Sim-sim.az Cavid Ramazanovun “Yol” hekayəsini təqdim edir.
Bakı-Tbilisi avtobusunun konduktoru çöldə siqaret çəkib söhbətləşən sərnişinlərdən yerlərini tutmalarını tələb etdi. Ehtiyatlılar çoxdan yerlərinə keçib oturmuş, özlərini rahat hiss edən beş-altı nəfərsə hələ də çöldə vaxt öldürürdü. Soyuq və qaranlıq gecəydi, yağış çisələyirdi, avtovağzalda alışılmamış bir sakitlik vardı. Əksər sərnişinlər teatrda tamaşaya baxırlarmış kimi həris nəzərlərlə avtobusdan kənarda dayanmış bir cütlüyə göz qoyurdular. Oğlan ayrılığa görə kövrələn sevgilisini qucaqlayıb yanaqlarından öpürdü.
Sürücü siqnal verdi, saat doqquz, yola çıxmaq vaxtı idi. Hamı yerini tutandan sonra avtobus tərpəndi. Gözləri yaşlı, üzündəki həlim təbəssümlə sevgilisinin pəncərəsinə baxan, avtobus yola düşənədək yerindən qımıldanmayan qız geridə, soyuq və qaranlıq avtovağzalda qalanda olub bitənləri izləyənlər nəyəsə görə heyfisləndilər.
Avtobus sürətini artırıb şose yola çıxdı, yavaşdan öskürərək, yol tələb edə-edə kiçik maşınları bir-bir arxada qoyub, şəhərin içiylə inamla keçib getdi.
Konduktor yuxarı başdakı kiçik televizoru yandırsa da video qoymamışdı, ekran eləcə göyərirdi. Sərnişinlər hələ də yerlərində qurdalanırdılar. Birdən sevgilisindən ayrılan cavan oğlanın böyründə, pəncərə tərəfdə oturan adamın telefonuna zəng gəldi, adam zəngə cavab verəndə səsi o qədər batıq çıxdı ki, cavan oğlan qeyri-ixtiyari çevrilib ona zənlə baxası oldu. Həyatın ədalətsizliyini, qüsurluluğunu cismani olaraq öz üzərlərində daşıyırlarmış kimi yekə qulaqları, burunları, ağızları, ya da gülməli səsləri ilə gözə batan adamlar olur, cavan oğlan səsi batıq adamın gülünc səsinə görə utancından yerində kiçilməyə çalışdığını görəndə onu elələrindən biri hesab etdi.
“Hə, çıxdıq yola, – adam qışqırsa da, səsi zorla çıxırdı – səhər orda olacam… Çəkməmişəm. Vallah çəkməmişəm. Narahat olma, qızım, çəkən deyiləm. And içdirmə də məni. Dedim çəkməyəcəm… Yaxşı, sağol. Oldu, oldu, sağol…” Səsi batıq adam telefonu qapadandan sonra yanında oturana göz qoydu: cavan oğlan başını oturacağa söykəyib gözlərini qırpmışdı, sanki öz içində nəyəsə qulaq asırdı. Dizlərinin üstündə balaca şokolad qutusu vardı – avtobusa minəndə sevgilisi son anda çantasından çıxarıb ona vermişdi. Səsi batıq adam düşündü ki, cavan oğlan ayrılığın nisgilini çəkir.
Avtobus silkələnir, vaxt çox ağır keçirdi. Kimsə konduktordan televizora video qoşmağı xahiş etdi, konduktor ona tərəf baxmadan quru səslə “bir az səbr elə”, – dedi. Oturacaqdakıların bəziləri tum çırtlayır, bəziləri söhbət edir, bəziləri pəncərədən çölə baxırdılar. Uzaqdakı şəhərin işıqları göydəki ulduzlar kimi sayrışırdı. Səsi batıq adam arxasında oturan iki qadının söhbətini eşidirdi. “Necə yazıq günə qaldı, – qadınlardan biri o birisinə dedi – Yadına gəlir o vaxtlar necə dəli-doluydu, camaatın başına necə oyun açırdı? Qardaşını evindən didərgin saldı, ailəsini dağıtdı. İndi özü xəstəliyə tutulub. Adam ölməkdən necə də qorxarmış?! Qorxusundan namaz qılmağa başlayıb…”
“Ölsün elə, – digər qadın hikkəsini gizlədə bilmədi – o qədər pislik edəndə bilmirdi, bir gün hamısı burnundan gələcək?! Heç bir qram da yazığım gəlmir!.. Ölsün!”
Səsi batıq adam iki oturacağın arasından ehtiyatla arxaya boylananda öz arvadı kimi bir-birindən seçilməyən saysız-hesabsız yumru arvaddan iki nümunə gördü. “Ölsün!” əmri verənin dizlərinin üstündə balaca bir qızcığaz da yatırdı. Öz evini düşündü səsi batıq adam, evi ona onsuz yetim kimi göründü: arvadı yəqin, mətbəxdəydi indi, qızı da divanda qucağında kompüterlə oturmuşdu.
Oktyabr ayının Bakısı. Yağışdan qalma nəmişliyin içində avtobus yolları yararaq irəli şığıyırdı. Sümükləri gizildədən yağış yağmışdı bütün gün. Çöldə dünya-aləm nəmişlik və qüssə içindəydi. Şəhərin işıqları seyrəkləşir, dümdüz və qaranlıq dünya yol boyu sərnişinləri müşayiət edirdi.
“Bağışla, səndən bir şey soruşum”, – səsi batıq adam yanında oturan yol yoldaşının gözlərini açdığını görüb müraciət etdi.
Cavan oğlan “buyur” deyib yaxşı eşitmək üçün qulağını yaxınlaşdırdı.
– Tiflisə gedirsən?
– Bəli.
– Neçədə çatır avtobus ora?
– Saat yeddiyə, səkkizə çatar.
– Yaxşı tanıyırsan oraları?
– Belə də, normal tanıyıram.
– Bilmirsən, Qırmızı körpüdən taksilər Tiflisə neçəyə aparırlar?
– Əgər tək gedirsizsə, standart qiymət 35-40 laridir. Bir az ucuza da danışmaq olar.
Cavan oğlanın səsindən özünəəminlik və ötkəmlik duyulurdu – belə səsli adamlara istər-istəməz tabe olmaq istəyirsən. “Görəsən, neçə yaşı var? – səsi batıq adam düşündü – 27-29, amma hər halda 27-dən aşağı olmaz”.
– Mən şəhərə gedib qayıtmalıyam, yubanmaq istəmirəm.
– Onda daha baha çıxacaq. Ən yaxşısı siz avtobusla vağzala qədər gedin, ordan şəhərə iki addımlıq yoldu, ucuz aparır taksilər.
– Pul problemi yoxdu. Mən tez olsun istəyirəm… Maşınla gəlirdim əvvəl. Özümün maşını var. Bu dəfə maşınsız gələsi oldum…
– Sərhəddə taksi çoxdu. Azərbaycanlılar da aparır, gürcülər də.
– Lisi gölünə neçəyə apararlar?
– Ora daha baha apararlar. Şəhərdən kənardadır.
– Səndən bir şey xahiş eləmək istəyirəm. Avtobus sərhədi keçəndən sonra taksilərin biriylə danışa bilərsən? Mənim səsimdə problem var, danışanda elə bilirlər məzələnirəm… Gülürlər… Əsəbiləşirəm.
– Problem yoxdu, sərhədə çatanda deyin, kömək eləyərəm – cavan oğlan söhbəti bitiribmiş kimi başını oturacağına söykədi. Səsi batıq adam yerində qurcalandı, cavan oğlan onu maraqlandırmışdı:
– Tiflisdə olursan? – söhbəti davam etdirdi.
– Bəli.
– Oralısan? Gürcüstanlısan?
– Yox, Bakıdan.
– Tələbəsən?
– Yox, Tbilisidə işləyirəm.
– …gürcülərlə?
– Türk şirkətində.
– Türkcə bilirsən?
– Hə.
– Lap yaxşı, lap yaxşı…
Aralarında bir dəqiqəyə qədər sükut oldu. Sonra səsi batıq adam yenə sual verdi:
– Rus dilini necə, bilirsən?
– Belə, normal.
– İngilis dilini bəs?
– Bilirəm.
– Malades! Baxan kimi görünür, qoçaq oğlansan. Mən də qızımı oxutmuşam. Amerikada! Nə qədər imkanım var, oxudub bir yerə çıxarmağa çalışmışam. İndi maşallah, imkanı yerindədir, əri biznesmendir. Mənə deyir, ata, dur gəl bura, səni gəzdirək, qal burda. Getmirəm, nəyimə lazım? Əlli beşi keçmişəm, qocalandan sonra adam heç hara getmək istəmir…
Cavan oğlan başını oturacağına söykəyib qabağa baxır, qəti maraqlanmırmış kimi görünürdü. “Başını ağrıtmıram ki?”, – səsi batıq adam soruşdu, “Nə?.. yox, problem deyil”, – cavan oğlan quru səslə söylədi.
“Qızıma deyirəm, gəlmək istəmirəm, özün istəyəndə gələrsən, – səsi batıq adam gücsüz və inamsız səsiylə davam etdi – Mənim Bakıda imkanım-filan yerindədi. Evim, maşınım, bağ evim, hər şeyim var Allaha şükür. Özüm yeyib-içən olmuşam həmişə, məclis adamı. Belə arıq olmağıma baxma. Sən havaxt Bakıya gəlsən, zəng elə, görüşək, gedək oturaq hardasa”.
O, telefon nömrəsini deyib “yadında qaldı?”, – soruşdu. Cavan oğlan başını tərpətdi, amma nömrəni telefonuna yazmadı. Səsi batıq adam yol yoldaşının biganəliyindən bir az incinmiş kimi “Səsim, – dedi – həmişə belə olmayıb…” Cavan oğlan yenə anlayışla başını tərpədib susdu, aralarına yenə sükut çökdü.
Avtobus bir mağazanın qarşısında saxladı. Hamı yerindən dikəlib pəncərəyə boylandı. Konduktor avtobusun iki dəqiqəlik saxladığını, heç kimin düşməməsini tələb etdisə də siqaret mübtəlaları dərhal qapıdan çölə tökülüşdülər. Bura haraydısa, yağışdan əsər-əlamət yoxuydu, yerlər qupquruydu. Səsi batıq adamın pəncərəsinin düz altında, kətildə bir nəfər ayaqlarını uzadaraq oturmuşdu. Adam halından məmnun, tox görkəmiylə tum çırtlayır, hiyləgərcəsinə gülümsəyərək bir gözüylə qarşısında söhbət edənə, bir gözüylə də səsi batıq adama baxırdı. Səsi batıq adam onun baxışından çaşdı, sonra başa düşdü ki, adamın gözlərinin hərəsi bir tərəfə baxır, bir daşla iki quş vururdu.
Mağazadan əlində butulkalarla çıxan konduktor mübtəlalıları siqaretlərini yarımçıq tullayıb içəri girməyə məcbur etdi. Sürətlə uçan siqaretlər havada qırmızı qövslər cızdı.
Saat on birə qalırdı. Avtobusun salonunda işıqları söndürdülər. Yan oturacaqların birində kimsə günahkarcasına ucadan xoruldayırdı. Arxa oturacaqdakı qadının danışığı eşidildi yenə. Sümük kimi bərk səsiylə yanındakına nəyisə izah edirdi, birdən coşdu, səsini qaldırdı: “Elə bilirlər asandı. Yel əsib, qoz tökülüb. Borcum yoxdu ki? Elə bil, borcum var bunlara. Ev mənimdi, mən bilərəm. O, Bakıdakı evi mən alver edib öz şəxsi pulumla almışam. Rayondakı ev də atamdan qalıb. Özüm bilərəm, aa, əlimin içindən gəlir. Sən elə də deyərsən. Pah! Deyərsən, Möhtərəm deyir, siz kimsiz axı, burnu fırtıqlı çömçələr… Ac sürüsü ac!..”
Sən demə, qadının adı Möhtərəm imiş. “Möhtərəm. İlk dəfədi bu cür qadın adı eşidirəm, – səsi batıq adam düşündü – Belə ad olar? Möhtərəm xanım… Elə bil iclas zalındasan”.
Səsi batıq adam qadının adına layiq olub-olmadığını dəqiqləşdirmək üçün yenə çevrilib arxaya boylananda güllə kimi deşici bir cüt gözün ona tuşlandığını gördü – özünü düzəltdi dərhal. Telefonunu çıxarıb hansısa naviqatora baxmağa başladı. Birdən yol yoldaşından soruşdu: “Sən Lisi gölünü tanıyırsan?”
– Tanıyıram.
– Şəhərdən çox uzaqdadı?
– Mərkəzdən uzaqdadı. Amma taksilər 10 lariyə aparar.
– Ordakı Onkologiya Mərkəzini tanımırsan bəs?
– Yox.
– Bir dəfə öz maşınımla gəlmişdim…
Səsi batıq adam maşınıyla gəlməsinin isbatı kimi telefonunu yaxınlaşdırıb ekrandakı naviqatoru göstərdi. Cavan oğlan ekrandakı qalın sarı xətlərə, üçbucaq formalı yaşıl işarələrə gözucu baxıb başını tərpətdi.
“Keçmiş sovetlərdə ən yaxşı Onkologiya Mərkəzidi, – səsi batıq adam naviqatordakı bir işarəni göstərdi – Çox güclü mütəxəssisləri var. Diaqnozun cavabını heç kimə demirlər. Çox prinsipialdırlar. Öz doğma övladına belə demirlər. Gərək cavabı özün gedib götürəsən… Nə qədər vaxtdı, nəsə narahatlıq vardı boğazımda, fikir vermədim, dedim əşi boş şeydi, heç nə olan deyil. Belə də gecikdirdim… Pivədən, araqdan gillədirdim, vecimə də deyildi, siqaretdən çəkirdim. Bir də gördüm səsim batdı, xəstəlik səs telləriməcən irəliləyibmiş… O pis xəstəlikdəndi. İndi gedirəm, görüm, nə deyəcəklər, neyləməliyik… Səsim həmişə belə olmayıb yəni…”
Səsi batıq adam barmaqlarıyla qırtlağını tutub bu etirafı eləməklə yol yoldaşında güclü təəssürat oyadacağını, onun bumbuz etinasızlığını yaracağını güman edirdi, ən azından bir neçə sual gözləyirdi, lakin yol yoldaşı sadəcə qaşlarını azca düyünləməklə kifayətləndi və başını yenə də oturacağına söykəyib qabağa baxmağa davam etdi. Səsi batıq adam susdu.
***
Gecə ipək kimi yumşaq idi. Durğun oktyabr gecəsində torpağın nəfəsini eşitmək olurdu. Avtobus Kürdəmirdə saxlamışdı, amma heç deməzdin ki, bura Kürdəmirdir. Adamın sir-sifətini oxşayan ilıq meh əsir, burun pərlərinə uzaq, sirli çöllərin qoxusu dolurdu. Səsi batıq adamla cavan oğlan avtobusdan düşüb siqaret çəkirdilər. İlk dəfə burda havanın belə gözəl olduğunu görən səsi batıq adam xoş təsadüfü yol yoldaşına demək istədi, amma səsini xatırlayıb susdu. Əgər avtobusda, bir-birinə yaxın oturacaqlarda səsi birtəhər eşidilirdisə, açıq məkanlarda yüngül bir maddə kimi ünvana çatmamış yoxa çıxırdı. Açıq məkanlarda özü belə səsini eşidə bilmirdi, hərdən fikirləşirdi ki, Allah eləməsin, bir gün gələr, nəinki səsini, hətta düşüncələrini belə eşitməz olar…
O, qızına siqaret çəkməyəcəyinə dair verdiyi sözdən yüngülvari vicdan əzabı çəkərək yol yoldaşı ilə yanaşı, susqun halda siqaret sümürürdü. Bir heykəltəraşın əlindən çıxmıştək mütənasib vücudu oğlanın. Tamamilə arxayın halda, almaz kimi qətiyyətli, heykəl duruşuyla gözlərini göyə zilləyib siqaret çəkirdi. Səsi batıq adam onunla dostlaşmaq istəyirdi, amma səsi çox pis idi, fikirləşirdi ki, buna görə oğlanın rəğbətini qazana bilmir. Dilxor olurdu. Beynindən onunla arasında xəyali bir dialoq keçdi:
– Belə qıraqdan baxanda idmançıya oxşayırsan, nə əcəb siqaret çəkirsən?
– Həmişə çəkən deyiləm, dayı, gah atıram, gah çəkirəm. Birdəfəlik qurtula bilmirəm.
– Hə, bu zəhrimarı bir dəfə damağına qoydunmu, xilas yoxdu.
– Bir il idi çəkmirdim, bu yay təzədən başladım. Atacam əşi, adamın qanını qaraldır.
– Mən 30 il günə iki paçka siqaret çəkmişəm, xəstələnəndə, həkim dedi sənə çəkmək olmaz, mütləq tərgitməlisən. Amma ən çox bir həftə çəkməmişəm. Neçə gün idi çəkmirdim, bax, yenə başladım…
– Elədi, mən də atıram, söz verirəm çəkməyəcəm, sonra yenə çəkirəm. Çətindi. Hardasa məclisdə olursan, iki-üç rumkadan sonra birisini damağına qoyursan, verdiyin söz yadından çıxır.
– Ay ölənlərinə rəhmət! Yeyib-içən adamın çəkməməsi mümkün deyil! Mən ona görə tərgidə bilməmişəm indiyəcən. İçkidən sonra çox ləzzətli gedir bu zəhrimar.
– Hə, elədi.
– Həkim deyir, boğazımdakı xəstəlik də buna görə yaranıb.
– Ciddidi məsələ?
– Deyəsən. Gedirəm, indi konkret bir söz deməlidilər.
– Allah şəfa versin.
– Çox sağ ol!
Avtobus yenidən tərpənəndə sərnişinlər oturacaqları arxaya çəkib narahat yuxuya getdilər. Səsi batıq adamsa yata bilmirdi, deyəsən, bir özü, bir də sürücü yatmamışdı, hətta sürücü də yatırdı bəlkə.
Pəncərədən gələn xəfif soyuğu yanaqlarında hiss edirdi. Avtobus zülmət çöllərdən, mürgülü təpələrin arasından, boş rayon mərkəzlərindən, tək-tük işıqların yandığı naməlum kəndlərdən, bircə ulduzu belə olmayan yeknəsəq gecənin ortasından keçib gedirdi. Pəncərələrdəki yağış damlaları qurumuş, yerlərində kirli zolaqlar qalmışdı. Yenə evini düşündü. Arvadı yəqin yatağında asudə xoruldayırdı indi – somsoyuq, hissiyatsız qadın… Axır vaxtlar onun barəsində çox düşünürdü. Düşündükcə də əmin olurdu ki, 30 illik evlilikləri boyunca elə bil doğrudan da nəfəs alan buz parçasıyla ömür sürüb. Anası calamışdı bu gəzən aysberqi ona. O vaxtacan qadınla, qızla yaxınlıq eləməmişdi. Onları tanımırdı. Heç vaxt hansısa bir qız gözlərinin içinə dərindən baxmamışdı. Ona görə də anasının planıyla evlərinə gələn qızın ötəri də olsa gözlərinin içinə baxması kifayət etdi. Sonra qız ona bir neçə dəfə də baxdı. Yadındadır, bir dəfə evin qapısından çıxanda bir də gördü, qız aşağıda, pilləkən meydançasında təkcənə dayanıb ona baxır. Qonaq gəlmişdi yenə, lift işləmədiyindən 6 mərtəbə yuxarı qalxdığına görə dayanıb nəfəsini dərirdi. Bəstəboy, balıq ətli, qarabəniz bir qız idi, əynində qalın qara palto vardı, işıldayan qara gözlərini ona zilləmiş, hətta elə bil, gülümsəyirdi. O, özünü itirərək gözlərini yayındırdı, bir də baxanda qız artıq başını aşağı salmışdı. Köksünə nəsə qəribə, yüngül bir şirinlik yayıldısəsi batıq adamın, vurulmuşdu…
Evlənmələrindən 30 ildən çox vaxt keçirdi indi. Bu müddət ərzində bir onu öyrənmişdi ki, arvadında əvvəllər utancaqlıq hesab etdiyi soyuqluq sən demə, onun əsl mahiyyəti imiş. Əvvəllər adamayovuşmazlığına, kötük kimi hissiyatsız olduğuna görə onu tez-tez acılayar, üstünə bozarardı. Amma sonra həm arvadı onu yerində oturtdu, həm də özü öyrəşdi. Başa düşdü ki, arvadını özbaşına buraxsa yaxşıdır, çünki toxunmasan, toxunmazdı, heç kimlə də işi yox idi, daim başı nəyəsə qarışıq idi, işə gedib gəlir, mətbəxdə qurdalanırdı. Pul yığırdı daim. Bunu bilməyinə bilirdi səsi batıq adam, ancaq ömründə onun bircə qəpiyini də görməmişdi… Xəstələndiyi məlum olanda arvadı tövrünü pozmadan bunu çox adi, gözlənilən bir şeymiş kimi qəbul etdi. Sifətinin əzələsi belə tərpənmədi. O, heç gözləmədiyi halda, müalicə, dava-dərman üçün lazım olan pulu saxlancından çıxarıb ortaya qoydu, əlavə də bir kəlmə demədi, elə bil belə də olmalıydı…
Səsi batıq adam qızını düşünməyə başladı. Onu çox istəyirdi, amma deyəsən qız həyatda bəxtinin gətirməsinə heç cür imkan verməyəcəkdi. Dörd il universitetə gedib gəlmiş, nə bir adamla dostluq qurmuş, nə də harasa əylənməyə getmişdi. Universiteti bitirəndən sonra bütün gün evdə oturur, həftələrlə, aylarla bayıra çıxmırdı. Gözəl deyildi olmağına, amma suyuşirin idi. İstəsəydi, heç evdə oturmaya da bilərdi, heç kim heç vaxt qadağa qoymamışdı ona, gəzərdi, əylənərdi, sevərdi, amma di gəl, evdə oturub qocalmaqla məşğul idi. Bütün gün əlindən telefon düşmədiyinə, kompüterin qarşısından çəkilmədiyinə görə, qıza bir neçə dəfə göz qoymuşdu və məlum olmuşdu ki, onun yeganə məşğuliyyəti internetdə oyun oynamaqdır. Qızının niyə bütün gün oyun oynadığını başa düşmürdü. Görəsən daha nə qədər oynayacaqdı?.. İndi yatağında yatırdı yəqin, qorxduğu üçün gecə lampasını yanılı qoymuşdu, həmişəki kimi. İşıqda görən necə yatır, işıq bir tərəfə, səs-küy onu narahat eləmirdimi görəsən?..
Səsi batıq adam gözlərini açdı, avtobusda sərnişinlər yerlərindən qalxmışdılar. Hansısa anda yuxuya gedibmiş. İndi artıq sərhədə çatmışdılar. Konduktor sərnişinlərdən əşyaları götürməyi, avtobusda heç nəyi yaddan çıxarmamağı tələb edirdi.
***
Hər iki yoxlanış məntəqəsindən gözlənilmədən tez keçdilər. Sərnişinlər sərhədin Gürcüstan tərəfinə adlayanda dan yeri təzəcə ağarırdı. Hava soyuq idi. Üşüyərək intizarla avtobusa minməyi gözləyən yuxulu sərnişinlər, müştəri tutmaq üçün hər kəsin gözünün içinə qıcıqlandırıcı bir ümidlə baxan taksi sürücüləri, ördək balaları kimi ətraflarında çoxlu torbalar olan alverçilər, iş dalınca Gürcüstan vasitəsilə Türkiyəyə gedənlər, tələbələr, naməlum adamlar – hansı tipi istəsən, görmək olardı burda.
Cavan oğlan səsi batıq adama yaxınlaşıb “Necə oldu taksi məsələsi? Kömək eləməyimi istəyirdiz…” – dedi. Sərhədi keçəndə bir-birlərini itirmişdilər, səsi batıq adam yol yoldaşının onu tapıb maraqlanmağından xoşhal oldu, canlanaraq “Biriylə danışdım, 40 lariyə aparıb gətirəcək”, – söylədi. Cavan oğlan qulağını yaxınlaşdırıb “Necə?” – soruşdu.
– Bir nəfər 40 lariyə aparıb gətirəcək.
– 40 lariyə?
– Hə. Dedi, problem yoxdu, hələ orda məni gözləyəcək də.
– Doğurdan? Lisi gölünəcən aparacaq?
– Hə.
– Nə yaxşı!
– Hə, yaxşı tapdım.
– Çox əla danışmısız. Demək olar havayı… Yaxşı yol sizə.
– Sənə də yaxşı yol. Xudahafiz!
Cavan oğlan avtobusa keçib pəncərə tərəfdə, səsi batıq adamın yerində oturmağa hazırlaşırdı ki, birdən onun avtobusu son anda saxladaraq qapıdan içəri girdiyini gördü. “Nə baş verdi”, – cavan oğlan təəccüblə soruşdu. “Deyirəm gedək, getmir, – yerinə keçib oturarkən pərt kimi görünən səsi batıq adam dedi – bir nəfəri gözləyirmiş. Maşına adam yığmaq istəyirdi. 5 dəqiqə, 5 dəqiqə deyib mənim başımı qatırdı. Qorxdum avtobus çıxıb gedəndən sonra qiymət oxuyar, başını buraxdım…”
– Hə, deyirəm axı, 40 lariyə burdan Lisiyə aparıb gətirməyi real deyil.
– Nə bilim, kopoyoğlu, adamı niyə aldadırsan axı?.. Axırda başa düşdüm, məni saxlatmaq istəyirdi. Yəqin, o birisi avtobusu gözləyirdi.
– Ola bilər…
Avtobus sərhədi keçəndən sonra sürətini yavaşlatmışdı. Ətrafa sis çökdüyündən yollarda maşınlar astagəl hərəkət edirdilər. Səsi batıq adam pəncərədən çölə baxırdı: uzaqlarda zirvələri tamamilə dumana qərq olmuş təpələr; səhərin bu çağı bir ağacın altında kəndirə bağlanmış, bircə anlığına səsi batıq adamın baxış bucağına daxil olan, küt və anlamsız qüssəylə yoldan keçənlərə tamaşa edən balaca, arıq inək; qəfildən peyda olub, avtobusla paralel uçub yoxa çıxan qara bir quş; tül pərdə kimi nazik sisin içində mürgüləyən yol-nəqliyyat işarələri, kasıb evlər, yarpaqları saralan ağaclar, balaca kilsələr, köhnə-kürüş maşınlar, yanacaqdoldurma məntəqələri, elektrik dirəkləri, naqillər…
Səsi batıq adam pəncərədən gözünü çəkib yol yoldaşına sual verdi: “Sən Tiflisdə ha tərəfdə qalırsan?”
– Saburtalo deyilən yer var, orda.
– Tanıyıram oranı, orda hansı tərəfdə?
– Texniki universitetin yanında.
– Cavanlıqda çox olmuşam Tiflisdə…
Yol yoldaşı heç nə demədi.
Mahnı oxuyan bir uşağın səsi eşidilirdi: “Sən olmasan, neyniyərəm, nə yaxşı ki, sən varsan, sən olmasan, neyniyərəm, nə yaxşı ki, sən varsan!” Qeyri-ixtiyari çevrilib arxaya boylandı səsi batıq adam. İki yumru qadın başlarını oturacaqlara söykəyib yatmış, ağızları yarıaçıq halda fısıldayırdılar. Pəncərənin böyründə oturmuş qadının qucağındakı uşaq isə xırdaca əllərini pəncərəyə söykəyib, gözlərini sisli şəhər kənarına dikərək kefi kök halda oxuyurdu:
“Üz çevirib, getmə yenə,
ehtiyacım çoxdu sənə,
dön geri gəl, sən de mənə.
Nə yaxşı ki, sən varsan,
nə yaxşı ki, sən varsan!”
Sarı saçlı, mavi gözlü, gözəl bir qız uşağıydı, təzəcə çıxmış şirin diliylə hansısa ara mahnısını ürəkdən oxuyurdu. Səsi batıq adam xırıltıyla güldü…
Avtobus avtovağzala çatdı nəhayət. Sərnişinlər yerlərindən qalxıb qapıya doğru irəlilədilər. Özüylə bircə kiçik əl çantası götürmüşdü səsi batıq adam. Qapıdan düşəndə, siqaret yandırıb yük yerindən yükünü götürmək üçün növbəyə duran yol yoldaşını gözləməyə qərar verdi. İsti avtobusdan düşəndən əməlli üşüyürdü, əynini nazik geyinmişdi deyəsən, dağ soyuğu hiss olunurdu Tbilisidə. Taksi sürücüləri bir-bir yaxınlaşıb ondan taksi lazım olub-olmadığını soruşur, o, əsəbiləşərək inadla başını bulayırdı. Birdən necəsə oldu, bir anlıq, cəmi bir neçə saniyəlik fikri yayındı, bir də baxanda gördü ki, yol yoldaşı yerində yoxdur. Ora-bura boylandı, adamları aralayıb baxdı, avtobusun digər tərəfinə keçəndə isə cavan oğlanın ana yolun səkisində dayandığını gördü. Tələsik addımlarla ona yaxınlaşanda cavan oğlan yoldan keçən bir taksini saxlatmışdı artıq. Maşından düşən taksi sürücüsü gəlib yük yerini açdı. Səsi batıq adam özünü elə göstərdi ki, guya o da yola taksi saxlatmağa çıxıb. Bir gözü yolda, bir gözü cavan oğlandaydı. Xudahafizləşəndə nə deyəcəyini düşünürdü. Tez hərəkət etməliydi, istəyirdi desin, əgər yolları eyni istiqamətədirsə, onunla birgə getsin, həm söhbət olar, həm də xərci az çıxardı. Yol pulu deyildi əlbəttə məsələ, nə idi heç özü də bilmirdi, ola bilsin, avtobusdan düşən kimi şəhərdə tək qalmaq istəmirdi.
Səsi batıq adam gözlədi, cavan oğlan iri yol çantasını yük yerinə yerləşdirdi və əllərini çırpa-çırpa keçib maşının ön oturacağında oturdu. Yanından aralanan qırmızı rəngli, köhnə “Opel”in arxasınca baxa-baxa qaldı səsi batıq adam. Cavan oğlan onunla nəinki xudahafizləmiş, heç gözünün ucuyla da baxmamışdı…
İçində elə bil nəsə qırıldı səsi batıq adamın. Hətta stəkanın çatlamasına bənzər bir səs eşidən kimi oldu.
Pərt nəzərlərlə arxaya çevrilib baxdı. Avtobusun yanında tək-tük sərnişin yükləriylə əlləşirdi. Beş-altı addım aralıda isə bəstəboy, nimdaş geyimli bir taksi sürücüsü əllərini cibinə salıb ona tamaşa edirdi. “Taksi lazımdısa, ucuz apararam, yoldan keçən daha bahadı”, – sürücü rusca dedi. Səsi batıq adam bulanıq gözlərini bir neçə an onun gözlərinə zillədi, elə bil nə dediyini başa düşməmişdi. “Taksi lazımdısa, ucuz apararam”, – sürücü bir də təkrarladı. Səsi batıq adamın dodaqları tərpəndi: “Ora getmək istəmirəm”. “Nə?”, – eşitməyən sürücü bir neçə addım qabağa gəldi. “Ora getmək istəmirəm”. Sürücü yenə matdım-matdım onun üzünə baxdı. Səsi batıq adam başını bulayıb üzünü yola tərəf çöndərdi. Yol boyu maşın karvanı sürətlə keçib gedirdi, səbirsiz sifətli sürücülər harasa tələsirdilər.
Adamın ürəyini sıxan, ölü bir yeriydi bu avtovağzal. Dəmir-dümürdən ibarət eybəcər yerüstü bir keçidi də vardı. Hiss olunurdu ki, heç kim istifadə etmir. Yolun qarşı tərəfində, balaca minik maşınının yanında, üç nəfər qarşı-qarşıya çömbəlib oturmuş, az qala bir-birinin ağzının içinə girirdilər.
Cibindən əzilmiş bir siqaret dənəsini çıxardı səsi batıq adam. Bezgin halda damağında yandırıb tüstüsünü havaya buraxdı. Gördüyü hər şey ürəyini sıxır, hara baxacağını bilmirdi. Başını qaldırıb göyə baxmağa başladı. Və birdən alnına soyuq yağış dənələrinin düşdüyünü hiss etdi…
2017