“Dəvələrə “səhra gəmiləri” deyirlər, çünki bu heyvan üç həftə yemədən, içmədən, ac-susuz çöldə gəzir, yəni düşünün ki, nə qədər dayanıqlı heyvanlardır. Amma onların səhrada çox sevdikləri bir tikan var. Gördükləri hər yerdə o tikanı qoparıb çeynəməyə başlayırlar. Kəskin tikanlar dəvənin ağızını yara-para edir. Bu yaralardan qan axmağa başlayır. Duzlu qan ağızda tikanla qarışdıqca bu dad dəvənin daha çox xoşuna gəlir. Beləliklə, yedikcə qanayır və qanadıqca yeyir. Heç cür öz qanına doya bilmir və əgər bundan qurtula bilməsə, dəvə qan itkisindən ölür.”
Zülfü Livanelinin “Huzursuzluk” adlı əsərindən bir hissə idi bu. Çoxunuza tanış gələr, bəlkə də. Əminəm, həyatınızda bir dəfə belə olsa, bu tip insanla qarşılaşmış, ya da elə o insanın özü olmusunuz.
Adını 1973-cü ildə Stokholmda baş verən bir hadisədən götürmüş Stokholm sindromu girov götürülən şəxsin aqressora aşiq olması halıdır. Bu hadisədə bank soyğunu zamanı girov götürülən qadın soyğunçuya aşiq olur, hətta azad olduqdan sonra onun lehinə ifadə verir. 1974-cü ildə də buna oxşar bir hadisənin təkrarlanması Nils Bejerot adlı kriminalistin “Stokholm sindromu” anlayışının qəbulunu təklif etməsi ilə nəticələnir. Bəlkə də, bu tərz hadisələr tarix boyu mövcud olub, sadəcə psixi proseslərin müşahidəsi son əsrlərdə inkişaf edib deyə elmi anlayışa çevrilməsi XX əsrin sonuna təsadüf edib.
“Platonik” dediyimiz eşqləri düşünək. Dəvə misalına uyğunlaşdırıb desək, dəvə onu xoşbəxt edəcək yeganə varlığın tikan olduğunu düşünür. Ya da bəzi dostluqlara nəzər salaq. “Dost” zərbəsi səbəbindən deyilmi ən dərin yaraların izləri? Yenə də onları əfv etməyə meyilliyik, sanki, hətta ən bağışlanmaz səhvlərini gördüyümüz halda.
Hər şey bir kənara, onda belə deyə bilərikmi ki, dəvələrdə də Stokholm sindromu kimi bir hal müşahidə olunur? Yüksək şüura malik olanlar, yəni bizlər də dəvələr kimi davranacağıqsa, niyə özümüzü ali varlıq elan etmişik ki?
Ağrıtdığını, qanatdığını bilərək o tikanları biz də çeynəmirikmi?! Həm də dəvələrdən fərqli olaraq biz bu “tikanlar”ı bizə zərər vediyini qavradığımız halda çeynəyirik.
Deməyim odur ki, yolda sizi yara-para edəcək tikanları görəndə istiqamətinizi dəyişin..
Aynurə Nəsibova