Elnarə Qaragözova
AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun
aparıcı elmi işçisi
Fil.f.d
ARXETİPLƏR – milli ədəbiyyatin identifikatoru
Ədəbiyyatşünaslıqda ədəbiyyatın tədqiqi üçün müxtəlif dövrlərdə fərqli konsepsiya və metodlardan istifadə edilmişdir. XX əsrdən etibarən ədəbi mətnlərin tədqiqinə digər istiqamətlərlə yanaşı psixoanaliz mövqeyindən yanaşma da aktuallaşmışdır. Z.Freydin müəllifi olduğu psixoanalizlə bağlı tədqiqatları yeni müstəviyə çıxaran Yunqun fərziyyəsinə görə kollektiv şüursuzluq ilkin psixi obrazlar olan arxetiplərdən ibarətdir. Anadangəlmə fikir və təəssüratlar olan arxetiplərin sayəsində biz rastlaşdığımız konkret situasiyalara müəyyən emosiya və davranışlarla cavab veririk. Müasir dövrdə arxetiplər və arxetipik motivlər bir çox ədəbiyyatşünaslar, sənətşünaslar, psixoloqlar, psixiatrlar, marketoloqlar və filosoflar tərəfindən öyrənilməkdədir. Ümumiyyətlə, arxetiplərə maraq yalnız Azərbaycan ədəbiyyatşünaslığında deyil, ümumdünya ədəbiyyatşünaslığında son dövrlərdə xüsusilə aktuallıq kəsb edir və bu sahədə tədqiqatlar getdikcə artmaqdadır. Bu sayədə dünya ədəbiyyatlarının bir-biri ilə əlaqələri daha da möhkəmlənir və digər ədəbiyyatları öyrənən tədqiqatçılar müəyyən süjetlərin müxtəlif ədəbiyyatlarda fərqli formalarda təkrarı məsələsinə diqqət ayırmağı vacib hesab edirlər. Dünyada gedən qloballaşma və beynəlmiləlləşmə prosesləri fonunda müxtəlif ədəbiyyatlar arasında əlaqələrin intensivləşməsi özünü daha qabarıq biruzə verməyə başlamışdır. Bu səbəbdən də bir tərəfdən dünya ədəbiyyatı ilə qarşılıqlı müqayisə və təhlilləri təmin edən, digər tərəfdən milli ədəbiyyatın özünəməxsusluğunu vurğulayan arxetiplərin araşdırılması vacib məsələlər sırasına daxildir.
Azərbaycan ədəbiyyatında arxetiplərin əksi özünü iki səviyyədə göstərir:
1]Müəyyən arxetiplərin əsərlərdə birbaşa istifadəsi. Məsələn, dəyirman arxetipi, dərviş arxetipi, ağac arxetipi, su arxetipi, «oxşar» arxetipi, «əlyazma» arxetipi və s.
2] Arxetipik bir süjetin, obrazın yeni yaradılan əsərdə tam fərqli şəkildə, yeni formada göstərilməsi.
Müasir Azərbaycan ədəbiyyatı nümunələrində su arxetipi çox intensiv işlənir. Elçinin “Dəyişmə” hekayəsində su arxetipi bütün yönləri ilə əks olunmuşdur. Vaqif Səmədoğlunun poeziyasında su arxetipi xüsusilə intensiv işlənir. Şair üçün dəniz həyatın, ömrün simvoludur. Vaqif Səmədoğlu üçün yağış “şüur seli”dir, şüuraltıda unudulmuş, yaxud unutduğuna inandığı hisslərin, duyğuların geridönüşüdür.
Ədəbiyyatda rast gəlinən maraqlı obrazlardan biri olan dərviş obrazı Azərbaycan ədəbiyyatında ikili – mənfi və müsbət kontekstdə təsvir olunr. Müdrik qoca arxetipinin modifikasiyası olan bu obraz yalnız folklor mətnlərində deyil yazılı ədəbiyyatda da metamorfoza uğrayır. İsa Hüseynovun “Məhşər” romanında da iki fərqli səciyyədə təqdim olunur: hürufi-sufi dərvişlər və Əmir Teymurun qara dərvişləri. Birincilər ilahi eşqin, haqq yolunun dərvişləridir, ikincilər isə casus və zülmkardırlar. M.F.Axundovun “Hekayəti Müsyö Jordan Həkimi-Nəbatat və Dərviş Məstəli Şah Cadükuni Məşhur” əsərində dərviş Məstəli şah da cadugərliklə məşğul olur. Maraqlıdıır ki, Kamal Abdullanın “Sehrbazlar dərəsi” əsərində də dərvişlər sehrbaz, şaman funksiyasını yerinə yetirirlər.
Ədəbiyyatımızda rast gəlinən maraqlı arxetiplərdən biri olan dəyirman arxetipi də ambivalent keyfiyyətə malikdir. İlkin etapda yalnız bərəkəti, xeyri ifadə edən bu arxetip modifikasiyaya uğrayaraq, şərin məkanına çevrilmişdir. Azərbaycan ədəbiyyatında dəyirman arxetipinin şər yönümünü, modifikasiyası M. Süleymanlının “Dəyirman” və “Şeytan” əsərlərində izlənilir.
Türk mifoloji təfəkkürü ilə bağlı arxetiplərdən biri olan ağac XX əsr Azərbaycan ədəbiyyatında maraqlı və dolğun yaradıcılığı ilə özünəməxsus yer tutan Bəxtiyar Vahabzadə yaradıcılığında geniş işlənmə tezliyinə malikdir. Bəxtiyar Vahabzadə yaradıcılığında ağac arxetipi aşağıdakı formalarda təzahür edir:
- Eşq həyat ağacına, insanlar isə bu ağacın barına bənzədilir.
- İnsan ağacla eyniləşdirilir, ağac insanın simvoluna çevrilir.
- İnsan ömrü ağaca, yarpaqlar isə ömrün günlərinə bənzədilir.
- Ağaca bənzədilmə çox zaman birliyi, bir kökdən gəlməni vurğulayır.
Bir çox mədəniyyətlərdə insanın və heyvanların “oxşar”larının mövcudluğuna inam özünü göstərir. “Oxşar” obrazının yaranması qədim mifoloji köklərə dayanır və bu obraz ədəbi mətnlərdə çox zaman insanın mənfi səciyyəli əkizi, faciəli mövzu ilə bağlı olaraq əks olunur. Fikrimizcə, “oxşar” arxetipi Yunqun kölgə arxetipinin təzahür formasıdır. Kölgə arxetipi bir tərəfdən fərdi, digər tərəfdən də kollektiv şüursuzluğa söykənir. Siyasi “oxşar”ların ədəbiyyatda əksini müqayisəli tədqiqi K. Abdullanın “Yarımçıq əlyazma” və L. Feyxtvangerin “Yalançı Neron” əsərlərinin timsalında maraqlı nəticələr əldə etməyimizə imkan yaradır. Fikrimizcə, hər iki oxşarın – Xızırın və Terrensinin ölümü arasındakı fərq və oxucunun (eləcə də yazıçının) bu obrazlara münasibəti onların oxşar (kölgə) rolunu oynadıqları zaman həm də daxillərindəki kölgələri ilə apardıqları mübarizənin yekunu kimi qiymətləndirilə bilər.
Azərbaycan və dünya ədəbiyyatında rast gəlinən maraqlı arxetiplərdən biri də “əlyazma” arxetipidir. Qeyd etmək lazımdır ki, bu arxetip XX əsr ədəbiyyatında da özünəməxsus şəkildə təzahür etmişdir. Rus ədəbiyyatında M. Bulqakovun yaratdığı və müəyyən məqamlarda Hötenin “Faust”u ilə səsləşən “Master və Marqarita” romanında da əsas obrazlardan biri “əlyazma”dır. Ədəbi mətnlərdə “əlyazma” arxetipinin bir neçə növü öz əksini tapmışdır. Bu təzahürlərindən biri də məktubdur. “Əlyazma”nın bu növü əsasən şəxsi xarakter daşıyır. Gündəlik bu baxımdan daha da mübhəmdir. Əgər digər növlərinin nə vaxtsa sosiallaşması, cəmiyyətə təqdimi nəzərdə tutulursa, gündəlik məxfilik pərdəsi altında gizlənir. Fikirlərin daha sərbəst, cilalanmamış olduğu gündəlikdən fərqli olaraq məktubda müəyyən qayda-qanun gözlənilir. Hətta tarixən məktubun şablon formaları, ifadələri də yaranmışdır [“Poçt qutusu” hekayəsindəki məktub şablonu və s.]. Müasir ədəbiyyatda məktub daha yeni və fərqli funksiyada çıxış edir: insanın özü ilə dialoq vasitəsi. Burada diqqətə çatdırmaq istərdik ki, bu insanın sadəcə özü ilə deyil, şüuraltısı ilə dialoqu şəklində təzahür edir. Azərbaycan ədəbiyyatşünası və yazıçısı A.Talıbzadənin “Kəpənək modeli-102” əsərində qəhrəman öz uşaqlığı ilə «e-mail» vasitəsi ilə məktublaşır. Əsərdə Oqtay öz uşaqlığı olan Əsədlə eyni zaman kəsiyində təsvir olunur. Əvvəlki zaman-məkan ardıcıllığı pozulur, müxtəlif zamanlarda baş vermiş və ya baş verə biləcək hadisələr bir zaman dilimində paralel şəkildə göstərilir.
Y.Səmədoğlunun “Qətl günü” əsərində də itmiş «əlyazma» obrazı təsvir olunmuşdur. “Əlyazma” arxetipinin tədqiqi baxımından U.Ekonun “Qızılgülün adı” və K. Abdullanın “Yarımçıq əlyazma” əsərlərinin müqayisəsi maraqlı məqamları üzə çıxarmaqda üçün böyük əhəmiyyət kəsb edir. U. Ekonun təsvir etdiyi “əlyazma” yanaraq külə dönürsə, K. Abdullanın tapdığı “əlyazma” yenidən “əlyazma”lar fondunda naməlum və isimsiz şəkildə varlığını davam etdirir. Əgər Eko oxucuya “əlyazma”nın son taleyini göstərirsə, K. Abdulla oxucunu “əlyazma”nın taleyi ilə bağlı fikirlərlə baş-başa qoyaraq əsərini tamamlayır. Məntiqi olaraq “əlyazma”nın sonrakı taleyi ilə bağlı müxtəlif oxucu versiyaları və beləliklə əsərin mümkün sonluq variasiyaları meydana gəlir. Belə demək mümkünsə, əsərin virtual həyatı davam edir.
Azərbaycan ədəbiyyatında “fanat mətni” – “fan-fiction” və “hipermətn”. “Hipermətn” anlayışı elmə XX əsrin 60-80-ci illərində Teodor Nelson tərəfindən daxil edilmişdir. Onun fikrincə «hipermətn»in əsas xüsusiyyəti ardıcıllığın olmaması və istifadəçinin mətndə gözlənilməz keçid etməsindən ibarətdir. Azərbaycan ədəbiyyatında Afaq Məsudun 2000-ci illər yaradıcılığında hipermətn nümunələrinə rast gəlinir. Məsələn, yazıçının 2003-cü ildə qələmə aldığı “Can üstə” adlı hekayəsi və eyni adlı pyesi buna bariz nümunədir. Qeyd edək ki, hekayə daha çox realist notlar üzərində köklənib. Afaq Məsudun eyni adlı və eyni mövzulu pyesində isə hadisələr bir qədər fərqli şəkildə cərəyan edir. Pyes sələfi olan hekayədən fərqli olaraq mistik məqamlarla zəngin bir əsərdir. Hekayə qoca ilə yazıçı arasında dialoq yaranmır, pyesdə isə qoca ilə yazıçı açıq mükaliməyə girişirlər və hər biri özünü haqlı çıxarmağa çalışır. Afaq Məsudun hər üçünün qəhrəmanı eyni obraz – Qulam Hüseynli olan “Müvəkkil Vaysman”, “Dahi” və “S.V.A.C.O.” hekayələri də Azərbaycan ədəbiyyatında hipermətnin ilk nümunələrindən hesab oluna bilər.
“Fan” – ingiliscə “fanat”, “azərkeş”, “ventilyasiya”; “fiction” isə “bədii əsər” deməkdir. Azərbaycan ədəbiyyatında bu forma yeni yarandığından və buna uyğun gələn termin olmadığından bu janra uyğun əsərləri dünya ədəbiyyatında qəbul olunmuş şəkildə “fan-fiction” (“fanat mətni”) kimi qeyd etmək, mötərizədə isə kalka yolu ilə tərcümə olunmuş variantını göstərmək qərarına gəldik. “Fan-fiction” (“fanat mətni”) hər hansı məlum əsərə oxucular tərəfindən düzəlişlərin edilməsidir. Oxucu əsərdə hansısa obrazın taleyini dəyişdirə, yaxud tam fərqli xarakterdə təqdim edə bilər. Belə ki, oxucu əsəri oxuyarkən onun mətnə öz münasibəti yaranır və o öz versiyasını “fan-fiction” (“fanat mətni”)vasitəsilə təqdim edir.
Azərbaycan ədəbiyyatında professional yazıçılar tərəfində kanonik mətnlər əsasında yazılan “fan-fiction”lara misal olaraq K. Abdullanın “Yarımçıq əlyazma”, İlqar Fəhminin “Qarğa yuvası”, Günel Anarqızının “Altıncı”, Ziyad Quluzadənin “Kəpənəkdoğan”, Mirmehdi Ağaoğlunun “Görüş” romanlarını göstərmək olar.
Beləliklə yuxarıda qeyd etdiyimiz kimi hal-hazırda XXI əsrin əvvəlləri Azərbaycan ədəbiyyatında arxetipin iki yeni təzahür forması – “fan-fiction” (“fanat mətni”) və “hipermətn” özünü göstərməkdədir. Arxetipin yeni formada təzahürlərinin tədqiqindən belə nəticəyə gəlmək olar ki, müasir Azərbaycan ədəbiyyatının növbəti inkişaf mərhələlərində arxetiplərin yeni struktur formalarının meydana çıxması mümkündür.