Fikirlərin mübadiləsinə və davamlı müzakirəsinə söykənən metamodernizm, postmodernizm və nisbiliyin yaratdığı kulturoloji problemlərə bir alternativ təklif edə bilərmi?
Əvvəlki məqalələrimiz modern solun ortaya qoyduğu neqativ tendensiyalardan və niyə yeni bir sola ehtiyac hiss etməyimizdən bəhs edirdi. İndi daha pozitiv elementlər barəsində, problemli postmodernizmə qarşı tutarlı alternativlər haqqında düşünmək vaxtıdır. Çözüm böyük ölçüdə metamodernizm fəlsəfəsində gizlidir.
Son illərdə postmodernizm və kulturoloji nisbiliyə qarşı balaca, amma tədricən böyüyən sol qanad müxalifliklər yarandı. Tale, istedad və qərarlılıq sayəsində, çarəsizcəsinə ehtiyac bəslədiyimiz bir hərəkatda birləşdilər.
Bu yeni yanaşmanı “Metamodern” fəlsəfə, yəni “Modernizmin ötəsində” şəklində ifadə edə bilərik. Bu dönəmdə, gözlənilən şəkildə, bir yığın toqquşan inanc və yanaşma olacaq. Bu məqalə də ən maraqlı hesab etdiyim və ümid vəd etdiyini düşündüyüm ünsürlərə fokuslanacaq.
Metamodernizm nədir?
Hər şeydən əvvəl metamodernizm bizdən kənardakı mövcudluğun universal həqiqəti qəbul edir. Bu olmadan bütün bilgilər mənasızdır. Əgər dünyanı düşüncəmiz yaradıbsa, onda öyrənməyə ehtiyac qalmır, çünki dərrakimizin özü gerçəklik olur. Bu vəziyyətdə biz mütəmadiliyi, tarixi və müstəqil fəaliyyəti olan bir kainata inanmağa davam edə bilərik, çünki zatən bizdən kənarda universal bir həqiqət yoxdursa, biz onu təxəyyül etməklə mövcudluğa çevirə bilərik.
Bundan başqa, metamodernizm bəşəriyyətin dünyanı anlama qabiliyyətiylə bağlı qədim mübahisədə yeni bir səhifə açır. İlk dönəm filosoflar üçün beynin nəsnələr və mexanizmlərlə bağlı simulasiya, yaxud modelləri necə əmələ gətirdiyini anlamaq çətin idi. Artıq bu gün biz insanın nevroloji şəbəkəsini, kompüter proqramlarında olduğu kimi, siqnallar və prosessorlar şəklində görürük.
Biz xarici aləmdən gələn stimulları hislərimiz vasitəsilə qavrayırıq. Bu stimullar əvvəlcə bədənin müvafiq qəbuledici hissələri, sonra isə beynin bir neçə şöbəsi tərəfindən emal edilir. Beynin qəbul etdiyi siqnallar fikirləri və hisləri hərəkət gətirən xatirələri stimullaşdırır. Bu hislər, bu düşüncələr daha sonra başqa hisləri və düşüncələri oyada, eləcə də arzularımıza və nəhayət əməllərimizə qaynaq ola bilər.
Tarazlıq yaratmaq: İndividuallıq, instinktlər və təkamül
Bu yanaşma təkcə bəşəriyyəti başa düşməyimizə kömək etmir, eyni zamanda, fərd kimi inkişafımıza da yardımçı olur. Məsələn, əgər biz diqqətli və sistemli olsaq, inkişafımıza lazımlı olan sağlam qida dəyərlərini qəbul etmək üçün gündəlik yemək öyünlərimizi planlaşdıra bilərik. Amma bu cür sağlam standartlarda belə, aclıq hiss edə bilərik. Halbuki aclıq xəbərdarlığına reaksiya verib yemək yesək, bu, düzgün olmaz, çünki bu xəbərdarlığı qəbul edib səhv olub-olmadığına qərar verməliyik.
İnstinktlərimizə itaət etməyimiz, rasional düşüncəyə qarşı arzularımıza öncəlik vermək təkamülün bizə bəxş etmiş olduğu ən böyük hədiyyələrdən birini gözdən qaçırmağımıza səbəb olur. Bu hədiyyə beynimizin qəbul etdiyi bilgiləri necə emal edəcəyinə qərarvermə qabiliyyətidir.
Əlbəttə, ancaq axmaqlar qaynaqlarını araşdırmadan bu işarələri ikinci plana atacaq, ya da yox sayacaq. Məsələn, insanlar sosial varlıqlardır və böyük əksəriyyətimiz dostluq qurmaq arzusundayıq. Bu kontekstdə, həyatdakı məqsədimiz nə olur-olsun, mövcud potensial psixoloji risklər nəzərə alınanda, özümüzü digər insanlardan tamamilə təcrid etmək axmaqlıq olar.
Təbiətimizi inkar etmək əvəzinə arzularımızı, instinklərimizi və təbii meyillərimizi idarə etmək üçün ən sağlam metodları tapmağa çalışmalıyıq. Buna görə də metamodernizm şəxslərin fərdi seçimlərini analiz etməyin (bu seçimlər ətraflarına təsir etsə də, etməsə də) bəşəriyyətin inkişafı üçün lazımlı olduğunu düşünür.
Avtoritarlığı məhv etmək istəyiriksə, azadlığa, məsuliyyət sahibi insanlar kimi yanaşmalıyıq, çılğın yeniyetmələr kimi yox. Əgər “tanrılara yox, idarəçilərə yox” nidaları atmağa hazırlanırıqsa, onda hər birimiz özümüzün tanrısı və özümüzün idarəçisi olmalıyıq.
“Hər şey ictimai quruculuqdur”, eləmi?
İnstinktiv aktların bağından özünü qismən qoparsa da, şüurlu ağlımız hələ də sensor informasiyalara bağlıdır. Buna görə də dünyanı dərkimiz həmişə içində olduğumuz zaman və məkanla məhdudlaşacaq. Ölümlü varlıqların heç biri reallığı tam mənada dərk edə bilməz, çünki bircə dəfə yaşayırıq və bir dəfədə gerçəkliyin ancaq balaca bir hissəsini görə bilirik. Nisbi olan bizim baxış bucağımızdır, kainatın özü yox.
Buna görə də metamodern analist, alim, yaxud filosofun vəzifəsi kainatla bağlı təməl bir həqiqəti ortaya çıxarmaq yox, istifadə etdiyimiz modelləri inkişaf etdirməkdir. Qarmaqarışıq dünyanı başa düşmək üçün təsnifatın lazımlı bir insani davranış olduğunu dərk etməliyik. Bununla yanaşı, həqiqi olanla və ictimai inşa vasitəsilə yaranan arasındakı bəsit dualizmi rədd etmək lazımdır. Hər şey ictimai inşadır; verilməli əsas sual budur: bu inşa mexanizmi bizim dünyanı məqbul şəkildə başa düşmək qabiliyyətimizi inkişaf etdirir, yoxsa geri salır?
Metamodernizm insanların hərəkətlərini və davranışlarını idarə edən qəlibləri və sistemləri təhlil edir. Fəqət, eyni zamanda, bir fərdin, bu sistemlər arasındakı münasibətlərin cəmindən daha mürəkkəb olduğunu da nəzərə alır. Bir fərdin formalaşmasına qatqısı olduğu ictimai qrupdan daha artıq olduğunu qəbul etməmək, fərdi inkar etmək, yaxud ittiham etmək xatalı və təhlükəli bir yanaşmadır.
Modern dünyada mütəmadi şəkildə başqalarıyla bağlı hökmlərə və qənaətlərə etimad etməyə məcburuq. Sürücülüyünü başqasının etdiyi bir maşına minəndə, həyatımızı o adama təslim edirik. Təkcə ona da yox, maşının yaradıcısına, yoldakı digər sürücülərə, yolları salan şəhər memarlarına və digər ünsürlərə…
İnsanlara olan etibarımız sarsılanda, həm həqiqi, həm də məcazi mənada, yolumuzu tapmaq qabiliyyətimiz korlanır. Siyasət zaman keçdikcə hər biri əks iddialarda olan, müqayisə oluna bilən iki bilgi qaynağı arasında seçim etməyə çevilir. Buna görə də, əldə etdiyimiz nəticə etibar etdiyimiz şəxs tərəfindən müəyyənləşir.
Maarifçiliyin həqiqi mənası
Metamodernizm diqqətli şəkildə bilgi qaynaqlarının dalına düşür və əgər orijinal, maraqlı baxış bucaqlarıyla qarşılarşırsa, bunların bir-birini inkar edib-etmədiyini baxmır. Etibarlı fərdlərdən və qurumlardan əmələ gələn şəbəkələr quru biliriksə, çoxsaylı baxış bucaqlar kəşf edərək pəncərəmizin məhdudluğunu aradan qaldıra bilərik.
Düşüncələr, insanların fəaliyyətdə olduğu şəbəkələrin genişliyinə görə inkişaf edir və yayılır. Kainatda milyardlarla insane var. Bu insanları sağlam və məhsuldar səviyyədə bir-biriylə daha çulğalaşdıranda, kainatla bağlı təsəvvürümüz daha konkret olacaq.
Demokratiyanın gücü ancaq insanlar fikirlərini bir-biriylə bölüşüb müzakirə edə biləndə həqiqi mənada ortaya çıxır. Seçkinin, bildiyimiz formatdan başqa, akademik bir analiz olduğunu düşünək. Deyək ki, hər “seçici”dən qırmızı, ya da mavi komandadan hansını seçəcəksən soruşmaq əvəzinə, sadə bir cəbr məsələsi soruşduq. Məsələni həll edə bilərsiniz? Ya da orta statistik bir insane həll edə bilərmi? Sualın çətinliyindən asılır olaraq, səs çoxluğunu qazananın doğru cavab olmaq ehtimalı çox azdır.
İndi də insanlara sualın əvvəlcədən verildiyini və bir-biriylə sual ətrafında müzakirə aparmağa icazə verildiyini düşünək. Suala cavab vermək, etibarlı bir mənbəni dinləyərək hazırlaşmış bir nəfər üçün uşaq oyuncağı olacaq.
Metamodernizm özünü doğrunu yanlışdan, ədaləti haqsızlıqdan ayırd etmək üçün işləyən qlobal və tarixi bir mübarizənin axırıncı müdafiəçisi kimi görür.
Maarifçiliyin ağdərili avropalıların zəngin torpağına məxsus olduğuna inanmaqdan ziyadə, metamodernistlər hər əsrdən və dünyanın hər yerindən fəlsəfəçiləri, radikalları və bütqıranları bir araya gətirən daha geniş bir Maarifçilik təsəvvür edir.
Maarifçilik bir istiqamətdir, final nöqtəsi yox. O nöqtəyə çatdığını iddia edən kimdirsə, sizi inandırım ki, səhv yoldan gedir. İndiyə qədər tarixdə gördüyümüz bərabərlikçi hərəkatların hər biri tiranlığa qarşı necə dirənəcəyimizi və tiranlığın doğulmasına əngəl olmaq necə davranacağımızı başa düşmədikləri üçün uğursuzluğa düçar olublar. Keçmişdəki bu mübarizələri mənalı etmək üçün səhvlərimizdən dərs almalı və daha yaxşı çalışmalıyıq.
Bircə dəfə öz sərhədlərimizi anlasaq və bu bilgiylə silahlansaq, metamodernizm bizə dəstək olacaq. Beləliklə, azadlıq və bərabərliyə doğru addımlamaq üçün yeni bir təməl inşa edə biləcək vəziyyətə gələcəyik.
Bu da olsun sonrakı məqaləmin mövzusu.
Mənbə: Conatusnews
Tərcümə: Qismət