İstədim cibimə daş kimi cümlələr yığıb ayaqyalın, başıaçıq düşüm teatrın və teatr adına nə varsa hamısının, hər şeyin və hər kəsin canına. Bütün pəncərələri vurub sındırım… amma vurulmaqdan… sınmaqdan… xıncım-xıncım olmaqdan qorxdum… mərkəzdən qaçıb kənarlara səpələndim. Bu aralar əlimi vicdanıma və döyüş yoldaşlarımın qoxusu hələ də ənsəmi yaxan qanına basıb cavab axtarıram: Azərbaycan teatrı ilə Ermənistan teatrı savaşa, əcəba, hansı qalib gələr… əstəğfürullah… ləyaqətli qorxaq kimi deyə bilərəm ki, AZƏRBAYCAN TEATRI və “!”
Nida, yəni tövbə… ət-tövbə… bəli, mən, miskin bir teatr sevdalısı… Sizə yalvaracağam ki, AÇIN TEATRLARI… Amma, bundan öncə… ETİRAF edirəm…
Öz yalanlarına vurulmuş toplumlar üçün covid göydəndüşmədir: illüziyanı dağıdır və həqiqət çiban kimi pırtdayıb hardansa çıxır.
Covid demişkən, Kamyunun “Vəba”sında bir qoca var, işinin adı noxudu bir qabdan digərinə boşaltmaq və saymaq. Belə baxanda işdir, əməlli-başlı zəhmət tələb edir! Amma taunla mübarizəyə heç bir dəxli yox. Bizim Beynəlxalq Teatr Konfransları kimi: dünyanın yüzdən çox ölkəsindən ağıllı bibilər və dayılar gəlib “teatr canlı sənətdir” tipli mühazirələr tolazlayırlar. Biz də ki, dil-filan bilmirik axı, tərcümə aparatları da fərli işləmir… eləcə gözümüzü döyür, bir-birimizə baxıb yalandan gülümsəyir, qaş-gözümüzü oynadırıq. Hamımızın da ürəyimizdən Azərbaycan teatrı boyda noxud asılıb.
Azərbaycan teatrı “öz yoxluğundan xəbərsiz həqiqət” kimi yaşayırdı. Covid şokundan sonra anladı ki, həqiqət olmağına həqiqətdir, amma sən demə “yox” imiş, özünü “varlıq” kimi sırıyan “yoxluq” imiş. Varlıq örtüyü altından üzümüzə irişən abırsız “heçlik” bir ovuc -şünas, direktor, baş rejissor və əlacsızlıq, “əzabkeşlik abidəsi” aktyordan başqa heç kimə lazım deyilmiş. Bəli, Azərbaycan teatrı taleyi TANRIdan bura calaq edilmiş və həyatda ondan başqa tutunmağa heç bir ŞEY tapa bilməyən “əlacsızlar teatrı”dır, sərsəri təlxəklər teatrı…
…təlxək, yəni cəsarətli qorxaq.
Lakin…
BU GÜN Azərbaycan teatrı öz sərsəri təlxəkləri üçün ac yavrularını ovundurmaqdan ötrü qazanda daş qaynadan ANA kimidir….
Sizi and veririk, bütün ULULARA, AÇIN TEATRI!
Mərhəmətli ətəyinizdən yapışıb etiraf edirik ki, bütün bu illər ərzində özümüzü çox pis aparmışıq… amma TÖVBƏ… ət-TÖVBƏ…
And içirik “Stanislavskinin ASILQANI”na!
BİZ BİR DƏ…
– Teatra ayrılan pulları çırpışdırmayacaq…
– ştatlarda “ölü canlar”ı yaşatmayacaq…
– dövlət sifarişi üstündə bir-birimizi çeynəməyəcək…
– müxtəlif qurumlara bilet “sırıyıb” “nəlbəkidə fırtına” effekti yaratmayacaq…
– əl açıb, Allah rizası üçün fəxri adlar diləməyəcək…
– “məhlə festivalları”nda aldığımız “daha gəlmisiz dəə” nominasiyası üzrə “qran-axırdan ikinci yer” mükafatını “şıdırğı teatr prosesimiz”in alibisi kimi kullanmayacaq…
– istedadsız, zövqsüz, qeyri-peşəkar qrafoman-dramaturqların əsərlərini səhnəyə qoymayacaq…
– bir də yuxarı… yox, olmadı, AŞAĞIdan gələn zənglərlə teatrlara aktyor götürməyəcək, o aktyorlara “baş” rollar verməyəcək, onların ev, maşın, şalvar, papaq, əlcək, “kirzovıy sapoq” alması üçün baş-beyin aparmayacaq…
– “bir-iki şiş kabab, beş manat pul, bir kəllə qənd” sevdasıyla yazdığımız difirambları teatrşünaslıq adına sırımayacaq…
– düzgün və səviyyəli reklam, piar məsələləriylə məşğul olacaq…
– teatrın müasir bazar iqtisadiyyatına inteqrasiyasını təşkil etmək üçün konsepsiyalar qondaracağıq…
Və bundan sonra…
Hamımız bilirik ki, teatrın açılması məsələsi dövlət üçün aktual deyil. Nədən ki, dünyanın son dərəcə ciddi və soyuqqanlı siyasi ab-havasında nəfəs alan dövlət Azərbaycan teatrı kimi “qeyri-ciddi məsələlər”i prioritet qavramır. Covid isə pandemiya, filan deyil…
YENİ
– düşüncə dalğasıdır;
– cəmiyyət və idarəçilik modeli – “postmodern diktatura”dır;
– dünyaduyumdur;
– epistemadır;
– matriks və paradiqmadır;
– “qlobal məcəllə”dir,
– davranış kodeksidir;
– etikadır, dəyərlər sistemidir və s.!
Yəni ki, təzə dünyadır, təzə təcrübədir, təzə disiplindir.
Teatr da varlıqla yoxluğun sərhəddindən asılı vəziyyətdə… teatrın yeni düşüncə “məkanı”nın koordinantlarında varolma şərtlərini düşünüb tapmaq gərək. O şeyləri ki, mən yuxarıda sadalamışam, bunlar hamısı AZƏRBAYCAN DÖVLƏT TEATRIDIR! Yəni qüdrətli AZƏRBAYCAN DÖVLƏTİNİN teatrı. Azərbaycanda teatr dövlətə məxsus olsa da, təəssüf ki, dövlət siyasətinin “aktiv zona”sı dışında, dövlət tərəfindən Allah ümidinə buraxılmış vəziyyətdə! Belə olan təqdirdə “dövlət” statusu teatr üçün perspektivə yox, buxova çevrilir. Ya biz bu statusu götürüb teatrı öz stixiyasına buraxmalı, öz təbiətindən, öz içindən dirçəlməsinə imkan verməliyik, ya da dövlət səviyyəsində həyata keçirilən tədbir və islahatlarla teatrın yeni varolma şərtlərini yaratmalıyıq! Bu baxımdan teatr dövlətin həm də xarici siyasətidir. Bəli, mədəniyyət həmişə “xarici siyasət”dir. Teatr bir millətin sivillik maskası, sivillik şərtidir. Bir millətin teatrı qaranlıqlara qərq edilirsə, onun sivil dünya düzənində varlığı sual altına düşür və bu hansısa, çox güclü zəhərin orqanizmimizdə sürətlə yayılmasının göstəricisidir. İndi bu sual dəbdədir: TEATR KİMƏ LAZIMDIR? ƏVVƏLA, insanların özünü vətəndaş kimi dərk etdiyi ölkələrdə belə suallar yaşamır, o ki qaldı cavaba… ola bilsin bizim Maliyyə Nazirliyinə teatr lazım deyil! Amma TEATR TARİXƏ LAZIMDIR, BİLİYƏ, DÜŞÜNCƏYƏ, ƏXLAQA, MƏNƏVİYYATA, LOQOSA, EPİSTEMAYA LAZIMDIR. Bəlkə də teatr heç kimə lazım deyil, lakin teatr, SADƏCƏ OLARAQ, LAZIMDIR! İlk baxışda, yəqin ki, bir-biriylə əlaqədar görünmür, amma teatr özünə qapananda dünya narkomaniya dünyası olur, fahişələr dünyası olur, qaragüruh dünyası olur. Bu əlaqələri tapmaq və yazıya çevirmək monoqrafiyaların, cild-cild kitabların mövzusu. Teatrın hermetik şəkildə özünə qapanması mövcud cəmiyyət modelinə, cəmiyyətin və mədəniyyətin çağdaş durumuna qoyulmuş neqativ diaqnozdur. Burdan o yanası teatr və mədəniyyətin əhəmiyyəti haqda ritorikadır, emosional manipulyasiyadır ki, buna da nə hacət.
Yuxarıda biz teatrımızın pre-pandemiya dönəmindəki neqativlərini etiraf etməklə post-pandemiya dönəmi üçün pozitivlərin sərhəddini cızdıq. Bütün bunlarla yanaşı ümidverici bir pozitiv: Azərbaycan teatrı daim özü haqda düşünür. Düşüncə isə prosesdir, ümiddir, mədəniyyətin ruhudur. Sadəcə, bu məqalədə Azərbaycan teatrı ölməliydi… Kİ, YAŞASIN AZƏRBAYCAN TEATRI! Hər şey yaxşı olmasa da, hər şey yaxşılığa doğru… əvvəldə verdiyim sualı sonda bir də verim, yoxsa hər şey aydındır?.. Bütün sualları yenidən verib bütün cavabları yenidən düşünmək üçün…
LÜTFƏN və BUNCA DEYİLƏNLƏRƏ RƏĞMƏN…
AÇIN TEATRLARI!!!