“Məğlub oluram; kəndi, kənd insanına, bu mentalitetin ən qabarıq, bariz və vəhsicə yaşandığı yerə. Və də tək tipli yaşayış və düşüncə sisteminə. Aramızdakı savaş tərəflərin güclərindəki müqayisə olunmaz fərqliliyə görə uzun müddət davam etmir heç bir zaman. Güclünün kim olduğunu soruşmayacağınıza və hətta başqa bir tərəfin bu güc qarşısında tab gətirə biləcəyinə ehtimal verdiyinizə belə inanmıram.
Bir tirad olmasın arzu və ümid etdiyim, bir çağırış, bir manifesto ağırlığında, həyatı və həyatımı açıqlama mahiyyətində bir yazı olaraq qələmə almaq istədiyim bu sətirləri bir vida, bir intihar məktubu olaraq və daha inanclı bir şəkildə yazıram. İlk dəfə özümdən sonra insanların oxumağı üçün nəsə yazmağa cəsarət etdiyim üçün özümü ürəkdən təbrik edirəm bu sətirləri yazarkən. Və ilk dəfə sizləri nəzər alır və yazarkən sizləri müxətəb olaraq təsəvvür edirəm. Yazmağın çətinliyindən, yazının mahiyyətindən və yazının əhəmiyyətindən bəhs etmədən, yazı və söz arasındakı mübarizənin Platondann bu yana Avropa düşüncəsini formalaşdırmağı və sözün hər zaman qələbə ilə bu mübarizədən ayrılmağından söz açmadan, intelektual mövzuları naşı bir şəkildə, pis bir xəttlə yazılan və gözəl çəkilən şəkillərlə bəzədilən bir intihar məktubuna və vida sözlərinin arasına sərpişdirməyin mənasız olduğunu düşünürəm. Zaman, ilk dəfə bu qədər fərqinə vardığım bir məfhumdur. Zamana, axışına və sarsıcı bir şəkildə valığını biruzə vermək istəməsinə baxmayaraq zamana önəm vermədən yaşamaq istədim bu həyatı. Səhv başa düşməyin. Sizin əlinizdən o qiymətli zamanınızı, çox dəyərli vaxtınızı və sizlərlərin nə olduğuna qərar verən o müdrik və təhəkküm sahibi şeyi əlinizdən almaq istəmir, sizi fikirləşməyə, özünüzü yenidən axtarmağa, kimliklərinizi yenidən formalaşdırmağa çalışımıram. Sadəcə sizlərin həmrəy bir şəkildə dayanacaqlarını, keçiş nöqtələrini və bu yerlərdə edilməsi lazım gələn xüsusları təyin etdiyiniz və də nəzarət etməyi üçün zamanı qarovul təyin etdiyiniz həyatımı zamandan xilas etməyə çalışıram. Uğultulu və xor şəkildə bunun imkansızlığı barəsində dediyiniz sözləri aydın bir şəkildə eşidirəmsanki. Bunun beyhudə bir cəhd olduğunu, bir güllə yazın gəlmədiyini və tarixdə belə dəliliklərə cəhd edənlərin sonunu mənə nümunə olaraq göstərməyiniz xüsusilə ironikdir. Çünki, mən sizin o tarix, zaman dediyiniz şeyə qarşı bir yaşayış tərzi sərgiləmək istəyirəm. Bu da nümayişdir heç şübhəsiz. Zamanın axışı içərisində və hər daim olduğu kimi sizlərin sadəcə azarkeş olduğu bir oyun, bir tragikomediyadır.
Və mən ipi boynuma keçirdiyimdə pilləkənlərin qaranlıq/zülmət zirzəmiyə enən aralığında, boynumun qırılaraq deyil, nəfəsimin yavaş-yavaş tükənməsindən ölmək istəyirəm. Üzümün rəngi dəyişərkən və qulaqlarımda dava cingiltili bir səs olaraq əks-səda etdiyi zaman son xırıltılarımı çox aydın bir şəkildə eşitmək və təbəssüm etmək istəyirəm cəlladıma bütün qəhrəmanlar kimi. Cəlladıma, yəni, sizlərə sevgili azarkeşlər. Oyun, bütün həyəcanıyla zirvəyə və sona yaxınlaşarkən mən də bu oyundakı rolumu əksiksiz bir şəkildə ifa etdiyim üçün sevinirdim.
Artıq qulaqlarımdakı cingilti və xırıltılarım eşidilmir. Sizlər, sevgili azarkeşlər, mənim heca-heca tükənən nəfəsimlə yox olursunuz. Və bundan sonra zamandan mərhəmət diləməyəcəm.”
Bu vida məktubu, heç bir şey, heç kimsə ola bilməmiş, davamlı olaraq insanlıq halları arasında sərgərdan bir vəziyyətdə dolanıb durmuş, zehni səbata çatmamış, çalxantılı həyatına bir nizam verə bilməmiş və bütün bunları hekayə yaza bildiyi təqdirdə qazanacağına ümid edən, lakin, bunu da bacaramayan və özündən sonraya sadəcə zikr olunan məktubu həm miras, həm şikayət arayışı, həm də borcların yazılı olduğu bir kağız olaraq buraxıb getmişdir. Bu hekayə bütün həyatı boyunca yazmağa cəhd etmiş, ictimai proseslərə və yaxud da sadəcə sənətə bir qatqı etmək üçün yazmaq istəyən bir naşı, daha doğrusu heç bir hekayə qələmə almamış bir hekayəçinin arxasında buraxdığı tək yazılı materialla əlaqədardır.
Bu material/mətin tələbəlik üçün gəldiyim zaman kirayə qaldığım evin tullanacaq əşyaları arasında tapdığım bəzi səhifələri cırılmış, tarixləri silinmiş, çox pis çəkilmiş şəkillərin olduğu orta məktəb şagirdlərinijn istifadə etdiyi yüz səhifəlik dəftərin qalan səkkiz səhifəsinin ikisində çox səliqəli bir şəkildə yazılmış halda tapdım. Dəftərin digər sağ qalan səhifələrində isə adlar, pis çəkilmiş şəkillər var idi. əı yazısının gözəlliyi qədər çirkin idi çəkdiyi rəsmlər. Rəsmlərin nə olduğunu sadəcə altına, üstünə, yanına, içinə yazdığı addan bilmək olurdu nə olduğunu. Bu məsələn mənim ağlıma Rene Magrittenin çəkdiyi rəsmləri gətirmədi, çünki, bu öz ifadəsiylə heç bir şey/kəs olmağı bacara bilməmiş bir adamla bu rəssamı müqayisə etmək çətin bir işdi. Həm mən də sadəcə sizə xoş və bilgili görünmək üçün bu adı çəkdim cümlədə, çünki, əlavə bir abzas belə qazandırdı mənə. Bunları keçək. sadəcə intihar məktubunun, vəziyyətin, şikayət yüklü cümlələrin olduğu və insanı estetikdən soyudan çirkin rəsmlərin olduğu dəftərə fokuslanaq. Rəsmlər arasında ilk gözə dəyən yazının bizə dediyindən anladığımız qədəriylə Don Kixot rəsmi oldu. O qədər çirkin bir Don Kixot Renesans İspaniyasında belə ola bilməzdi. Yazı olmasaydı, rəsmi mənalandırmağımız imkansız idi. Burda da araya Michel Foucault Magrinettinin rəsmlərini analiz etdiyi mətni ağlıma gəldi ama oxuduğumda da heç bir şey anlamamışdım və indi də sizə danışa biləcəyim heç nə yoxdu bu barədə. Deyəcəyim heç nə olmadığına görə başqa bir çirkinliyin adını oxuyuruq bir səhifənin kənarında; Calvinonun Varolmayan Cəngavəri. Ah! Nə qədər təəccüblü bir hadisə. Varolamayan bir cəngavərin, bu günə qədər sadəcə mifi ya da hekayəsi dolaşırdı kitablarda, səhifələr arasında və onun dəbilqəsini çəkmək heç kəsin ağlına belə gəlməmişdi. Bax indi, o cəngavər həqiqətən yox oldu. Calvinonun cəngavərini də özüylə birlikdə öldürübmüş bu gənc qatil. Başqa bir rəsmə göz gəzdirdiyimizdə isə sadəcə iki ədəd mil, bir yumaq ip və bir də Fenolop yazısı oldu. Sevdiyinin yolunu gözləyərkən həm var, həm də yox olan Fenolop. Axşam hördüyünü səhərin aydınlığı ilə sökən Fenolop idi bu dəftərdəki son rəsm. Sonrasında isə vida yazısı. Yazını yazaraq var olan və eləcə də yox olan bu adam, fikirlər, kültürlər, mentalitetlər arasında qalmış bir bədbəxt idi mənə görə. Bəlkə o da mənim kimi oxumaq üçün çıxıb gəlmişdi kənddən və bütün həyatı bundan sonra dəyişmişdi. Kənddə yetişdiyi üçün, bütün halı, danışığı, hərəkətləriylə kənd mentalitetinin bir nümayəndəsi olduğuna görə nə tam olaraq şəhərli ola bilmiş, şəhərdə yaşadığına görə başlayan həm düşüncə, həm də həyatının digər sahələrindəki dəyişikliklərə görə nə də tam olaraq kənd mentalitetində qala bilmişdi. İki arada, iki dünya arasında gedib gəlməkdən yorulmuş və iki dünyaya da cəza vermək istəmişdi. Halbuki, bilmirdi onun hüç bir dünya üçün əhəmiyyətli olmadığını.
Əllərim titrəməyə, nəfəsim tükənməyə başladı, şiddətli tərləmə və titrəmə artıq bədənimə hakim olur. Zəhərin öldürücü olduğunun ən böyük əlamətləri idi. Belə demişdi lisenziyasız əczaçı. Gözlərim bağlanır, ağ işığı görmürəm, nə dəki, həyatım gözümdə canlanır. Ya da hər ikisi də qapqaradı hazırda gördüyüm kimi. Daha doğrusu görmədiyim kimi.
Ölürəm sevgili izləyici, səndən və sənə məhkum olan özümdən nifrət edirəm. Özümü ölümlə mükafatlandırır, səni bu şəkildə cəzalandırıram bütün acizlər və qəhrəmanlar kimi. Budur ilk hekayəm, son sözlərim: ölüm…