Eduardo Alfredo Saçeri argentinalı yazıçı və tarix professorudur. Daha çox “Gözlərindəki sual” kitabı ilə tanınıb və bu əsər əsasında çəkilən filmin ssenarisinin yazılmasında da iştirak edib. 2016-cı ildə Premio Alfaguara mükafatına layiq görülüb. Romanları ilə yanaşı bir neçə qısa hekayə toplusunun müəllifidir.
Nəhayət sevgisini etiraf etmişdi. Çox düşünmədən, düzgün sözlər seçməyə çalışmadan ürəyindəkilərini dilə gətirmişdi. Özü də elə qəzəbli danışmışdı ki, elə bil, qızın günahı var. Estebana qalsa, bəlkə də illərdir içini yandıran bu sevginin günahkarı elə o qız idi.
Qız ona inamsız baxırdı. İri, qara gözləri nəlbəki boyda olmuşdu. Yanaqları al-al olmuşdu, özü isə yarpaq kimi əsirdi. Esteban bilirdi ki, sona qədər davam etməkdən başqa çıxış yolu yoxdur. Ona görə də heydən düşənə qədər, səsi həyəcandan və qorxudan tutulana qədər danışdı, qızın gözəl üzünün metamorfozalarını – heyrət inamsızlıqla, inamsızlıq qəzəblə əvəzlənmişdi – görüb utanana qədər danışdı.
Etirafın sonunda gələn silləni normal qəbul etdi, çünki qızın üzündən onu hər cür cəzalandırmağa hazır olduğu hiss olunurdu. Sonra qız sanki içindəki çarəsizlik canavarını daha da doyuzdurmaq üçün çantasını düzəltdi və ağzına qədər dolu olan 93 nömrəli avtobusa mindi. Üstəlik, vəziyyəti bir da pisləşdirmək üçün avtobusun pilləsində üzünü çevirib dolmuş gözlərlə ona baxdı. Onu heç vaxt bağışlamayacağını anlamaq üçün dahi olmağa ehtiyac yox idi.
Necə etiraf edəcəyini təsəvvür edərək boşa sərf etdiyi gecələrdə dəfələrlə hər şey olub bitəndən sonra hansı halda olacağını xəyal etməyə çalışmışdı. Amma demək olar ki, heç vaxt bunu fikrində canlandıra bilmirdi. Onunla danışmaq o qədər çətin, o qədər imkansız görünürdü ki, elə bil, buna nail olduqdan sonrakı dəqiqədə başqa dünyaya keçmişdi; həmin bir dəqiqə başqa planetdə yaşanırdı.
Hələ yaşadığını, utancdan, təlaşdan və ümidsizlikdən ölmədiyini anladığı an onu əhatələyən kainatı yenidən qavramağa çalışdı. Ətrafda hər şey eyniydi, bunu inkar edə bilməzdi. Buenos Ayres olduğu yerdə qalırdı, lakin artıq bunun əhəmiyyəti yox idi. Səma alçaq, ağır buludlarla örtülmüşdü. Estebanı yüngülvari qəzəb hissi bürümüşdü, o, çəkdiyi əzablara qarşı gördüyü bu laqeydliyin haqsız olduğunu düşünürdü.
Mexaniki addımlarla avtobus dayanacağını tərk etdi və Leandro Alemi dolana-dolana meydana çatdı. Qız hələ də onun fikrini məşğul edirdi. Onun avtobus pilləsində ağlamağı, incik, qəzəbli və məyus sifəti Estebanı öz bədbəxtliyindən daha çox kədərləndirirdi.
Qəhvə içmək üçün sözləşdikləri axşamların birində heç nə olmamış kimi mayda evlənəcəyini demişdi. Əvvəl-axır bu günün gələcəyini bildiyi üçün ruhunda baş verən kataklizmləri üzdə göstərməməyi bacarmışdı. Hətta özünü ələ alıb, cəsarətini toplayıb ənənəvi suallar da verə bilmişdi: nə vaxt, hansı kilsədə, toy harda olacaq, bal ayı üçün haranı seçmişdi və s. Bundan sonra yataqda gözünü qırpmadan keçirdiyi üç gecəni özünü belə daha yaxşı olduğuna, artıq vaxtın gəldiyinə, Alexandronun o qədər də pis oğlan olmadığına, qızı həmişəlik itirməyin və unutmağın yeganə yolunun məhz bu olduğuna inandırmaqla keçirmişdi.
Ondan sonra bir neçə dəfə görüşmüşdülər. Onunla görüşməkdən qaçsaydı, şübhə çəkmiş olardı. Axı o həmişə Estebanı ən yaxın dostu hesab edib. Axı həmişə kişi ilə qadın arasında dostluğun mümkün olmadığını deyənləri birlikdə ələ salıblar. Axı həmişə haqlarında yayılan sevgi dedi-qodularına birlikdə gülüblər.
Bu dörd ay Esteban üçün hədsiz çətin keçsə də, tab gətirə bilmişdi. Onlar həmişəki kafedə görüşürdülər, o, qızın dərzi, gəlin buketi, soyuq qəlyanaltılar, yeməklərin qiyməti, dəvətlilər siyahısına görə düşən davalar barədə söhbətlərinə sakitcə qulaq asırdı. Esteban özü-özünə heyrət edirdi. Nə əcəbsə, bu qədər şeyə dözür, qızın üstünə qışqırıb səsini kəs, məndən əl çək, tikanlarınla içimi parça-parça eləmə demirdi.
Amma bazar ertəsi rəsmi nikah üçün zəng edəndə Esteban artıq dözə bilməyəcəyini anlamışdı. Ona yox deməyə, heç bir halda gələ bilməyəcəyini, birbaşa kilsədəki mərasimdə iştirak edəcəyini izah etməyə çalışdı. Amma qız həmişəki kimi onun niyətini pozmuş, müqavimətini qırmışdı. Bir də onda ayılmışdı ki, üçüncü gün Leandro Alemdəki lənətə gəlmiş kafedə görüşməyə razılaşır.
Qız yenə görüşə gecikmişdi, tələsdiyini, on dəqiqə sonra dərzi yanına getməli olduğunu desə də, qatmaqarışıq monoloqu düz yarım saat davam etdi. Çox qəribəydi. Amma Esteban bunu təbii sayır, evlilik ərəfəsində bütün qadınların belə olduğunu güman edirdi.
Esteban həmişəki kimi sakit dinləməyə çalışırdı. Amma özü ilə bacarmırdı, gələn cümədən sonra onun ölümcül, dönülməz və qəti şəkildə yadlaşacağı, bunun qarşısını almaq üçün heç nə edə bilməyəcəyi fikri onun içini gəmirirdi.
Axı bu qorxaqlığa məğlub olacağı aşkar idi. Onda niyə sevdiyini məyus etsin ki? Niyə onu incitsin, varlığına müdaxilə eləsin, onları birləşdirən gözəl dostluğa xəyanət etsin, qızı ondan imtina etməyə, özünü də üzr istəməyə, bağışla bilmirdim, necə olduğunu anlamadım deməyə məcbur etsin? Niyə qız ona mərhəmətlə baxsın, üzündə yazıq Estebanı anladığını bildirən ifadə olsun, unutmaq üçün ona necə kömək edəcəyini soruşsun?
Qız kilsə və rəsmi nikahın şahidləri arasındakı anlaşılmazlığın Marqaritanın möcüzəli müdaxiləsi nəticəsinə həll olunması barədə söhbətini bitirib susanda qəzəbdən və ağrıdan boğulan Esteban az qalmışdı ona təşəkkür eləsin. Qız barın üstündəki saata baxanda o şəkər paketinin son parçasını qəndqabıya atdı. Daha sonra ofisiantı çağırdı, hesabı ödədi və küçəyə çıxdılar. Həmişəki kimi avtobusa qədər ötürməyi təklif etdi, qız da gülümsəyərək qəbul etdi. Lakin tərslikdən qızın danışmaq həvəsi yoxa çıxmışdı.
Estenabanın ürəyi bulanmağa başladı. Ümid edirdi ki, bu əzabın son dəmləri qızın sonsuz söhbətlərinin axınında sürətlə ötüb-keçəcək. Ancaq bunun əvəzində sakitcə addımlayırdılar, qız yerə baxırdı, o isə gözünü boşluğa zilləyib öz içində heç olmasa, bir balaca itaət və ya cəsarət əlaməti tapmağa çalışırdı.
– Çatdıq, – dedi qız. Dayanacaqda bircə kök qadın gözləyirdi. Esteban avtomatik olaraq səkidən enib küçənin kənarında dayandı. Bu da həmişə elədiyi şeylərdən biri idi. Həm qızdan hündür olduğu üçün aralarındakı santimetrləri azaldıb qızın gözlərinə daha yaxından baxa bilirdi, həm də hər dəfə səkinin yaxınlığından avtomobil keçəndə Avqustina söhbətin ən qızğın yerində olsalar belə, instinktiv olaraq əlini uzadıb onun əlindən tutur və daha təhlükəsiz tərəfə çəkirdi; bu qayğı və yaxınlıq ifadə edən hərəkət onun narahatlıqlarını dindirirdi.
Lakin bu gün hətta bu köhnə vərdişlər belə ağrıkəsici təsiri göstərmirdi. Qız uzağı pis gördüyü üçün gözlərini qıyaraq irəli baxır, Poçt idarəsi tərəfdən gələn avtobusun hansı olduğunu təyin etməyə çalışırdı. Esteban isə içindəki zəlzələni dayandırmağa, artıq çərşənbə gecəsi olduğunu və əsas məsələnin bazar gününədək sağ qalmaq olduğunu düşünərək diqqətini toplamağa çalışırdı. Çünki artıq bozumtul bir illüziya ilə yaşayırdı, bəlkə də bu bədbəxt sevgi zamanın və məsafənin təsiri ilə yavaş-yavaş yox olacaq, dönülməz hadisələrin zəhərində boğulacaqdı.
Nəhayət 93 nömrəli avtobus Poçt idarəsi tərəfdə göründü və qız dodaqlarını sıxaraq qəribə şəkildə gülümsəyib “aha gəldi” dedi. Elə bil, o key idi, kor idi, elə bil, üstlərinə gələn nəhəng sarımtıl bədbəxtlik qalağını görmürdü. Bu avtobus asta gedən zolaqdan sürətliyə və əksinə keçərək ziqzaq vura-vura gəlir, özü ilə birlikdə ruhunun fəlakətini də gətirir, həyatının sevgisini aparmaq və ondan həmişəlik ayırmaq üçün yaxınlaşırdı.
Həmin anlarda qız əsrarəngiz sifətlə ona baxıb sağollaşanda, o, yenidən qızın ətrini içinə çəkəndə, qızın barmaqlarının öz barmaqlarına toxunduğunu, bu itkinin kataklizminə dözə bilməyəcəyini hiss edəndə, qarnının dərinliklərindən qalxan ağrı ilə birlikdə nəhayət ürəyindəkiləri deyəcəyindən əmin olanda, hər şeyin əhəmiyyətini itirdiyini, gizli sevgisinin aşıb-daşan okeanını daha içində saxlaya bilməyəcəyini, sussa, öz içindəkilərinin odunda yanıb-kül olacağını anlamışdı.
Esteban qızın qolundan yapışıb xahiş etdi ki, gələn avtobusa minməyib növbətini gözləsin, çünki ona sözü var idi. Qız gözlərini bərəldib baxdı, sanki bu dəfə Estebanın özünü gecikmiş həqiqətlərə doğru yoxuşaşağı buraxacağını anlamışdı. Esteban isə utanmağından utansa da, artıq bu qorxaqlığına öyrəşdiyi üçün düz qızın gözlərinin içinə baxıb onu sevdiyini dedi. Özü də bunu özünə bəraət qazandırmadan, düzgün sözləri seçmək üçün ləngitmədən etmişdi.
Esteban dedi ki, onu gördüyü ilk andan, yəni qız mavi kostyumu, səliqə ilə daranmış qara saçları ilə ofisə daxil olduğu, beşinci mərtəbədəki otağın xalçasında ayağı ilə cizgilər çəkib kəkələyərək özünü təqdim etdiyi dəqiqələrdən ona aşiq olub. Esteban dedi ki, masa arxasına keçdiyi ilk andan, onun dibsiz qara gözlərinin dənizinə qərq olduğu, uzun barmaqlı əllərinin soyuqluğu ilə tanış olandan bəri ona heyrandı.
O, yuxusuz gecələrinə qaçaq yollarla daxil olan, masasının ikinci siyirtməsində gizlənən, sayı iki yüz qırx dördə çatan və müxtəlif təsvirlər, metaforalarla dolu sevgi məktublarından, onların birini belə heç vaxt göndərə bilməyəcəyindən əmin olması haqqında danışdı. O, boş məşğələlərlə keçən bu beş ilin şirin əzablarından danışdı, səssiz qalaraq doğuracağı təəccübdən, rədd edilməkdən, qarşısıalınmaz vidadan qorunacağının bir ilğım olduğunu anladığını, son vida sınağına boyun əyməkdənsə, dilə gətirdiyi sevgi sözlərinin həzm olunmamağına üstünlük verdiyini dedi.
Esteban həqiqətin başgicəllənməsi və katastrofik sonun yaxınlaşması qorxusu ilə qızı yalın hisslərinin alovlu oxları ilə atəşə tutmağa başladı. O, sərbəst buraxdığı ürəyinin hərarəti ilə anladı ki, gündəlik istifadə olunan adi sözlər onun sevgisini ifadə etməyə bəs eləmir, buna görə də dayanmadan ağzına gələni deyir, iki yüz qırx dörd sevgi məktubunun qaralamalarından təsadüfən seçdiyi ifadələrlə qarışdırıb möhtəşəm improvizələr edirdi.
Qızın qarşısında donub qaldığını, inamsız gözlərlə ona baxdığını görüb dedi ki, əlindən heç nə gəlməsə də, heç olmasa, bu sevginin yükünün bir hissəsini öz üzərinə götürməlidir. Heç olmasa, ona bir şillə vursun, təhqir eləsin, üzünə tüpürsün, tərəfini seçsin, nəsə eləsin ki, hətta nifrət etsə belə, onun da bu sevgi və kədər bataqlığına batdığı anlaşılsın. Axı o istəməsə də, bu əbədi əzaba görə məsuliyyət daşıyan yeganə şəxs idi.
Esteban bir anlıq susdu, sanki onu bura qədər gətirib çıxaran nəhəng güc elə buradaca atıb yoxa çıxacaqdı. Lakin son gücünü toplayıb qızdan üzr istədi, dedi ki, əslində son ana qədər heç nə deməməyə qərar vermişdi, çünki ona hörmət edirdi, aralarındakı dostluğu pozmaq istəmirdi, qızda bu sevgiyə ikrah yaradaraq onu incitmək, səslərinin və söhbətlərinin təbiiliyini itirmək istəmirdi. Lakin burada 93 nömrəli avtobusa minməyə hazırlaşdığını görəndə anladı ki, onu buraxa bilməz, onu həmişəlik itirməyə dözə bilməz, ömrünün qalan hissəsini bu itkiyə dözərək, onunla bağlı detallardan, həyatındakı gündəlik dəyişikliklərdən, hamiləliyindən və uşaqlarından, valideynləri ilə görüşlərindən, Yeni ili və ya Kordoba tətilini necə keçirməyindən, saçını dəyişdirməyindən, yeni paltarlar almağından, gecənin qaranlığında sakitcə uzanan bədənindən xəbərsiz keçirə bilməz.
Nəhayət Esteban haldan düşüb susdu. Elə bu vaxt qız yarpaq kimi əsməyə başladı, ona şillə vurdu, ağzına qədər dolu olan 93 nömrəli avtobusa minib toyundan əvvəlki günü məhv etdiyi üçün baxışları ilə onu qınadı.
Esteban meydandakı skamyaya çöküb əlləri ilə başını tutdu, sanki bu gərginliyin böyük yorğunluğu onun oynaqlarını yumşaltmışdı. Ruhu iztirab və çarəsizlik içindəydi. Nəhayət özünü ən qorxduğu şəkildə görmüşdü: bütün kainatda tək qalmışdı, sevdiyindən, onun varlığını hiss etmək imkanından həmişəlik məhrum olmuşdu. Bayaq dediklərindən peşman olmasa da, anlamışdı ki, vicdan rahatlığının ürək rahatlığı ilə heç bir əlaqəsi yoxdur. Sonra bu kədər gözlərinə doldu, meydan da, Buenos Ayres də isti, duzlu göz yaşları ilə bulanıqlaşdı. Əvvəlcə özünü ələ almağa çalışdı. Lakin tənhalıq uçurumunun böyüklüyü, tənhalıq xarabalığının hüdudları aydın sezilməyə başlayanda, incikliyinin, kədərinin köklərini ən dərin yerə sancan çarəsiz fəryada mane ola bilmədi.
Yağış yağmağa başladı. Əvvəlcə yavaş-yavaş, iri və seyrək damcılar ağacların yarpaqlarını, çiçəklərin ləçəklərini döyəclədi. Yağış bir az güclənsə də, leysana çevrilmədi. Nəhayət Esteban bu islaqlığı hiss edib başını qaldırdı, ətrafa baxdı. Həmişəki kimi qaranlıq düşəndə Baxodakı adamlar çıxıb getmişdilər. Esteban daha ağlamırdı. Qızarmış gözlərini paltarının qolu ilə sildi.
Hara gedəcəyi barədə heç bir fikri yox idi. Kədərlə anlayırdı ki, həyata sıfırdan başlamalıdır, qızdan qalan boşluğu doldurmaq üçün yeni şeylər, yeni adamlar tapmalıdır.
Arxasını küçəyə çevirib çay kənarına tərəf addımladı. Bir neçə addımdan sonra ayaq saxladı, yağışın və avtomobillərin səs-küyü arasından öz adını eşitdiyini düşünüb özünə hirsləndi. Bəlkə də başqa bir Estebanı çağırırdılar. Bu qadın səsi olsa da, Avqustinanın səsinə bənzəsə də, bəlkə də nostalji və ümidsizlik ona belə çətin anlar yaşadırdı. Bəlkə də getdiyi cığırın narıncı daşlarından gələn tıqqıltı qızın aralarındakı məsafəni azaldan çəkmələrinin səsi yox, başqa bir şey idi. Bəlkə də o hallüsinasiya görürdü, bəlkə də arxaya çevrilib Avqustinanın təkzibedilməz və əllə tutulacaq qədər gerçək olduğunu, meydandan onun adını qışqıraraq qaçdığını, qəti şəkildə yazılmış gələcəyi öz əlləri ilə cırıb atdığını, Avqustinanın da başqa bir meydanda yağışdan islandığını, onun boynuna sarılıb göz yaşları içində güldüyünü, dodaqlarının odu ilə onun dodaqlarını yandırdığını, ilk sevgi sözlərini titrəyərək qulağına pıçıldadığını görməyə dəyməzdi.
İspancadan tərcümə edən: İlahə Əkbər