Sim-sim.az Elnarə Qaragözovanın “Kamal Abdullanın və Lion Feyxtvangerin yaradıcılığında “Kölgə” arxetipi” yazısını təqdim edir.
İnsan özünü dərk etdiyi qədim zamanlardan bəri öz oxşarının mövcudluğuna inanmışdır. Bir çox mədəniyyətlərdə insan və heyvanların oxşarlarının mövcudluğuna inam özünü göstərir. Oxşar obrazın yaranması qədim mifoloji köklərə dayanır. Lakin oxşar obrazı çox zaman insanın mənfi səciyyəli əkizi, faciəli mövzusu ilə bağlıdır. Məsələn, alman folklorunda belə bir obraz doppelganger (hərfi tərcüməsi phantom əkiz) adlanır. Bəzi inanclara görə, doppelganger xəstəlik və ya təhlükə ehtimalı olduqda insanın dostlarına və ya qohumlarına görünür. Şotlandiya folklorunda da oxşar doppelganger kimi təzahür edir. Norveç mifologiyasında bu «vardøger» adlı sirli kabus kimi meydana çıxır.
Ədəbiyyatda bu motiv xüsusilə XIX-XX əsrlərdə inkişaf etmişdi. Bir çox bədii nümunələrdə oxşar əsasən şeytani əkiz kimi meydana çıxır. Onun görünməsi bəzən qəhrəmanın tezliklə öləcəyini xəbər verir. Oxşar çox zaman insanın «qaranlıq tərəfi», alter ego, düşmən kimi səciyyələnir. Doppelgangerlərə Hofmanın əsərlərində, Puşkinin “Vasilyevski adasında tənha ev”, Odoyevskinin “Silfida”, Qoqolun “Şinel”, Dostoyevskinin “Oxşar”, C.Hoqqun “Bağışlanmış günahkarın tövbəsi”, Edqar Ponun “Vilyam Vilson”, “Qara pişik”, R.L.Stivensonun “Sahibkar Ballatre” əsərlərində rast gəlinir. “Dualist mifologiyada Dünyanın ən arxaik strukturu bir-birinə qarşı duran cüt kosmik simvol və ya əlamətlər (günəş – ay, kişi – qadın, sağ – sol) vasitəsilə təsvir olunur. Demək olar ki, bütün folklor və mifoloji sistemlərdə, əkizlərin, ikiliyin olması aydın görünür. İnkişafın erkən mərhələlərində olan cəmiyyətlərdə oxşar motivi çox zaman ölümdən sonra həyat fikirləri və dəfn ritualları ilə bağlı olur” [1, s. 141]. İnsanın qeyri-maddi oxşarı olan “Ka” haqqında Misir konsepsiyası da maraqlıdır. “Lakin Avropalı həmkarından fərqli olaraq misirli Ka qeyri-adi, çox yönlü bir fenomen deyil, kifayət qədər təbii qəbul edilir və heç bir mistik dəhşəti özündə ehtiva etmir” [2, s. 213]. Maraqlıdır ki, Kafkanın “Qəsr” romanında da baş qəhrəmanın adı K (Ka) kimi qeyd olunur. Bir çox tədqiqatçıların fikrincə, K məhz Kafkanın özünün prototipidir. Fikrimizcə, «oxşar» arxetipi Yunqun kölgə arxetipinin təzahür formasıdır.
Kölgə insan həyatının qaranlıq tərəfi ilə eyniləşdirilir və buna görə də Freydin orta cins – “o” ilə ifadə etdiyi anlayışa uyğun gəlir. Kölgə arxetipi bir tərəfdən fərdi, digər tərəfdən də kollektiv şüursuzluğa söykənir. Yunqun fikrincə, “Şeytan Kölgə arxetipinin variantıdır, yəni insanın etiraf edilməyən, qaranlıq, təhlükəli yarısıdır” [3, s. 101]. Kölgə daim azadlığa can atır. Lakin persona arxetipi – insanın sosial maskası onun qarşısını alır. Kölgə və persona daim tarazlıqda olmalıdır. Kölgəni sıxışdırmaq, personanın daha kəskin formada təzahürünə yol vermək olmaz. Əks halda bu antaqonizmə və nevroza gətirib çıxara bilər. Fikrimizcə, Azərbaycan və dünya ədəbiyyatında rast gəlinən kölgə arxetipinin təzahür formalarından biri olan siyasi oxşarların ədəbiyyatda əksinin araşdırılması olduqca maraqlı məqamların üzə çıxmasına kömək edəcəkdir. Hesab edilir ki, qədim dövrlərdən başlayaraq hakimiyyətdə olan şəxslərin daima gizli saxlanılan oxşarları olmuşdur. Bu oxşarlar çox zaman müxtəlif mərasimlərdə, görüşlərdə, yaxud siyasi liderin həyatına təhlükə yarana biləcək məqamlarda onu əvəz edirdilər.
Hətta Napoleonun bir deyil, bir neçə oxşarının olduğu haqqında versiyalar mövcuddur. “Bəzi əfsanələrə görə, Müqəddəs Yelena adasında 1821-ci ilin 5 mayında vəfat edən Napoleon deyil, onun oxşarı olan Napoleon ordusunun kapralı Robo olmuşdur. İmperatorun özü isə ömrünün qalan hissəsini İtaliyada keçirmişdir” [4]. Siyasi oxşarlar dünya ədəbiyyatında da geniş şəkildə əksini tapmışdır. B.Prusun “Firon” əsərində XIII Ramses öz oxşarı olan yunan Likon ilə qarşılaşır. Kahinlər Ramsesin yerinə Likonu hakimiyyətə gətirmək istəyirlər. Lakin Likon Ramsesə sui-qəsd edərkən Ramses onu boğaraq öldürür, Likon son nəfəsdə Ramsesi qarnından yaralayır. Ramses əsgərlərin qollarında keçinir. Robert Xaynlaynın “Oxşar” adlı romanında istedadlı aktyor Lorenso Smitə keçici müddətə müxalif partiya tərəfindən oğurlanmış siyasətçi Con Cozef Bonfordun yerinə keçməyi təklif edirlər. Lorenso məxfi şəkildə Bonfordun yerinə mərasimlərdə iştirak edir, mətbuat konfransı keçirir, rəsmi mərasimlərdə çıxış edir. Lorenso öz rolunu çox məharətlə ifa etdiyindən imperatordan başqa heç kəs onun Bonford olmadığını hiss etmir. Lorenso Bonfordun yerinə çıxışlar hazırlayarkən, onun üslubunda nitq yazmağı mükəmməl şəkildə öyrənir, hətta onu üstələyir. Nəhayət, Bonford tapılır, lakin onun səhhəti ağır olduğundan Lorenso seçkilərdə də onun oxşarı rolunu davam etdirməli olur. Partiya seçkilərdə qalib gəldikdən dərhal sonra Bonford vəfat edir. Ölən siyasətçinin həmkarlarının dəstəyini qazanan və əsl Bonfordun siyasi ideyalarına yiyələnmiş Lorenso siyasi istedadda da Bonforddan geri qalmır və onun vəzifəsini tutur. A.N.Tolstoyun “Mühəndis Qarinin hiperbeloidi” romanında isə Qari qatillərdən gizlənmək üçün öz oxşarlarından istifadə edir və nəticədə sağ qalır.
Biz siyasi oxşarların ədəbiyyatda əksini K.Abdullanın “Yarımçıq əlyazma” və L.Feyxtvangerin “Yalançı Neron” əsərlərinin müqayisəli təhlili əsasında araşdırmağa çalışacağıq. Azərbaycan ədəbiyyatında Səfəvilər dövlətinin banisi, hökmdar-şair Şah İsmayıl Xətainin bədii obrazı Ə.Cəfərzadənin “Bakı-1501”, F.Kərimzadənin “Xudafərin körpüsü”, “Çaldıran döyüşü”, Ə.Nicatın “Qızılbaşlar” romanlarında və digər əsərlərdə məharətlə yaradılmışdır. Maraqlıdır ki, tarixdə Şah İsmayılın oxşarının olmasının və bu faktın Çaldıran döyüşündə üzə çıxdığı qeyd olunur. “Bu məqamda Şah İsmayılın atı büdrədi və sahibi ilə birgə yerə yıxıldı. Türk əsgərləri İsmayıla doğru atıldılar. Ancaq şahın həyatı üçün bu təhlükəli məqamda o həm xarici görünüşü, həm də geyimindən şaha çox oxşayan Sultanəli Mirzə Əfşar tərəfindən xilas edildi. O, “Şah mənəm” deyərək qabağa çıxdı və düşmən əsgərlərini öz ardınca apara bildi. Həmin vaxt Xızır ağa Ustaclı İsmayılı başqa ata mindirdi və şah döyüşün qızğın yerinə çapdı” [5, s. 61]. K.Abdullanın “Yarımçıq əlyazma” əsərindəki süjet xətlərindən biri Şah İsmayıl Xətai ilə bağlıdır. “Yarımçıq əlyazma”da Şah İsmayılın lələsi (tərbiyəçisi) Hüseyn bəy Lələ şahın tapşırığı ilə onun Xızır adlı oxşarını tapıb gətirir. Şah bu oxşarlıqdan məmnun qalır və məqsədini açıqlayır: ”Əsas məqsədimiz mənim eyni zamanda iki başqa-başqa yerdə olmağıma camaatı, saray əhlini, uşaqdan böyüyə hamını inandırmaqdı. Biz səninlə belə danışdıq. Di hazırla bunu, yaxşı-yaxşı yerişimi, ədalarımı öyrənsin…” [6, s. 105] Şahın tapşırığı ilə Lələ Xızıra şahın hər jestini, mimikasını, o cümlədən şətrənc (şahmat) oynamağı da öyrədir və onu gizli şəkildə saxlayır. Xızırın şahdan yeganə fərqi onun Xətai təxəllüsü ilə çox gözəl şeirlər yazması idi. Şahın özü də bu şeirləri olduqca bəyənir.
Qeyd edək ki, Fərman Kərimzadənin “Çaldıran döyüşü” əsərində də Şah İsmayılın və onun oxşarının obrazı yaradılmışdır [7]. Lakin F.Kərimzadənin yaratdığı Şah İsmayıl və onun oxşarı daha realist tonlarda təsvir olunmuşdur. K.Abdullanın yaratdığı obrazlar isə daha ekspressiv, emosional çalarlara malikdir. Oxucu sanki Şah İsmayılı canlı şəkildə görür, onun nitqini eşidir. Əsərin dilini, obrazların nitqindəki üslubi çalarların özünəməxsusluğunu da qeyd etməliyik. Oxucu əsəri oxuduqda inanır ki, əsl Şah İsmayıl, Dədə Qorqud, Bayandur xan və digər obrazlar öz fikrini məhz bu cür ifadə edə bilər.
Romanın özünün də dilində müəyyən qədər “KitabiDədə Qorqud”dakı qafiyəli nəsr formasının effekti hiss olunur və bu effekt dastanın görkəmli tədqiqatçılarından olan müəllifin əsərinin daha inandırıcı olmasına səbəb olmuş, hətta bu əlyazmanın həqiqətən mövcudluğuna dair fikirlərin yaranmasına rəvac vermişdir. Roma imperatoru Neron Roma tarixində ən maraqlı və yaddaqalan şəxsiyyətlərdən biri olub. İmperator Neron İncəsənətə böyük maraq göstərir, mahnılar ifa edir, pyeslər və şeirlər yazır, şairlərin müsabiqəsində iştirak edirdi. İmperator uzun müddət Troyanın məhvi barədə epik poema üzərində işləmişdi [8]. Neron Yuli Klavdi nəslinin son nümayəndəsi idi. Son iki yüz il ərzində Roma tarixinin bütün vacib hadisələri onların iştirakı ilə baş vermişdi. Təbii olaraq, Neronun öz villasında sirli ölümü Roma əhalisində güclü təəssürat doğurmuşdu. Xalq arasında dolaşan əfsanələrə görə sülalə sona çatmayıb və Neron ölməyib, o Şərq vilayətlərinə qaçıb, imkan tapan kimi yenə də hakimiyyətə qayıdacaq. Neronun ölümündən sonra onun oxşarları meydana çıxaraq ölümdən qaçaraq gizlənmiş imperator olduqlarını iddia etmiş və özlərinə tərəfdar toplamışdılar. Qədim Roma tarixçisi Qay Svetoniy Trankvill “On iki Sezarın həyatı” əsərində yazır: “Hələ 20 il əvvəl mən yeniyetmə olanda naməlum bir şəxs özünü Neron kimi qələmə vermişdi və parfiyalılar onu o qədər dəstəkləyirdilər ki, çox çətinliklə hakimiyyəti verməyə razılaşdılar” [9, s. 57]. L.Feyxtvangerin “Yalançı Neron” əsərində imperator Neronun oxşarı Terensini Senator Varron tapıb gətirir ki, imperator onunla əylənsin. Neronun ölümündən sonra Varron paytaxtdan uzaqlaşır, uzaq Suriyada yaşamağa başlayır. Qəflətən bu vilayətə qubernator təyin edilən Tseyon onu sıxışdırır, külli miqdarda vergi verməyə məcbur edir. Varron qərara gəlir ki, vilayətdə qarışıqlıq salsın. Bu məqsədlə də Terensini yalançı Neron kimi siyasi səhnəyə çıxarır. K.Abdullanın “Yarımçıq əlyazma” əsərində Şah İsmayıl öz oxşarı ilə hörmət və qayğı ilə rəftar edir, onunla şahmat oynayır, ailəsi haqqında sorğu-sual edir. L.Feyxtvangerin “Yalançı Neron” əsərində isə imperator öz oxşarına insan kimi yox, meymun kimi baxır, əylənir. Xızırın keçmişi haqqında bizə aşağıdakı məlumat verilir: “Xızırın əsli paytaxtdan uzaqdakı bir dağ kəndindən idi. Atası sağ idi, bir də bacıları qalmışdı. Anası ölmüşdü, dağ seli aparmışdı anasını. Evin bütün işini böyük bacısı Pərnisə vardı, o görərdi. Atası da artıq yavaş-yavaş qocalmışdı. Şah qulluğuna getməmişdi. Bir dəfə yüzbaşılar kəndbəkənd adam yığanda Şahın Dağıstan səfəri zamanı qızılbaşlara qoşulmuşdu, amma ki, sonra geri döndüyündə nə üçünsə onlardan aralanmışdı. Əkər, biçər, məhsulunu yığar, Ərdəbilə, yaxud Təbrizə gələr, malını satar, geri dönər, ailəsini yarıac, yarıtox birtəhər dolandırardı. O biri bacısı Pərnisə kiçik idi” [6, s. 107]. Xızırın ailəsinə onun saraydakı fəaliyyətinin mahiyyəti barədə heç bir məlumat verilməsə də, xüsusi qayğı və maddi yardım göstərilir. Terensinin də keçmişi haqqında geniş məlumat verilir: “Onun atası Varronun ailəsində qul olmuşdu. Qoca Varron bu ustanı azadlığa buraxmış və ona dulusçu dükanı açmışdı. Ancaq onun oğlu Terensi dulusçuluğa maraq göstərmirdi, onu daha çox teatr və siyasət maraqlandırırdı. O, dövlət işləri və yaxud incəsənət haqqında danışanda dostları onun ağlını və hadisələrə dərin nöqteyi-nəzərini yüksək qiymətləndirir, hesab edirdilər ki, o sadə dulusçu olmaq üçün çox ağıllıdır. Beləliklə, atasının sağlığında dükanın işləri ilə az maraqlanan Terensi onun ölümündən sonra dükanı ümumiyyətlə atdı” [10, s. 9]. Neronun əyləncəsinə çevrilən Terensinin qazancı kiçik emalatxanasının sarayın sifarişlərini yerinə yetirmək şərəfinə nail olması olur. Hər iki əsərdə bu oxşarlıq dövlət sirri kimi gizli saxlanılır. Lakin L.Feyxtvangerin “Yalançı Neron” əsərində Terensinin arvadı onun sarayda nə işlə məşğul olduğunu bilir və bunu əri üçün təhqir hesab edir. Maraqlıdır ki, xaricən heç nə ilə bir-birindən seçilməyən və eyni funksiyanı icra edən oxşarların xasiyyətində kəskin fərqlər də özünü göstərir. K.Abdullanın “Yarımçıq əlyazma” əsərində iki oxşarın xasiyyət fərqi bu cür göstərilir: “Şah nə qədər kəskin, cəsarətli, heç kimin günahından keçməyən, hamı ətrafına öz şahlıq və mürşidlik mərtəbəsindən baxan bir sahibəzzəman, bir şəxsi-müqəddəs idisə və özü də buna sonsuz inanırdısa, Xətai bir o qədər həlim, xoşxasiyyət, sülhməramlı insan idi” [6, s. 141]. L.Feyxtvangerin “Yalançı Neron” əsərində Terensi də imperator Neron kimi incəsənətə maraq göstərir.
Lakin Nerondan fərqli olaraq, o həm qorxaqdır, həm də yalançı şöhrət xətrinə öz mənliyinin alçalmasına razı olur. Onun hərəkətləri və xarici görünüşü imperatora su damlası kimi oxşasa da, ləyaqətsizliyi dərhal hiss olunur: “Varron bilirdi ki, əsl Neron bu cür şəraitdə belə hərəkət etməzdi. O, hansısa bir yunan dilində sitatı dilə gətirər və bu kəlmələri həmsöhbətinin sözlərini rədd edən bir jestlə müşayiət edərdi” [10, s. 12]. Qeyd edək ki, hər iki əsərdə həm Xızır, həm də Terensi çox ağır mənəvi-ruhi imtahandan keçməli olurlar. Belə ki, onlar hökmdarın oxşarı – kölgəsi olmaq üçün seçilmişlər. Eyni zamanda onların öz daxillərindəki kölgə arxetipinin də fəaliyyəti intensivləşir. İndi onlar yeni şəraitdə necə deyərlər, tamamilə yenidən, oxşar statusunda olsa belə, başqa bir şəxs kimi doğulurlar. Həm Xızır, həm də Terensi başqasının kölgəsi rolunu ifa edərkən, həm də öz kölgələri ilə mübarizə aparmalı olurlar. Feyxtvangerin əsərində Terensi öz-özünü inkar edir və kölgəyə tabe olur. Personanı rədd edərək daxilindəki kölgənin istədiyi şəklə – imperator Neron obrazına bürünür. Xızır isə Şah İsmayılın yalnız xarici oxşarı olmaqla kifayətlənir. Xızırda Şah İsmayıla qarşı heyranlıq və məhəbbət olsa da, heç zaman tamamilə Şah İsmayılın oxşarı olmaq istəmir. Terensidən fərqli olaraq, o, daxilən Xızır olaraq qalır, kölgəyə tabe olaraq başqasının tam surəti olmaq kimi fanatik arzuya qapılmır. Bu baxımdan, Xızır Terensidən şəxsi keyfiyyətlərinə görə daha yüksəkdə dayanır, o, Aristotelin “qızıl orta” prinsipinə əsaslanaraq kölgə ilə personanı tarazlaşdıra bilir. Oxşarların öz talelərinə və yeni statuslarına münasibətləri də fərqlidir.
K.Abdullanın “Yarımçıq əlyazma” əsərində Şah İsmayılın oxşarı Xızır öz taleyinə münasibəti haqqında geniş məlumat verilmir. Yalnız əsərin bir yerində “şaha xüsusi vurğun olduğu” bildirilən Xızırın öz taleyinə münasibəti bir cümlə ilə qeyd olunur: “Zavallının təsəllisi yeganə o idi ki, Saraya gələli, atasıgilin, bacılarının Lələnin himayəsilə dolanışıqları yaxşılaşmışdı. Doğrudur, Xızır barədə Lələ onların özünə heç bir kəlmə də deməmişdi, bu sirri əzəm gizli bir dövlət sirri idi, amma oğlu adından həmişə atasına pay-püş göndərir, hər bir müşküllərini izləyir, sonra da həll edirdi. Xızır bununçün Lələyə qəlbində hədsiz məhəbbət bəsləyib durmuşdu” [6, s. 142]. K.Abdullanın “Yarımçıq əlyazma” əsərində Şah İsmayıl Çaldıran döyüşündə uduzacağını gördüyü zaman öləcəyini bilə-bilə özü döyüşə girir. Lakin döyüşə girmədən öncə son tapşırıqlarını verərək oxşarı Xızırı öz yerinə qoyur. Bildirir ki, onu Şahi-Mərdan yanına çağırır və mütləq bu dünyanı tərk etməlidir: “Sən indi artıq mənsiz, Lələsiz, özün, ancaq özün çıxırsan meydana. Nə mən varam, nə Hüseyn bəy Lələ. Heç bir şəxsin də Xızırdan xəbəri yoxdur. Başa düş, Şah ölə bilməz. Heç bilməz. Mən isə ölməliyəm…. Mən sənə bu boyda məmləkət qoyub gedirəm. Hamıdan gizli. Bir şəxs bunu bilməyəcəkdir. Sən dönüb olursan mən. Bütün sonrakı zamanlarda da əslində sənsən, zahirdə isə … yenə də mənəm ki varam” [6, s. 145]. Beləliklə, şahın oxşarı tam hüquqlu Şaha çevrilir. Bu sirri ancaq özü və vəzir bilir. Hətta Şahın həyat yoldaşı Taclı xanım belə bilmir. Lakin yuxularında əsl Şah İsmayıl onu öz yanına çağırır və Taclı xanımın bu yuxularından xəbər tutan Xızır narahat olur. İllər sonra əsirlikdən dönən Hüseyn Lələ bəy taxtın sahibini əsl Şah İsmayıl olmadığını anlayır və onu xəyanətdə ittiham edərək qətlə yetirir. Xızır Şah İsmayılı əvəz edərək Şah mərtəbəsinə yüksəlsə də, yenə öz fərqliliyini qoruyur, özünəməxsusluğu ilə seçilir. O, əsl şah olmadığını daim xatırlayır və müəyyən narahatlıq keçirir. Düzdür, bəzi məqamlarda onda da hakimiyyətə sevgi, bu hökmranlıqdan məhrum olma qorxusu hiss olunur. Bu onun Taclı xanımın Şah İsmayılla bağlı yuxularından narahatlığında da öz əksini tapır. Lakin bu, Terensidəki kimi çılğın hakimiyyət ehtirası deyil. Xızır özünü daha çox taleyinə boyun əymiş insan kimi aparır. Sirrin açılmasından qorxmasının səbəblərindən biri də Şah İsmayıla verdiyi sözdür, ona “Mən sənə bu boyda məmləkət qoyub gedirəm. Hamıdan gizli. Bir şəxs bunu bilməyəcəkdir” – deyən Şah İsmayılın tapşırığını yerinə yetirmək məsuliyyətidir. Terensi isə öz taleyindən hədsiz razı qalır. Hətta imperatorun oyuncağı olmaq belə onun üçün xoşbəxtlik olur. İmperatorun ölümündən sonra o, daim keçmiş günləri yadına salıb kədərlənir, həsrət çəkir. İkinci dəfə Neron olmaq şansı ona həyatının zirvə nöqtəsi kimi təsir bağışlayır.
Xızırdan fərqli olaraq, Terensinin hərəkətləri necə deyərlər “Allah dəvəyə qanad versəydi” məsəlinə uyğun gəlir. O, sıxışdırılmış kölgədir, hər vəchlə məngənədən çıxıb əl – qol açmağa çalışır. Ona nəhayət, meydan verildikdə özünü bütün “çılpaqlığı” ilə nümayiş etdirir. L.Feyxtvangerin “Yalançı Neron” əsərində Terensi Varron və Artaban çarı tərəfindən istifadə edildikdən sonra onu Roma əsgərlərinə təhvil verirlər və o, yalançı Neron kimi qətlə yetirilir. “Sübh açılanda Maksimus Terensi – milyonlarla insan üçün uzun illər Neron olmuş şəxs öldü” [10, s. 183]. Fikrimizcə, hər iki oxşarın – Xızırın və Terensinin ölümü arasındakı fərq onların oxşar (kölgə) rolunu oynadıqları zaman həm də daxillərindəki kölgələri ilə apardıqları mübarizənin yekunu kimi qiymətləndirilə bilər. Qeyd etmək lazımdır ki, Xızırın varlığı yalnız Hüseyn bəy Lələyə və vəzirə məlum olduğundan onun ölümü Şah İsmayılın ölümü kimi qəbul olunur. Xızır xəyanətdə ittiham olunub qətlə yetirilsə də, şah kimi şərəflə və hörmətlə dəfn olunur. Terensi yalançı Neron kimi rüsvayçılıqla dar ağacından asılır. O, kölgə rolunu oynayarkən öz kölgəsinə məğlub oldu və bu səbəbdən oxucu onun ölümünü mənliyindən imtina etmiş kuklanın səhnədən çıxması kimi qarşılayır. Hüseyn Lələ bəy Xızırı xəyanətdə günahlandırsa da o, sadəcə Şah İsmayıla verdiyi vədi yerinə yetirmişdi. Terensidən fərqli olaraq, ucuz şöhrətə görə şəxsiyyətini alçaltmamışdı və bu səbəbdən ölümü onu oxucunun gözündən salmır, hətta Hüseyn Lələ bəyə etirazını bildirmək istəyi oyadır.
Beləliklə, müxtəlif dövrlərdə yazılmış və müxtəlif xalqların ədəbiy-yatına aid bu iki əsərdə oxşar obrazının əksini araşdıraraq kölgə arxetipin modifikasiyasını və təzahür incəliklərini göstərməyə çalışdıq.
XÜLASƏ
Daim azadlığa can atan və persona arxetipi ilə tarazlıqda olan kölgə arxetipinin təzahürləri ədəbiyyatda müxtəlif formalarda əks olunmuşdur. Yunqun kölgə arxetipinin təzahür forması olan «oxşar» arxetipi bir tərəfdən fərdi, digər tərəfdən də kollektiv şüursuzluğa söykənir. Bu baxımdan Azərbaycan ədəbiyyatında K.Abdullanın “Yarımçıq əlyazma” və L.Feyxtvangerin “Yalançı Neron” əsərlərinin müqayisəli təhlili olduqca maraqlıdır. L.Feyxtvangerin “Yalançı Neron” əsərində imperator Neronun oxşarı olan dulusçu Terensi öz-özünü inkar edir və kölgəyə tabe olur. Personanı rədd edərək kölgənin istədiyi şəklə – imperator Neron obrazına bürünür. K.Abdullanın “Yarımçıq əlyazma” əsərində isə Xızır Şah İsmayılın yalnız xarici oxşarı olmaqla kifayətlənir. Xızırda Şah İsmayıla qarşı heyranlıq və məhəbbət olsa da, heç zaman tamamilə Şah İsmayılın tam oxşarı, surəti olmaq istəmir. Məqalədə müxtəlif dövrlərdə yazılmış və müxtəlif xalqların ədəbiyyatına aid bu iki əsərdə oxşar obrazının əksini araşdıraraq eyni arxetipin modifikasiyasını və təzahür incəliklərini göstərməyə çalışmışıq.
SUMMARY
The archetype of shadow always longing for freedom and being in the balance with the archetype of person have been reflected in the literature in different forms. Archetype of “similar” is one of forms of the shadow archetype of Yung and it related with both private and collective unconsciousness. From this point of view the comparative analysis of the works by K.Abdulla and L.Feuchtwanger like “The unfinished manuscript” and “False Nero” is quite interesting. In L.Feuchtwanger’s novel “False Nero” potter Terensy who is similar with the emperor Neron denies himself like and he obeys to the archetype of shadow. But in K.Abdulla’s novel “The unfinished manuscript” Khizir, the double of Shah Ismayil, loves and admires the ruler, but he protect his individuality and never want to be the copy of shah. In this paper we researched the reflecting of the double image in these two works belonging to the literature of different nations which was written in different periods and try to show appearance details and the modification of the same archetype.
ƏDƏBİYYAT
- Hacılı A. Kamal Abdulla: seçimin morfologiyası. Bakı, “Mütərcim”, 2010.
- Большаков А. Человек и его Двойник. Изобразительность и мировоззрение в Египте Среднего царства. СПб., 2001.
- Юнг К.Г. Психология бессознательного. – М.: Канон +, 2003.
- Нечаев С. Тайна двойников Наполеона http://www.sovsekretno.ru/articles/id/4211/
- Эфендиев O. Азербайджанское государство Сефевидов в XVI веке. Издательство “Элм”, 1981.
- Abdulla K. Yarımçıq «əlyazma». Bakı, XXI–YNE, 2004.
- Kərimzadə F. Çaldıran döyüşü. Bakı, “Yazıçı”, 1988.
- Нерон http://cyclowiki.org/wiki/Нерон
- Гай Светоний Транквилл. Жизнь двенадцати цезарей. Москва, Издательство «Наука», 1993.
- Фейхтвангер Л. «Лже-Нерон»: Проминь; Днепропетровск, 1989.