Bu günlərdə Cənab Prezidentin fəxri adlarla təltif etdiyi bir qrup Azərbaycan yazıçıları arasında Kamal Abdullanın da adının olması universitet kollektivini çox sevindirdi. Düşünürük ki, Kamal Abdulla çoxdan “Xalq yazıçısı” fəxri adını almağa layiqli olaraq haqq edirdi və kollektivin ona inam və etiabından irəli gəlir ki, o həm də ilin rektoru seçildi.
Həm elmdə, həm də bədii yaradıcılıqda söz demək, fundamental fikirlər ortaya qoymaq hər kəsə nəsib olan keyfiyyət deyil, bu insandan böyük zəhmət, daimi yaradıcılıq potensialı tələb edir. Kamal Abdulla bu çətin missiyanı öz üzərində daşımaqla yanaşı, həm bir filoloq olaraq , həm də bir tənqidçi və yazıçı kimi artıq illərdir istər elmi fəaliyyətində, istərsə də, bədii yaradıcılığında özünəməxsus xüsusi iz qoymuş şəxsiyyətlərdəndir və bu səbəbdən də uzun illərdən bəri sevilən və yaradıcılığı maraqla izlənilən ədib kimi onun çoxdan xalqın yazıçısı adını qazandığını demək olar. Bu faktı alimin geniş elmi və bədii yaradıcılığıyla tanış olan hər bir oxucusu təsdiq edə bilər.
Görkəmli alimin həyat və yaradıcılığına nəzər salarkən bir ziyalı olaraq onun nə qədər zəngin bacarığa malik olmasını və fəaliyyətinin geniş və əhatəli olduğunu görürük- dilşünas, ədəbiyyatşünas, yazar, tənqidçi, ictimai xadim; Yaradıcılıq Fondunun sədri, “Türkologiya” jurnalının baş redaktoru; Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Beynəlxalq Himayəçilik Şurasının sədri və sadalamadığımız, lakin ictimaiyyətə yaxşı tanış olan neçə-neçə digər sahələr… Sadalanan bu kimi sahələr artıq özlüyündə Kamal müəllim haqqında və onun elmi, ictimai sahədə gördüyü işlər haqqında müəyyən, konkret təsəvvür yaradır.
Ayrıca onu da qeyd etmək yerinə düşər ki, ədəbi fəaliyyəti, bədii yaradıcılığı Kamal Abdulla üçün xüsusi məna kəsb edərək həmişə onu narahat etməkdə və izləməkdədir. Onun bədii yaradıcılığı tam başqa aləm olaraq, oxucusunu daim sürpriz anlamlarla üz-üzə qoyaraq onu düşünməyə sövq edir, yeni bədii yanaşma tələb edir. Bu baxımdan bədii ədəbiyyatda Kamal Abdulla dəsti-xətti tamailə seçilir və hər bir yeni yazısı böyük maraqla qarşılanır, belə ki, ədibin müəllifi olduğu “Yarımçıq əlyazma”, “Sehrbazlar dərəsi”, “Unutmağa kimsə yox…” romanları, şeirlər və hekayələr topluları yeni bədii- estetik keyfiyyətiylə artıq xeyli vaxtdır öz oxucularında kifayət qədər böyük təəssürat yaratmışdır.
Kamal Abdulla əsərlərinin demək olar ki, əksər personajları klassik ədəbiyyatdan gəlsə də, onlar məllifin üslubunda müasir təfəkkür diliylə danışır. Ədəbi əsərlərdəki qaranlıqlara aydınlıq gətirir, işıq salır o! Yazılarıyla əsərləri yenidən kəşf edir, sanki onlara yenidən can verir, yeni nəfəs verir o!… “Dağlar allahların ruhudur” -hekayələrindən birində deyən ədibin sözlərinə əsasən deyə bilərik ki, əsərlər də yazıçının ruhudur. Kamal Abdullanın fikir labirintində dolaşıb qalmamaq üçün onun fikir dünyasının dəruni qatlarına baş vurmaq və ona yaxşı bələd olmaq lazımdır.
Böyük yazıçılar böyük olduqları qədər sadə, amma nə qədər paradoksal olsa da, həm də mürəkkəb şəxsiyyət olurlar. Eyni fikir Kamal Abdulla şəxsində də öz təsdiqini tapır. Onun istər şerlərində, istərsə də nəsr əsərlərində yazdığı sətirlərə, fikir dünyasına baş vurarkən novator açılışlarına və fərqli nəqletmə üsuluna hazır olmaq lazımdır.
Bundan başqa ədibin “əvvəl-axır yazılanlar”dakı ədəbi əsərlər və müəllif bədii-estetik üslubu haqqında etdiyi qeydlərində bir çox söz sahiblərinin və onların əsərlərinin qaranlıq tərəflərini, mətn və sətr altı sirlərini, hər bir adi oxucunun qavraya, ayırd edə bilməyəcəyi məqamları səbirlə və ustalıqla aşkara çıxarır. Kamal məllim elmi-nəzəri, bədii-estetik baxışlarıyla oxucunu, ədəbi əsərlərin diqqət edə bilmədiyi prizmalardan görməyə kömək edir.
Kamal Abdulla əsərlərinin istər sujet xəttində, istərsə də obrazların xarakter və taleyində, həmçinin umumi fonunda „Unutmağa kimsə yox“ kitabında özünün də yazdığı kimi “yaddaşımız, əzabımız, qayğımız” yaşayır, onun insana əhəmiyyətli mesajlar verən elə təkcə bu sözlərində yatan fikir dünyasına görə bu əsərlər bizim üçün çox böyük dəyər kəsb edir.
“Ədəbiyyata həyatını verənlər və ədəbiyyatda həyatını qazananlar, əslində, hansısa bucaqdan baxılarsa eyni taleyin adamlarıdır” –deyir Kamal Abdulla, amma əslində ədəbiyyatda həyat yaradanlardır söz ustadları, şair və yazıçılar, xüsusilə yazıçılar…
Nə qədər ki, bəşər övladı düşünür o, yaradacaq. Fərqli düşüncə tərzi, fikirlər silsiləsi, təfəkkür fəlsəfəsi yaradıcı insana rahatlıq vermir, onu yazmağa yaratmağa, yazıb-yaratdıqlarıyla digər insanların da düşünməsinə, təfəkkürünün inkişafına yol açir. Əli qələm tutan hər bir kəs yaza bilər, ancaq bir ədibin elmi-zəkasıyla, bədii-estetik dünyaduyumuyla yazılmış yazıları cəmiyyət üçün daha faydalı, daha əhəmiyyətli sayılır. Söz sərrafı kimi Kamal Abdulla da illərdir öz fərqli qələmi ilə, zəkası və müxtəlif baxışlı təfəkkürü ilə yaratdığı bədii əsərləriylə öz oxucularının diqqət mərkəzindədir.
Kamal Abdulla bir yazıçı kimi artıq canlı klassika olsa da, nə xoş ki, bizim müasirimizdir. Onun çox dəyərli yaradıcılığıyla tanış olmaqdan əlavə biz həm də onunla canlı təmasa, söhbətə, fikir mübadiləsi aparmaq imkanına malik oluruq. İnanırıq ki, Kamal Abdulla bundan sonra da, elmi-ictimai-bədii yaradıcılığında yorulmadan davamlı fəaliyyət göstərəcək və növbəti yeni mənəvi ruhlu əsərləri ilə, kitabları ilə bizləri sevindirəcək!
Nigar Haqverdiyeva,
ADU-nun Beynəlxalq münasibətlər
və İdarəetmə fakültəsinin nəzdində
Xarici dillər kafedrasının baş müəllimi