Sözlə çəkilən rəsmlər
Sadəliyin təntənəsi – Yapon möcüzəsi
Yapon ədəbiyyatı, xüsusilə yapon şeiri ilə tanışlığımın tarixçəsi 6-7 il ola, olmaya. Oxuduqca, tanıdıqca dərk edirsən ki, müasir dünyanın sürətli inkişafına görə fərqlənən qabaqcıl ölkəsi özünəməxsus mədəniyyəti, incəsənəti və ədəbiyyatı ilə də diqqət çəkir. Və şübhəsiz ki, bu sürətli inkişafın və müasir texnaloji kəşflərin arxasında təməli qədim ənənələrə söykənən möhtəşəm mədəniyyət dayanır. Yaponiyanın mədəniyyəti, musiqisi, idmanı, tarixi, özünəməxsus əxlaq qaydaları, müxtəlif və ecazkar sənətləri ilə heyrətamizdir. Şübhəsiz ki, yapon ədəbiyyatı da öz qədim kökləri və ənənələri ilə, özünəməxsus dərin fəlsəfəsi ilə dünya ədəbiyyatında fərqli bir yerə sahibdir.
Yapon ədəbiyyatını bəzən üçüncü, hətta dördüncü dildən tərcüməsini oxumağa məcbur olsam da, onun qeyri-adiliyini duymağa, hiss etməyə çalışmışam.
Xüsusilə Yapon şeirinin əfsunlu ritmi məni ovsunlayıb, heyran edib. Xüsusilə haykuların “musiqisi” və ritmi olduqca möhtəşəmdir.
Musiqisini, ritmini duymaq üçün, yapon dilini anlamasam da, Başonun (Matsuo Basho) yapon dilində səsləndirilmiş haykularını bir neçə dəfə dinləmişəm. Və anlamadığım dildə dinlədiyim bu şeirlər mənə sadəliyin təntənəsini hiss etdirib.
Hayku, insan və təbiət münasibətini əks etdirən şeir növüdür. Bu baxımdan hayku sadəcə ədəbiyyat hadisəsi deyil. Mənə elə gəlir ki, hayku, eyni zamanda, təbiət hadisəsidir, film, fotoqrafiya sənətinin ibtidai və ilkin formasıdır. Çünki, haykular bizim diqqətimizi bir anlıq da olsa təbiətin füsünkarlığına cəlb edir və misraların arasında donub qalmış zamanda təbiət hadisəsini təsvir edir, bu donmuş zamanı təsəvvürümüzdə film və ya foto kimi canladırır, təbiətin yüz illərin o tayından süzülüb gələn səsini eşidirik.
Matsuo Başo hayku haqqında məşhur bir ifadəsi var: “Hayku nəsnələrin əlaqəsidir”. Bu fikirə əsaslanaraq demək olar ki, təbiət-insan münasibətini əks etdirən üç misralıq bütün şeirlər hayku deyil. Haykunun misraları, eyni zamanda, şeirdəki nəsnələr arasında əlaqəli olmalı, sıxışdırılmış zaman kəsiyi stuasiyanı, fəlsəfəni tam şəkildə ifadə etməlidir.
Hayku şeir və dərketmə forması deyil, görmə formasıdır. Hayku hər gün rastlaşdığımız təbiət hadisələri arasından sadəcə bir anı seçib nəzmə çəkmək sənətidir. Hayku quruluş olaraq iki assimmetrik hissədən ibarətdir. Vəziyyəti, situasiayanı göstərən birinci misra, ilk misradakı vəziyyəti izah edən, assosasiya edən başqa bir vəziyyəti göstərən ikinci və üçüncü misra. Bu baxımdan ilk misra ilə, son iki misra arasında əlaqə, bağ və rezonans nə qədər güclüdürsə, hayku da o qədər uğurludur. Ənənəvi yapon haykusu 17 hecalı və ondan az olmaqla, 5-7-5 bölgüsü ilə yazılır. Məşhur bir qənaətə görə peşəkar, “yaxşı” haykunun misralarına əlavə söz və ya ifadə daxil etmək, ixtisar etmək, hər hansı bir sözün yerini dəyişmək mümkün deyil. Əsasən, haykunun birinci misrasının mövsümi təsvir edən cümlə və ya ona eyham edən söz birləşməsi ya da cümlə olması şərtdir.
Dünyanın hər yerində hayku ilə tanış olan şairlər, bu şeir növünə müraciət edib. Bu bir az da, haykunun ruhani ecazı, sadə quruluşu ilə, bir az da kənardan sadə, bəsit və asan görünməsi ilə bağlıdır. Bu baxımdan hayku yazan müxtəlif müəlliflər ənənəvi haykuya öz yaradıcılıq xüsusiyyətlərini əlavə edib, müasir hayku artıq ənənəvi yapon haykusundan xeyli dərəcədə fərqlənməyə başlamışdır.
Haykudan əvvəl yapon şeirində “renga” və “renku”, daha sonra haykunun xüsusi forması “hokku” meydana çıxıb. Masaoka Şiki “hayku” adını istifadə edən ilk şair və ilk hayku nəzəriyyəçilərindən biri sayılır. Müasir Haykunun inkişafında əsas rol oynayan yapon şairi isə sadə təsvirləri, bu sadəlik içərisindəki dərin ruhani qatları verə bilən, dzen fəsləfəsini əks etdirən Başodur.
Qısacası, hayku üç misralıq şeirlə, sözlə rəsm, foto yaratmaq sənətidir. Bura ritmi də əlavə etsək haykunu qısa filmlə də müqayisə etmək olar.
Haykunun təsirinə düşən digər ədəbiyyat adamları kimi, mən də bu yapon möcüzəsinin cazibəsindən qurtula bilməmişəm və 2012-2019-cu illər arasında haykular yazmağa cəhd etmişəm. Uzun müddət bu şeirlər arxivimdə qalıb, üzə çıxarmağa çəkinmişəm. Bu günlərdə yenidən yapon ədəbiyyatına müraciət etdim, oxuduqlarımın təsiri ilə əlyazmalarımın içindən bəzilərini bilgisayarın yaddaşına köçürməyə qərar verdim.
Bəlkə də aşağıdakı şeirləri texniki baxımdan hayku yox, haykusayağı üçlüklər adlandırmaq daha doğru olar. Hər halda, bunu oxucuların və bilicilərin ixtiyarına buraxmaq daha yaxşı olar.
Sim-sim.az Cəlil Cavanşirin haykularını təqdim edir.
1.
Laqeyd ulduzlar altında,
Təkcə qurbağalar oyaqdır.
Gölməçə susuzdur.
2.
Siçanlar gəmirir döşəməni
Zülmətdə bom-boz görünən,
Qonşumun tərkedilmiş evində.
3.
Geri dönmə artıq.
Tənhalığımın
İlk dolusu da düşdü…
4.
Ay aman!
Sevgiləri yalan dünyada
Hələ də çobanyastığı çiçəkləyir.
5.
Yağışın yağmağı azmış kimi,
Qızılgüllər də ləçəklərini tökür
Quşları susmuş bağçada.
6.
Ayrılıq əzabı.
İztirablı yay gecəsində,
Nəğməsi susub dağ çayının.
7.
Əl saxladı dilənçi,
Qoparmadı
Çobanyastığının son ləçəyini.
8.
Tənhalıq eynidir hər yerdə,
Külək əsəndə,
Qapıya qaçırsan.
9.
Dolu yağdı.
Yerdə
Alça çiçəkləri açdı.
10.
Qızım çələng hörür çiçəklərdən,
Külək
Saçlarını dağıdır.
11.
İndi yanağımdan düşən göz yaşı
Bəlkə on il sonra
Yağacaq məzarımdakı çiçəklərin üstünə.
12.
Yağdı yaz yağışı,
Yudu yol kənarındakı
Ağacın tozlu yarpaqlarını.
13.
Heç vaxt olmadığın bu bağçada
Nərgiz çiçəkləri
Ölümə bənzəyir.
14.
Quşlar hay-küy salır.
Alma çiçəklərini üşüdür
Yaz qarı.
15.
Sən heç bilirsənmi, külək
Bu boş evdə
Necə səs salır?
16.
Sükut və gecə.
Ay boylanır
Budaqların arasından.
17.
Ovçu tətiyi çəkdi.
Cüyür hürkdü.
Üç-beş damcı qan çiləndi kəklikotunun üstünə.
18.
Qızım üzünü turşudur,
Yanağından süzülür
Quzuqulağı şirəsi.
19.
Payızdır.
Boş qalmış evin
Zivəsində quşlar yellənir.
20.
Palıdın budaqlarında
Titrədi iki yarpaq.
Qucağını açdı torpaq.
21.
Əvvəlcə bir dəstə nərgiz çiçəyi
Sonra
Ürəyini vermişdi mənə.
22.
Yağışdan islanmış sərçə balası
Ac pişikdən gizlənir
İslaq kolun dibində.
23.
Cücələr
Bölüşə bilmir cücünü.
Otların dibinə sürünür soxulcan.
24.
Biçilmiş zəmidə
Son nəğməsini oxudu torağay.
Qəfil yağış başladı.
25.
Uşaqlar arzu tutub
Yolur çobanyastığının yarpaqlarını.
Kəpənək kədərlə vurnuxur.
26.
Elə ki, unutmağa çalışıram,
Yaz yağışı başlayır.
Torpaq qoxusu dolur evimə.
27.
İtlər hürüşüb susdu.
Kimsə,
Sabah namazına tələsir küçədə.
28.
Bir at kişnəyir yamacda,
Yovşan qoxuyur nəfəsi,
Çidarını qırır…
29.
Gün batır,
Qaranquş vurnuxur eyvanda,
Balaları ağzını açıb.
30.
Ay əriyir.
Qaranlığı soyunur gecə,
Günəşlə sevişəcək.
31.
Çay kənarında atılmış
Uşaq ayaqqabısına qonur kəpənək.
Göz yaşını silir qadın.
32.
Azan səsi pozur gecənin sükutunu,
Köpəklər hürüşür,
Ulduz axır.
34.
Duman çəkilir dağdan.
Maral böyürür
Palçıqlı yaylaq yolunda.
35.
Arılar çiçəyə qonur.
Masanın altındakı qəndə,
qarışqalar daraşıb.
36.
Yaydır.
Otu biçilmiş bağçada
Daş üstündə günəşlənir kərtənkələ.
37.
Mən iztirab çəkirəm,
Nərgizlər açanda da,
Hətta onda da…