Bir neçə gün əvvəl “525-ci qəzet”in təcrübəçi tələbə gəncləri Toğrul və Sevillə birlikdə baş redaktorumuz Rəşad Məcidlə söhbətləşirdik. Söhbət ədəbiyyatdan gedəndə baş redaktorumuz təkidlə dedi ki, Kamal Abdullanın yeni “Kəklik” hekayəsini mütləq oxuyaq. “Hətta oxuyub keçməyin. Sizə bir iş tapşırım: həmin hekayə haqqında hər üçünüz də öz fikirlərinizi yazın. Görək, hansı maraqlı məqamlara toxuna bilirsiniz…”
Rəşad müəllim hekayədən o qədər həvəslə danışırdı ki, elə bil, gözümün qarşısında bir insan silueti yaratmışdı. Onu heç görməmişdim, çoxlu tərifləmişdi, mən də həmin adamı görmək istəyirdim.
Hekayənin məzmunu ilə tanış olduqdan sonra yaşadığım “deja vu” məni silkələdi.
Hə, lap elə “deja vu”! Yadımdadır, bu hissi bir dəfə də “Mihriban” türküsünü ilk dəfə dinləyəndə yaşamışdım. “Kaş mənim də sevdiyim qızın adı Mehriban olaydı…”
Amma illər keçir deyədir, ya nədir bilmirəm, fərqinə vardım ki, həmin cümlə bir qədər mutasiyaya uğrayıb. “Kaş mən də Kəklik adında qız sevə biləydim…”
Mövzudan yayınmadan onu deyə bilərəm ki, buradakı “kaş” hekayədəki Kəklik obrazına münasibətdən yaranmayıb. Hekayənin sanballı olması bunu tətikləyən əsas amildir. Həm də dərinə getsək, Kəklik – Rəşad üçün sadəcə oxuduğu hekayədəki obraz, mənim üçün isə oxuduğum hekayədəki obrazın oxuduğu hekayədəki obrazdır. Müəllif əslində bununla, bir növ oxucularını mərcimək dənələrini seçib təmizləyən kimi seçir.
Əlbəttə, söhbət “Kəklik” hekayəsinin müəllifi Kamal Abdulladan gedir, Rəşadın oxuduğu kitabın müəllifindən yox. Amma bir həqiqət də var. Ustalıqla edilən təsvirdən sonra nəticəyə gəlmək olar ki, Rəşadın oxuduğu həmin kitabın müəllifi də Kamal Abdulladır. Hətta həmin hekayədə Rəşadın nə vaxtsa oxuduğu kitab kimi adı çəkilən “Ovod”un, “Soldu nar çiçəkləri, indi nar yetişəcək…” misralarının da müəllifi Kamal Abdulladır. Hansı ki, burada ustalıqla verilmiş sintez məsələsindən söhbət gedir.
Hekayənin məzmununda diqqətimi ən çox çəkən məqamlardan biri Rəşadın kitab oxumağı sevməməsi detalının müəllif tərəfindən qabardılmasıdır. Yəni, Rəşada illər sonra həmin kitabı oxutduran da öz sevdiyinə olan bağlılıq idi. Əsas obrazın adının sevgilisinin adı ilə eyni olması onun üçün kifayət edirdi ki, o, həmin kitabı oxusun. Kitabın sonunun necə bitəcəyini öyrəndikdən sonra isə onun üçün heç bir mənası qalmamışdı – kitabın da, sevgilisinin də.
Hekayəni oxuduqdan sonra fikirlərini bölüşən Sevil Gülməmmədova dedi: “Bəzən elə kitablar olur ki, bütün həyatımızı dəyişir. Mütləq deyil ki, bu dəyişim üçün kitabı bitirək. Bir cümlə, bir söz belə bəs edə bilir. Eynilə, Rəşada “qatil Kəklikdir” cümləsinin bəs etdiyi kimi…
Hekayə bir anda insanı özünə bağlayır. Məsələn, Rəşadın oxuduğu kitabı görməsəm də, oxuduğu kitabdan xəbərim olmasa da artıq qatilin kimliyi mənə də maraqlı gəlmişdi. Lakin qatilin Kəklik olmasının Rəşadın öz sevgilisi ilə münasibətinə təsir edəcəyini heç gözləmirdim. Eyni zamanda hekayənin sonunda kəkliyin cümlələrindən gəldiyim nəticəyə əsasən, Rəşadın qərarında yanılmaması məni ümumiyyətlə təəccübləndirdi. Rəşadın dediyi kimi, “qatilin ruhu addan ada keçmişdi”.
Mənə görə, bir kitab insanı ya öldürər, ya da yaşadar. Əlbəttə, söhbət yaxşı kitabdan gedir. Rəşada isə doğru yolu tapmağa, bir növ “yaşamağa” kömək etdi. Bu o deməkdir ki, verəcəyimiz müəyyən qərarlar kitablarda gizli ola bilər”.
Toğrul İsmayıllının isə hekayə barədə təəssüratı belə oldu: “Hekayədə insan həyatında ədəbiyyatın rolu aşikaranə şəkildə nümayiş olunub. Rəşad oxuduğu kitab sayəsində həyata fərqli prizmalardan baxmağa başlayır. Nəticədə onun düşüncələrində dəyişikliklər olur. Bədii ədəbiyyatın insan həyatına təsiri burada da özünü göstərir. Maksim Qorki yazırdı ki, ədəbiyyatın məqsədi insanın özünü başa düşməsinə kömək etmək, özünə inamını artırmaq və onda həqiqətə can atmaq, insanlarda vulqarlıqla mübarizə aparmaq, onlarda yaxşılıq tapa bilmək, utanc oyatmaqdır. Hekayədə Rəşad oxuduğu kitabın obrazı olan Kəkliklə öz sevgilisi olan Kəkliyi müqayisəsini görürük. Rəşad onların oxşar və fərqli xüsusiyyətlərini fikirləşir. Kitabdaki Kəklik öncə öz sevgisinə sədaqəti, dönməzliyi ilə diqqət çəkir. Rəşad isə öz Kəkliyinin də bu qədər sadiq olub-olmadığını düşünür. Müxtəlif hadisələrdən sonra Kəkliyin öz sevgilisinin qatili olduğunu öyrənən Rəşadın sanki dünyası başına yıxılır və öz sevgilisi olan Kəklikdən də uzaqlaşır. Ən sonda isə Rəşadın aldığı doğru qərarın şahidi oluruq, hansı ki, Kəklik də bu qərarı özü-özlüyündə təsdiqləyir”.