Darçın ətirli gülüş
Yuxularından düşmüşəm bu şəhərə,
Biraz soyuqdu bura,
Hərdən-hərdən qapı zəngini basıb qaçan uşaqlar kimi külək əsir
Gecələri ulduzlarını itirib
Günəş də hər kəsdən inciyən qocalar kimi buralardan tez-tez küsür
Amma insanları günəşlə qucaqlaşan bağ qumu kimi isti
Çəhrayı donlu qızın
Darçın ətirli gülüşü dəniz kimi qoynuna alıb şəhəri…
Balaca evlərə qəzəblə baxır hündür-hündür binalar.
Uca binalara söykənib həsəddən tüstüsü başından çıxır balaca daxmanın…
Tüstü…
Ucuz şərab…
Hansısa şeirdən düşüb yerə çaxılmış rədif…
Ağrı, qoca gəmi və dəniz
Günün ən gözəl saatlarından birini seçəsən
Axşamdan bir xeyli əvvəl
Səhərdən bir xeyli sonra
Hər şeydən keçəsən
Qollarını dəyənək kimi sallayıb yanına
Günün ən gözəl saatını pozan bütün ağrıları yığıb canına
Aparasan azdırmağa.
Əvvəlcə bir parkda oturasan
Baxasan külək kimi əsib keçən adamlara
Pişiklər sürtünə ətəyinə
Ətrafına yığıla quşlar
Ağaclar sinələrini nişan edələr günəşin oxlarına…
Küləkdə özünü sahilə çırpan dalğalar kimi
Saçları dalğa-dalğa burulan qıza
“Səni sevirəm ” deyib
Və sonuncu limanına çatmaq istəyən qoca gəmi kimi uzaqlaşasan…
Ağrı-acılarınla davam edəsən yola,
Ayaqların sağa aparsın
Ürəyin çəksin sola
Günün ən gözəl saatında ağrılardan azad olmaq istəyən bədənini
Daşımasın ayaqların,
Kimisə gözləyirmiş kimi dayanasan bir-bir dayanacaqlarda.
Çatasan dənizə
Ağrı və acıları canından çıxarıb
Atasan
Atasan dənizə
Onsuzda
Dənizin sinəsi genişdi
Dənizin ürəyi genişdi
Sənin
Yəni bu cansız canının ağrılarına
Yer tapılar…
Həvva və Eva üçün
Darıxmağın dili yoxdu
Polad əlləri var sıxmağa ürəyini
Böyük ayaqları olur
Hara getsən tez arxanca gəlsin deyə
Qollarını zəncir kimi sarıyır bədəninə…
Hər kəs ayrı-ayrı yerlərdə darıxır
Darıxmağın yeri olmur,
Küçəsi olmur,
Saata baxmır,
Təqvimlə dəyişmir
Bəzən elə darıxırsan ki…
Neçə əsri olur,
Neçə ili olmur…
Darıxmağın rəngi olmur,
Dan yerinin solmuş işıqlarına qarışır
Qürubun qaçqın rənglərində itir
Kimsə məğribdə,
Kimsə məşriqdə
Darıxır
Biri Həvva,
Biri Eva üçün…
Gözəl şeylərin,
Darıxmağın, sevməyin
Hətta ölməyin belə
Dili,
Rəngi yoxdu heç harda…
Bütün darıxanların,
Sevənlərin və ölənlərin
Eyni olur gözlərindən üfuq boyu itən günəş…
İki dodaq arasında günəş
Geri dönüşü olmayan bütün yolları
Birləşdirir əlləriylə kimsə
Dönürük yerimizdə
İnsan ayağı dəyməyən yerlərdə ölür günəş
Səhra-səhra gəzib
Dərya-dərya yalnızlığa qərq olur
Bu həyatın fonunda
Rənglərin rəngsiz havasında yaşayıram
Günəşin yalnız
Yolların sonsuz yerində…
Səndən qalan ölümdür
Yaşamadıqlarım…
Səndən qalıb bu şəhər
Səndən qalıb bu kədər ürəyimdə
Kürəyimdə günəş
Ayaqlarımda səhra
Gözlərimdə ay
Əllərimdə dərya…
Gəzirəm küçə-küçə
Gəzirəm tənha
Və günəş də ölür
İki dodaq arasındakı məsafədə…
Bəd həyatdan hədiyyə
Bugününü yaşaya bilməyən hər kəs gecikirdi sabahına.
Qulaqları kəsilmiş it kimi bəd həyatın hədiyyəsidir
Hamının birazca üzündə
Birazca üstündə
Evinə apardığı soyuq uzaqlar
Gücünü itirmiş sabahlar
Buna görə daxmalar əzilmiş şlyapaya bənzəyir
Buna görə şəhərin ən yalnız yerlərində tikilir gecəqondular.
Bütün skamyalar bomjların yatağıdır
Dəhlizidi xətkeş kimi prospektlər
Rəngbərəng işıqlara bulaşmış yeraltı keçidlər qonaq otağıdı
Zibili qutuları mətbəxidirkimsəsizlərin.
Bu küçə,
O küçə bilməzlər ona görə
Evləri bilərlər bu şəhəri…
Buğlu nəfəslərdən
Nəm çəkər divarlar
Küçələrin birində turşu satıb
Nəvələrinə şirniyyat almaq istəyən qocanın həsrətindən
Çökər divarlar
Bu şəhərdə…