janrında olsa da, quruluşcu rejissor pyesi melodrama janrında hazırlayıb. Düşünürəm ki, tamaşanın melodrama janrında olması tamaşanın dramatikliyini, psixoloji ağırlığını, yoruculuğunu aradan qaldırmağa yardımçı olub. Cinayət faktı üzərində yazılmış əsərdə hadisələr Qubanın “Xınalıq” kəndində cərəyan edir.
Belə ki, gənc hüquqşünas Şöhrət Poladov Xınalıq rayonunda prokuror vəzifəsinə təyin olunur və bütün keçmiş sirlərin, qaranlıq işlərin əsl üzü, hadisələrin düyünü ortaya çıxmağa başlayır.
Rejissor tamaşanın girişini və finalını fotokadr şəklində əlaqələndirərək həzin musiqinin fonunda ilk baxışdan diqqəti öz üzərinə çəkməyi bacarır. Əsərin baş qəhrəmanı olan prokuror Şöhrət bəyin təyinat xəbərini zəng vasitəsilə yoldaşı Surəyə xəbər verirlər. Elə hadisələrin ilkin düyün nöqtəsi tamaşaçılar üçün buradan başlayır. Əksər tamaşalarda məzmun ən sonda açılır. Lakin Anar Babalının bu tamaşası hadisələri finala saxlamadan, elə ilk səhnələrdə sərgiləyir. Dəqiq desək, bu tamaşanın doğurduğu sual sonun nə olacağı yox, necə olacağıdır. Buna baxmayaraq, tamaşaçı gözləməkdən, düşünməkdən yorulmur.
Gerçəkləri bilən Surədən fərqli olaraq anası sonradan da olsa oğlunun təyinatına qəzəbli şəkildə sevinir. Oğlunun atasının qisasını alacağına ümidələnərək hər şeyi ona danışır. Məlum olur ki, onun əri illər öncə Xınalıqda qətlə yetirilib ,amma cinayət işi hələ də aşkara çıxmayıb, iş bağlanmayıb. Xınalıqda Şöhrəti çətin işlər gözləyir. Şöhrət düzgün, vicdanlı, işinə sadiq,dövlətinə bağlı insandır. Ədalətin tərəfindədir. Təbii ki, bu yanlış adamların lehinə zidd olaraq qarşılanır. Tikinti trestində baş verən cinayət hadisəsi Səlimxan Haqverdiyev adlı günahsız və kasıb bir şəxsin-boynuna qoyulub şərlənərək həbsə salınıb. Əsl cinayətkarları ifşa etməkdən ötrü rayon prokuroru Şöhrət Poladovun bacarıq və peşəkarlığından çox şey asılı idi.
Tamaşa boyunca məhbus, haqlı olmasına baxmayaraq, bir zamanlar dostunun -indiki prokurorun atasının da eyni şəkildə şərlənərək tutulmasından ,ona kömək edə bilməməsindən mənəvi peşmanlıq çəkən -Səlimxan Haqverdiyev, prokuror Poladovun gərgin səyləri sayəsində azadlığına qovuşur. Cinayətin əsil səbəbkarları,dövrün harınlamış varlıları olan- Şirəhməd Dərgahov və bacısıoğlu Qəzənfər Eyvazovun layiqli cəzasına çatırlar.Təbii ki, bu işdə onlarla əlbir olan vəzifəsindən sui istifadə edən hüquqşünas Qiyasbəyov da.
Son nəticədə haqq-ədalət zəfər çalır. Tamaşada seçilən aktyor heyətinin çoxu gənclərdir. Onlardan Qəzənfər Eyvazovu- Amil İbrahimli, məhbusun həyat yoldaşını- Şəbnəm Hüseynova, Surə obrazını – Vəfa Hacızadə , polis qismində – Teymur Hacızadə və Emil Tağı canlandırıb. Tamaşanın baş qəhrəmanı olan prokuror obrazını- gənc aktyor Saleh Əzimzadə canlandırıb. Müxtəlif tamaşalarda öz sözünü demiş aktyorların- Sucəddin Mirzəyev, Qızılgül Quliyeva, Hikmət Cəfərovun, Allahverən Babayevin ifası yaddaqalan və təsirlidir. Xüsusilə Qızılgül Quliyevanın nifrəti,qəzəbi obraza yansıtması, Şöhrətin anası olaraq necə əzmli, dözümlü və güclü qadın olmağını özünüsevdirərək ,obrazın daxili aləmini tamaşaçıya ötürməsi möhtəşəmdir.
Son olaraq tamaşanın musiqi tərtibatçısı olan Miranda Babayevanın fərqli musiqi duyumu insanın ruhunu oxşayır, kövrək duyğularını oyadır.
Ümumilikdə kollektivin uğurları, zəhməti davam etməkdədir.
Bu tamaşa 1976-1987-ci illərdə Lənkəran rayonunun prokuroru vəzifəsində çalışmış Əməkdar hüquqşünas Tələt Qənbərovun 90 illik yubileyinə həsr olunub.