Sim-sim.az xəbər verir ki, bu gün Beynəlxalq Buker mükafatının 2022-ci il üçün uzun siyahısı açıqlanıb. Uzun siyahıda 13 kitab var. Mükafatın qısa siyahısı 7 apreldə, qalibi isə 26 mayda açıqlanacaq.
2022-ci ilin uzun siyahısı ilə tanış olaq:
1. Fernanda Melçor – Cənnət. Fernanda Melçor 1982-ci ildə Meksikada, Verakruzda doğulub. Çağdaş Meksika ədəbiyyatının ən parlaq gənc yazıçılarından sayılır. “Cənnət” romanını ingiliscəyə Sofi Hyuz çevirib. Roman cəmiyyətə uyğunlaşa bilməyən iki yeniyetmənin gizlicə bir dəbdəbəli yaşayış kompleksinin içinə girərək orada gəzməsindən, içib sərxoş olmasından bəhs edir. Franko Andrade tənha, kök, porno asılılığı olan, obsessiv şəkildə cazibədar qonşu qadını yoldan çıxarmaq istəyir. Bağban Polo isə yorucu işini, qəddar anasını və narkotikə qurşanmış kəndlərini tərk etməyi arzulayır. Onlar layiq olduqlarına inandıqlarını əldə etməyin qeyri-mümkünlüyü ilə üz-üzə qalanda, ağılsız və qorxunc bir plan qururlar.
2. Miko Kavakami – Səma. Miko Kavakami 1976-cı ildə Yaponiyada, Osakada doğulub. Ədəbi debütünü 2006-cı ildə şeirlə edib, 2007-ci ildə isə “Mənim eqom, mənim dişlərim və dünya” adlı kitabıyla nəsrə keçib. “Səma” romanını ingiliscəyə Sameul Bet və Deyvid Boyd çeviriblər. Roman dəhşətli zorakılığa məruz qalmış 14 yaşlı uşağında gözündən nəql edilir. Oğlan müqavimət göstərmək əvəzinə, təslim olur və bundan əzab çəkir. Onun yeganə müttəfiqi özü kimi tənha, xuliqanların məsxərəsi olan sinif yoldaşı bir qızdır. Onlar bir-birinin yanında təsəlli tapmaq üçün gizlicə görüşürlər, ancaq bilmirlər ki, əzabverənlər onların münasibətindən xəbərdardır… Miko Kavakami sadə ifadə edilmiş dərin əsərində gücün yanında olmağı seçən cəmiyyətlərdə uşaqların belə zalimliyi öyrənə biləcəyindən bəhs edir.
3. Sanq Yanq Park – Böyük şəhərdə sevgi. Sanq Yanq Park 1988-ci ildə Cənubi Koreyada doğulub. Onun əsərini ingiliscəyə Anton Hur çevirib. “Böyük şəhərdə sevgi” romanı Yanq adlı sinik, ancaq şən bir koreyalı tələbədən bəhs edir. O və qız dostu Cehi tez-tez yaxınlıqda bara gedir, ailələriylə, pulsuzluqla bağlı problemlərdən unutmağa çalışır, tez-tez aşiq olur və tənha qalırlar.
4. Norman Erikson Pasaribu – Xoşbəxt hekayələr, əsasən. Norman Pasaribu 1990-cı ildə İndoneziyada, Cakartada doğulub. Onun əsərini ingiliscəyə Tiffani Tsao çevirib. Bu kitab heteronormativ dünyanı ifşa etmək məqsədiylə elmi-fantastika, absurdizm və alternativ tarixi güclü şəkildə sintez edir. Pasaribu kitabda üç hekayə danışır. Hekayələrdən birinin mövzusu belədir: bir nəfər yeni iş yeri ilə tanış olur – Cənnətdə cavabsız duaları arxivləşdirmə şöbəsində.
5. Klaudiya Pinyero – Yelena bilir. Klaudiya Pinyero 1960-cı ildə Argentinada doğulub. O, öz ölkəsində, eləcə də Latın Amerikasında məşhur detektiv əsərlərin müəllifidir. Əsərlərinin çoxuna filmlər çəkilib. Onun əsərini ingiliscəyə Fransiz Ridl çevirib. “Yelena bilir” romanı kriminal sujeti səmimi əxlaq hekayələri və fərdi azadlıq axtarışıyla birləşdirən unikal əsərdir. Rita əvvəllər getdiyi kilsənin zəng qülləsində ölü tapılır və nədənsə istintaq sürətlə qapadılır. Onun xəstə anası günahkarı tapmaqda qərarlı olan yeganə insandır.
6. Vayolin Husman – Anamın kitabı. Vayolin Husman 1979-cu ildə Parisdə doğulub, lakin 20 yaşından Nyu-yorkda yaşayır və işləyir. Onun kitabını ingiliscəyə Lesli Kamhi çevirib. Husmanın debüt romanı bir qızın cazibədar, dəyişkən anasına olan tükənməz sevgisindən bəhs edir. Gözəl və xarizmatik Katerina, yəni kitabdakı ləqəbiylə “Mamaşa”, çoxlu siqaret çəkən, maşını sürətlə idarə edən, hədsiz çox gülən və hədsiz ekstravaqant şəkildə aşiq olan bir qadındır. Ancaq üçüncü dəfə boşanandan və qəzaya düşəndən sonra hər şey dəyişir…
7. Devid Qrossman – Həyat eşqimdən daha çox. Devid Qrossman Qüds şəhərində doğulub və hələ də orada yaşayır. Onun kitabları 40-dan artıq dilə tərcümə edilib. Qrossman 2017-ci ildə “Bir at bara girir” romanıyla Beynəlxalq Buker mükafatını qazanıb. Xatırladaq ki, “Bir at bara girir” romanı dilimizə tərcümə edilib və 2019-cu ildə “TEAS Press” nəşriyyatında çapdan çıxıb. Qrossmanın “Həyat eşqimdən daha çox” romanını da əvvəlki kitabları kimi ingiliscəyə Cesika Kohen çevirib. Roman bir qadının özünə və uşaqlarına qarşı məsuliyyətiylə bağlı, dərin inanclarımızla üzləşmək və dərindən sevməklə bağlı kitabdır.
8. Paolo Skot – Fenotiplər. Paolo Skot 1966-cı ildə Braziliyada doğulub. Onun əsərini ingiliscəyə Deniel Han çevirib. Paolo Skotun “Fenotiplər” romanı həm ürəklərdə, həm də müəsissələrdə gizlənən fanatizmin ağıllı və zərif təqdimatıdır. Bu mürəkkəb əhvalatda ağ və qara irqlərindən qarışığından olan, bir-birinə bənzəməyən iki qardaş, cəmiyyətdə irqi ayrı-seçkilik artdıqca və ortaq şəcərələrindəki gizli bir sirr ortaya faş olduqca, dərilərinin rənginə görə ayrı qütblərə ayrılır.
9. Con Fosse – Yeni bir ad: Septoloji VI-VII. Con Fosse 1959-cu ildə Norveçdə doğulub. Hazırda Norçevin dünyaca məşhur yazıçılarından biridir, adı tez-tez Ədəbiyyat üzrə Nobel mükafatında hallanır. Onun kitabını ingiliscəyə Damion Sörls çevirib. Con Fosse bəşəriyyətin transsendental analizini, həm də başqa cür “oxuma” praktikası təklif edir – sehrli, hipnotik və unikal. Romanın qəhrəmanı Asle Norveçdə yaşayan qocalmış tənha rəssamdır. Ancaqa başqa şəhərdə onunla eyni adda olan əkizi yaşayır. İki həyat, iki ekzistensiya, ya da iki ömür versiyası.
10. Yonas Eyka – Günəşdən sonra. Yonas Eyka 1991-cı ildə Danimarkada doğulub.”Günəşdən sonra” onun ikinci kitabıdır. Onun əsərini ingiliscəyə Şerilin Helberq çevirib. Eykanın qeyri-adi mətni bənzərsiz zərifliklə qroteksin harmoniyasıdır. “Günəşdən sonra” romanı həm həsrətlə, həm də amansız əməliyyatlarla dolu qloballaşan dünyanın ucqarlarına göz ataraq düşüncəmiz üçün yeni pəncərələr açır.
11. Gitancali Şri – Qum məzarı. Gitancali Şri 1957-ci ildə Hindistanda doğulub. Əsərlərini dünya dillərinə tərcümə edilib. Onun əsərini ingiliscəyə Deysi Rokvel tərcümə edib. “Qum məzarı” dinlər, ölkələr və cinslər arasındakı sərhədlərin desktruktiv təsirinə etirazdır. Hindistanın şimalında yaşayan 80 yaşlı qarı ərinin ölümündən sonra dərin depressiyaya düşür, sonra yenidən özünə gəlir və ənənələrə qarşı elə bir savaş açır ki, özünü hamıdan “müasir” sayan bohem qızı çaş-baş qalır.
12. Olqa Tokarçuk – Yakobun kitabı. Olqa Tokarçuk 2018-ci ildə həm Beynəlxalq Buker mükafatının, həm də Ədəbiyyat üzrə Nobel mükafatının qalibidir. Siyasi aktivistdir. Onun romanını ingiliscəyə Cenifer Kroft çevirib. XVIII əsrin ortalarında Avropada yeni ideyalar yayılmağa başlayanda, Polşadakı bir kəndə əsrarəngiz bir yəhudi cavan gəlir. Adını və keçmişini dəyişdirən xarizmatik Yakob Frank get-gedə öz fanatiklərini yaradır. On il içində Yakob Habsburq və Osmanlı İmperiyalarında olur, həm katolik, həm müsəlman olur, onu Məsih sayanlar da olur…
13. Bora Çunq – Lənətlənmiş dovşan. Bora Çunq 1976-cı ildə Seulda doğulub. Üç romanı və üç hekayələr toplusu çap olunub. Onun romanını ingiliscəyə Anton Hur çevirib. “Lənətlənmiş dovşan” magik realizm, qorxu hekayələri və elmi fantastika arasındakı sərhədləri pozan hekayələr toplusudur. Bora Çunq çağdaş cəmiyyətdəki patriarxallığın və kapitalizmin dəhşətlərini ifadə etmək üçün fantastik və sürreal fəndlərə baş vurur.
Xatırladaq ki, Beynəlxalq Buker mükafatının məbləği 50 min funt sterlinqdir (təxminən 115 min manat) və bu məbləğ qalib gələn kitabın müəllifi ilə tərcüməçisi arasında bölünür. Bundan başqa qısa siyahıya düşən hər müəllifə və tərcüməçiyə 2500 funt sterlinq (təxminən 5700 manat) verilir.