Otaq 23.
*
Otel otağının çirkli pəncərəsindən sürətlə evlərinə tələsən insanlara baxıram. Alatoranlığın gecəyə qovuşduğu radələrdi. İşıq dirəklərindən şəhərə süzülən solğun, ölü və ümidsiz narıncı işığın altında boş küçələrin kədərli sakinləri olan itlər hürüşür; uzaqlarda gözdən sonuncu avtobuslar itir, biri səkinin kənarıyla taksiyə tərəf qaçır, magistralda maşınlar bir-birilərini ötüb, gözdən itirlər. Bu şəhərin gecələri musiqsizdir; bu şəhərin qaranlığı həyatı yuxuya dəyişənlərindir; gecəsi olmayanın hekayəsi yoxdur; gecənin mövzusu, həyatdır. O gecə və həyat ki, səhərlər əsla onun davamı deyil.
*
Otel “AMOUR”. Otaq 23. Köks ötürüb onu gözləyirəm. Nəfəsimdən pəncərəyə kədərin dumanı yayılır. Gözləməyin ən dözülməz anı. Köks ötürmək, iç sıxıntısının ən saf, ən sadə ifadəsidir; nəfəs o an hüznün ən pik epizoduna, narahatçılığın səbrdən daşdığı momentə, sükutun unudulmasına təsadüf edər. Bir də, xoş və gözəl duyğulardan, ələlxüsus da ümiddən sonra, insanın bir köks ötürməsi də var ki, o da anın daxilində ifadə edilməsi çətin yanğı daşıyar.
Otel “AMOUR”. Otaq 23. Mən onu gözləyirəm. Gözləməyin ən lirik pozası pəncərə kənarlarındaki görüntülərdir. Gözün yol çəkir – deyərdi anam; mən diksinib, ona qayıdardım. Üç il, yeddi ay, on doqquz gün sonra – görəsən çox dəyişmişdi? Ovcum pəncərənin kandarına söykəli içimdəki yeganə sualı fikirləşirdim: Axı biz nə danışacaqdıq? Deyiləcəklər illər əvvəl, artıqlamasıyla deyilib qurtarmayıb? Bəlkə də yox; söz hər şeydən əvvələ aiddir, yolun sonunda deyiləcək söz hər zaman var; yetər ki, insan, o həlledici sözü xatırlasın.
*
Xatırlamaq. Yaddaşın tək günahı unutmaqdır. Gəncliyimi xatırlayırsan? – deyə sual edərdi anam; mən yenə də diksinər, üzünə baxar, onun unudulmuş fotoalbomlardakı gəncliyi ilə yuxuladığım gecələri xatırlayardım. Sən fotolarda necə də gözəlsən… Həyatım uzun illəri xatırlamağa aid olub. İnsanın yaddaşı hər şeyin çox uzağında qəribə bir ədalət simasına bürünər, sonra isə eləcə sevginin bulanıq izlərini xatırlamağa meyillənər.
O, görəsən, məni bağışlaya bilər?
*
Paltomun ciblərini tez-tez (ifadə edilməsi çətin olan sahiblik həzzi ilə) yoxlayırdım. Orada idi, barmaqlarımın arasında. Onları baş və işarət barmaqlarımda gəzdirir, yerlərini dəyişdirməyin həyəcanını hiss edirdim. Bizə saatlar sonra cənnətin qapısını aralayacaq açarları əllərimin içində hiss etmək, onları qorumaq, üzümdə keçmişdən xatırladığım bir təbəssüm yaradırdı.
*
Otaq 23. Biz ilk dəfə bu otaqda, bu çarpayıda sevişmişik. Mən onu ilk dəfə bu otaqda sevmişəm. Mən ona ilk dəfə bu otaqda xəyanət etmişəm. Çarpayıda uzanıb, onu düşünürəm. Əllərini, nəfəsinin istiliyini, dodaqlarındaki təri, qəhvəyi döş gilələrini, ona özgəsinin adı ilə səsləndiyimi, kiçik qulaqlarını, baldırını sıxdığım anı, boğazındakı udqunmanı, ağzındaki iki siqareti xatırlayıram.
İlahi. Qəribədir, yox? Görəsən niyə? Üç ildən sonra onun əllərinə, qısa saçlarına, unutduğum səsinə qovuşacağım üçün xoş hislər içindəyəm, ya əksinə, paltomun cibində tərləyən əllərimlə sıxdığım cənnətin açarları üçün? Mənim həyatım özünü aldatmağın tarixidir.
*
Çarpayıda tək və səssiz, yan otaqlardan duyulan sevişmə səslərini dinləyirəm. Gözləməyin ən ehtiraslı anı. Qulaqların koridordaki hər addımı, hər səsi bütün gücüylə təqib etməsi; addımları saymaq və o addımların başqa otaqlara – başqa hekayələrə yönəldiyini dərk etdiyin an.
Görəsən gələcək?
*
Yox. O, gəldi. Eh, ədalətsiz həyat. Sən axı onu necə belə dəyişmisən? Uzun, boz, nimdaş paltosu və ilk həyəcanlı vaxtlarımızdaki kimi – makiyajsız, solğun üzü. Üzündəki ifadələr bir-birilə toqquşub. Mən hansına inanmalıyam? Çox sevdiyim barmaqlarının arasında tutduğu viskini bir nəfəsə içir, mən onun boğazındaki hərarəti ürəyimdə hiss edirəm.
*
Həyat necə gedir? Gülümsəyir. Yaxşıdır hər şey. Deyil axı, görürəm. Xoşbəxtdir? Aha. Çox. İlahi, o, heç vaxt xoşbəxtliyi hiss edə bilməyib. İşi necədir? Sıxıcı. Bəs sevgilisi? Onunla azadam. Barmaqlarında unudulmaqdan sönmüş siqaretini pəncərədən çöldəki itlərə sarı tullayır. Elə sərt, elə kədərlə ki, bu hərəkətdə bir keçmişin bütün ağrılarını görmək olardı. Gözlərim dolur. Göz yaşlarım dildə quruyan dua kimi səssizcə göz bəbəklərimdə quruyur. Sənin üçün çox darıxmışam. Dodaqlarında kiçik, halqavari təbəssüm yaranır və mən bu təbəssümdə ölümü hiss edirəm.
Ax, qadın təbəssümləri necə də siyasidir!
*
Onu qucaqlayıram. O isə hərəkətsizdir, ovuclarını sıxıb, ürək döyüntülərini sinəmdə hiss edirəm. Göz aldadar. Sözlər aldadar. Əllər –ələlxüsus onlar qucaqlayırsa – bədənin ən dürüst etirafıdır.
*
Onunla köhnə oyunumuzu oynayırıq. Əllərimi gözlərinin qarşısında tuturam. Düşünür, gözlərimə baxır, dilini dodaqlarında gəzdirir və sağı seçir. Sarı – happy end. Mavi isə mənimdir. Çiynindən tutub onu pəncərənin qarşısına gətirirəm. İkimiz də çöldəki solğun, narıncı işığın üzümüzə yansıtdığı hüznün altında cənnətin açarlarını dilimizin üstünə qoyur və gözlərimiz açıq, illərin uzaqlığı və ədalətsiz həsrəti ilə, yavaşca, cazvari ritmlə öpüşürük. Sarı mənə, mavi isə ona düşür. Hər şey bir azdan başlayacaq…