Sim-sim.az xəbər verir ki, “Beynəlxalq Buker” mükafatının qısa siyahısı açıqlanıb. Siyahı belədir:
Miko Kavakami – Səma. Miko Kavakami 1976-cı ildə Yaponiyada, Osakada doğulub. Ədəbi debütünü 2006-cı ildə şeirlə edib, 2007-ci ildə isə “Mənim eqom, mənim dişlərim və dünya” adlı kitabıyla nəsrə keçib. “Səma” romanını ingiliscəyə Sameul Bet və Deyvid Boyd çeviriblər. Roman dəhşətli zorakılığa məruz qalmış 14 yaşlı uşağında gözündən nəql edilir. Oğlan müqavimət göstərmək əvəzinə, təslim olur və bundan əzab çəkir. Onun yeganə müttəfiqi özü kimi tənha, xuliqanların məsxərəsi olan sinif yoldaşı bir qızdır. Onlar bir-birinin yanında təsəlli tapmaq üçün gizlicə görüşürlər, ancaq bilmirlər ki, əzabverənlər onların münasibətindən xəbərdardır… Miko Kavakami sadə ifadə edilmiş dərin əsərində gücün yanında olmağı seçən cəmiyyətlərdə uşaqların belə zalimliyi öyrənə biləcəyindən bəhs edir.
Klaudiya Pinyero – Yelena bilir. Klaudiya Pinyero 1960-cı ildə Argentinada doğulub. O, öz ölkəsində, eləcə də Latın Amerikasında məşhur detektiv əsərlərin müəllifidir. Əsərlərinin çoxuna filmlər çəkilib. Onun əsərini ingiliscəyə Fransiz Ridl çevirib. “Yelena bilir” romanı kriminal sujeti səmimi əxlaq hekayələri və fərdi azadlıq axtarışıyla birləşdirən unikal əsərdir. Rita əvvəllər getdiyi kilsənin zəng qülləsində ölü tapılır və nədənsə istintaq sürətlə qapadılır. Onun xəstə anası günahkarı tapmaqda qərarlı olan yeganə insandır.
Con Fosse – Yeni bir ad: Septoloji VI-VII. Con Fosse 1959-cu ildə Norveçdə doğulub. Hazırda Norçevin dünyaca məşhur yazıçılarından biridir, adı tez-tez Ədəbiyyat üzrə Nobel mükafatında hallanır. Onun kitabını ingiliscəyə Damion Sörls çevirib. Con Fosse bəşəriyyətin transsendental analizini, həm də başqa cür “oxuma” praktikası təklif edir – sehrli, hipnotik və unikal. Romanın qəhrəmanı Asle Norveçdə yaşayan qocalmış tənha rəssamdır. Ancaqa başqa şəhərdə onunla eyni adda olan əkizi yaşayır. İki həyat, iki ekzistensiya, ya da iki ömür versiyası.
Gitancali Şri – Qum məzarı. Gitancali Şri 1957-ci ildə Hindistanda doğulub. Əsərlərini dünya dillərinə tərcümə edilib. Onun əsərini ingiliscəyə Deysi Rokvel tərcümə edib. “Qum məzarı” dinlər, ölkələr və cinslər arasındakı sərhədlərin desktruktiv təsirinə etirazdır. Hindistanın şimalında yaşayan 80 yaşlı qarı ərinin ölümündən sonra dərin depressiyaya düşür, sonra yenidən özünə gəlir və ənənələrə qarşı elə bir savaş açır ki, özünü hamıdan “müasir” sayan bohem qızı çaş-baş qalır.
Olqa Tokarçuk – Yakobun kitabı. Olqa Tokarçuk 2018-ci ildə həm Beynəlxalq Buker mükafatının, həm də Ədəbiyyat üzrə Nobel mükafatının qalibidir. Siyasi aktivistdir. Onun romanını ingiliscəyə Cenifer Kroft çevirib. XVIII əsrin ortalarında Avropada yeni ideyalar yayılmağa başlayanda, Polşadakı bir kəndə əsrarəngiz bir yəhudi cavan gəlir. Adını və keçmişini dəyişdirən xarizmatik Yakob Frank get-gedə öz fanatiklərini yaradır. On il içində Yakob Habsburq və Osmanlı İmperiyalarında olur, həm katolik, həm müsəlman olur, onu Məsih sayanlar da olur…
Bora Çunq – Lənətlənmiş dovşan. Bora Çunq 1976-cı ildə Seulda doğulub. Üç romanı və üç hekayələr toplusu çap olunub. Onun romanını ingiliscəyə Anton Hur çevirib. “Lənətlənmiş dovşan” magik realizm, qorxu hekayələri və elmi fantastika arasındakı sərhədləri pozan hekayələr toplusudur. Bora Çunq çağdaş cəmiyyətdəki patriarxallığın və kapitalizmin dəhşətlərini ifadə etmək üçün fantastik və sürreal fəndlərə baş vurur.