Sim-sim.az Firudin Həmidlinin tərcüməsində Borxesin şeirlərini təqdim edir.
İntihar
Bircə-bircə sökülüb-düşəcək ulduzlar
Gecənin libasından
Və gecə, soyunaraq kainatın qarşısında
Qərq edəcək özünü yoxluğun dərin sularına…
Mən bugün öləcəyəm
Və dözülməz kainat da
Addım-addım izləyəcək yolumu…
Bugün uçub-dağılacaq
Qədim Misir ehramları,
Əriyəcək
Sinələrdə daşınması hünər sayılan
Müharibə medalları.
Yer kürəsi bircə-bircə
İtirəcək materiklərini.
Kağız üzərində bir-birinə bulaşan
Müxtəlif rəngli boyalar kimi
Qarışacaq bir-birinə bütün insan çöhrələri
Və ən sonda
Çevriləcək heçliyin rənginə –
Qaraya, qaranlığa!…
Sovrulacaq birdən-birə
Yoxluğun küləyiylə
Dünənlərə qalaq-qalaq yığılmış bütün keçmişlər…
Mən bugün öləcəyəm!…
İndiysə
Seyr edirəm hələ
Son dəfə qürub edən günəşi.
Dinləyirəm sonuncu quşu…
Mən bugün öləcəyəm!…
Heç kəsə heç nə qalmayacaq məndən…
(“Dərin gül” adlı kitabından. 1975)
* * *
Sadəlik
Açılır aram-aram bağçanın qapıları
Sədaqətdən danışan müqəddəs səhifətək.
Ehtiyacım yox daha heç ətrafa baxmağa,
Hər şeyi, hər nəsnəni özü hiss edir ürək.
Bələdəm hökmlərə, ruhların nəfəsinə;
Birdən-birə qarışıb yavaş-yavaş dağılan
Dəstə-dəstə insanın dilinə bələdəm mən.
İndi nəyə gərəkdir əbəs yerə danışmaq?
Hamı tanıyır məni, xəbərləri var, əlbət,
Bütün əzablarımdan, bütün acizliyimdən…
Bu ki çatmaq deməkdir
Səmadan bəxş olunan o ən ali məqama!
Nə heyranlıq duyuram, nə də bir zəfər hissi;
Bircə qəbul edilmək arzusu var canımda
Danılmaz həqiqətin bir parçası olmağa…
Daşlar, ağaclar kimi…
(“Buenos-Ayres şövqü” adlı kitabından. 1923)
* * *
Angelikanın xatirəsinə
Neçə həyat bitəcək mənlə birgə?
Neçə nəfər yad edib məni xatırlayacaq,
Neçəsi unudacaq?
Ölürəm…
Və keçmiş də gəlir mənimlə birgə…
Necə ki, gələcək də
O gülün solduğu gün boğulub getmiş idi
Bilinməyən sularda…
Tərtəmiz bir gələcək
Dağılıb getmiş idi ulduzlar arasında…
Ölürəm
Onun kimi bədbəxt tale əlində…
Yalançı bir diyarın bezgin xəyallarını
Süzür eləcə kölgəm…
Bircə təsəllim bu ki,
Bir mərmər parçasında
Qalacaq xatirəsi,
Qorunacaq əbədi…
Zaman zalımcasına
Keçəcək üstümüzdən…
(“Dərin gül” adlı kitabından. 1975)
* * *
Əşyalar
Heç oxunmayası axrıncı qeydlər.
Qəpiklər, açarlıq, qıfıl və əsa.
İçində solğun bir bənövşə olan
Köhnəcə bir kitab,
Kartlar və masa.
Heç vaxt unudulmaz bir günortanın
Artıq unudulmuş tullantıları.
Üzü qərbə baxan ayna,
Üstündə
Xəyali qürubun parıltıları.
Sənədlər, qapılar və xəritələr,
Şərab qədəhləri, mismarlar
Bizə
Dilsiz kölələrtək xidmət edirlər.
Sükuta qovuşub gedəndə bir gün,
Onlar qalar yenə
Getməyimizdən
Heç vaxt, heç bir zaman tutmadan xəbər…
(“Qaranlığa tərif” adlı kitabından. 1969)
* * *
Ay
(Mariya Kodamaya*)
Necə dərin tənhalıq var
Bu qızıl rəngli ayda…
Adəmin gördüyü ay deyil
Hər gecə doğan bu ay.
Uzun əsrlər boyu bəşəriyyət
Doldurdu onu qədim bir gözyaşıyla
Yuxusuzkən gecələr…
Bax ona,
Aynandır sənin…
(“Dəmir pul” adlı kitabından. 1976)
* Maria Kodama – şairin həyat yoldaşı
* * *
Yeni İngiltərə, 1967
Dəyişib son gördüyüm bütün o mənzərələr…
Bax, qırmızı evlər var indi burda yanbayan
Və rəngbərəng xəzəllər, narın, payızdan qalan.
Təmiz bir qış ayıdır,
Ağaclarda bir kədər…
Yeddinci gündəkitək dünya gözəl və yaxşı…
Nəysə axır inadla qürubun işığından,
Cəsarətli, qüssəli, sanki, heç var olmayan –
İncilin və savaşın qədim pıçıldayışı…
Səsləyir Amerika məni hər küçəsindən…
Deyirlər ki, ilk qar da yağar bugün-sabaha;
Fəqət hiss edirəm ki, axşamüstüdür daha –
Ah, bugün – necə ləngdir, necə tez keçdi dünən…
Gözəl Buenos-Ayres!
Hər şeyə rəğmən yenə
Gəzirəm qarışaraq sənin küçələrinə…
(“Qaranlığa tərif” adlı kitabından. 1969)
* * *
Peşmanlıq
Bir insan əlindən gələ biləsi
Ən böyük suçların baiskarıyam!…
Heç xoşbəxt deyiləm…
Buraxın məni,
Sükut buzlarında qərq olum tamam!…
Anam həyat adlı çətin oyunçün
Məni bu dünyaya gətirmiş, əlbət;
Torpaq və havayçün, su və od üçün… –
Uduzdum onlara, deyiləm xoşbəxt…
Onlar qamarladı ümidlərimi…
Sənətə bağladım axır çarəmi.
Əfsus, boş işlərlə qarışmış o da…
Mən bir az toxtandım, nə olmasa da;
Fəqət heç tərk etmir, mənimlə daim
Qəmli bir kölgətək talesizliyim…
(“Dəmir pul” adlı kitabından. 1976)
* * *
Anın nostalgiyası
Adam öz-özünə dedi o anda:
“Nələrdən keçməzdim, axı nələrdən,
Ah, təki yanında olam deyə mən
Əbədi bir günün aydınlığında,
İslandiyada…
Və paylaşam deyə o günü sənlə
Sanki, musiqini paylaşmaq kimi,
Bir meyvə dadını bölüşmək kimi…”
O an birlikdəydi adam qadınla
İslandiyada…
(“Şifrə” adlı kitabından. 1981)
* * *
Şifrə
O yox olmuş bağçada yorulmuş gözlərinin
Onu ilk dəfə görüb yaxşıcana duyduğu
Zamanda itib-batan həmin qürubdan bəri
Səninlədir əbədi Ayın səssiz dostluğu…
Əbədi?…
Kimsə bir gün söyləcək, şübhəsiz:
“Taleyin bəxş etdiyi dəyişilməz anları
Bitirdin, bir də heç vaxt Ayı görməyəcəksən…
(Əbəsdir bu dünyada açmaq hər pəncərəni).
Gecdir, sən onu heç vaxt tapa bilməyəcəksən…”
Yaşayırıq gecənin mübhəm doğmalığını
Kəşf edib unudaraq…
Bir yaxşı bax səmaya,
Bəlkə, bu, son olacaq…
(“Şifrə” adlı kitabından. 1981)