Con Çiver (1912-1982) XX əsrin ən böyük Amerika yazıçılarından biri hesab edilir. 1979-cu ildə nüfuzlu Pulitser mükafatına layiq görülüb. Əsərlərində əsasən Amerika orta təbəqəsinin yaşantılarını ifadə edən yazıçıya “Amerikanın Çexovu” deyirdilər. Sizə təqdim etdiyimiz “Üzgüçü” hekayəsi “Nyu-Yorker” jurnalında çap olunan kimi böyük rezonans doğurub və müəllifə böyük şöhrət qazandırıb. Bəzi tənqidçilərin fikrincə, “Üzgüçü” XX əsrdə ingiliscə yazılmış 100 ən yaxşı hekayədən biridir.
Ətrafda hər kəsin “dünən yaman çox içmişəm” dediyi isti bazar günlərindən biri idi. Bu gün həmin sözləri kilsədən çıxan insanların, cübbəsini əynindən güclə çıxaran keşişin dilindən, təbiəti mühafizə qoruğunda Odüban cəmiyyətinin sərxoşluqdan süstləşmiş liderindən, qolf meydançalarında, tennis kortlarında eşitmək olardı. “Çox içmişəm,”- Donald Uesterheyzi dilləndi. “Hamımız çox içmişik,”- Lüsinda Merril cavab verdi. “Hamısı şərabdandır” Elen Uesterheyzi dedi. “Özü də qırmızıdan çox içmişəm”
Onlar Uesterheyzgildə hovuz kənarında oturmuşdular. Yüksək dəmir tərkibli artezian suyu ilə qidalandığından, hovuzun rəngi yaşıla çalırdı. Gözəl gün idi. Göyün sol tərəfində toplanmış topa buludlar uzaqdan – yaxınlaşan gəminin göyərtəsindən görünən şəhərə bənzəyirdi. Onun adı da olmalıydı: Lissabon və ya Hakensak. Neddi Merril bir əli suda, o biri əlində bir stəkan cin yaşıl hovuzun kənarında əyləşmişdi. Qamətli adam idi, artıq yaşlaşsa da, cavan görünürdü. Elə bu səhər evindəki piləkənin məhəccərindən sürüşüb düşən, zaldakı Afrodita heykəlinə dəyib, mətbəxdən gələn qəhvə ətrinə doğru atıla-atıla qaçan o deyildimi? Onu sürətlə ötüb keçən yay gününə, xüsusilə, günün son saatlarına bənzətmək olardı. Hətta əlində tennis raketkası, parusin çanta olmadan da, gənc, təravətli və gümrah idmançı təsiri bağışlayırdı. İndicə sudan çıxmışdı, indi isə dərindən nəfəs alırdı, elə bil, həmin anı bütövlükdə günəşin hərarəti və həyatdan aldığı böyük həzlə birlikdə ciyərlərinə çəkmək istəyirdi. Öz evi cənuba tərəf 8 mil uzaqda Bullet Parkda yerləşirdi. Yəqin ki, qızları – 4 gözəl qız artıq yeməklərini yeyiblər və indi orada tennis oynayırlar. Bu vaxt ağlına gəldi ki, çarpaz şəkildə cənub-qərbə doğru üzsə, su yolu ilə evinə çata bilər.
Onun həyatı heç bir məhdudiyyət tanımırdı. Ona görə də bu ixtirasından aldığı nəşəni qaçışameyllilik kimi qiymətləndirmək olmazdı. Artıq ətrafdakı bütün hovuzları təşkil edən, nadir hallarda üstə çıxan yeraltı çayın bütün girinti-çıxıntılarını kartoqraf dəqiqliyi ilə gözündə canlandırmışdı. O, kəşf eləmişdi, coğrafiya elminə böyük töhvə vermişdi və bu çayı arvadının şərəfinə Lüsinda adlandıracaqdı. O, nə zarafatcıl, nə də axmaq adam idi, amma qəti demək olar ki, kiməsə bənzəmirdi, özünü təvazökarcasına əfsanəvi bir qəhrəman hesab edirdi. Gözəl gündü. Düşünürdü ki, uzun müddət üzməklə onu daha da uzada, gözəlləşdirə bilər.
Çiyninə atdığı sviteri tulladı və suya baş vurdu. Nədənsə suya birbaşa atılmayan kişilərdən zəhləsi gedirdi. O, hər həmlədə və ya dörd həmlədən bir nəfəs ala-ala sürətli krol üslubu ilə üzür, beyninin bir kənarında qol hərəkətlərinin ritminə uyğun sayırdı: bir, iki, bir iki. Krol böyük məsafələr üçün yararlı deyildi. Lakin bu üsula vərdiş etdiyindən, onun üçün krol ənənəvi üzmə üsulu idi. Şəffaf yaşıl suyun qoynundaykən, sanki, ibtidai həyata qayıtmışdı, tamam çılpaq üzmək istəyirdi, amma bu, bu günkü planlarına uyğun gəlmirdi. Sudan çıxdı, heç vaxt nərdivandan istifadə etməzdi- çəmənliyin üstü ilə yeriməyə başladı. Lüsinda hara getdiyini soruşanda javab verdi ki, üzüb evinə gedəjək.
Beynində keçməli olduğu yolun dəqiq sxemi çəkilmişdi. Əvvəl Qremlərin evi gəlirdi, sonra Hammerlər, Lirlər, Houlendlər və Kroskaplar. Bankerlərlərə getmək üçün Ditmar küçəsini keçəcək, bir az quru yolu ilə yeriyib, əvvəl Levilərin və Uelçerlərin mülkünə, sonra isə Lankesterdəki ictimai hovuza çatacaqdı. Sonra isə sıra ilə Helloronlar, Sakslar, Bisvengerlər, Şirli Adams, Gilmartinlər və Klaydlar. Hava gözəl, bu cür su ilə zəngin bir dünyada yaşamaq isə çox böyük nemət idi. Ürəkdən sevinirdi, otların üstü ilə qaçdı. Evə belə qeyri-ənənəvi yolla qayıtdığı üçün özünü tədqiqatçı, səyyah, xoşbəxt adam hesab edirdi. Yol boyu dostları ilə rastlaşacaqdı, Lüsinda çayının sahillərində dost tayfalar məskunlaşmışdı.
Uesterheyzlərin torpaq sahəsini Qremlərin mülkündən ayıran hasarı adladı, çıçəklənən alma ağacının, Qremlərin nasos və süzgəcini örtən çardağın altından keçib, hovuza çıxdı.”Bu ki, Neddidir ” Missis Qrem sevincək dilləndi. “Nə gözəl sürprizdir, bütün gün sizə zəng vurmuşam. Qoy sənə içki süzüm”
Hər bir səyyah kimi, Ned də başa düşürdü ki, məqsədinə çatmaq istəyirsə, qonaqpərvər yerli tayfaların adət-ənənələrinə hörmətlə yanaşmalıdır. O, Qremlərdə özünə qarşı yanlış fikir oyatmaq, ya da onlara qarşı kobud görünmək istəmirdi, amma vaxt itirmək də olmazdı. Hovuzdan çıxıb, özlərini günə verən ev sahiblərinə qoşuldu, bir neçə dəqiqədən sonra Konnektikutdan iki maşın dolusu dostun gəlişi ilə xilas ola bildi. Yaranan qarışıqlıqdan istifadə edib, aradan çıxdı. Qremlərin evinin önü ilə aşağı düşdü, tikanlı çəpərdən adladı və boş sahəni keçib, Hamerlərgilə gəldi. Gözlərini güllərindən ayıran Missis Hamer onun üzüb keçdiyini gördü. Amma üzənin Ned olduğuna tam əmin deyildi. Lirlər qonaq otağının açıq pəncərəsindən onun üzüb keçdiyini eşitdilər. Houlendlər və Kroskaplar evdə yox idilər. Houlendlər malikanəsini geridə qoyub, Ditmar küçəsinə keçdi və Bankerlərə tərəf yollandı. Uzaqdan eşidilən səslərdən bilmək olurdu ki, orada qonaqlıqdır.
Qonaqların gülüş qarışıq səsləri sanki, suya toxunub geri qayıdır, havadan asılı qalırdı. Bankerlərin hovuzuna çatmaq üçün bir neçə pillə yuxarı qalxıb, terrasa çıxdı, burada 25-30 nəfər içki içirdi. Suda yalnız Rasti Tauers idi, öz rezin qayığını sürürdü. Lüsindanın sahilləri necə gözəl, necə zəngin idi. Onun tünd mavi suları ətrafında xoşbəxt insanlar toplaşmışdı, ağgeyimli xidmətçilər onlara soyuq cin daşıyırdılar. Başları üzərində durmadan dövrə vuran təlim təyyarəsi yellənjəkdə fırlanan uşağı xatırladırdı. Ned bu insanlara qarşı böyük rəğbət, ehtiraslı bağlılıq duydu. Uzaqdan ildırım səsi eşidildi. Enid Banker onu görən kimi, qışqırmağa başladı:”Baxın, bir görün kim gəlib. Nə gözəl sürpriz! Lüsinda deyəndə ki, gələ bilməyəcəksiniz elə bildim, ölürəm”. Jamaatı yarıb, Nedə yaxınlaşdı, öpüşüb-görüşdükdən sonra dartıb bara tərəf apardı. Bara çatanadək daha 8-9 qadını öpüb, ərlərinin əlini sıxmaq üçün dayanmalı oldu. Daha əvvəl yüzlərlə şənlikdə gördüyü gülərüzlü barmen ona sərin cin süzdü. Onu yubadacaq hansısa söhbətə qoşulmaqdan qorxan Ned bir müddət barın yanında dayandı. Adamların Barın ətrafına toplandığını görəndə, suya tullandı. Rastinin qayığı ilə toqquşmamaq üçün hovuzun kənarı ilə üzürdü. Sudan çıxdıqdan sonra Tomlinsonların yanından ötdü, onlara gülümsəyib, yeyin addımlarla bağı keçdi, çınqıl ayağını qanatmışdı, amma bundan başqa hər şey qaydasınja getdi. Qonaqlar hovuzun ətrafına yığışmışdılar, Bankerlərin evinə yaxınlaşdıqca, onların suyla qarışıq zil səsləri tədricən azalırdı. Mətbəxdən radio qəbuledicisinin səsi eşidilirdi, kimsə beysbol oyunu ilə maraqlanırdı. Artıq günortadan keçirdi. Ned maşınların arasından ötüb, otların üstü ilə aşağı düşdü və Eylvays–Leynə çıxdı. Çimərlik paltarı ilə şose yoluna çıxmaq istəmirdi, lakin yolda heç kim yox idi və bir neçə dəqiqədən sonra Levilərin mülkünə çatdı. Xüsusi mülkiyyət nişanəsi ilə işarələnmiş evin qarşısında “Nyu York Tayms” üçün yaşıl poçt qutusu vurulmuşdu, bütün qapı və pəncərələr açıq idi, lakin heç bir həyat əlaməti nəzərə çarpmırdı, heç it də hürmürdü. Evi dolanıb, hovuzun yanına gəldi, Levilər evdən təzə çıxmışdılar; hovuzun o tayında yapon fanarları ilə bəzədilmiş şüşəbəndin və ya vanna otağının yanında qurulmuş stolun üstündə şüşə, stəkan və çərəz qabları hələ də qalırdı. Hovuzu üzüb keçdi, özünə içki süzdü. Dörd və ya beşinci dəfə idi ki, içirdi, Lüsindanın artıq yarısı keçilmişdi. Özünü yorğun, təmiz və həmin an yalnız olduğuna görə, ümumiyyətlə hər şeyə görə, xoşbəxt sayırdı.
Tufan qopacaqdı. Topa-topa buludlar- səhər gördüyü şəhər böyüyüb qaralmışdı, yenidən göy guruldadı. Təlimçi təyyarə hələ də dövrə vururdu. Ned sanki yarıqaranlıq səmada fırlanan pilotun sevinc dolu gülüşünü eşitdi; lakin bir də ildırım çaxdı və təyyarə evə yollandı. Hardasa qatar fit verdi və onu vaxt haqqında düşünməyə vadar etdi. Görəsən, saat neçədir? Dörd? Beş? Yerli dəmir yol stansiyasını təsəvvürünə gətirdi. Plaşının altından smokinqi görünən masa xidmətçisi, əlində qəzetə bükülmüş gül tutan cücə və ağlamaqdan gözləri qızarmış bir qadın elektrik qatarını gözləyirlər. Birdən hava qaraldı. Tufanın yaxınlaşdığını hiss edən quşlar artıq öz konsertlərini başlamışdılar və budur onun arxasındakı palıd ağacının təpəsindən sel kimi axan suyun səsi eşidildi, elə bil, kimsə kranı açdı. Sonra bu şırıltı səsləri bütün hündür ağacların təpələrindən gəlməyə başladı. Niyə tufanı bu qədər sevirdi? Yağışnəfəsli külək hər dəfə giriş qapılarını taybatay açıb pilləkənlə yuxarı qalxanda, onu bürüyən həyəcanın səbəbi nə idi, niyə köhnə bir evin pəncərələrini örtmək kimi sadə bir iş birdən-birə belə lazımlı və vacib olurdu? Niyə tufanın ilk əlamətləri ona hansısa şad xəbərin, sevinc və xoşbəxtliyin müjdəçisi kimi görünürdü? Gurultu qopdu, barıt iyi gəldi və yağış yapon fanarlarını qamçılamağa başladı. Miss Levi onları Yaponiyadan bir il bundan əvvəl almışdı. Ya iki il əvvəl?
Tufan səngiyənədək şüşəbənddə qaldı. Yağış havanı soyutmuşdu, Ned titrəyirdi. Ağcaqayın ağacının sarı və qırmızı yarpaqları ətrafa səpələnmişdi. “Yəqin ağaclardan hansısa vaxtından əvvəl quruyub” Ned düşündü. Lakin yayın ortasında payız əlamətləri görmək onu kədərləndirdi. Əllərini çiynində gəzdirdi, stəkanı boşaltdı və Uelçerlərin hovuzuna yollandı. Ora çatmaq üçün Lindleylərə məxsus at meydançasından keçmək lazım idi. Lakin meydançanı ot basmışdı, maneələr isə yığışdırılmışdı. Ev sahibləri ya evlərini satıblar, ya da yay istirahətinə çıxıblar, atlarını da pul müqabilində harasa qoyublar. Deyəsən, Lindleylər və atları haqqında nə isə eşitmişdi, amma yadına sala bilmədi. Neddi çılpaq ayaqla yaş otların üstü ilə yeriyib, hovuzun yanına gəldi. Hovuz boş idi.
Hovuzların sırasının pozulmasına dilxor oldu, səyyah axtardığı zəngin su hövzəsinin yerinə qurumuş çay yatağı tapmışdı. Həm kefi pozulmuşdu, həm də pərt olmuşdu. Çox adam yayda tətilə çıxırdı, ancaq heç kim hovuzun suyunu boşaltmırdı, şübhəsiz, Uelçerlər həmişəlik köçmüşdülər; mebelləri bir kənara yığıb üstünü brezentlə örtmüşdülər. Vanna otağının qapısı qıfıllı idi. Evin bütün pəncərələri möhkəm bağlanmışdı. Dalana tərəf getdi və ağaca mismarlanmış üstündə “Satılır” sözləri yazılan lövhəciyi gördü. Axırıncı dəfə nə vaxt Uelçerlərdən xəbər almışdı, daha doğrusu, Lüsinda və Ned axırıncı dəfə nə vaxt onların nahar dəvətlərini rədd etmişdilər? Bir həftə, ya da bir az ondan çox olardı. Yaddaşı korlanırdı? Bəlkə də xoşuna gəlməyən xatirələri hafizəsindən silməyə adət etdiyindən, artıq həqiqəti də görə bilmirdi. Birdən uzaqdan tennis zərbələrinin səsi eşidildi. Bu, onu ruhlandırdı və qara fikirlərdən xilas etdi. Artıq nə soyuq külək, nə də tutqun səma onu qorxutmurdu. Bu gün Neddi Merilin bütün dairəni üzüb keçdiyi gün idi. Bu gün böyük gün idi. Və səyahətinin ən çətin maneəsini də aşmaq üçün yola düşdü.
Həmin bazar günü 124 nömrəli şose yolundan keçsəydiniz, bəlkə də yolu keçmək üçün fürsət gözləyən yarıçılpaq Neddi Merrili yolun kənarında görə bilərdiniz. Və başlayardınız fikirləşməyə, görəsən, onu soyublar, maşını xarab olub, ya sadəcə, axmaqdır? Yol kənarındakı tullantıların- pivə qutularının, köhnə təkər qalıqlarının, cır-cındırın arasında ayaqyalın dayanan, gülüş hədəfinə çevrilən Nedin çox mağmın görkəmi var idi. Yola çıxanda bilirdi ki, bu yoldan keçməli olacaq- xəritəsində göstərilmişdi, lakin gün işığında parlayan sonsuz maşın axını ilə qarşılaşa biləcəyini hesablamamışdı. Ona gülür, onu ələ salırdılar, kimsə üstünə pivə bankası atdı. Onun isə bu vəziyyətə dözmək üçün nə ləyaqət, nə də yumor hissi var idi. O, Uesterheyzgilə hələ də günün altında istirahət edən Lüsindanın yanına qayıda bilərdi. Heç nəyə qol çəkməmişdi, and içməmişdi, heç kimə söz verməmişdi, hətta özünə də. Bəs, niyə ağlın hər cür inadkarlıqdan üstün olduğunu bilə-bilə geri qayıda bilmirdi? Niyə həyatının təhlükəyə atmaq bahasına da olsa, inadla səyahətini tamamlamaq istəyirdi? Bu zarafat, bu dəcəllik , bu ağılsız təşəbbüs nə vaxt belə vacib bir məsələyə çevrilmişdi. O, geriyə qayıda bilmirdi, hətta Uesterheyzlərin şəffaf suyunu, durmadan həddən artıq içdiyini təkrarlayan dostlarının qayğısız səslərini xatırlamaq da müşkül bir işə çevrilmişdi. Bircə saat, ya da ondan bir az artlq bir müddətdə keçdiyi yolu geri qayıtmaq qeyri-mümkün olmuşdu. Saatda 15 mil sürətlə gedən bir qoca ona yolun ortasındakı otluq sahəyə keçməyə imkan verdi. İndi ona cənuba tərəf gedənlər gülürdülər, lakin 10-15 dəqiqədən sonra bu maneəni də keçdi. Buradan da Lankester istirahət mərkəzinə – həndbol meydançaları, sonra isə ictimai hovuza çatmaq üçün bir az yerimək qalırdı.
Suya toxunub qayıdan səslər, həyəcan və təmtəraq illüziyası – hər şey Bankerlərdəki səmimi qarşılamanı xatırladırdı, burada səslər daha gur, daha kobud idi, camaat arasına qarışan kimi, ictimai qaydalarla üzləşməli oldu:
“BÜTÜN ÜZGÜÇÜLƏR HOVUZA GİRMƏZDƏN ƏVVƏL DUŞ QƏBUL ETMƏLİDİRLƏR. BÜTÜN ÜZGÜÇÜLƏR AYAQLARINI SANİTAR TƏMİZLƏMƏDƏN KEÇİRMƏLİDİRLƏR. BÜTÜN ÜZGÜÇÜLƏRİN FƏRQLƏNDİRİCİ NİŞANI OLMALIDIR.” O duşa girdi, südrəngli, aşındırıcı məhlulda ayaqlarını yudu. Xlor iyi verən maye ona zibil çanağını xatırladırdı. İki xilasedici iki qüllə üzərindən müntəzəm fasilələrlə fit verir, meqafonla üzgüçüləri danlayırdı. Neddi həsrətlə Bankerlərin hovuzundakı açıq-mavi rəngli suyu xatırladı və düşündü ki, bu horranın içində üzməklə öz şəxsiyyətinə, sərvətinə, cazibədarlığına xələl gətirir, lakin özünə xatırlatdı ki, o, səyyahdır, böyük ixtiraçıdır, bura isə sadəcə, Lüsinda çayının ölü döngəsidir. O, iyrənə-iyrənə xlorlu suya daldı, başını suyun üstündə saxlamağa, heç kimlə toqquşmamağa çalışırdı, amma o dəqiqə üstünə su sıçradıb, hər tərəfdən itələməyə başladırlar. Hovuzun qurtaracağına çatanda, hər iki xilasedici qışqırdı: “Ey sən, fərqləndirici nişanını taxmayan, sudan çıx”, lakin onu təqib edən olmadı, xlor və günəş kreminin iyindən xilas olub, qasırğadan qorunmaq üçün çəkilmiş çəpəri, həndbol meydançalarını və yolu keçib, Helloranların kiçik meşəliyinə çatdı. Meşə baxımsız olduğundan, burada ayaqyalın yerimək nəinki çətin, həm də təhlükəli idi. Nəhayət, çəmənliyi və hovuzu əhatələyən budanmış fıstıq ağaclarını gördü.
Son dərəcə varlı və qoca Helloronlar onun dostları idilər, kommunist olduqlarından, şübhələnə-şübhələnə məmnuniyyətlə günəş vannası qəbul edirdilər. Onlar hər cür islahatın çılğın tərəfdarı idilər, amma kommunist deyildilər, kommunizmə rəğbət bəsləməkdə günahlandırılmaq- bəzən belə hallar olurdu- onlara iltifat kimi görünürdü, sevinir, həyəcanlanırdılar. Onları qəfil gəlişindən xəbərdar etmək üçün “Salam, salam” qışqırdı. Nedə naməlum olan səbəblərdən Helloronlar həmişə çılpaq üzürdülər, görünür, bu da onların sönmız islahat coşğusunun bir parçası idi, buna görə də onların hovuzunda peyda olmazdan əvvəl nəzakətli görünmək üçün üzgüçü tumanını çıxartdı.
Missis Helloran – şışman, ağsaçlı, dincsimalı qadın – “Tayms” qəzetini oxuyurdu. Mister Helloran çalov vasitəsilə hovuzun içinə düşən yarpaqları təmizləyirdi. Elə bil, Nedin gəlişinin onlara heç dəxli yox idi. Qocaların hovuzu bəlkə də dairənin ən köhnə hovuzu idi, yonulmamaş daşlardan təşkil olunmuşdu, heç bir filtr və ya nasos olmadan, təbii çay suyu ilə qidalanırdı, ona görə də suyu tünd sarı rəngdə idi.
– Su yolu ilə dairəni dolanıram. – Ned dedi
– Heç ağlıma da gəlməzdi ki, bu mümkündür, – Missis Helloran ucadan dilləndi.
– Uesterheyzlərdən başlamışam, dörd mil olar.
Ned onlara tərəf üzdü. Sudan çıxanda, missis Helloranın səsini eşitdi:
– Başınıza gələnlərə görə, çox təəssüflənirik, Neddi!
– Başıma gələnlər? – Ned soruşdu- bilmirəm, nəyi nəzərdə tutursunuz.
– Axı, eşitdik ki, evi satmalı olmusunuz, yazıq uşaqlar…
– Nə isə evi satdığım yadıma gəlmir. Qızlar da indi evdədirlər.
– Hə, – Missis Helloran ah çəkdi – hə…. – qəmli-qəmli dedi. Ned tez onun sözünü kəsdi.
– Suya görə sağ olun.
– Yaxşı yol, – Miss Helloran vidalaşdı.
Hasarı keçəndən sonra tumanını geydi, əyninə gen idi, heyrətləndi, yarım günə bu qədər arıqamaq olardı? O, yorulmuşdu, üşüyürdü, çılpaq Helloronlar və onların tünd sulu hovuzu Nedi ruhdan salmışdı, səyahətini tamamlamağa gücü çatmırdı. Bu səhər məhəccərdən sürüşəndə, ya Uesterheyzlərgildə gün altında uzananda – bunu haradan bilə bilərdi – əlləri və ayaqları sanki rezinləşmişdi, oynaqları ağrıyırdı. Ən pisi isə o idi ki, iliklərinəcən donmuşdu və bir də heç vaxt isinməyəcəkdi. Ayağının altı saralmış yarpaqlarla dolu idi, yanmış odun iyi gəlirdi. İlin bu vaxtında kim tonqal qalamışdı?
İçmək istəyirdi. Viski onu isidər, gümrahlaşdırar, yolun qalanını da keçmək üçün güc verərdi, ona heç kimə bənzəmədiyini, şanlı səfərə çıxdığını xatırladardı. La-Manşı keçən üzgüçülərə konyak verirlər, ona da belə bir stimul lazım idi. Helloranların çəmənliyini keçib aşağı düşdü və onların yeganə qızları Elen və əri Erik Saks üçün tikdirdikləri evə çatdı. Saksların hovuzu kiçik idi, Elen və Erik onun yanında idilər.
– O, Neddi, – Elen dedi -anamgildə nahar yeməyində idiniz?
– Düzü, yox. Elə-belə baş çəkmişdim.
– Evinizə bu cür soxulduğuma görə, üzr istəyirəm, amma yaman üşüyürəm, azca viskiyə etiraz etməzdim.
– Çox istərdim, amma Erik cərrahiyə əməliyyatı keçirəndən bəri bizdə içki olmur. Artıq üç ildir.
Yaddaşını itirir? Bəlkə xoşagəlməz hadisələri yaddaşından silmək bacarığı ona evini satdığını, qızlarını başına gələn müsibətləri, dostunun bərk xəstə olduğunu unutdurub? Nəzərlərini Erikin üzündən çəkib aşağı baxdı, qarnında üç solğun tikiş izi var idi, onlardan ikisi az qala 30 sm uzunluğunda idi. Göbək yoxa çıxmışdı. Görəsən gecə saat üçdə çarpayısında uzanan Erik əlini qeyri-ixtiyari bədənində gəzdirib, təbiətin ona bəxş etdiyi göbəyin yerində olmadığını görəndə, hansı hissləri keçirir?
– Amma Bisvengerlərdə içməyə bir şey tapılar. – Elen dedi- İndi orada qonaqlıqdır, səsləri buradan da eşidilir.
Elen başını qaldırdı, yolları, meşələri və çölləri keçib gələn səsləri eşitdi.
– Yaxşı, gedim bir az da islanım, – Ned dedi. Və yenə də başqa yolunun olmadığını hiss etdi. O, üzməli idi. Saksların soyuq sularına baş vurdu, özünü suyun üstündə zorla saxlayırdı, təngnəfəs halda hovuzun bu başından o biri başına üzdü.
– Lüsinda və mən sizi evimizdə görməyi çox istərdik- artıq Bisvengerlərə tərəf çevrilmiş Ned dedi.- Heyif ki, çoxdandır görüşmürük, amma tezliklə sizə dəvətnamə göndərəcəyik.
O, qonaqlıq səslərini tutub, boş sahə ilə Bisvengerlər malikanəsinə tərəf yeriyirdi. Nəhayət, onlar Nedi qonaq etmək şərəfinə nail olacaqlar. Əllərinə belə bir fürsət düşdüyü üçün sevinəcəklər, bəli, lap xoşbəxt olacaqlar. Bisvengerlər Lüsinda ilə onu ildə dörd dəfə altı həftə əvvəldən nahara dəvət edirdilər. Merillər onlara heç cavab da vermirdilər, lakin onlar inadla dəvətnamə göndərirdilər. Bisvengerlər elə adamlar idilər ki, kokteyl içəndə qiymətlərdən danışır, nahar vaxtı işgüzar məsləhətlər verir, yeməkdən sonra isə müxtəlif təbəqələrin insanlarından ibarət kompaniyaya ədəbsiz lətifələr danışırdılar. Nedin onlarla dostluq münasibətləri yox idi, hətta Lüsindanın Milad bayramında açıqca göndərdiyi adamların siyahısına da daxil deyildilər. Ned laqeydliklə və minnətlə onların hovuzuna tərəf gedirdi, bir az da narahat idi, çünki hava qaralırdı, halbuki, bu gün ilin ən uzun günlərindən biri idi. Bisvengerlərin qonaqlığında çoxlu adam və səs-küy var idi. Qreys Bisvenger elə adam idi ki, qonaqlığa hamını – optiki, baytarı, daşınmaz əmlak satıcısını dəvət edirdi. Hovuzda heç kim yox idi, barı görüb, ona tərəf getdi. Ev sahibəsi Nedi tanyıb, ona yaxınlaşdı, amma gözlədiyi kimi, sevinclə yox, düşməncəsinə:
“Bəli, məclismiz düzəldi, çağrılmamış qonaq da gəldi” – ucadan dedi
Qreys onu təhqir edə bilməzdi. Nedin bu cəmiyyətdəki yeri ondan dəfələrlə yüksəkdə idi. Bu haqda heç söz də ola bilməzdi. “Çağrılmamış qonaqlara içki düşür?” – o, nəzakətlə soruşdu.
– Nə istəyirsən, et. Axı, siz dəvətlərə bir o qədər də əhəmiyyət vermirsiniz.
Üzünü çevirib, başqa qonaqlarla danışmağa başladı. O isə bara yaxınlaşdı və viski sifariş etdi. Barmen ona xidmət etdi, amma lazımi qədər nəzakətli deyildi. Ned aid olduğu dünyaya bələd idi. Burada insanın nüfuzu xidmətçilərin rəftarı ilə müəyyən edilirdi. Və əgər müvəqqəti işə götürülmüş bu barmen onunla kobud rəftar edirdisə, deməli, nüfuzuna əməlli-başlı xələl gəlmişdi. Bəlkə də bu oğlan hələ təzə olduğundan qarşısında dayanan adamın kim olduğundan xəbəri yoxdur . Qreys kiminləsə danışırdı:
“Bunlar müflis oldular – maaşdan başqa heç nə – və bir dəfə bazar günü sərxoş vəziyyətdə ortaya çıxıb beş min dollar borc istədi”
“Həmişə puldan danışır”- Ned fikirləşdi və suya tullandı, üzüb gözdən itdi.
Siyahısında yalnız üç ev qalırdı. Növbəti hovuz onun köhnə məşuqəsi Şirli Adamsa məxsus idi. Şirli ona Bisvengerlərdə başına gələnləri unutduracaq. Məhəbbət, daha doğrusu, seksual meyl- budur, bütün dərdlərin məlhəmi və bu çəhrayı rəngli ağrıkəsici həb onun yerişinə yaz enerjisini, qəlbinə həyat sevincini qaytaracaq. Onların arasında keçən həftə…. keçən ay…. ya da keçən il eşq macərası olmuşdu. Və əlbəttə, Ned onu tərk etmişdi. Ned özündən əmin hovuza tərəf getdi. Sanki, hovuz onun idi, axı məşuqlar, xüsusilə, gizli məşuqlar sevgililərinin əmlakı üzərində qanuni ərlərin heç vaxt əldə edə bilməyəcəyi hakimiyyətə malikdirlər. Şirli –orada hovuzun kənarında idi. Lakin qızın nə bədəni, nə də gümüşü rəngli saçları ona heç nə xatırlatmadı. Onların arasında ciddi heç nə yox idi, amma Şirli ayrılıq vaxtı xeyli göz yaşı tökmüşdü. Deyəsən, Nedin gəlişi onu həyacanlandırdı, bəlkə hələ də əzab çəkir?Allah eləməsin, birdən yenə ağlayar.
– Nə istəyirsən?
– Bütün mahalı üzürəm
– Aman Allah! Nə vaxtsa böyüyəcəksən?
– Nə olub?
– Əgər pul üçün gəlmisənsə, daha bir sent də verən deyiləm.
– İçməyə necə bir şey verərsən?
– Verərdim, amma tək deyiləm.
– Yaxşı, getdim.
Suya atıldı, hovuzu üzüb, başa vurdu, amma çıxmaq istəyəndə, hiss elədi ki, gücü tükənib ona görə suyun içində nərdivana qədər çabalayıb, sudan çıxdı. Geriyə baxdı, işıqlandırılmış vanna otağında cavan bir oğlan var idi. Sudan qaranlıq çəmənliyə çıxdı, havada kəskin xarizantema və gülünbahar ətri – payız ətri duydu. Başını qaldırıb, yuxarı baxdı, ulduzlar çıxmışdı. Bəs, niyə Andromeda, Sefey və Kasiopeyanı görürdü? İyun ayının bürcləri harada idi? Ağlamağa başladı.
Uşaqlığından bəri birinci dəfə idi ki, ağlayırdı. Əlbəttə, ilk dəfə idi ki, özünü belə yorğun, köməksiz və atılmış hiss edirdi. Barmenin, nə vaxtsa onun yanına sürünə-sürünə gəlib, şalvarını göz yaşları ilə isladan Şirlinin kobudluğuna məna verə bilmirdi. Ona yalnız içki, quru paltar və dost münasibət lazım idi. Amma birbaşa evə getmək əvəzinə Gilmartinlərin hovuzuna yollandı. Burada həyatında ilk dəfə suya atılmadı, pilləkənlə buz kimi suyun içinə endi, axsaya-axsaya yanı üstə üzdü. Təzə-təzə üzmək öyrənəndə də belə üzürdü. Yorğunluqdan üzülə-üzülə Klaydların hovuzuna çatdı. Bir əli ilə hovuzun kənarından yapışıb, o biri ilə üzürdü. Səndələyə-səndələyə pilləkəni çıxdı. Bircə evə çata bilsəydi. Məqsədinə nail olmuşdu, amma yorğunluq ağlına və duyğularına üstün gəlmişdi, qələbəsi də ona şübhəli görünürdü. Beli bükülmüş halda, darvazadan yapışa- yapışa evinə tərəf qalxırdı.
Qaranlıq idi. Yəni elə gecdir ki, hamı yatıb? Bəlkə Lüsinda Useterheyzlərdə şam yeməyinə qalıb. Qızlar da onun yanına, ya da başqa bir yerə gediblər. Bazar günü evdə qalmaq adətlərini xilaf çıxıblar, hansısa dəvəti qəbul ediblər? Hansı maşının yerində olmadığını yoxlamaq üçün qarajın qapısını açmaq istədi, amma qıfıllı idi. Qapı dəstəyinin pası əlinə çıxmışdı. Evə yaxınlaşanda gördü ki, tufan su borusunu qoparıb. Amma onu sabah asanlıqla təmir etmək olardı. Evin qapısı bağlı idi. Düşündü ki, yəqin səfeh xidmətçi və ya səfeh aşbaz bütün qapıları bağlayıblar. Onda yadına düşdü ki, artıq uzun müddətdir, onların nə aşbazları, nə də xidmətçiləri var. Qışqırdı, qapını silkələdi, sındırmağa çalışdı və qəflətən pəncərədən baxıb gördü ki, ev bomboşdur.
İngilis dilindən çevirəni: Ülkər Nəsibbəyli