Daniel Qaskon (1981) – ispan yazıçı, tərcüməçi, jurnalist və ssenaristdir. Ədəbiyyatda “Hindquşunun yaşı” adlı hekayələr toplusu ilə debüt edib. Hazırda “El Pais” və “Letras Libres” kimi nəşrlərlə əməkdaşlıq edir. “Goya” mükafatı namizədi olan “Bütün nəğmələr mənə həsr olunub” filminin ssenaristlərindən biridir.
Bina böyük olduğu üçün qonşuların hamısı ilə tanış olmağa vaxt lazım idi. Həmişə hansı mərtəbəyə getdiyini soruşan senyora vardı. Elə bil, hər dəfə onun burada yaşadığına heyrətlənirdi. O isə nəzakətlə, səbirlə cavab verir, əksini edəcək xasiyyətdə insan olmadığı üçün təəssüflənirdi. Bilirdi ki, əvvəl-axır qadın köməyə möhtac qalacaq, bax onda ona nəzakətlə yardım edəcək. Başqa bir qonşu (vitse-prezident olduğunu demişdi) mənzillərinin həndəvərində fırlanmış, qapı aralığından görünən kitabxanasına təriflər yağdırmışdı, amma o qonşunu içəri buraxmamışdı. Nisbətən yaşlı, sərt xasiyyətli iki qadın da vardı, onları yaxından tanıyanacan bir neçə ay keçmişdi. Təkəbbürlü görünsələr də, bununla dərinlikdəki qorxu hissini ört-basdır etməyə çalışdıqlarını düşünürdü. Hətta bir dəfə qadınlardan biri onunla təklikdə liftə minmək istəməmişdi. Qapı qonşuları isə onu digər kirayəçilərin də tez-tez yol verdiyi səhvə görə xəbərdar etmişdi: hamı gecə terrasın işığını söndürməyi unudurdu, özü də terras lampası bahalı idi.
Bu mənzilə köçdükləri gündən binada sakinlərin tez-tez dəyişdiyini anlamışdı. Cəmi iki-üç adama, əsasən də kişilərə məktub gəlirdi. Bu kişilərin tənha və kədərli həyat sürdüyünü düşünürdü. Hərçənd, mənzillərinin böyüklüyündən başqalarından daha yaxşı yaşadıqları bəlli idi. Görünür, buna görə özlərini bir az günahkar hiss edirdilər, çünki məktubların əksəriyyəti xeyriyyə təşkilatlarından gəlirdi.
Klara və Albertonun adını isə hələ özlərini görməmişdən əvvəl eşitmişdi. Qapı qonşularının dediyinə görə, bu cütlüyün elə onların oğlu yaşında bircə qızı var imiş. Bir neçə həftə sonra ailəlikcə tanış oldular. Əvvəlcə ancaq hamamda eşidilən səslərə diqqət kəsilmişdi. Bu ailə bir neçə mənzil üstdə, ən yuxarı mərtəbədə yaşayırdı. Çox vaxt balaca qızın səsini eşidirdi. Qız elə hey nəsə danışır, bəzən ağlayır, hamama girmək, ya da çıxmaq istəmədiyi üçün etiraz edirdi. Valideynlərin də səsini eşitmişdi. Ata qızı ilə hamama girir, suallar verir, oyun oynayırdı. Ana isə qızını əzizləyir, mahnılar oxuyurdu. Qadın qızı üçün zümzümə etməyə başlayan kimi qız sakitləşir, deyəsən, başı oyuna qarışırdı, qadın isə yenə də oxumağa davam edirdi. Qadın mahnını bitirmək bilmir, eyni cümlələri üç-dörd dəfə təkrarlayırdı. Mahnının sözlərini ayırd etmək mümkün deyildi. Həm də elə də yaxşı oxumurdu: səs tonundan fikirli olduğu, xatirələri yada saldığı hiss olunurdu. Bu, tamam başqa şeylər haqqında düşünən xoşbəxt adamın səsi idi.
Bəzən o da oxuyurdu. Amma pis oxuduğundan o qədər əmin idi ki, gizlincə zümzümə edirdi. Yeniyetmə vaxtı gecələr siqaret çəkə-çəkə qəbristanlığın və futbol meydançasının yaxınlığında it gəzdirirdi… Təhlükəli küçələrdən keçərək evə qayıdanda qorxunu, sıxıntını qovmaq üçün oxuyardı. Fransada yaşadığı vaxtlarda bir dəfə eyvanda siqaret çəkən bir qadın onu alqışlamışdı, o da fransızca üzr istəmişdi. Qadın isə “yox, yaxşı oxuyursan” deməmişdi. İndi hansı mahnı olduğunu xatırlamırdı.
Rəfiqəsi demişdi ki, uşaq dünyaya gətirəndə sanki uşaqlığının bir hissəsini, itirdiyini zənn etdiyin parçanı bərpa edirsən. Bəlkə də bu doğru deyildi, ən azından o çox vaxt belə hiss etmirdi. Amma oğlunu yatızdıranda mahnı oxumağı sevirdi, mobil telefondan mahnı sözlərinə baxırdı. İndi isə oğlu böyüdüyünə görə başqa üsulları sınamalı olduğu üçün kədərlənirdi. Mahnı oxuyanda atasını – balaca olanda ona çoxlu mahnı oxuyarmış – və ailədəki uşaqları yatızdırmaq üçün oxunan nəğmələri xatırlayırdı. Kədərli olanda (son vaxtlar bu tez-tez baş verirdi) bir vaxtlar gülməli hesab etdiyi mahnılar indi onu ağlamaq həddinə çatdırırdı. Bəzən arvadının oxuduğu nəğmələrə qulaq verir, sonra düşünürdü ki, oğlu da indi gülməli hesab etdiyi bu nəğməni gələcəkdə sevgi və nostalgiya hissi ilə xatırlayacaq. Anlayacaq ki, əlüstü öyrəndiyi bu nəğmələr əslində ən ülvi hisslərlə dolu imiş.
İlk dəfə onlarla nə vaxt qarşılaşdığını xatırlamırdı, deyəsən binaya köçəndən iki-üç ay sonra idi. Onlar çox mehriban idilər və həmişə söhbətləşməyə vaxt tapırdılar. Onların qarşısında öz utancaqlığını, donuqluğunu daha yaxşı dərk edirdi, üstəlik, qonşuların evindən gələn səsləri eşitdiyi üçün artıq öz danışdıqlarına daha diqqətli yanaşmağa başlamışdı. Oğlu hamamda ağlayanda – girmək, ya da çıxmaq istəməyəndə – narahat olurdu. Arvadı ilə mübahisə edəndə pəncərəni bağlayır, onu mübahisəni hamıya eşitdirmək üçün qəsdən qışqırmaqla günahlandırırdı. Görəsən səs aşağıdan yuxarıya da belə yaxşı çatırdımı? O, yuxarıdakıların daha aydın eşidildiyini düşünürdü, ancaq tam əmin deyildi.
Bəzən parkda rastlaşırdılar. Daha çox parka tez-tez gedən arvadının rastına çıxırdılar. Arabir qaçışdan qayıdanda onunla da yolları kəsişirdi: araba, vedrə və kürəklə dolu torba, özü gəzmək istəyən balaca qız. Bu zaman özünü bir qədər eqoist, hətta günahkar hiss edirdi. Niyə arvadı və oğlu ilə vaxt keçirmək əvəzinə, yeniyetmə, ya da subay adam kimi tək qaçırdı? Artıq bu darıxdırıcı gəlməyə başlamışdı. Pis ata olduğunun fərqinə varmışdı. Əlindəkilərin qiymətini bilmir, həyatdan zövq almağı bacarmırdı.
Alberto vəkil idi və QHT-də işləyirdi. Adətən qeyri-rəsmi geyinirdi, amma əyin-başı bahalı görünürdü. Klara isə pedaqoji fakültənin müəllimi idi. Əvvəllər eyni yaşda olduqlarını düşünsə də, sonralar onların dörd-beş yaş böyük olduğunu anlamışdı. İkisi də yaxşı qalmışdı, cazibədar cütlük idi, lakin bu zəhlətökən və abırsız cazibə deyildi. Qadının ağ saçlarının olduğuna fikir vermişdi. Görəsən ancaq işığın altında gözə dəyirdi, yoxsa hərdən saçını boyayırdı? Görəsən Alberto da buna fikir vermişdi?
Onları yaxşı tanımırdı, amma həmişə izləyirdi. Bəzən qızlarına qarşı sərt davrandıqlarını görmüşdü. Bu sakit sərtliyi müşahidə edəndə ona elə gəlirdi ki, onların ən təmkinli hərəkətləri belə əslində sonradan dəhşətli nəticələrə gətirib çıxara bilər. Bəzən də tam əksini düşünürdü. Bir axşam evə gələndə girişdə Klara və qızı ilə qarşılaşmışdı. Qız beşinci mərtəbədəki mənzillərinə pilləkənlə qalxmaq istəyirdi, Klara qızının arzusunu yerinə yetirdi, o da bu ana-balaya qoşuldu. Klara dedi ki, bunu eləməyə məcbur deyil, rahat-rahat liftlə qalxa bilər. Amma o özünün yaşadığı üçüncü mərtəbəyədək söhbətləşmək, bu qəliz vəziyyətdə, balaca qızın inadkarlığı ilə uzlaşan mehriban, səbirli və təbii yanaşmaya şahid olmaq istəmişdi. Deyəsən, bu adamlar bilirdi ki, vaxt məhz belə şeylər üçündür. İndi və burada olmalıdırlar, başqa yer yoxdur. Amma onun üçün bunun heç bir əhəmiyyəti yox idi, onun üçün həyat həmişə hardasa başqa yerdəydi.
Bəzən bu davranışı dinlə əlaqələndirirdi. Bəlkə bu sakitlik dərin, dözümlü dini inanclardan irəli gəlirdi? Həmişə bu cür əsaslandırmaya şübhə ilə yanaşırdı və mənəvi sakitliyi yalnız möminlərə aid bir şey kimi göstərən nəzəriyyələrə nifrət edirdi, amma özü ilə bacarmırdı. Lakin onların vərdişlərindən dindar olmadıqları nəticəsinə gəlmişdi və bunu onların üstünlükləri sırasına əlavə etmişdi.
Əlbəttə, onlar da mükəmməl deyildilər. Əslində bir neçə dəfə ənənəvi qarşıdurmaya işarət edən gərginliyə, atmacalara şahid olmuşdu. Amma onlar tanıdığı digər cütlüklər kimi aralarındakı mübahisələri dramatikləşdirmir, uşaqlarını tamaşaya aparanda belə özləri ilə qürur duyan, böyük fədakarlıq etdiklərini düşünən dostları kimi davranmırdılar. “Valideynlik hər şeyi dəyişdirir, başqa heç nəyə vaxtın qalmır, amma bunun heç bir əhəmiyyəti yoxdur, çünki başqa heç nə bununla müqayisə oluna bilməz.” Dostları belə danışanda özünü uşaqsız və təbii ki, hissiyyatsız biri kimi hiss edirdi. Ancaq Klara və Alberto ilə söhbətləşərkən heç vaxt belə təəssürat yaranmırdı. Bir dəfə demək olar ki, gecəyarısı yenidən emal üçün kağız atmağa çıxanda Alberto ilə qarşılaşdı. Alberto dostları ilə görüşdən gəldiyini dedi. Düşündü ki, nə yaxşı belə şeylər edə bilir, üstəlik, şübhəsiz ki, Klara da eyni rahatlıqla hərəkət edə bilirdi.
Həmişə onlardan biri ilə danışanda o biri ilə də eynən bu cür söhbət edə biləcəyini düşünürdü. Danışıq tonları belə eyniydi. Görəsən başqaları da arvadı ilə onu bir-birinə bənzədirdimi? Görəsən onların da sakitlik, ya da əsəbilik, mehribanlıq, yaxud sərtliklə bağlı ortaq jestləri, ifadələri, tez-tez istifadə olunan sözləri, xüsusi səs tonları vardımı? Yox, yox, onlar adamlara vəhdət atmosferini ötürmürdülər, üstəlik, hiss edirdi ki, belə olsaydı, hər şey daha da xoşagəlməz olardı.
Bir dəfə oğlunu bağçaya qoyub qayıdanda Klara və qızı ilə qarşılaşmışdı. Bazar ertəsi idi. Klara dedi ki, yatıb qaldıqları üçün bir az gec getsələr, heç nə olmaz deyə düşünmüşdülər. O, bu rahatlığa valeh olmuşdu: onlar uşaq bağçasının qaydalarına tabe olmaq əvəzinə nəyin həqiqətən vacib olub-olmadığını ayırd edə bilirdilər. Qonşuları çox canfəşanlıq etmədən uşaq üçün düzgün yeməyi seçə bilən, seksist və çox sərt olmayan tərbiyə verməyi bacaran adamlar idi. Onlar isə qonşularına bənzəmirdilər, qızğın mübahisələr edirdilər, arvadının öhdəsindən gələ bilməyəndə onu manyak adlandırırdı. Arvadı oğluna şirinquş verəndə onu uşağa düzgün qidalanma vərdişləri aşılamamaqda günahlandırırdı.
Oğullarının üç yaşını qeyd edəndə qonşularını evə dəvət etmişdilər. Klara və Alberto o biri qonaqlar gedəndən sonra da qaldılar. Alberto bircə bokal pivə içdi; Klara isə Coca Cola içirdi. O isə yenə pivə içmək istəyirdi, amma özünü saxlamışdı. Alberto ev bölgüsünə baxmaq istəyirdi. Onun mənzili də buna bənzəyirdi. Evin şəraitini necə yaxşılaşdıra biləcəyindən danışdı. Salonu bir az arxaya doğru uzatmaq, bir qapını azaltmaqla daha geniş və işıqlı etmək olardı. O bilirdi ki, onsuz da bu dəyişiklikləri etmək qeyri-mümkündür. Hər iki cütlük kirayədə yaşayırdı. Lakin Albertonun dəyişikliklər barədə bu qədər əminliklə danışması onu təəccübləndirmişdi.
Onlara qarşı pis niyyəti yox idi. Paxıllıqlarını da çəkmirdi. Onlardan xoşu gəlirdi, yaxşı insanlar idilər. Onların daha çox pul qazandığını düşünür, həmçinin, ailədən imkanlı olduqlarını hiss edirdi. Amma bu sadəcə hissiyyat idi, çünki heç vaxt bunu göstərməyə çalışdıqlarına şahid olmamışdı. Arvadı onlarla daha çox əlaqə saxlayırdı. Arvadı vasitəsilə ailə vəziyyətləri, işləri, maraqları barədə bəzi təfərrüatlar öyrənə bilmişdi (məsələn, Alberto velosiped sürməyi xoşlayırdı).
Arvadı ilə söhbətlərindəki yöndəmsizlik, hətta saxtalıq hissindən qurtula bilmirdi. Bu, yeni bir şey deyildi, dəfələrlə müşahidə etmişdi. Məsələn, oğulları təzə doğulan vaxt şəhərin o biri ucunda “laktasiya qrupu”nun görüşünə gedəndə, yaxud bura köçən ərəfədə şam yeməyi üçün dostlarının evinə qonaq gedəndə. Onlara uşaq arabası hədiyyə etmişdilər. Gec olduğu üçün taksi ilə qayıtmağa qərar vermişdilər. Amma nə özləri, nə də taksi sürücüsü arabanı qatlaya bilməmişdi. Axırda arvadı uşağı ilə birlikdə taksi ilə qayıtmalı olmuşdu, o isə arabanı metroya qədər sürməli olmuşdu. Fahişələrlə dolu küçədən keçəndə “Uşağı yaddan çıxarmısan!” qışqırıb gülmüşdülər, o isə bir az da sürətlə getməyə çalışmışdı. O, başqalarının fikirlərinə laqeyd yanaşsa da, metro stansiyasından evədək olan məsafədə boş araba ilə Klara və Albertoyla qarşılaşmaqdan qorxmuşdu.
Bu səhnəni dəfələrlə xatırlamışdı: məyusluğun, düşdükləri gülünc vəziyyətin verdiyi qəzəb hissi ilə gecə yarısı küçənin ortasında taksi sürücüsünün gözü önündə mübahisə etmişdilər. Məgər arvadı da onunla eyni şeyləri hiss etmirdi? Bu, təkcə saxtalıq yox, həm də heç nəyi düzgün eləmədiklərindən əminlik hissi idi; bu, təkcə təhsil – ya da çoxlarının dediyi kimi “tərbiyə” – məsələsi deyildi, xoşbəxtliklə əlaqəli idi, daha üst səviyyəni əhatə edən məsələydi. O, nəsə desə, arvadı dərhal kobud cavab verir, dəstək verməməkdə, güvənməməkdə günahlandırırdı. Bəlkə arvadı eyni şeyləri hiss etdiyi üçün, amma bunun öz inamsızlığının nəticəsi olduğunu anlamadığı üçün beləydi, bəlkə də bunu o özü yaratmışdı. Torpağı ifraz etdiyi turşu ilə zəhərləyib başqa bitkilərin yetişməyinə mane olan küknar yarpaqları kimi.
Qonşuları ilə pillələrdə, parkda və supermarketdə qarşılaşırdılar. Amma onların evlərinə xeyli sonra, özü də gözlənilməz bir səbəbdən girə bilmişdi. Kədərli bir gün idi: onda hələ də həmin mənzildəydilər, amma oranı tərk etməyə qərar vermişdi. Bu, ora köçdüyünün üçüncü ilində, sentyabrın ilk günlərində baş vermişdi, yuxarı mərtəbələr yağışdan zərər görmüşdü. Sığorta mütəxəssisi dəyən zərəri görmək üçün binaya gəlmişdi. Həmin vaxt binada olan yeganə cavan adam olduğu üçün sığorta mütəxəssisi dama birlikdə çıxmağı xahiş etdi. Klaragillə başqa bir yaşlı qonşunun yaşadığı yuxarı mərtəbəyə qalxdılar. Pəncərədən çölə çıxmaq lazım idi. Klara taburet gətirdi. Bir anlıq tərəddüd etdi, heç çıxmaq istəmirdi, amma qarşısında Klara və digər qonşu vardı. Sığorta mütəxəssisindən sonra o da çıxdı. Bu, qorxduğu qədər təhlükəli deyildi, hətta asan idi. Mütəxəssis yerindən oynamış plitələri göstərdi, bəzi şeyləri izah etdi, mobil telefonla şəkillər çəkdi. O, cəsarətini topladı, rahatlaşıb aşağı baxdı və şəhərin indiyədək görmədiyi mənzərəsi ilə qarşılaşdı. Artıq özünü təmir briqadasının bir üzvü hesab edirdi. Sığorta mütəxəssisi ilə birlikdə mənzillərə dəyən zərəri də dəyərləndirmək üçün qonşunun və Klaranın evinə girdi. Klara içki təklif elədi. O, bir bokal pivə istədi. Əhəngə bulandığını görüb əllərini yumaq istədiyini dedi. Beləliklə, evi gəzə biləcəkdi.
Hamam otağı onun evindəki kimi dəhlizin sonundaydı. Əllərini yuyanda oğlunu çimizdirə-çimizdirə mahnı oxuyan öz arvadının səsini eşitdi.
İspancadan tərcümə edən: İlahə Əkbər