Vətənpərvərlik illüziyasının ucu-bucağı yoxdur. Bizim eranın ilk əsrində Plutarx Afina gecələrində görünən ayın Korinf gecələrində görünən aydan daha üstün olduğunu deyənləri lağa qoyurdu; XVII əsrdə Milton yazırdı ki,Tanrı özünü hamıdan qabaq sevgili ingilislərinə göstərməyə vərdiş edib; XIX əsrin əvvələrində Fixte deyirdi ki, alman olmaq, şübhəsiz, sağlam şəxsiyyətə sahib olmaq deməkdir. Argentina da milliyətçilərlə doludur. Öz dediklərinə görə, bu şəxsləri milləyətçiliyə sövq edən diqqətə layiq, yaxud məsum məqsəd odur ki, argentinalıların ən dəyərli xüsusiyyətlərini önə çıxartsınlar. Ancaq argentinalıları çox da veclərinə almırlar; girişdikləri polemikalarda argentinalıları xarici faktlarla, tutalım, ispan fatehləri, xəyali katolik ənənəsi, ya da “sakson imperializmi” ilə ifadə etməyi seçirlər.
Argentinalı Şimali Amerikalılardan, ya da az qala bütün avropalılardan fərqli olaraq özünü Dövlətlə eyniləşdirməz. Bunun səbəbini bu ölkədəki hökumətlərin pisdən pis, yaxud ümumən Dövlət anlayışının dərkolunmaz qəliz bir abstraksiya olmasıyla açıqlamaq olar. [1] Argentinalının fərd olması faktdır, amma o vətəndaş deyil. Hegelin “dövlət əxlaqi ideyanın həqiqətidir” düşüncəsi argentinalılara duzsuz zarafat kimi gəlir. Hollivud istehsalı filmlərdə sonradan polisə təslim etmək üçün cinayətkarla dost olmağa çalışan kişiyə (adətən jurnalist olur) simpatiya yaradılır; dostluğu qırılmaz bir zəncir kimi görən və polisi “mafiya” hesab edən argentinalı üçün bu cür “qəhrəman” alçaqdır, rəzilin biridir.
Don Kixot kimi argentinalı da ürəyində fikirləşir ki, “o tərəfdə hər kəs öz cəzasını alacaq”, bundan başqa argentinalı üçün “namuslu adamların özününkülərin cəlladı olması yaxşı iş deyil” (Don Kixot, I cild, XXII) İspan üslubunun mənasız simmetriyaları qarşısında dəfələrlə düşünmüşəm ki, İspaniya ilə aramızda dağlar qədər fərq var; “Don Kixot”un bu iki sətri səhvimi başa düşməyim üçün bəs elədi. Bu iki sətir sanki oxşarlığımızın səssiz və gizli simvoludur. Argentina ədəbiyyatında məşhurlaşmış bir gecə əhvalatı bunu təsdiq edir: ümidlərin söndüyü həmin gecə jandarm çavuşu bir igidin öldürülməsinə icazə verməyəcəyini, bu cinayətə qoşulmayacağını hayqıraraq axtarışda olan Martin Fierronun yanında öz əsgərlərinə qarşı döyüşməyə başlayıb.
Bir avropalı üçün dünya yerinə yetirməli olduğu işi punktual şəkildə reallaşdırdığı bir kosmsodur; bir argentinalı üçün isə xaosdur. Bir avropalı, yaxud Şimali Amerikalı hər hansı bir mükafata layiq görülmüş bir kitabın yaxşı kitab olduğunu fərz edir, argentinalı isə düşünür ki, mükafat alsa da, pis olmaq ehtimalı da var. Argentinalı adətən şübhəçidir.
İnanmıram argentinalıların həmişə dünyada yaşayan və gizli şəkildə kainata yardım edən otuz altı əməli saleh insan (Axsaq Vovniklər) haqqında məlumatı olsun, əgər xəbərləri olsa, bu əxlaqlı adamların adsız və məchul olmağı onları təəccübləndirməz… Onlar üçün xalq qəhrəmanı kiçik hərbi qrupa, güruha qarşı tək başına döyüşən tənha adamdır, ya həmən dəqiqə (Fierro, Moreyra, Hormiqa Neqra), ya da vaxtı gələndə döyüşə biləcək, yaxud keçmişdə vuruşmuş (Segundo Sombra) adamdır. Başqa ədəbiyyatla oxşar faktlara rast gəlmirik. Məsələn, iki böyük avropalı yazıçını götürək: Kiplinq və Frans Kafka. İlk baxışda heç bir oxşarlıq yoxdur, birinin mövzusu sabitliyin (“Kim”də yol, “Körpüsalanlar”da körpü, “Puks təpəsinin təpəsində”də roma sütunları) müdafiəsidir; o birinin mövzusu isə özünə yer tapa bilməyən adamın, ya da istəyirsiniz kainatın qayda-qanunları içində xeyli təvazökar bir adamın deyək, dözülməz və tragik tənhalığıdır.
Diqqətə çatdırdığım nümunələrin neqativ, yaxud anarxist olduğunu iddia etmək olar; hətta bu tənqidlərə onların siyasi mövqedən məhrum olduqları da əlavə oluna bilər. Mən həddimi aşaraq əksini təklif edəcəyəm. Bu günün ən vacib problemi (unudulmuş Spenser az qala kəhanətvari bir öncəgörlüklə bu barədə yazmışdı) Dövlətin get-gedə artan şəkildə fərdin işinə qarışmasıdır; adı istər kommunizm olsun, istər nasizm, bu xəstəliyə qarşı verilən savaşda bəlkə də indiyə qədər yararsız, ya da zərərli olan argentinalı individuallığı öz haqlılığını sübut edəcək və öz həqiqi vəzifəsini yerinə yetirəcək.
Ümidsizlik və nostalji içində argentinalılara yaxın olan və bizi (deyək ki) minimal şəkildə idarə edəcək bir partiyanın abstrakt mümkünlüyünü təxəyyül edirəm.
Milliyətçilik əbədi narahatçılıq yaradacaq bir Dövlət ideyası ilə bizi yoldan çıxartmaq istəyir.
Əgər bu utopiya yer üzündə gerçəkləşsə, o özüylə müqəddəs bir keyfiyyət də gətirəcək – hamı milliyətçiliyin əksini yaratmağın xiffətini çəkəcək və əvvəl-axır onu yaradacaqlar.
Buenos-Ayres, 1946
Tərcümə: Qismət
[1] Dövlət hər cür subyektivlikdən uzaq obyektiv bir anlayışdır: Argentinalılar ancaq şəxsi münasibətləri qavraya bilirlər. Buna görə də ictimaiyyətin pulunu oğurlamaq onun üçün cinayət deyil. Burada sadəcə faktı konstatasiya edirəm, onu haqlı göstərmək, yaxud əfv etmək məqsədim yoxdur.