Sim-sim.az Fəxri Uğurlunun tərcüməsində görkəmli Amerika yazıçısı, şairi, tənqidçisi Edqar Allan Ponun məşhur “Qırmızı ölümün maskası” novellasını təqdim edir.
Qırmızı ölüm ölkəni çoxdan viran qoymuşdu. Hələ heç bir ölət belə amansız, belə öldürücü olmamışdı. Onun qana boyanmış damğasından, möhüründən al qırmızı dəhşət damırdı!
Bu azara yoluxanı qəfil gicəllənmə, sonra əzablı titrətmə tutur, ardınca da xəstənin canından tər kimi qan sızırdı – ölüm beləcə qan-tər içində gəlirdi. Qurbanlığın bədəninə, ondan da ötə üzünə tünd qırmızı ləkə düşər-düşməz əzizləri bəlalıdan əl üzürdülər. Azarın yaxalamağıyla öldürməyinin arası yarım saat da çəkmirdi.
Ancaq şahzadə Prospero qabaqkı kimi şad-xürrəm dolanırdı – qorxu onun canına yol tapmamışdı, ağlı kəsərdən düşməmişdi. Torpaqlarında, demək olar, bir inli-cinli qalmayanda o, özünə yaxın min nəfər ən yelbeyin, ən dözümlü adamı başına yığıb, onlarla birgə ölkəsindəki quşqonmaz monastırlardan birinə, əlçatmaz, ünyetməz bir bucağa çəkildi.
Şahzadənin şahanə zövqünə uyğun qurulmuş həm gözəl, həm əzəmətli tikili dəmir darvazalı topdağıtmaz uca divarla kəmərlənmişdi. Hasarın o üzünə adlayan kimi saray adamları rəzələri dəmirçi kürəsində əridib, ağır çəkiclərlə darvazaya bərk-bərk pərçimlədilər. Dərd içəri dürtülüb ağıllarını başlarından almasın deyə, əllərini ümiddən üzməsin deyə onlar bütün giriş-çıxışları bağlamaq fikrinə düşmüşdülər.
Monastırda dolanmaq üçün hər şey vardı, saray əhli azar-bezardan uzaqda arxayın yaşaya bilərdi. Divarın çöl üzündə qalanlar da zəhmət çəkib öz başlarına özləri çarə qılsınlar! İndi qəm dəryasına batmaq, baş sındırmaq sarsaqlıq olardı. Əyləncə qıtlığı olmasın deyə şahzadə qabaqcadan tədbir görmüşdü. Buranın təlxəyi də vardı, məddahı da, çalanı da vardı, oynayanı da, gözəli də vardı, şərabı da. Bunlar hamısı üstəgəl qorxusuzluq. Eşikdə isə Qırmızı ölüm at oynadırdı.
Abbatlıqda yaşadıqlarının altıncı ayında, azarın hələ də tüğyan elədiyi vaxtda şahzadə Prospero misli görünməmiş bir bal-maskarad hazırladıb min dostunu başına topladı.
Bu maskarad əməlli-başlı bir eyş-işrət məclisiydi. Ancaq əvvəlcə məclisin qurulduğu otaqları təsvir eləyim.
Yeddi dəbdəbəli otaq idi. Qəsrlərin çoxunda yanaşı salınan belə otaqların birindən o birinə keçmək üçün ara qapıları olur; bu qapılar laybalay açılanda otaqları bir-birinə calayan yol uzun bir dəhliz kimi boyaboy görünür.
Qəribəliyə meylli Prosperonun qəsri isə tamam ayrı cür qurulmuşdu. Otaqlar elə qəribə düzülmüşdü, baxanda yalnız bir otağı görmək olurdu. Hər iyirmi-otuz yarddan bir qarşıya döngə çıxırdı, hər döngəni burulanda adam nəsə bir yeniliklə rastlaşırdı. Ara yolun dolanbaclarını təkrarlayan örtülü dəhlizə hər otağın sağ-sol divarlarının ortasından qotik üslublu hündür ensiz pəncərə açılırdı. Rəngbərəng pəncərə şüşələri otaqların bər-bəzəyinə, yerinə uyğun seçilmişdi. Məsələn, dəhlizin gündoğana baxan başındakı otaq mavi boyandığından pəncərələrinə də açıq-göy şüşə vurulmuşdu. İkinci otaq qırmızı bəzəndiyinə görə pəncərələri də yaqut kimi parlayırdı.
Yaşıla tutulmuş üçüncü otağa da özü rəngdə aynalar seçilmişdi. Dördüncü otağın xalısı-pərdəsi, işığı narıncı, beşinci otağın bər-bəzəyi ağ, altıncı otağın yar-yaraşığı da bənövşəyi rəngdəydi. Yeddinci otağa qara məxmər tutulmuşdu: tavandan divar boyu axıb tökülən ağır qara pərdələrin ətəyi qara məxmər salınmış döşəmənin üstündə qat-qat dururdu. Yalnız bu otaqda pəncərələr divarlardan seçilirdi: pəncərə şüşələri al qırmızı qana boyanmış kimiydi. Yeddi otağın yeddisində də künc-bucağa səpələnmiş, tavandan asılmış saysız-hesabsız qızıl-zinətin arasında bircə qəndil, bircə şamdan gözə dəymirdi – otaqlar şamla, çıraqla işıqlandırılmırdı: ara yolun başına dolanan dəhliz boyu hər pəncərənin qarşısına üstündə kürə alovlanan iri üçayaq qoyulmuşdu, alovun şöləsi şüşədən içəri axıb otağı rəngli işığa bürüdükcə dörd divar arasında nə varsa hamısı yuxu kimi, xəyal kimi görünürdü. Günbatana baxan qara otaqda isə qan-qırmızı şüşədən keçib qaranlıq pərdələrin üstünə düşən işıq adama daha da sirli-sehrli gəldiyindən, üstəlik də, içəridəkilərin üzünü tanınmaz hala saldığından tək-tək qonaq bu qapının kandarını adlamağa ürək eləyirdi.
Bu otağın günbatana açılan pəncərəsinin altında qara ağacdan düzəldilmiş nəhəng bir saat vardı. Saatın ağır kəfkiri yeknəsəq boğuq cingiltiylə sağa-sola yellənirdi, hər saat başı onun mis ciyərlərindən aydın, ürəyəyatan, həm də olduqca məlahətli gur bir səs qopurdu. Ancaq bu səsin çox qəribə gücü, tembri olduğundan çalğıçılar hər saatın tamamında əl saxlayıb ona qulaq kəsilməyə məcbur qalırdılar. Onda oynayan cütlüklər fırlanmağına ara verirdi, kefcil dəstə çaşqın-çaşqın donub qalırdı, saatın zəngi vurduqca ən yava pozğunların da qanı qaçırdı, bir az yaşlı, bir az müdrik olanlarsa qara-qura fikirləri başlarından silib atmaq üçün əllərini alınlarına çəkirdilər.
Saatın səsi kəsər-kəsməz şən gülüşlər otaqları doldururdu; çalğıçılar boş yerə səksəkəyə düşdüklərinə gülürmüşlər kimi təbəssümlə baxışırdılar, hər biri də böyründəkinə pıçıldayıb and-aman eləyirdi ki, indən belə zəng səsini vecinə almayacaq. Di gəl, düz altmış dəqiqədən – zamanın xırda doğranmış üç min altı yüz saniyəsindən sonra yenə otağı bir çaşqınlıq bürüyür, məclis əhlinin canına yenə vəlvələ düşürdü. Bununla belə şənlik çox təmtəraqlı, çox da əyləncəli keçirdi.
Şahzadənin ayrı zövqü vardı: o, zahiri parıltılara həris idi, dəb qayğısına qalmazdı. Onun ağlına gələn hər fikir dəlicəsinə qeyri-adi olur, vəhşi bir dəbdəbəylə tamamlanırdı. Qıraqdan baxan onu dəli bilərdi, ancaq şahzadənin adamları başqa fikirdəydilər. Di gəl, şahzadəni görməyən-eşitməyən, onun həndəvərində dolanmayan kəs onların dediyinə inanmazdı.
Böyük məclisə hazırlıq görüldüyü günlərdə yeddi otağın döşənib-bəzədilməsinə şahzadə şəxsən özü başçılıq eləyirdi.
Maskaların seçimində də onun dəsti-xətti duyulurdu. Daha buna söz yox – hər şey əndazəni aşmış biçimdəydi! Hamısında parıltı, bər-bəzək, hər şey yuxu kimi yalan, ancaq maraqlı, eynən sonralar “Ernani”də gördüyümüz kimi.
Hər yanda əcaib-qəraib məxluqlar fırlanırdı, hamısının da ya biçimində, ya da əyin-başında nəsə bir qəribəlik vardı.
Bütün bu mənzərə qızdırmadan alışıb-yanan xəstənin sərsəm sayıqlamasına bənzəyirdi. Burada çoxlu gözəllik, çoxlu əxlaqsızlıq, çoxlu qəribəlik vardı, arabir nə isə dəhşət saçırdı, tez-tez nələrsə adamda özündən ixtiyarsız ikrah doğururdu. Yeddi otağın yeddisində də yuxularımızdan gəlmə qarabasmalar dolaşırdı. Qıvrılıb-açılan bu kölgələr hər otaqda rəngini dəyişə-dəyişə gah orda, gah burda sayrışırdı, adama elə gəlirdi orkestrin qulaqbatıran gurultusu vur-tut onların addımlarının əks-sədasıdı.
Qara məxmər çəkilmiş zaldan isə vaxtaşırı saat səsi gəlirdi. Onda bir anlıq hər şey – zəng səsindən başqa hər şey donub qalırdı, əcaib məxluqlarsa elə bil yerə yapışırdılar. Saatın bir göz qırpımı çəkən zəngi susan kimi şən, bir az da boğuq gülüşlər yenə axıb dəhlizi basırdı, musiqi yenə qulaq batırırdı, qarabasmalar yenə cana gəlirdi, kürələrin işığını otaqlara axıdan pəncərələrin altında rəng alıb rəng verən maskalar qabaqkından da gülməli qıvrılıb açılırdı. Bu zaman maskarad əhli yalnız dəhlizin günbatana baxan başındakı otağa girməyə ürək eləməzdi: gecə yarı olduqca qızarmış kürənin al dilləri qan-qırmızı şüşələrdən sel kimi axıb keçib, matəm pərdələrinə bir az da qorxunc görkəm verirdi. Qara xalıya ayaq basan kimsəyə saat zəngi əcəl zəngi kimi gəlirdi, bu səsin zəhmi altında onun ürəyi dəhlizin o başında kef eləyənlərin ürəyindən betər vururdu. Qalan otaqlar qonaqla ağzınacan doluydu – oralarda həyat coşub-qaynayırdı.
Saat gecə yarısını vuranda şənliyin şirin yeriydi. Qabaqkı kimi yenə çal-çağır yatdı, vals oynayan fırlanmağına ara verdi, hardansa əsən vahimə yeli hamını vurdu. Bu dəfə saat on iki zəng çalacaqdı, ola bilsin, elə buna görə qorxu yavaş-yavaş ən ayıq adamların da canına yol tapırdı. Son zəngin cingiltisi hələ qulaqlardan çəkilməmiş birdən-birə şənlik əhlinin gözü indiyəcən kimsənin fikir vermədiyi bir maskaya dikildi.
Yeni maskanın peyda olması xəbəri bir anda bütün qonaqlara yetişdi; siftə-siftə pıçapıç düşdü, ardınca da kütlə əvvəlcə narazılıqdan, heyrətdən, sonra da qorxudan, dəhşətdən, hiddətdən uğuldadı.
Yeni bir maskalının peyda olması bu dəli yığıncağında bəlkə də kimsəyə qəribə görünməzdi.
Bu gecə şadyanalığında heç kəsin xəyalına qoruq-qaytaq qoyulmasa da, yeni maska həddini aşmışdı, şahzadənin belə keçmədiyi sərhədi pozmuşdu. Ən dayaz qəlbin də elə telləri var, o telləri titrətmədən o qəlbə toxunmaq olmaz. Olumu da, ölümü də zarafat bilən ən ümidsiz adamların zarafata salmadığı şeylər də var.
Deyəsən, bu məqamda qonaqların hər biri yad adamın geyiminin, ədasının həm yersiz, həm də zarafatsız olduğunu duymuşdu. Boylu-buxunlu qonaq yorğun-üzgün görünürdü, başdan-ayağa kəfənə bürünmüşdü. Üzünə tutduğu maska donuq meyit cizgilərini elə dəqiq yamsılayırdı, tükü tükdən seçən gözlə də bu yalanı gerçəkdən ayırmaq çətin olardı. Heç bu da adamları bir-birinə vurmazdı, hələ bəlkə məclis əhlinin xoşuna da gələrdi. Ancaq masqaraçı özünü Qırmızı ölümə bənzətməyə cəsarət eləmişdi. Üst-başına qan çilənmişdi, alnından, sir-sifətindən al-qırmızı dəhşət yağırdı. Elə bil öz rolunu yaxşı oynamaq üçün rəqs eləyənlərin arasında təntənəli yerişlə gəzişən qarabasmanı görəndə şahzadə Prospero qorxdumu, eyməndimi, nəydisə bədənindən qəribə əsməcə keçdi, bir an sonra isə onun üzünə qəzəbdən qızartı çökdü.
– Kimdi bu?! – şahzadə başına dolanan saray adamlarından xırıltılı səslə soruşdu. – Bu şeytan fəndi kimin ağlına gəlib? Tutun onu, maskasını da çıxarın ki, bilək səhər qala divarından kim asılacaq!
Şahzadə Prospero bu sözləri dəhlizin gündoğana baxan başındakı mavi otaqda dedi.
Güclü, qətiyyətli şahzadənin aydın uca səsi yeddi otağın yeddisində də ildırım kimi çaxdı, onun bir əl işarəsiylə hamı, hər şey susdu.
Hə, bu hadisə mavi otaqda baş verdi, qanı qaçmış saray adamlarının aralığa aldığı şahzadə bu otaqdaydı.
Onun buyruğunu eşidən kütlə yaxınlıqda dayanmış yad adamın üstünə atılmağa hazır durmuşdu, adamsa qəfildən sakit, arxayın addımlarla şahzadəyə sarı yeridi.
Kimsə ona əl qaldırmağa ürək eləmədi – bu dəlinin yekəxanalığı hamının canına anlaşılmaz bir vəlvələ salmışdı.
O, şahzadənin yanından düz keçdi, – qonaqlar ona yol vermək üçün hər iki divar boyu sıralanmışdılar, – onu başqalarından ayıran həmin o səlis, təntənəli yerişlə mavi otaqdan qırmızıya, qırmızıdan yaşıla, yaşıldan narıncıya, oradan ağ otağa, oradan da bənövşəyi otağa, nəhayət, qara otağa adladı, bu müddətdə bir adam da onun qabağına durmadı.
Bu zaman həm qəzəbdən, həm də ötəri ağciyərliyinə görə çəkdiyi xəcalətdən başını itirmiş şahzadə Prospero özünü dəhlizin dərinliyinə atdı; ancaq ölüm qorxusuna mübtəla olmuş saray adamlarından heç kim onun ardınca getmədi. Əlində siyrilmiş xəncər qaçan şahzadə qara otağın astanasında düşmənə çataçatda yad adam qəfil dönüb gözlərini ona zillədi. Tükürpədən bağırtı qopdu, əvvəlcə qaranlıqda parıldayıb-sönən xəncər, sonra da şahzadənin cansız bədəni matəm xalısının üstünə düşdü. Onda qorxudan qeyrətə gələn məclis əhli bütün cəsarətini toplayıb qara otağa axışdı. Ancaq saatın kölgəsində boyaboy donub qalmış bəduğur məxluqu ələ keçirər-keçirməz dəhşətlə duydular ki, hikkəylə yırtmaq istədikləri kəfənin də, qorxunc maskanın da altında heç nə yoxdu. Gələnin Qırmızı ölüm olduğuna daha kimsənin şübhəsi qalmadı. O, gecənin qaranlığında içəri oğrun girmişdi.
Qan çilənmiş ziyafət salonlarında əyyaşlar bir-birinin ardınca yerə döşənir, ölüm onları hansı vəziyyətdə haqlayırdısa, o halda da can verirdilər. Sonuncu kef əhlinin ölümüylə abnos ağacından qayrılmış saatın da səsi batdı, kürələrin də alovu söndü.
Sonra hər yerdə Zülmətin, Fəlakətin, bir də Qırmızı ölümün şəriksiz hökmranlığı başlandı.
Tərcümə edən: Fəxri Uğurlu