Sim-sim.az tanınmış ABŞ yazıçısı, esseisti və tənqidçisi Coys Kerol Outsun “Məbəd” hekayəsini təqdim edir.
Yenə həmin xoşagəlməz, müəmmalı səs gəlir! – əvvəlcə zəif miyoltu eşidilir, sonra sanki dırnaqlarla, ya da caynaqlarla nəyisə cızırlar, cırmaqlayırlar. Əvvəlcə qadın elə bildi ki, səs evin içindəki hansısa balaca heyvandan gəlir. Bəlkə də çardaqda, ya da torpaq döşəməli zirzəminin uzaq küncündə ilişib qalmış dələdir; evi yaxşıca axtardıqdan sonra düşünür: səs çöldən, ola bilsin, köhnə bağın dərinliklərindən yüksəlir. Çünki səs küləyin istiqamətindən və sürətindən asılı olaraq, bəzən daha aydın eşidilirdi.
Körpə ağlamağına bənzəməsi adamı lap kədərləndirir! Hələ çarəsiz, qırıq-qırıq cəhdlərə oxşayan cırmaq səsləri. Onlar adamı daha da çox kədərləndirir və anlaşılmaz qorxu hissi oyadır.
Qadın inanırdı ki, bu səsi ilk dəfə martın sonunda, havalar mülayimləşən vaxt əriyən buzların bacalardan, damlardan, asmalardan, ağaclardan davamlı aritmik sayıqlamalar kimi damcılaması ilə birlikdə eşitməyə başlayıb. İsti havaların gəlməsi ilə gecələr yataq otağının pəncərəsini açıq qoymağa başlamışdı, yuxusu da getdikcə pozulurdu.
Deməli, başqa yolu yox idi, elə deyil? – O, səsin izinə düşüb mənşəyini tapmalı idi. Bir səhər aramla bu işin dalınca düşdü, gözlənilməz dərəcədə parlaq və isti gün işığına çıxdı, otuz il əvvəl anasının bağı olmuş qarışıq bitki örtüyünün arasına daldı. Deyəsən, miyoltu və cırmaq səsləri bağçanın ən dərin yerindən, ərazinin sonuna çatdığınızı bildirən kirli beton drenaj xəndəyinin yaxınlığından gəlirdi. Lakin diqqətlə qulaq asan kimi səs kəsildi.
May səhərinin getdikcə sürətlənən nəbzi ilə müqayisədə qadının ürək döyüntüləri necə də sabit idi.
Qadın bir vaxtlar tövlə kimi istifadə olunan köhnə qarajdan hörümçək toru və toz içində qalmış kürək və dırmığı götürdü, qazmağa başladı. Bu, çox yöndəmsiz iş idi, qadının yumşaq əlləri cəmi bir neçə dəqiqə sonra ağrımağa başlamışdı. Ona görə bağban əlcəklərini götürmək üçün qaraja qayıtdı – onları da tor və toz basmışdı, üstəlik, üstlərində qalan palçıqdan sərtləşmişdilər. Səhər günəşi adamı yandırdığı üçün anasının köhnə həsir papağını da götürdü: qəribədir, papaq başına tam oturdu, elə bil, onun kənarları tərdən islanıb qurumuş və assimmetrik şəkildə sərtləşmişdi.
Yenidən işə qoyuldu. Əvvəlcə səsin gəldiyi ərazidəki alaqları və tənəkləri, kasnını, yabanı xardalı və hündür otları qazıb çıxardı; o, bol gübrəli, tünd rəngli, rütubətli torpağın üstünü aça bilmişdi. Həzin miyoltu indi az qala ayaqlarının altından gəlirdi! “Hə. Hə. Burdayam”, pıçıldadı qadın. Sonra susdu, çox həyəcanlı idi; qırıq-qırıq cırmaq səsləri gəldi, yenidən səssizlik çökdü. “Gəldim, burdayam”. Ağırlığını salaraq ayağı ilə kürəyi torpağa sancanda donquldandı; bu əlli il ərzində bağ alətlərini nadir hallarda istifadə etməsi nə pis imiş! O, təbiətcə zərif qadın idi, ona görə də indi özünü arxa ayaqları üzərində dayanmış heyvan kimi naqolay hiss edirdi.
O, qazırdı. Kürək və dırmıq vururdu. Cəngəlliyə bənzəyən bitki örtüyünün bağrında yara kimi görünən çuxuru qazır, dərinləşdirir, genişləndirirdi. Köhnə kərpic, şüşə və daş qırıntıları kürəyə dəyib üzə çıxırdı. Qabıqları günəşdə bərq vuran cücülər ətrafa dağılışırdı. Qıvrılan soxulcanlardan bəzilərini qəddarcasına ikiyə bölürdü. Qadın bir müddət sakitlikdə işlədi, qulaqlarına yalnız sürətlənən ürək döyüntülərinin, artan nəbzinin uğultusu çatırdı; sonra yenə həmin həzin səs gəldi, bu dəfə açıq-aydın qışqırmışdı, özü də elə yaxın idi ki, qadın kürəyi əlindən salmışdı.
Nəhayət tər içində qalmış, əlləri titrəyən qadın sərt bir şeyə toxunduğunu hiss etdi. Dizləri üstə çöküb nəm, tünd torpağı eşələdi və yumru, içiboş bir şey çıxardı – insan kəlləsi? Amma bu çox balaca idi, böyük adam kəlləsinin yarısı qədər.
“Aman Allah!” pıçıldadı qadın. Sonra qazdığı çuxurun üstündə çömbəlib kəlləni barmaqlarının arasında fırlatdı. Necə yüngül idi! Perqament rəngindəydi, amma torpağa bulaşmışdı. Qadın nəm torpaq qalıntılarını təmizlədi, kəllənin incə cizgilərinə heyran qalmışdı. Üstündə saç qalmamışdı. Kövrək sümük bir neçə yerdən çatlamışdı, bəzi hissələrdə səthi keramik qablar kimi kəsik-kəsik idi. Bəzi dişləri yox idi, amma çoxu salamat görünürdü, sadəcə palçıq içində qalmışdı. Mükəmməl formalı çənə, yanaq sümüklərindəki batıq! Boş göz yuvaları yupyumruydu… Qadın kəlləni qaldırıb göz yuvalarına baxdı, sanki ayna kimi qorxunc şəffaflıqda gözlərə baxırdı. Özü bilməsə də, onunla bu gözlər arasında bir növ məlumat alış-verişi yaşandı: bu, uşaq kəlləsiydi? Burada uşaq basdırılmışdı? Yəqin on illiklər əvvəl olub. Ailəsinin torpağında? Adsız, nişanəsiz? Bilinməyən? Naməlum?
Qadın qızdırma içində keçən bir neçə saat ərzində torpağı daha dərin qazmağa davam etdi. O, günəşin altında nəfəssiz qalmışdı, günəş şüaları papağı elə dəlib keçirdi ki, elə bil, papaq həsirdən yox, cunadan hazırlanmışdı; onun ətli-canlı bədəni tərdən yapışqan olmuşdu. O, yenə sümüklər tapmışdı – nazik bazu önü, əyri qabırğalar, əlin bir hissəsi, barmaqlar – bunlar da perqament rəngində və uşaq ölçüsündə idi. Necə balaca, zərif barmaqlardır! Onlar azad olmaq üçün necə cırmaq atır, dırnaqlayırmışlar! Bu sabahdan sonra barmaq sümükləri əbədi dinclik tapacaqdı.
Günortanın erkən saatlarında qadın qazmağı dayandırdı. On-on iki sümükdən çoxunu tapa bilmədi.
Evə getdi və tezcə, həvəslə qayıtdı. Kəlləni və sümükləri evə daşımaq üçün metrə yarımlıq tünd şərab rəngində köhnə məxmər parça gətirmişdi. Bunu heç kim görməməliydi. Heç kim bilməməliydi. “Burdayam, həmişə yanında olacam”, qadın söz verdi. “Səni heç vaxt atmayacam”. O, ikinci mərtəbəyə çıxdı, arxa tərəfdəki yataq otağına keçib parçanı yatağın yanındakı masaya, almazşəkilli, qurğuşunlu şüşələrindən lütfkar işıq süzülən pəncərənin altına qoydu. Qadın şəfqətlə, ehtiyatla kəlləni və sümükləri insan formasına saldı. Skeletin əksər hissəsi çatışmasa da, qadının sevgi dolu gözlərinə heç vaxt belə görünməzdi.
Beləcə, qadının yataq otağı gizli məbədə çevrildi. Məxmər parça üzərindəki adsız kəlləni və sümükləri qadın öləndən sonra aşkar edəcəkdilər, amma bu çox sonralar baş verəcəkdi.
İngiliscədən tərcümə edən: İlahə Əkbər