Sim-sim.az sloveniya yazıçısı, 2011-ci ildə “Avropa ədəbiyyat mükafatı”nı qazanmış Draqo Yançarın “Gölə baxan kişi” hekəyəsini təqdim edir.
Bir yaz gününün ikindisində “Mercator” supermarketinin kassirlərindən biri süd məhsullarının satıldığı küncdə bir kişinin yüksək səslə deyindiyini gördü. Kassir çoxdandır burda işlədiyi üçün qəribə davranışlara öyrəncəliydi, buna görə əvvəl çox da fikir vermədi. Bəzən müştərilər həyat yoldaşlarının əllərinə dürtüşdürdükləri alış-veriş siyahılarını yüksək səslə oxuyub təkrarlayardılar. Yaxınlıqdakı parkdan siqaret və içki almaq üçün gələn bomjlar deyinə-deyinə günortadan sonra marketdəki rahatlığı pozardılar. Ancaq monoton səslə, dalbadal dediyi əlaqəsiz cümlələrlə, elə bil, kiməsə nəsə başa salmaq istəyən bu kişi bomja oxşamırdı; tünd göy kostyum geyinmiş, qalstuk da taxmışdı. Marketə girəndə mədəni şəkildə kassirlə salamlaşmışdı. Kassirin daha sonra xatırladığına görə, bircə sir-sifəti səliqəsiz imiş, görünür çoxdandır təraş olmamışdı və ondan az-maz da tər iyi gəlirdi, bir müddətdir orda-burda gəzən, köynəyini dəyişməyə vaxtı olmayan biri kimiydi. Fəqət bu eləcə bir adamın xarici görünüşü və ya səyahətdə olan birinin unutqanlığı da ola bilərdi. Bu kişi alış-veriş səbəti götürmədən birbaşa marketin arxa tərəfinə getmişdi. Bir müddət sonra kassir gördü ki, kişi həmin yerdə durub tavandakı nəyəsə baxa-baxa elə hey danışır. Kassir adətən o saatlarda gələn bir neçə yağlı müştərini yola salandan sonra danışan kişiylə bağlı xəbər vermək üçün direktorun otağına getdi. Otağın qapısını açanda, direktor əliylə uzaqlaşmağını işarə etdi.
Direktor kassirin üzünə baxmadan belə dedi: “Bilirəm. Bayaqdan onu izləyirəm.”
Masasında oturub davamlı şəkildə divardakı monitora baxırdı.
“Adam müşahidə kamerasına danışır” – dedi.
Soyuducunun düz üstünə quraşdırılmış və rəflərin arasındakı bütün sahəni çəkən müşahidə kamerası direktorun otağındakı ekranda kişinin üzünü geniş planda göstərir, onun həyəcanlı mimikalarına ağırlıq qazandırırdı.
“Qəribədir!” – dedi kassir, “Elə bil bir az başı qaçıb, amma yenə də çox normal görünür.”
“Hayıf ki, səs gəlmir” – dedi direktor, “Gedim görüm nə danışır.”
Əgər kassirlə direktor bir az diqqətlə baxsaydılar və kamera kişinin pərişan sifətini qəribə şəkildə uzatmasaydı, üç il bundan qabağa qədər hamının tanıdığı bu üzün sahibini – Xose Mlakarı tanıyardılar. Gecə xəbərlərində siyasətimizin getdiyi istiqamətlə bağlı danışar, seçki kampaniyaları ərəfəsində sağ və sol siyasi partiya liderlərinin politikalarındakı sapmaları şərh edər, baqqalların iş saatlarıyla bağlı dəyirmi masalarda iştirak edərdi. Bir dəfə bir tankın qabağında dayanıb ölkə müdafiəsinin silahlara yox, vətəndaşların vətənsevərliyinə söykəndiyindən danışmışdı. Başqa bir dəfə çayın üstündəki körpüdə dayanıb yükdaşıma qabiliyyətinin diqqətsizcəsinə hesablanmasından və keyfiyyətsiz inşaat materiallarından istifadəyə edildiyi üçün hamımızın təhlükədə olduğunu izah etmişdi. Amma ən ləzzətli və əyləndirici çıxışları insan haqlarıyla bağlıydı. Hər şeyin təməli insan haqlarıydı: o körpü tikintisində istifadə edilən materialların keyfiyyətindən, xarici siyasətdən və ya inkişaf strategiyalarından belə daha önəmliydi. Xose Mlakar nə vaxt kamera qarşısına keçsə, yaxud ona nə vaxt bir mikrofon uzatsalar, inandırıcı şəkildə deyərdi ki, ürəyində bir əxlaq prinsipi var: “Ürəyimdə bir əxlaq prinsipi və başımın üstündə göy qübbə!” Xose Mlakar insan haqları üçün hər şey etməyə hazır idi, insanları qurban etməyə belə, ən azından ölkəmizdəki insan haqlarının hər şey olduğunu bilməyən hissəsini.
Onun insan haqları və televiziya kanallarının orbitinə girməsi vətənimizin xilas edildiyi o şanlı qurtuluş günlərinə təsadüf etmişdi. İlk dəfə söz alanda hiss etdiyi həyəcanı (hər çıxışında təkrarladığı) heç vaxt unutmadı. O yaz axşamı, mikrofonlar yoxlanarkən, səhnənin qabağında dayanmışdı. İnsan selini gördü, ətrafdakı bütün küçələrdən axıb meydana gələn əzmli insan selini. Meydanda ilk işıqlar yanmağa, projektorlar gecəni dəlməyə və o şahanə səmada ulduzlar görünməyə başlamışdı. Birdən gördü ki, operator çiynindəki kamera ilə o tarixi hadisələrin vacib və o qədər vacib olmayan detallarını tutmağa çalışır. Yanındakı müxbir elə hey əlindəki mikrofonu insanların sifətinə yaxınlaşdırırdı. Evlərində divanlarına gömülmüş milyonlarla insanın nəfəslərini tuta-tuta baş verənləri izlədiyini düşünən Xose Mlakarda öz düşüncələrini eşitdirmək istəyi oyandı. Daha sonra dəfələrlə təkrar etdiyi kimi, bunu sırf ailə üzvləri və iş yoldaşlarının da içində olduğu milyonlara özünü göstərmək üçün yox, daha çox tarixin girdabına qəddarcasına qapıldığı üçün etmişdi. Özü də mikrofona nə deyəcəyini bilirdi, birbaşa kameraya baxaraq, “Heç vaxt təslim olmayacağıq!” deyəcəkdi. Əlinə fürsət keçsə, eynilə Çörçill kimi danışacaqdı – “Heç vaxt vaz keçməyəcəyik, dənizdə, quruda, kənddə, şəhərdə döyüşəcəyik!” Yaşadığı şəhər dəniz kənarında olmasa belə. Sonra sağdan, soldan dalğa-dalğa gələrək yığışan əhali onu mikrofondan da, kameradan da uzaqlaşdırdılar, beləcə, axırda çıxışların baş tutacağı səhnənin qabağında ilişib qaldı.
Səhnəyə necə çıxdığını xatırlamırdı. Sadəcə çantasını yerə qoymaq istəmədiyi üçün səhnəyə atdı, sonra özünü səhnədə tapdı, çantasını götürdü və ürəyi guppagupla döyünə-döyünə, amma qərarlı addımlarla çıxışçılardan birinin ona uzatdığı mikrofona tərəf irəlilədi. Sadəcə bir kameranın yox, bütün gözlərin, bütün işıqların və bütün kameraların onu izlədiyini gördü. Amma o baxışlarını sadəcə bir kameraya zillədi, düz yanında dayanan operatorun çiynindəki kameraya. Sonralar xatırladığına görə, balaca, bir az da çıxıntılı olan lensin – kameranın dərinliyi görünməyən gözünün, sözün bütün mənalarında cazibəsinə qapılmışdı. Onda milyonlarla gözün ekran qabağında olduğu ağlına gəlməmişdi. Amma necəsə, kameranın möcüzəvi tək gözünün içində milyonlarla başqa gözün olduğunu duymuşdu. Görmürdü, amma o lensin arxasındakı dərinliyə doğru çəkildiyini hiss etmişdi. “İnsan haqları ən başlıca və ən önəmli əxlaqi hüquqdur” – dedi; nə meqafonlardan öz səsini eşidirdi, nə də insan izdihamının alqışlarını; amma bir neçə insanın səhnəyə çıxmaqda olduğunu hiss etdi və bütün dünyada başa düşüləcək bir neçə söz söyləmək istədiyini, bu sözləri ingiliscə deyəcəyini xəbər verdi. Gözucu mühafizəçilərin səhnənin o başından tələsik ona tərəf gəlməkdə olduğunu gördü, qəfildən mümkün qədər anlaşılan dillə mikrofona tərəf “We shall never surrender; we will never give up because this has to do with our rights!”[1] – dedi. Bu sözlərini səsi min dəfə gücləndirən meqafonlar vasitəsilə söyləmişdi. Bir şey daha əlavə etmək istədiyini söylədi və “We will fight on the streets and in the fields!”[2] deyərkən yanında bir nəfər bitdi, “Zəhmət olmasa aşağı düşün” – dedi. Başqalarının onu səhnədən aşağı sürükləməsinə icazə vermədi, sanki vəzifəsini yerinə yetirmiş kimi, əlində çantasıyla, sakit şəkildə aşağı düşdü, fəqət səhnədən çox ayrılmadı. Özünü onu təbrik edənlərin arasında görəndə başı az-maz gicəllənirdi. Bir telefon köşkünə tərəf getdi, bir jeton atdı və nömrəni yığdı. Bir dəqiqə sonra dəstəkdən arvadının səsini gəldi.
“Məni gördün!” – deyə qışqırdı musiqinin və izdihamın gurultusunda səsini eşitdirmək üçün.
“Nə dediyimi eşitdin?”
“Dəli olmusan?” – dedi arvadı təlaşla.
Elə bil, arvadı ağlayırdı. Ona nə olub görən? – deyə fikirləşdi. Niyə ağlayır ki?
“Nolub sənə?” – deyə soruşdu, ona elə gəlirdi ki, nəsə yanlış anlaşılma var.
“Başın qaçıb sənin. Gicbəsər!” – dedi hönkürən həyat yoldaşı. “Evə qayıtma!”
Bunun nə demək olduğunu başa düşməmişdi və həmin gecə şəxsi həyatında nələr baş verdiyiylə bağlı heç kimə heç nə demədi. Dəstəyi yerinə asdı, bir müddət telefon köşkünün içində dayandı, başı gicəlləndiyi üçün tam şəkildə nə baş verdiyini anlaya bilmirdi. Sonra meydandan ayrıldı, köhnə şəhərin ara küçələrindən birində dostuyla işdən sonra tez-tez şərab içdikləri ucuz restorana getdi. Elə bil kimsə başından aşağı bir vedrə soyuq su boşaltmış, ya da başını çəkiclə döyəcləmişdi; milyonların eşitdiyi o qürurverici sözlərin ətrafa yayıldığı, amma digər tərəfdən arvadının dözülməz göz yaşlarının əks-səda verdiyi həmin başa.Təbii ki, evə qayıtma deyən arvadının, əslində, onu dəliliklə, ya da daha yüngül bir səbəb ittiham etdiyini bilirdi. Nə vaxt bir restorandan zəng vurub gecikəcəyini desə, arvadı buna bənzər sözlər deyirdi. Arvadı nə vaxt “Evə qayıtma!” desə, başa düşürdü ki, kefi yoxdur. Amma bu dəfə həmin sözləri deməsi Xose Mlakara çox mübaliğəli gəldi. Ürəyi əsdi. Əgər iş belədirsə, evə getmərəm deyə düşündü. Restorana girəndə televizor açıq idi, bara tərəf getdi, qabağına üç qədəh şərab qoydu və yenə kimsə onu təriflədi: “Çox yaxşı danışdın.” Birinci qədəhdən sonra evə getməmək düşüncəsi dəqiqləşdi. Son qədəhdən sonra, restoran bağlananda bu əminlik onu tərk etdi. Evə getmirsə, hara gedəcəkdi? Amma yaralı ruhu təslim olmayacaqdı. O necə evdir ki, onun dəli olduğunu düşünürlər? Sadəcə hamının ortaq xeyri, millətin yaxşılığı və insan haqları üçün bir iş görmüşdü. “Evə gəlmə” yerinə tərifə boğulmalıydı, amma ona elə davranmışdılar ki, elə bil, möhtəşəm bir toplantıya yox, mıxlamağa gedib.
Ağlına gəldi ki, işlədiyi dəniz nəqliyyatı şirkətinin əsas binasında yata bilər, binanın açarları hələ də əlində möhkəm tutduğu çantanın içindəydi. Gecə qarovulçusuna vacib bir işini olduğunu deyəcək, otağının qapısını bağlayıb divanda yatacaqdı. İstəyirdi ki, təkcə evə gəlməməsini istəyən arvadı yox, anası, hətta sızanaqlı oğlu belə narahat olsunlar. Onu hamamındakı keramikaları öz əlləriylə döşədiyi, şüşələrin çərçivəsini düzəldən xərrata kömək etdiyi, inanılmaz fədakarlıqla qənaət edərək tikdiyi evdən qovanlar onlar idi.
Dəniz nəqliyyatı şirkətinin əsas binasının olduğu şəhərin kənar məhəllərinə tərəf addımladı. Küçələrdən əl-ayaq çəkilmişdi, mitinqdən qayıdan axırıncı adamlar da evlərinə, sevdiklərinin yanına tələsirdilər. Sürətlə yerisə də, canından üşütmə keçdi. Yaz günü hava ilıq idi, şirkətə doğru gedərkən əynində nazik bir pencək vardı. Sonra birdən dayandı. Səhər iş yoldaşları onun divanda yatdığını görəndə nə fikirləşəcəkdilər? Düzünü demək lazımdırsa, çox da vecinə deyildi, bütün körpüləri yandırmışdı. Evi əlindən alınmışdı, lap iş yoldaşları da düşünsün ki, başı qaçıb, nolasıdı ki. Kəsəsi, heç kimə kameranın sehirli gözünün girdabına necə qapıldığından danışmaq istəmirdi.
Qatar stansiyasına getdi, bir taksi tutdu, sürücüyə dedi ki, onu paytaxtın yaxınlığındakı balaca bir qəsəbə otelinə aparsın. Hara gedəcəyini bilirdi, çünki vaxtilə sevgilisiylə ora gedərdilər. Sevgilisinin ailəsi qızlarını ciddi nəzarətdə saxlayırdılar, onu görməyini qadağan etmişdilər və subaylıqda qaldığı evin yerini tapmışdılar. O qız indiki arvadıydı, ona başının qaçdığını deyən, ən pisi isə evə gəlməməsini deyən arvadı. O vaxtlar birgə yaşadıqları evləri yox idi, amma indi getməkdə olduğu o balaca otel sığındıqları bir liman idi. Beynində nə qədər pulu olduğunu hesabladı, taksi və otel puluna çatardı, sabah isə, hə, sabah isə başqa bir gün idi; indi sadəcə nə etməlidirsə, onu edəcəkdi. Gizlənəcəkdi, otel katibindən xahiş edəcəkdi ki, heç kimə heç nə deməsin, bunun necə ediləcəyini bilirdi. Amma gizlənmək elə də asan deyildi. Taksi sürücüsü belə kim olduğunu anlamışdı.
“Sizi televizorda gördüm.” – dedi.
“Hm, bəli,” – dedi Xose Mlakar, “Ciddi bir şey deyil.”
“Əlbəttə, əlbəttə,” – dedi sürücü. “Əla danışdınız.”
Otelə girən kimi Xose Mlakar o saat yatağa girdi. Çox yorğun idi, sürücünün nəzakəti, hətta heyranlığı sayəsində yuxuya gedə bildi, çünki narahatlığı bir az azalmışdı. Dan yeri ağaranda yarıoyaq şəkildə, gecə və gündüz arasında möhtəşəm bir girdaba girdiyini gördü, azman bir göz onu elə böyük bir qüvvəylə özünə çəkirdi ki, qorxdu. Sonra mini-bardan bir az şokolad yedi və təzədən yuxuya getdi. Günortadan sonraya qədər yatdı. Eyvanda cikkildəyən qara bir quşun səsinə oyandı.
Saatına baxan kimi əndişələndi. Bu saata qədər gömrük, vergi və başqa şeylərlə bağlı bir yığın sənəd hazırlamalıydı; əsəbi kamaz sürücülərini yola çıxmaq üçün ofisin qabağında gözləyərkən, köməkçisini onları sakitləşdirməyə çalışarkən, müdirini telefonlara cavab verərkən təsəvvür etdi. Xose Mlakar siyasi bir şarlatan deyildi, o dövrdə belələri çox idi. O, bir gün əvvəl böyük meydandakı etiraz mitinqində olanlardan kiminsə düşünə biləcəyi kimi, səhnəyə tullanıb nəzarətçilərlə əlbəyaxa olası adam da deyildi.
Xose Mlakar üzgün şəkildə düşündü ki, heç arvadının iddia etdiyi qədər dəli də deyil. Heç vaxt işə gecikməyən intizamlı işçi idi. Hər səhər uzaq səfərlərə gedən kamazlar üçün lazımlı sənədləri hazırlayardı: İsveçə, Türkiyəyə, İrana. Dostlarıyla ora-bura getməyi sevərdi, vəssalam. Qısa müddət əvvəl dostlarıyla şərab içərkən siyasətdən danışmışdılar – kim danışmırdı ki? Onu kameranın qabağına dartan hissin nə olduğunu özü də bilmirdi, qarşı gələ bilmədiyi müəmmalı bir qüvvə. Amma olanlardan peşman da deyildi: sadəcə ailəsinin onu başa düşməməsinə kədərlənmişdi, daha da pisi, indi bu ucuz otel otağında portmanatını yoxlayanda, təxminən heç pulunun qalmadığını görüb məyus olmuşdu. Tələsik bir duş aldı, bir az əti çimçəşərək dünənki köynəyini geyindi və çantasını götürüb aşağı düşdü. Utanc hissini üstündən ataraq, onu indi arvadı olan qızla bu otelə gəldiyi günlərdən tanıyan otel katibindən ödənişi axşama saxlamaq üçün xahiş etməyə hazırlaşdı. Rüsvay olmaqdan qorxurdu, çünki Xose Mlakar həmişə borcunu vaxtında ödəyən adam kimi tanınırdı. Amma eynəyi burnunun üstündə hazır duran katib onu təbəssümlə qarşıladı.
“Sizi televizorda gördüm.” – dedi. “Əla danışdınız.”
Xose Mlakar bir az rahatlaşdı. İndi fikri aydın, axşamkı başgicəllənməsi keçmiş, katibin heyranlığından məmnun olmuşdu. Nəyin daha çox bəyənildiyini soruşdu, istədiyi hər şeyi deməmişdi.
“Mən çox yaxşı eşidə bilmədim.” – dedi katib. “Oteldə müştəri çox idi.”
Xose Mlakar təhqir olunmuşcasına sakitləşdi, zəng vurmaq üçün telefona istədi.
“Amma hamı çox yaxşı danışdığınızı deyir.” – deyə əlavə etdi katib. “Onlara nəyin nə olduğunu göstərdiniz!”
İş yerinə zəng vurdu. Sekretar həyəcanla cavab verdi:
“Hardasınız? Hamı sizi axtarır!”
Xose Mlakardan soyuq tər getməyə başladı. Qət etmədikləri kilometrləri, itirdikləri pulları hesablayan qəzəbli sürücülərin sifətləri gəldi gözünün qabağına. Müdirin “get özünə başqa iş tap, saat on birdə başlayan bir iş” deməsini təsəvvür etdi.
“Məni kim axtarır?” – dedi donuq səslə, çünki onun kimin axtardığını çox yaxşı bilirdi. Amma yanılırdı. “Televiziya, qəzetlər, hamı!” – dedi sekretar həyəcanla, “Hamısı sizə qulaq asmaq istəyir.”
Xose Mlakar uzun müddət telefona baxdı. Arvadının bu deyilənləri eşitməsini istədi, qayınanasının da, məktəbə getməmişdən qabaq oğlunun da. Telefondan sekretarın gur səsi gəlirdi. Özünü toparladı və sakit şəkildə “Onlara de ki, bir saata gələcəm.” – dedi.
Çətinlik çəkmədən otel katibini razı saldı ki, ödənişi sonra edəcək. Əlində çantası, günəşli bir yaz günü çölə çıxdı. Hadisələrin qəfildən istiqamət dəyişdirməsindən bir az təlaşlanmışdı, hətta bir az qorxmuş kimiydi, fəqət həmin anda bir səs eşitməyini sonralar psixoloji vəziyyətiylə əlaqələndirdi. Bir kişi səsi qulağına çox aydın şəkildə, sanki çox önəmli bir insanmış kimi, bir az da pıçıltıyla belə demişdi: “Bunlar sənin şöhrətinin beş dəqiqəsi olacaq, Xose.”
Diksindi, ətrafına nəzər saldı, amma çox da heyrətlənmədi. Bunlar doğurdan da onun beş dəqiqəsiydi, bəlkə də on beş dəqiqəsi, şübhəsiz ki, beləydi. Yeganə problem avtobus puluydu, sürücüyə deməliydi ki, pulum yoxdur, bunun ağır utancını hiss edirdi, qürurunun sarsılmağını qəbul etməliydi. Dilə gətirmək istədiyi uyğun sözləri axtararkən yanında bir maşın dayandı. Maşın yanından keçmiş, sonra geri qayıtmışdı. Sürücü maşının şüşəsini aşağı saldı və ona istədiyi yerə aparmağı təklif etdi. Xose Mlakar başıyla razılıq verib maşına əyləşdi. Yolda sürücü məlum şeyləri təkrarladı.
“Sizi televizorda gördüm. Etiraz mitinqində danışırdınız.”
“Bəli,” – dedi Mlakar, “böyük bir şey deyildi.”
Yol kənarında dayanmış bir polis avtomobilinin yanından keçdilər. Sürücünün Mlakarın əlindəki çantaya baxdı. “Onu oturacağın altına qoya bilərsiz?” – dedi pıçıltıyla. Xose Mlakar heyrətlə sürücüyə baxdı.
“Niyə?” – deyə soruşdu.
“Bizi saxlasalar, tapmasınlar” – deyə pıçıldadı xoşniyyət sürücü.
Düşünürdü ki, saxlanmaları üçün heç bir səbəb yoxdur. Maşın sürətlə getmirdi, saxlasalar da, dəniz nəqliyyatı şirkətinin sənədləriylə dolu çantasını gizlətməyin adı yox idi.
Şəhərə çataçatda sürücü birdən maşını sağa döndərdi və dikə qalxan bir yola girdi.
“Hara gedirsiz?” – dedi Mlakar.
“İkinci dərəcəli yoldan gedirəm” – dedi sürücü.
Artıq səbri tükənirdi. Şirkətdə kameralar onu gözləyirdi və əvvəlcə evə dəyib təmiz köynək geyinməliydi. Artıq evi sayılmasa da, təmiz köynəkləri ordaydı, başqa yolu yox idi.
“Üzr istəyirəm,” – dedi tutub saxladığı əsəbiliklə, “niyə bu yolla gedirsiz?”
“Çünki sizi axtarırlar.”
Xose Mlakar axtarıldığını bilirdi, bəlkə də operator kameranı qurmuş, oturacağı və danışacağı nöqtəyə fokuslamışdı.
“Etiraz mitinqində danışan hamını həbs edəcəklərini deyiblər.”
Sürücü onu məmnuniyyətlə qohumlarının evinə apara biləcəyini, hamısının uzun müddətdir hökümətə müxalif olduqlarını və kömək etməkdən qürur duyacağını dedi.
Birdən ürəyi çırpınmağa başladı, bir anlıq kimə inanmalı olduğunu bilmədi. Qərar verdi ki, sekretarına inansın.
“Sadəcə şəhərə gedin,” – dedi, “əgər gedəcəyiniz yer oraydısa…”
Bir neçə ay içində bu sözlər Xose Mlakar hədsiz hörmət gətirdi, yaxud vətənimizin müstəqilliyə qovuşması ilə bağlı tarixi hadisələrin başladığı dövrdə ona bəslənən hörməti lap yuxarılara qaldırdı. Heç kimin tanımadığı o sürücü müstəqillik qazanılandan sonra yazdığı məktublarda özünün və etiraz mitinqindəki çıxışçının niyə həbs edilmədiyindən, onu televiziyanın gözlədiyi şəhər mərkəzindəki şirkətə hansı yollarla çatdırdığından bəhs edəcəkdi.
İyirmi dəqiqə sonra Mlakar bir kameranın qarşısında əyləşmişdi. Öz otağında yox, müdirin otağında.
Həyətdə rastlaşdığı şirkət müdiri “O mağara kimi otaqda müsahibə vermək olmaz,” – demişdi, “mənim otağımı studiya kimi düzəltdik.” Müdir tarix çarxının fırlanmağa başladığının fərqindəydi və hadisələrdən kənarda qalmaq istəmirdi, o dövrdə hamı belə olduğunu bilirdi. Buna görə, Mlakarla əlbəəl görüşənlər, heç kimin tanımadığı sürücünün qapısını açmış və səbəbkarı birbaşa kameraların, mikrofonların olduğu yerə aparmışdılar.
Mlakar biganə səs tonuyla “Mənim üçün fərqi yoxdur” – dedi. Amma səs operatoru köynəyinə mikrofonu taxanda bir az əsəbiydi, çünki köynəyini dəyişdirməmişdi və üst-başından bədəninin hüceyrələrindən boşalan, axşamkı şərabı xatırladan tər qoxusu gəlirdi. Əsəbi şəkildə arvadını xatırladı, hər səhər etdiyi kimi, təraş olub ütülü köynəklə kameranın qabağına keçə bilməməsinin günahını onda gördü. Kameranın qaranlıq gözünə baxan kimi hər şey yoxa çıxdı: arxa tərəfdə hörmətlə ayaq üstə duran müdir və sekretar, kirli köynək, ən sevdiyi insanın ona dedikləri, bir gün əvvəl yaşadığı haqsızlıq və ödənməmiş otel pulu… Hamısını unutdu. Müxbir xanımın kameraya yox, ona baxmağını istəyən sözlərini eşitdi, fəqət Mlakar gözlərini ona doğru çevirə bilmədi. Kameranın sehirli gözü onu əsrarəngiz bir güclə özünə çəkirdi.
Haradan gəldiyi bilinməyən bir səs, “Hazırıq!” – dedi.
Bir başqası bildirdi: “Çəkməyə başladıq!”
Müxbirin dünən gecəki etiraz mitinqində Cənab Mlakarın çıxışının xüsusi marağa səbəb olduğunu deməyini eşitdi. Müxbir bir an dayandı və “Bu hissəyə çıxışınızı qoyacağıq” – dedi. Sonra sözünə davam edərək, “Cənab Mlakar, indi bizimlə birlikdədir. Nə demək istəyirdiz, Cənab Mlakar?”
“Sadəcə demək istədiklərimi,” – dedi Mlakar, sakit səs tonuyla.
Müxbir, “Bir az təfərrüatla danışa bilərsiz?” – deyə soruşdu; başlanğıc sualında daha ətraflı bir açıqlama almaq ümidindəydi. Qısa səssizlik oldu.Sonra Mlakar beynində səssizlik yox, uğultu hiss etdi, başının içi bomboş idi, boşluq içindəydi, lap səhər otel otağında boş portmanata baxdığı andakı kimi, elə bil, otelin eyvanındakı qara quşun səsini eşidirdi. Müdir və müxbir bir anlıq göz-gözə gəldilər və çəkilişi dayandırmağa hazırlaşdılar.
Amma birdən Mlakarın dodağından kəlmələr axmağa başladı. İnsanları təhdid etməməliykən onları təhdid edən insan haqlar haqqında: “Xalqa haqsızlıq edirlər, müstəqillik və bərabərlik üçün mübarizə aparanlara dəli deyirlər,” – dedi. “Vətənimizi əlimizdən aldılar, bərabərsizlik hər yerdədir, təkcə şirkətimizin qabağında gözləyən sürücələrə baxın, işlərini yerinə yetirmələri üçün bir yığın sənədə ehtiyacları var, eyni şey tələbələr və təqaüdçülər üçün də keçərlidir, tibb bacıları üçün də. Vətənimiz hər sahədə təhdid edilir,” – dedi. “Amma vaz keçməyəcəyik, nə küçələrdə, nə quruda, nə də dənizdə!”
Çox sonralar, ulduzlar sönməyə başlayanda, bədniyyət insanlar Mlakarın əvvəldən deməyə sözü olmadığı irəli sürdülər. Halbuki media analistləri kəskin inancla, qərarlılıqla danışdığını deyirdilər – həqiqətən haqsızlığa uğramış bir insanın qərarlılığıyla; sözləri haqsızlığa uğramış hər bir insan üçün inandırıcıydı, üstəlik, baxışları da çox təsirliydi.
Həmişə kameraya baxar, sanki bədən diliylə dilindən çıxan sözlərdən artığını ifadə edirmiş kimi görünərdi. Amma bunlar çox sonralar olacaqlardı. İndi onun yüksəliş dövrüdür. Xose Mlakarın bu səfərki açıqlaması axşamkı həyəcanlı izdiham tərəfindən bəyənilən sözləri qədər təsirli olmasa da, müxbir razı qalmışdı. Rejissor başıyla təsdiqlədi, müdir təbrik etdi, hətta sekretarı təbrik üçün onu qucaqladı.
“Heç vaxt bilməmişəm,” – dedi, “Şirkətimizdə bu qədər möhtəşəm bir adamın bir işlədiyini bilməmişəm! Həmişə təvazökarlıq edib.”
Sekretar birdən onun çox təvazökar olduğunu düşündü, çox da yaraşıqlıydı, əvvəl bunun fərqinə varmamışdı. Xose Mlakar bunların heç birini eşitmədi. Milyonlarla gözün girdiyi gözəgörünməz girdabı örtən obyektivin parlaq və rahat səthində əks olunan öz miniatür görüntüsünü seyr edirdi. Bu dərin gölə baxdı və onun mərhəmətsizcəsinə özünə çəkdiyini hiss etdi.
O gecə arvadı, qayınanası və oğluyla birgə televizorda öz performansına baxdı. Arvadıyla ikilikdə qalanda “Bəs indi nə deyirsən?” – deyə soruşdu.
Təbii ki, yeni mübahisə başlatmaq istəmirdi, artıq arvadıyla mübahisə etmirdi, bəlkə də həmin günortadan sonra, bəlkə də gecəyələ səhərin arasında otel otağında oyanıb şokolad yeyəndən sonra. Arvadı da mübahisə etmək istəmirdi. Ona etibar etmədiyinə eyham vuran nəzərlərlə baxdı. Xosesində nəsə qəribəlik hiss edirdi; gözləri parıldayırdı və hərəkətləri bir az axmaqcasınaydı. Onun əsas təlaşlandıran, gizli qalması şərtiylə yalnız ona söylədiyi, şəhərə gələndə yekə bir insan səsi eşitməyindən bəhs etməsiydi.
“Nə qədər yekəydi?” – soruşdu arvadı.
“Çox, çox yekəydi,” – dedi Xose, “Amma onu görmədim.”
Görməsə də, çox yekə olduğunu başa düşməsi arvadına bir az qəribə gəldi, amma indi bu xırda detalı anlatmağa vaxtı yox idi. Nə də olsa səhnəyə niyə çıxdığını arvadı başa düşməmişdi, deməli sadəcə ona xitab edən bir səs olduğunu necə anlayacaqdı.
“Get, yat,” – dedi arvadına. “Mənim hələ görüləsi işlərim var.”
Özünü qeyd götürmək çılğınlığına elə qapdırmışdı ki, kağızlar mətbəx masasından yerə dağılmağa başlamışdı. Düşüncələrini gözləyənlərin varlığını və suallara cavab verməli olduğunu bilirdi, buna görə də çox yaxşı hazırlaşmaq istəyirdi. Yanılmırdı. Səhər açılan kimi, telefonları zəng çalmağa başladı. O qədər çox yerə dəvət edilmişdi ki, axırda şirkətə zəng vurub işə gələ bilməyəcəyini dedi. Müdir vəziyyəti anlayışla, sekretarı isə heyrətlə qarşılaşmışdı.
Növbəti günlərdə müsahibələrə və dəyirmi masa toplantılarına çağrıldı, toplantılarda və tədbirlərdə çıxış etdi.
Fəhlələr, əkinçilər, təqaüdçülər, tələbələr – hamısı Xose Mlakarın bir az mücərrəd də olsa, fikirlərini eşitmək istəyirdi. Siyasətçilər onun görüşmək istəyir, o ərəfədə qurmağa başladıqları yeni siyasi partiyalara qatılmağa dəvət edirdilər. Amma o siyasətçilərin nəcib dəvətlərini rədd edirdi. Xose Mlakar siyasətçi deyildi, hətta xalqın sözçüsü də deyildi, sadəcə öz adına danışırdı.
Əgər açıq deməli olsaq, kameranı hər görəndə hiss etdiyi o azman gücün sözçüsüydü. Bax buna görə də qazetdə yazmağı və ya radioda danışmağı rədd edirdi. Kamera ilə müşayət olunmayan mikrofon onun üçün mənasız idi, ancaq qısa müddət ərzində Xose Mlakarın çıxmadığı yerli televiziya kanalı, yaxud çəkiliş aparılan toplantı qalmadı. O günlərdə işə getmədi, hətta verdiyi sözləri işə getməmək üçün bəhanə kimi istifadə etməyə başladı. Bir rejissor onun haqqında “Danışmağa başlayan adam” adlı sənədli bir film də çəkdi. Həqiqətən də Mlakar tam da doğru anda danışmağa başlamışdı. Və bu doğru an aylara yayıldı. Bəzən bir tankın qabağında vətənin müdafiəsi və millətçilikdən danışır, başqa bir vaxt bir körpüdə tikinti materiallarından söhbət açır, bərbad yollarımızda kamaz sürməli olan sürücüləri unutmur, ən çox isə insan haqları və haqsızlığından gileylənirdi. Hardasa insanın ürəyində əxlaq prinsipi daşıdığını oxumuşdu . “Ürəyimdə əxlaq prinsipi, başımın üstündə göy qübbə!” – deyə kameraya baxaraq danışırdı və tamaşaçılar təsirlənirdi. Hamı deyirdi ki, gözəl danışır.
Bir axşam yerli bir televiziya kanalında yayımlanan uzun bir monoloqun klipini xoşbəxtliklə seyr edərkən, telefonu zəng çaldı. Artıq hamının tanıdığı Xose Mlakarın o tarixi gecədə həbs olunmamaq üçün qaçıb gizləndiyi otelin katibi idi. Mlakarın borcunu nə vaxt ödəcəyini soruşurdu. Borcu öz cibindən ödəmişdi və ümid edirdi ki, geri ödəniş olacaq. Katibin səs tonu Mlakarı əsəbləşdirmişdi. Çünki Mlakar həmin katibi mərmər vitrinin arxasında oturmuş, eynəyi burnunun üstünə düşmüş, mənasızcasına qeyri-ciddi işlərlə məşğul olarkən təsəvvür etmişdi. Halbuki o hər şeyini riskə atmış, həbs olunmağı belə gözə almışdı, indi bu adam ondan pul istəyirdi, özünü vətəni üçün, ortaq maraqlar üçün (əlbəttə, katibin maraqları da bura daxil idi) fəda etmişdi. Bütün bunları katibə dedi. Katib dedi ki, başa düşmürəm. Hətta tele-kanallarda və digər toplantılarda etdiyi çıxışlardan da heç nə başa düşmədiyini, ödəmədiyi borc üçün Mlakarı məhkəməyə verəcəyini söylədi. Mlakarın qəlbi qırılmışdı, insanların bu qədər kiçiləcəyinə və dözümsüz olacağına inanmırdı, artıq tarixin çarxı fırlanmış və vətən xilas edilmişdi.
Həqiqətən tarixin çarxı fırlanmışdı. Vətən müstəqil olmuş və insanlar gündəlik işlərinə dönməyə başlamışdılar.
Xose Mlakar müxtəlif dövlət və özəl televiziya kanallarında görünməyə davam etdi, amma sözləri və təsirli imici əvvəlki kimi maraq doğurmurdu, ya da keçmişdəki kimi ciddi reaksiya yaratmırdı. Hətta bəzi adamlar ona əsəbləşməyə başlamışdılar. Deyilənə görə, onun səhvi ölçü hissini itirməsiydi. Hər gün ekran görünür və danışırdı, artıq fasilə vermək vaxtı gəlmişdi. İnsanların populyar adamlardan əvvəl-axır yorulduğu və onların da fasilə verməli olduğu məlum həqiqət idi. Amma Mlakar fasilə vermirdi. Kameranın obyektivi onu zəhərləmişdi. Nə vaxt ondan nəsə soruşulmasa, ya da onu dəyirmi masaya dəvət etməsələr, tele-kanala zəng vurub şikayər edirdi. Vətən təhlükədəykən, insan haqları əzilərkən məni dəvət edirdiniz deyirdi, insan işlər düzələndən sonra ən sadə insan haqqı olan ifadə azadlığımı əlimdən alırsız. Və bunlar indi baş verirdi, səhnəyə atıldığı, əslində, bircə cümlə dediyi o dövrə baxanda, indi daha çox sözü olduğu zamanda. Əsəblərini korlayan sonuncu şey müdirin zəng vurub işə nə vaxt gələcəyini soruşmasıydı. Xüsusilə, mədəni şəkildə televiziyaya çıxmaq üçün ona maaş verməyə davam etməyi düşünmədiyini deyəndə, Mlakar, hiddətlə telefonu müdirin üzünə qapatmış və vacib işinə geri dönmüşdü. Otağı kağızla dolub-daşmışdı, divarlara xatırlatma qeydləri yapışdırmış, üstlərinə də müzakirə olunmalı mövzularla bağlı sitatlar, işarələr və suallar yazmışdı. Uzun müddət əvvəl mətbəx masasında yazmaqdan vaz keçmiş, tavan arasında özünə bir məkan düzəltmiş və televiziyada öz görüntüsünü yaxşılaşdırmaq üçün balaca bir kamera da almışdı. Amma bu kamera onu bəs etmirdi. Milyonlara xitab edən həqiqi bir kamera kimi cazibəli deyildi, milyon dəfə daha böyük bir gücün fokuslandığı o obyektiv kimi onu içinə çəkmirdi. Ailəsiylə çox az görüşürdü, gün boyu təklif edəcəyi mövzuları düşünürdü, axşamları isə ailəsi onun tavan arasından gələn hayqırışlarına və alovlu sözlərinə qulaq asırdılar. Bir səhər qapının altından atılan gündəlik bir qəzetdəki bir yazı onu dəliyə çevirdi. “Mlakar nə danışır?” adlı yazı kinayəli tərzdə yazılmışdı.
“Deməyə sözü olmayanlar adətən insan haqlarından bəhs edirlər” – deyə yazılmışdı. “Süni gübrədən danışsalar, daha çox yaxşı olar.” Mlakar hiddətlə qəzeti parçaladı və kağız parçalarını əl-üzyuyana atıb suyu açdı.
Amma içində son dəfə özünü göstərmək istəyi vardı.
Şirkət müdirinin otağında onun ilk müsahibəni edən qadın müxbirə zəng vurdu və onunla bir dəfə daha müsahibə etməsini xahiş etdi. Müxbir ağzını açmamış “İnsan haqlarından danışmayacam!” – dedi. Sonra uzun-uzun süni gübrə istifadəsindənv ə sularımızın necə çirklənməyindən bəhs etdi. Bir az mücərrəd, amma qərarlı danışırdı, nə də olsa günün pik saatında çıxmışdı efirə. Bəzi tamaşaçılar bu uzun monoloqu tərbiyəsiz jurnalistə dahiyanə cavab kimi şərh etdilər, xüsusilə çıxışının axırında çirklənmiş suların da bir insan haqları problemi olması və hüquq müdafiəçilərinin heç vaxt yorulmayacağını vurğulaması. Bu, televiziyadakı axırıncı çıxışı oldu.
Deyilənə görə bu proqramdan sonra başqan onun taleyini müəyyənləşdirən sözləri demişdi: “Artıq mikrofonu Mlakardan uzaqlaşdırın.”
Başqan məsləhətçiləriylə keçirdiyi səhər toplantısında Mlakarın hər çıxışından sonra ölkədə vəziyyətin pisləşdiyini açıqlayaraq kefsizliyini haqlı göstərmək istəmişdi.
Mlakarın şöhrəti bunun dəlili idi. Mlakar nə vaxt ağzını açsa, başqanın populyarlığı 5 faiz düşürdü. Məsləhətçilərindən biri özündə cürət tapıb dedi ki, Mlakar adətən sizdən danışmır, axırıncı çıxışı süni gübrədən istifadənin fəsadları, göl sularının çirklənməsi haqqındadır.
“Bu nə deməkdir?” – deyə soruşdu başqan, “Artıq bunu yekunlaşdırmaq lazımdır!”
Digər məsləhətçi əlindəki qələmi oynadaraq söylədi ki, hər müxbirin Mlakara bir mikrofon uzatmasının qarşısını almaq çətin olacaq, bunun əvəzinə maaşını ödəyən şirkətdən onu işə geri çağırmasını istəyək. Bu, Mlakarın sonu oldu.
“Hmm!” – deyə düşündü başqanın xanım sekretarı, başqan xoşbəxt olanda xoşbəxt, əsəbi olanda əsəbi olurdu. İndi başqan da, o da əsəbiydi.
“Danışmağa davam edəcək,” – dedi sekretar xanım, “Bu təklif çıxış yolu deyil.”
Başqan təkrarladı: “Onu mikrofondan uzaqlaşdırın. Kameraya heç vaxt yaxın düşməsin.”
Bu, çətin məsələydi, Xose Mlakara kamera qadağası gətirmək dövlət siyasəti halına gəlsə də, açığı elə də effektiv deyildi. Bütün böyük və balaca tele-kanalların rəhbərlərinə Mlakarı dəvət etməyin demək bir təklif idi, amma kimsə onu dayandırmalıydı və o tarixi etiraz mitinqində ağzından çıxanların mənası təkrar düşünülməliydi. O sözlər Mlakarın heç vaxt geri durmayacağı demək idi. Bir şənbə günü bazarda çəkilən bir verilişdə ortaya çıxdı.
İstehlakçılara qida vərdişləriylə bağlı suallar verən təcrübəsiz bir müxbirin kamerasının önünə böyük bir bacarıqla keçib bu ölkədə insanların avtomobil dumanıyla çirklənən salatları yeməyə məcbur qalmasından gileyləndi və bunun təməl insan haqlarına təhdid olduğunu dedi. Müxbir işdən qovulana qədər Mlakar başqa yerdə təzədən ortaya çıxdı, bu dəfə bir futbol oyununda bir müxbirinin yanında. Heç nədən şübhələnməyən müxbir ilk hissə boyu jurnalistlər üçün nəzərdə tutulan köşkün düz yanında dayanıb başıyla hər şeyi təsdiq edən (tanış gəlirdi) bu tamaşaçını içəri dəvət etdi və fikir söyləməsini istədi. Və Xose Mlakar nacizanə şəkildə yeganə hücum planının yaxşı nəticə vermədiyini, çünki bu halda mərkəzə oyunçu çıxara bilmədiklərini dedi. Və bu oyunun biz tamaşaçıları qol görməkdən məhrum etdiyini, halbuki qolun futbolun ən gözəl tərəfi olmasını, deməli insanların bazar günündən zövq almaq haqlarına təsir etdiyini söylədi. Müxbir söhbətin futbol oyunundan uzaqlaşmaqda olduğunu sezdi, amma Mlakarın təsirli son nöqtəni qoymasının qarşısını almadı. “Və bu,” – dedi Mlakar, kameranın möcüzəvi obyektivinə baxaraq, “dəhşətli bir insan haqları pozuntusudur, beynəlxalq müqavilələrdə öz əksini tapıb, Cenevrə müqaviləsində və digərlərində!” İnsan haqlarıyla çox da maraqlanmayan şərhçi qəfildən Cenevrə Müqaviləsinin müharibə əsirləri haqqında olduğunu və ölkədə müharibə getmədini xatırladı. Sonra titrəyən barmaqlarıyla mikrofonu söndürdü, fəqət televiziya tamaşaçılarının Mlakarın danışmağa davam etdiyini gördüklərini bilirdi.
Mlakarı tanıyan xeyli televiziya kanalı onun simasının artıq televizorda görünməməli olduğunu bilirdi. Mlakar ortaya çıxan kimi, obyektivlərini başqa yönə çevirirdilər.
Bəzilərinin ona yazığı gəlir, bəzən şəhərin heç kim keçməyən yerində kameralarını çiyinlərinə alıb onun danışmasına icazə verirdilər, amma əslində çəkiliş aparmırdılar. Daha az simpatiya bəsləyənlər isə çəkiliş fasiləsində onunla məzələnirdilər. Məsələn, bir gün şəhərin körpülərindən birinin üstündə məşhur bir yazıçı çay kimi axan və dəyişən zaman haqqında danışacaqdı, fonda yaşıl çay görünəcəkdi, çəkiliş qrupu gözləməkdən yoruldu.
Yavaş-yavaş yaxınlaşan və yazıçı görünən kimi qabağına atılmağa hazırlaşan Mlakarı tanıyan bir operator, “Hey Mlakar!” – deyə səsləndi. “Hey, Mlakar, niyə mahnı oxumursan?”
“Çünki not bilmir” – dedi işıqçı.
“Not bilmirəm?” – deyə soruşdu Mlakar.
“Bilirsənsə, buyur.”
“Yəni do, re, mi, fa, sol?”
“Danışma, mahnı oxu.”
“Çəkəcəksiniz?” – deyə soruşdu Mlakar.
Operator kamerasını Mlakara çevirdi. Və Mlakar oxumağa başladı: “Do, re, mi, fa, si, do…”
Ətrafda toplaşanlar qəhqəhəylə gülməyə başladı, xüsusilə notları tərsinə oxumağa başlayanda.
Mlakar tamam unudulmamışdan qabaq son dəfə yenə səhnəyə çıxmağa cəhd etdi, Müstəqillik Günündə. Amma mühafizəçilər onu saxta biletlə üçüncü sırada oturduğu yerdə tutdular. Yoxa çıxmasından qabaq Mlakarı axırıncı dəfə görən iki nəfər “Mercator” supermarketinin idarəçisi və kassiriydi. Heç biri onu tanımadı, amma xatırlaya bilərdilər. Axı çox da uzaq olmayan keçmişdə hər gecə televizora çıxırdı. Bir az saqqalı uzanmışdı, amma indiki dəbə uyğun formada yox. “Bir müddətdir təraf olmamış adama oxşayırdı, köynəyini də dəyişdirməmişdi,” – dedi, xeyli insanla ünsiyyətdə olduğu üçün belə işlərdən başı çıxdığı fərz edilən kassir. Və müşahidə kamerasına da sifəti uzanmış şəkildə düşmüşdü. Yenə də kassir onu tanımalıydı. Ah, insan yaddaşı bu qədər zəif olmasaydı. Bu gün hamı səni tanıyır və heyran olur, sabah isə heç kim eyninə almır. Amma hər ikisi – idarəçi də, kassir də ona diqqətlə baxmışdılar, çünki çox qəribə davranırdı. Süd məhsullarının olduğu soyuducunun qabağında dayanıb yuxarıdakı müşahidə kamerasına tərəf danışırdı.
Kassir onun Mlakar olduğunu bilsəydi, nə dediyini başa düşərdi, müdiri də “Səsi gəlmir, gedib görüm nə danışır” deməzdi.
Xose Mlakar çox güman ki, insan haqlarından danışırdı, amma bu təsbit edilmədi, çünki kamera səsi almırdı, icraçı soyuducunun olduğu yerə çatanda heç nə eşitmədi, Mlakar artıq orda deyildi, yoxa çıxmışdı. Ailəsi itkin elanı verdi, hamı əvvəl-axır ortaya çıxacağından əmin idi. Bir müddət ölkəni gəzdi, arada zənglər etdi. Deyəsən həyatının geri qalanını onu özünə çəkən, rahat buraxmayan o sehirli gözü axtarmaqla keçirəcəkdi.
Mlakar paytaxta gedən yolun kənarında, avtobus dayanacağının yaxınlığında, şehli payız yarpaqlarının arasında tapıldı. Beli üstə uzanmışdı, başının üstündəki budaqların əmələ gətirdiyi çələngə baxan gözləri açıq idi. Detektivlər asanlıqla açıqladılar ki, qatil Mlakarın bədənini yoldan meşəyə tərəf təxminən üç metr sürüyüb. Öldürülən adamın əynindəki paltarlar və üz-gözü yaş idi, ciblərinin torpaqla, yarpaqla dolu olması göstərirdi ki, onu sürüyüblər. Portmanatı cibindən yerə düşmüşdü və boş olduğu üçün oğurluq şübhəsi vardı. Amma bu ehtimalın özü şübhəliydi, çünki yaxınlıqdakı bir otelin katibi öldürülən adamın bir gecə əvvəl otelə gələrək uzun müddətdir borclu olduğu pulu ödədiyini dedi. Borcunun faizini də ödəmək istəmişdi, amma otel katibi onun çökmüş sifətini görüb faizi götürməmişdi. İstənilən halda faizi ödəyə bilməzdi, çünki katib borcunu ödəyəndən sonra cibində heç nə qalmadığını görmüşdü. Bəlkə çantasında pulu vardı. Amma cəsədin yaxınlığındakı çanta toxunulmamış və oxunması mümkün olmayan əlyazmalarla doluydu. Öldürücü zərbə başına dəyib qafatasını çartlatdığından tibbi ekspertiza cüssəli və güclü bir adam tərəfindən öldürüldüyünə rəy verdi. Cəsədin ətrafında polis kameralar və fotoaparatlar çəkiliş apararkən, sanki hələ də canlıymış kimi, onlara baxan ölü gözlərin təsirindən özlərini xilas edə bilmədilər.
Bu gözlər sanki cinayəti törədən cüssəli adamı ağacların arasında görə bilir, ya da elə bil, dərin bir gölün hamar və qaranlıq səthinə fokuslanıb ondan ayrıla bilmirdi.
Tərcümə: Qismət
[1] “Heç vaxt təslim olmayacağıq, heç vaxt vaz keçməyəcəyik, çünki bu bizim haqlarımızla bağlıdır!”
[2] “Küçələrdə və meydanlarda döyüşəcəyik!”