Bulqakovun yevlaxlı dostu: İkona xiridarı. Ateizmin kafiri
Pavel Florenski Azərbaycanın Yevlax şəhərində doğulub.
İntibah dövrü sənətinin qənimi.İkona xiridarı. Ateizmin kafiri. Da Vinçini, Mikelancelonu, Donatellonu, Rafaeli fizika qanunlarının hökmünə əsasən, “ölümə məhkum edən” inkvizitor.
Bulqakovu sovet realizminin səthiliyindən alıb, xristian simvolizminin dərinliyinə tullayan rütbəsiz rahib.
Onu “ən az Leonardo da Vinçi qədər sənətçi, Albert Eynşteyn qədər fizik və heç şübhəsiz, Kantdan, Haydeggerdən üstün bir filosof” kimi xarakterizə edirlər.
Dünya tarixini dəyişən ateist – Robespyer – 1918-ci ildə kommunist Rusiyasında yenidən dirildi və Fransada başladığı işi burada daha amansız bir şəkildə davam etdirdi: mühakimə olunmaq və cəzalandırılmaq növbəsi rus-pravoslav kilsələrinə, ortodoksal ikonalara və keşişlərinə çatmışdı. Kommunist Rusiyasında xristian dininin ruhani “aksessuarları” hansısa bir dəyərə sahib olub-olmadığı baxımından saf-çürük ediləcək, ictimai əhəmiyyətli, praktiki istifadəyə yararlı olan kilsə və kilsə avadanlıqları saxlanılacaq, yerdə qalanları tar-mar ediləcəkdi.
Kommunizm inkvizisiya tonqalını dinin özü üçün yandırmışdı; indi bu tonqalda keşişlər, ikonalar, İncil özü yandırılacaqdı. Kommunizm öz cənnətini yaratmaq məqsədilə insanlara əsl cənnət vəd edən din üçün bir cəhənnəmə çevrilmişdi. Din Rusiya boyda bir cəhənnəmə vasil olmuşdu və onu bu cəhənnəmdən xilas edəcək Məsihin (Putinin) gəlişinə hələ çox vardı.
Bir ideologiya başqa bir ideologiyanın ağzında çığırırdı. İnsan sağ qalanın yemi olacaqdı.
Yeni qurulan sovet hökuməti bizim bu Pavel Florenskini Moskva həndəvərindəki Müqəddəs Sergey monastırına ikonaları ictimai-siyasi baxımdan dəyərləndirmək üçün göndərdi.
Kommunistləri ikonaların mənəvi-ruhani deyil, maddi, ictimai-siyasi dəyəri maraqlandırırdı.
İkonasız qalarsa, sovet insanı nə itirəcəkdi? Sual bu idi.
Bu dini ayın-oyunu ilahiyyatçı deyil, sənət xiridarı gözü ilə dəyərləndirdi Florenski; sübut etdi ki, ikonaların, üstəgəl İntibah dövrü rəssamlığının sənət dəyəri təsəvvür olunan qədər də deyil; bu əsərlər cahil sənətkarların cahil tamaşaçılar üçün çəkdikləri yanlışlıqlarla dolu cızma-qaralardır.
Çünki dini rəsmlərdə heç bir perspektiv qanunları gözlənilməmişdi. İlahiyyatçı Florenski dinə fizikanın gözü ilə baxdı. Amma bu, onun “hiyləgərliyi” idi. O, ikonalar haqqında öz fikirlərini yazdığı “Tərs Perspektiv” kitabında bu müqəddəs portretlərin mənəvi-ruhani dəyərini araşdırıb onları hökumət nümayəndələrinin müzakirəsinə deyil, sənət baxımından saf-çürük edərək, sənət tənqidçilərinin öhdəsinə buraxdı.
Sənət tənqidçiləri bu gün də ikonaların və İntibah dövrü rəssamlığının perspektiv məsələsini müzakirə edirlər. Florenskini dəstəkləyənlər bu əsərlərin gerçəklikdən uzaq və perspektiv qanunlarına zidd olduğunu söyləyərək onları inkar edirlər, Florenskiyə qarşı çıxanlar isə bu əsərlərə sənət tənqidçisinin gözü ilə deyil, bir möminin gözü ilə baxmağı və bu əsərlərdəki məhz perspektiv qanunlarına zidd olduğu üçün insanı heyran edən ruhani gözəlliyi görməyi üstün tuturlar.
İkonaların mənəvi-ruhani funksionallığı onları sənət əsəri olmaqdan daha yüksəyə qaldırır. Bir mömin ikonaya sənətin gözəlliyindən zövq almaq üçün baxmır. Mömin, ümumiyyətlə, ikonaya baxmır, ona elə gəlir ki, ikonanın üzü ilə xristian müqəddəsləri ona baxır. Bir xristian ikonanı görmək üçün deyil, özünü ikonaya göstərmək üçün kilsəyə gəlir. İkona onun üçün ilahi nəzarəti simvollaşdırır. İkona ruhani üçün sənət əsəri deyil, ilahi bir rəmzdir. İkona möminin gözündə canlıdır, o, kilsənin elə bir ucalığından boylanır ki, tanrının özü də kilsədə yaşayası olsaydı, ikonanın yerində olmağa üstünlük verərdi.
İkonaların dəyəri qarşısındakı möminin dəyərsizliyində idi.
Florenski “Tərs perspektiv” kitabında ikonaların düzgün baxış bucağı altında çəkilmədiyini tənqid edirdi. Belə ki, bir mənzərəyə baxıldıqda öndə olanların arxada olanlara nəzərən kiçildiyi və sanki, üfüqə doğru getdikcə bir-birlərinə yaxınlaşdıqları, nəhayət, bir üfüq nöqtəsində birləşərək, başa çatdıqları görünür. Yəni insan gözü perspektivi düzbucaqlı üçbucağın oturacağından baxırmış kimi görür. Gözün qarşısında geniş perspektivlə başlayan mənzərə üfüqə doğru daralır və sonda bir nöqtədə sona çatır. İkonalarda və İntibah dövrü rəssamlığında bu qayda gözlənilmir. Bəzən öndəkilər sondakılardan balaca görünür, yaxud üfüq xətti getdikcə daralmaq əvəzinə daha da genişlənir. Qısacası, Da Vinçinin, Mikelancelonun, Rafaelin perspektivin bu şah qanunundan xəbərləri belə yox idi. (Daha doğrusu, onlar perspektivi veclərinə almırdılar. Böyük sənət qəlibi sevmir).
Bunu bizim Yevlaxda doğulan bir rus balası söyləyirdi, üstəgəl rəssam Aleksandr Benyanın “…Sanki, Bizansın son dövr rəssamları həyatları boyunca heç bir binanı olduğu kimi görməmişdilər” sözləri ilə intibahçılara “ilişməkdən” də qalmırdı.
İntibah dövrü mədəniyyətinin və modern dünyagörüşünün tənqidi, əminəm ki, bu karantin günlərində evlərimizdə elçilik, xınayaxdı mövzularını sıxışdıraraq yenidən fəlsəfi aktuallığını bərpa edib. Bəri başdan deyim ki, Husserlə qoşulub elmin əlindən dad edən azərbaycanlını mən heç vaxt başa düşə bilməyəcəyəm. Məsələn, bu yazını qarğa kimi klaviaturaya dimdiklədiyim vaxt adım kimi bilirəm ki, Bakıda bir evdə yarpaq xəngəli bişirmək üçün kündə yayan bir xala qolunun davamı olaraq oxlovu mətbəxdən zala doğru uzada-uzada ərinə Rene Genonun “Modern Dünyanın Böhranı” əsərində İntibah dövrünü və modern düşüncəni “topa tutduğu” bu sözlərini əzbərdən söyləyir:
“Yarəhməd, – ərinə deyir. – …İntibahla birlikdə göylərə qaldırılan bir söz var ki, bütün modern mədəniyyətin proqramını izah edir: Humanizm. Bu, hər şeyi bəşəri ölçülərə endirməkdən ibarətdir. İlahi olan hər şey rədd ediləcəkdi. Başqa sözlə desək, insanlar Yerə (dünyaya) hakim olmaq bəhanəsi ilə göyü tərk edirdilər. Arxasınca getdiklərini iddia etdikləri yunanlar belə əsla bu qədər “ağ eləməmişdilər”. Yunanlar üçün əqli və elmi baxımdan ən geri qaldıqları zamanda belə maddiyyat birinci olmadı. Halbuki, modernistlərin tutduğu yol bu idi.
Humanizm daha sonralar müasir dövrdə “dünyəvilik” (fr. “laicisme”) adlandırılan ideologiyanın ilk şəkli idi. Hər şeyi bəşəri ölçülərə endirmək və bu endirməyi vasitə olmaqdan çıxarıb son məqsədə çevirmək; özü üçün istəmək; özünə lazım olacaq bir hədəf halına gətirmək… Bunun nəticəsində insan təsəvvürü də addım-addım içindəki arzuların ən aşağı olanına, yəni nəfsinə endirildi. İnsanlar öz təbiətlərinin maddi tərəflərini doyuzdurmaqdan başqa bir dərdi olmayan məxluqlar oldular. Amma bu dərd boşuna idi, çünki sürəkli doyuzdura bilməyəcəkləri süni ehtiyaclar yaranırdı…”
Florenski eyni sözləri İntibah dövrü rəssamlığı haqqında deyirdi. İntibah rəssamları rəsmlərdə nə qədər rəssamın deyil, elmin “gözünü” istifadə etməyə üstünlük versələr də, fotoaparatın kəşfi onların bu “gözlə” tamamilə yanlış istiqamətə baxdıqlarını üzə çıxardı. Belə ki, intibahçılar gözün yuvarlaq olduğunu və işıq şüalarının gözdə sındığını, buna görə də, heç bir şeyin göründüyü kimi olmadığını unutmuşdular. Onlar üçün ölçü dünyası müstəvi üzərində mövcud idi. Göz yuvarlaq yox, müstəvi kimi götürülürdü. Eyni mənzərələrin oxşarı fotoaparatla çəkildikdə Da Vinçinin, Mikelancelonun, Mantenanın “zibilləri” üzə çıxdı.
Modernizmin sonu modernizmin başlanğıcını ifşa etdi. Foto tablonu ifşa etdi.
Əlbəttə, Rene Genon da, Pavel Florenski də dünyaya ruhani gözlə baxırdılar. Onlarla razılaşmayanların da sayı az deyildi. Ruhaniliyi isə Florenskiyə baha başa gəldi.
1937-ci ilin dumanlı qış alatoranlarının birində Peterburq həndəvərində bir dəmiryol stansiyasında qatar bacardıqca səssiz olmağa çalışaraq, sanki dərin bir ah çəkərək dayandı və vaqonlarının birindən əl fənərlərinin işığında beş yüzə yaxın adam aşağı endirildi.
“Florenski və Bulqakov”
Sonra o qaranlıq adamlar silahlı əsgərlərin mühasirəsində yaxınlıqdakı meşəyə doğru irəliləməyə başladılar; dumanlıqdakı bu lal izdiham meşənin yuxusu kimi idi. Meşə yuxuda gördü ki, bir dəstə adamı gətirdilər və uzun bir xəndəyin qaşında sıraya düzdülər, sonra hardansa dumanlığın dərinliyindən bir səs əsgərlərə yerlərinə çəkilməyi, daha sonra nişan almağı və atəş açmağı əmr etdi. Güllə səslərinə meşə yuxudan oyandı.
Bu, yuxu deyildi, əsgərlər həqiqətən adamları güllələdilər, sonra yaxınlaşıb ölüb-ölmədiklərini yoxlamaq üçün çəkmələrinin burnu ilə dürtmələdilər; ölməyənləri yenidən, bu dəfə daha böyük məsuliyyətlə güllələyib öldürdülər. Ayaqları ilə itələyib xəndəyə atdılar.
Yenidən öldürülənlərdən biri də Pavel Florenski idi; Stalin onu Eynşteynin nisbilik nəzəriyyəsini araşdırdığı, işığı ötən sürətlərdən, kainatın genişlənməsindən və əyri kosmoslardan kitab yazdığı üçün ölümə layiq bilmişdi, həm də quduz it kimi güllələnərək öldürülməyə…
Yevlaxda başlayan bir ömür beləcə Peterburq yaxınlığında başa çatdı.