Sim-sim.az Fil.f.d., AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun aparıcı elmi işçisi Elnarə Qaragözovanın “TURAL HƏSƏNLİNİN “KOMA”SI: GÜCDƏN SEVGİYƏ GEDƏN SƏYAHƏTİN HEKAYƏTİ” yazısını təqdim edir.
Tural Həsənli imzası oxuculara müəllifin “Mən həyata gecikmişəm”, “Psixodrama”, “Təşəbbüs” romanlarının, “İgid ölər, igidlik ölməz” povestinin, “Dünyadakı dünyam”, “İki sıfır bir dörd” şeirlər toplularının müəllifi kimi tanışdır. Gənc müəllifin psixoloji-fəlsəfi qatların üstünlük təşkil etdiyi yaradıcılığında diqqəti cəlb edən əsas məqam onun əsərlərinin postmodern təhkiyə üzərində qurulmasıdır. Tural Həsənlinin bu il işıq üzü görmüş “Koma” romanının əsasını postmodern estetikaya xas sitat, oyun, dedektiv ünsürlər təşkil edir.
AÇAR. Yazıçı “Ön sözüm” adlandırdığı girişdə romanlarının hipertekstual əlaqəsinə, zəncirvari mətn texnikasına işarə etməklə yanaşı “Koma” adlandırdığı yeni əsərinin fərqliliyini vurğulamaqla oxucuya mətnin “açar”ını təqdim edir: “İlk yazmağa başladığım günü düşünürəm. Həyata gecikdiyimi düşünmüşdüm. İkincini qələmə alan zaman psixoloji bir dram içindəydim.Üçüncünün ərsəyə gəlməsi hərbi xidmətimin təsirində qaldığım müddəti əhatə edirdi. Onlar olmasaydı təşəbbüs də olmazdı. Əlinizdə tutduğunuz bu kitab isə digərlərindən fərqli olaraq daha gözəl bir dünya naminə, xətrinə xəstə misalı, içində hamımızı ehtiva edən böyük bir komadır”.
MƏTNİN ALT VƏ ÜST QATI. Romanın epiqrafı olaraq seçilmiş “gücün sevgisi yoxdur, sevginin gücü vardır” ifadəsi oxucunun əbədi ədəbi mövzu olan mənəvi və maddi dünya, daxili və xarici aləm, ruh və cisim, ilahi və dünyəvi həyat ilə bağlı sonsuz mübahisələr zəncirində yeni halqa olmağa iddialı bir əsərlə qarşılaşacağını müjdələyir. Müəllif roman estetikamız üçün fərqli bir üsuldan istifadə edərək əsərin 16 fəslinin hər birinin adını Konfutsinin kəlamları ilə adlandırmış, hər fəsildən sonra “köşə”lər vermişdir. Beləliklə, əsərin adından quruluşunadək hər bir məqamda rəmz –sitat texnikası ilə yazıçı oxucunu mətnin alt qatına hazırlamağa çalışır. Mətnin üst qatında verilən süjet maraqlı olsa da sadədir. Dünyanın 20 ən varlı insanından biri olan atası öldürüldükdən sonra azərbaycanlı Adelin Bakıdan İstanbula magistr təhsili almaq üçün köçməsi, Jonasla olan sevgi dünyası, bacısı Aysel və Fati adlandırdığı Fatehlə bağlı olaylar mətnin üst qatında oxucunun diqqətini cəlb edəcək, onda maraqlı və fərqli üslubda qələmə alınsa da sıradan bir mövzuda roman oxuduğuna əminlik yaradan elementlərdir.
KLASSİK “SİRLƏR XƏZİNƏSİ”NDƏN HİPERTEKSTUAL “KOMA”YA. Romanla tanış olan oxucunun ilk diqqətini cəlb edən məqam hər fəslin başlığına verilən adların həmin fəsildəki hadisələrin nəticəsi kimi təqdim edilməsidir. Beləliklə, bir tərəfdən fəsil başlamadan son barədə oxucuya məlumat ötürülür. Digər tərəfdən Konfutsinin kəlamları qəhrəmanların yaşadığı olayların nəticəsində gəlinən qərar, yekun fikir kimi səslənir. Lakin ilk baxışda görünməyən üçüncü məqam alt mətnin varlığıdır. Alt mətni nəzərə aldıqda aydın olur ki, Tural Həsənlinin romanı müasir dövrün modern, hipertekstual “Sirlər xəzinəsi”dir. Əgər “Sirlər xəzinəsi”ndə 20 məqalətin hər biri bir müdrik fikrin açılmasına xidmət edirsə, “Koma”nın 16 fəslindən hər biri Konfutsinin bir kəlamının açıqlaması kimi çıxış edir.
Romanın sonunda Rene Dekartın “düşünürəmsə deməli varam” fikrini sitat gətirən müəllif əsəri “ardı var” qeydi ilə bitirir. Bu qeyd bir tərəfdən əsərin “sondan əvvəlki başlanğıc” hissəsindəki Adellə atasından başqa kimsənin bilmədiyi Şpitsbergen adasında yerləşən, xüsusi şifrə ilə qorunan evindən gələn qəfil siqnalla bağlı olaraq süjetin yeni məcarada inkişafına və romanın davamının olma ehtimalına işarədir. Digər tərəfdən “ardı var” qeydinin məhz Rene Dekartın məlum kəlamından sonra verilməsi həm müəllifin düşüncəsindən doğacaq yeni əsərlərə, həm də insanın düşünmə gücünün kainatda varlığın yeganə forması kimi mövcudluğun davamlılığını təmin edən amil olduğuna işarədir.
GÜZGÜ EFFEKTİ: Əsərdə fəsillərin quruluşu və formatı ilə yanaşı diqqəti cəlb edən məqam hər fəsildən sonra “köşə”lərin verilməsidir. Köşələrə nəzər saldıqda ilk baxışda bunun Adelin gündəliyindən, yəni romanın əsas mətnindən, fəsillərdən fərqləndiyini görürük. Bu köşələr sanki Adelin gündəliyini oxuyan şəxsin hər fəsilə dair ümumiləşdirmələridir. İkinci fəsilə aid köşədən bu qısa mətnin müəllifinin Adel olmadığı oxucuya məlum olur: “Gözüm köhnə sandığa sataşdı və içindən on il əvvəlki günlüyümü tapdım. Sevdiyim qıza yazdığım uşaq düşüncəli məktubu oxuduqca üzümə çoxdandır unutduğum təbii gülüşün gəldiyinin şahidi oldum. Ard-arda yazdıqlarımı oxuduqca bir də baxdım ki, qeyri-iradi gözümdən yaş düşür. Sonuncu dəfə atam öləndə ağlamışdım”. Müəllif burada güzgü effektindən istifadə edərək əslində yalnız Adel adlı bir qızın gündəliyini deyil, köşələr şəklində Adelin oğlan variantı olan mənəvi əkizinin də gündəliyini təqdim edir. Deməli, köşələr “roman içində roman” funksiyasını icra edir. Buna əlavə olaraq müəllif “Ön sözüm” bölümündə “Hər köşədə bir az mən, bir az sən, bir az biz varıq. Bəyəm varlığımız ən böyük xəzinəmiz deyilmi?” qeydi ilə köşələrin avtobioqrafik siqlətli olma ehtimalını irəli sürərək üçüncü mətnin varlığına işarə edir.
SÜJET-XƏRİTƏ. Üst mətnə görə kəlamlar qəhrəmanların yaşadığı olayların xəbərçisi və nəticəsi, gəlinən sonucdur. Alt mətndə isə qəhrəmanlar Konfutsinin kəlamlarının ardıcıllığı əsasında qurulmuş süjetə uyğun olayları yaşayırlar. Beləliklə, əsərdə iki “süjet-xəritə” mövcuddur:
- Adel, Jonas, Aysel və digər qəhrəmanların iştirak etdiyi Adelin atasının ölümündən başlayıb varlığını onunla atasından başqa kimsənin bilmədiyi Şpitsbergen adasında yerləşən, xüsusi şifrə ilə qorunan evindən gələn qəfil siqnal-mesajla bitən dedektiv siqlətli fəlsəfi-psixoloji xətt.
- Konfutsinin “İnsan yaşadığının şahidi, yaşamadığının kahinidir” kəlamı ilə başlayıb “Sizdə üç şeyi görə bilən insana güvənin: gülüşünüzün arxasındakı kədəri; nifrətinizin arxasındakı sevginizi; səssizliyinizin arxasındakı səbəbi” frazası ilə yekunlaşan sitat texnikasına əsaslanan dekonstruktiv- postmodern xətt
I “süjet-xəritə”yə görə: “Koma” məşhur alim, akademik, iş adamının qızı olan Adelin gündəliyi şəklində qələmə alınmışdır. “Koma”nın qəhrəmanı Adel zəngin və onu dünyalar qədər sevən atasının nəzarəti və sevgisi ilə əhatə olunmuş bir dünyada yaşayır. Hər şeyə sahib olan Adel əslində heç nəyə sahib deyil. Xüsusi təhsil və tərbiyə almış bu qızın həyatı atasının qəfil ölümü ilə dəyişir. Böyük var-dövlət və güc müqabilində Adelin (əsərdə də qeyd olunduğu kimi “Adel” – ibranicə “güc” deməkdir) həyat təcrübəsi yoxdur, o bu günə qədər ancaq dünyanın nəzəriyyə tərəfini öyrənib, gerçək yaşamdan xəbərsizdir. Adelin atasının ölümü onun “komadan ayılmasına”, gerçək dünyanın sakininə çevrilməsinə səbəb olur.
II “süjet – xəritə”yə görə: İnsanın həyatında ən böyük səhvi onun özündən və dərketdiyindən kənarda olanların mövcudluğuna inanmaması, görmədiyini yoxdur damğası ilə işarələməsidir. Öz içində özünün də bilmədiyi bir dünyanı daşıyan insanın kamilliyə gedən yolu dünyanı deyil özünü öyrənməkdən keçir. “KOMA”DAN AYILMAQ ÜÇÜN “KOMA”YA DÜŞMƏK. “Koma” maddiləşdikcə zəhərə çevrilən dünyaya qarşı padzəhr təklif edir. İnsanın yaratmaq üçün bütün həyatı boyunca çalışmalı olduğu bu padzəhrin tərkibi aşağıdakı elementlərdən ibarətdir:
- Yaşadıqca dünyanı deyil özünü kəşf etdiyinin fərqinə varmaq;
- Öz daxilinə səyahəti seçən insanlarla yoldaş olub bu səyahətin xəritəsini əldə etmək;
- Həyatın və ölümün nisbiliyini anlamaq;
- Kitabın, biliyin adəm oğluna verilmiş ən böyük nemət olduğu qənaəti;
- Zamanın yalnız mənəvi dünyasında nirvananı fəth etmiş bəşərə tabe olması;
- Ağıl və qəlbin vəhdətinin mütləqliyi;
- İstənilən dəyişimin qaçılmazlığı;
- İnsanın yaşadığı anın malik olduğun yeganə məlum həqiqət və tək sərvət olması;
- Sevginin “in-yan” fəlsəfəsindəki tamamlanma prosesi olduğunu qəbul etmək;
- Həqiqət və yalanın, məlum və naməlumun dialektik vəhdəti;
- Düşüncə və hərəkətin vahidliyi;
- İnsanın insana olan sevgisinin cənnətə çevriləcək dünyanın açarı olması
“Yer üzünün əşrəfi” dünyanın insanı minillər boyu uyutduğu güc “komasından” ayılmaq üçün Tural Həsənlinin təklif etdiyi sevgi “Koma”sından keçməli və sevginin gücə çevrildiyi dünyanın sakini olmalıdır. “Koma”ya xoş gəldiniz!