Zahid Sarıtorpaq müstəqillik dövrü Azərbaycan ədəbiyyatının seçilən və oxucular tərəfindən sevilən imzalarından biridir. Onun həm poetik, həm də nəsr yaradıcılığı oxucunu qeyri-ordinarlığı ilə cəlb edir. Yazarın “Üfürülmüş çırağın ruhu”, “Tək işığın haləsi” kitablarında toplanmış şeirləri, “Əlifba bayramında qətl”, “Dərdin sarı çəpkəni”, “Kül”, “Qarğa marşrutu”, “Quşların intiharına ağlamayın”, “Köhnə mücrüyə elegiya” əsərləri həm oxucular, həm də ədəbiyyatşünaslar tərəfindən yüksək qiymətləndirilir.
Qeyd etməliyik ki, Zahid Sarıtorpağın əksər nəsr əsərlərinin qəhrəmanları daxilən, mənəvi cəhətdən yaralanmış, sındırılmış, öz saflıqlarının, təmizliklərinin qurbanı olmuş insanlardır. Onların həyatda bəxti gətirməyib, lakin bu əzablar onlara paralel dünyaların qapılarını açaraq mənəvi cəhətdən yeni mərhələyə adlamağa, görünməyənləri görməyə imkan verir. “Kül” romanının qəhrəmanı Tağı da bu silsiləyə daxildir. Romanda Tağının düşdüyü anbar əslində Ərafı təmsil edir. Doxtur-Qulyabanı-Daun–Şeytan Ərafdan keçə bilməyənləri özü ilə aparır. Keçirdiyi avtomobil qəzasından sonra klinik ölüm yaşayan Tağı gözünü yeni bir dövrdə açır. Onun ayıldığı zamanda qardaşı imkanlı, hər şeyə qadir şəxsdir. Oxucu süjetin bununla yekunlaşacağını zənn edir. Lakin yazıçı gözlənilməz manevr edərək Tağını paralel dünya ilə yenidən görüşdürür. Ətrafındakı hər kəsin onun gördüyü, yaşadığı o dünyadan xəbərdar olduğunu, Doxturu tanıdığını anlayan Tağı dəli olmaq, baş götürüb qaçmaq həddinə gəlir. Yazıçı paralel dünyanı o qədər məharətlə, koloritli təsvir edir ki, oxucu əsərin sonunda Tağının həmin dünyaya dönəcəyini, əsərin qeyri-müəyyən mistik aurada bitəcəyini gözləyir. Lakin qəhrəmanın maşında kəndə getdiyi epizodda Tağının psixikasının pozulduğuna işarə edilir, oxucu bu ana qədər məhz qəhrəmanın şizofrenik sayıqlamalarına qulaq asdığını anlayır: “Onun tükü də tərpənmədi. Üzünü qabağa tutub, maşının sürətini artırdı… Təkcə onu eşitdim ki, dodağının altında çox astadan, deyəsən, bircə kəlmə: “Bədbəxt…” – dedi. Bəlkə də, heç nə deməmişdi, sadəcə, mənə elə gəldi.”
“Quşların intiharına ağlamayın” romanının qəhrəmanı Qaraqız isə öz uşaqlıq qorxularının qurbanıdır. Kor-koranə inandığı cahil inanclar üzündən fədakarlıq edərək anasının, bacısının ölümünə mane olduğunu düşünən Qaraqız sonralar da müstəqil yaşaya bilmir, özünü inandırdığı xəyalların, mənasız fədakarlıqların ucbatından adi insan səadətinə qovuşa bilmir. Savad, təhsil də onun qorxularla dolu, mübhəm ruhların hökmranlığı altında əzilən ruhunu azad edə bilmir: “Ancaq nə qədər savadı artıb, dünyagörüşü dəyişsə də yenə üz-gözündən, yeriş-duruşundan çox sadəlövh görünürdü. İndi şəhərdə yaşasa belə, ilk baxışdan adama elə gəlirdi ki, o, bu dünyanın adamı deyil.” Ulu babası Dərviş Aşurun məzarının köçürülməsi zamanı gördükləri onun həyatının dönüm nöqtəsinin başlanğıcı olur: “Qaraqızın qəribəliklərlə dolu həyatının ən maraqlı, ən ağlasığmaz məqamı yetişmişdi. Ustalar ağır sinə daşını linglə kənara itələyib məzarı eşdilər, bütün baş verənləri Qaraqız videoya çəkdi. Məzarın əhləd daşlarını bir-bir götürdülər və … müşk qoxusu aləmi bürüdü. Amma qəbir bom-boş idi! Nə skelet vardı, nə də çürüntü! Sadəcə bir ovuc toz və qəhvəyi rəngli bir cüt şam vardı, – yarıyacan yanıb sönmüş bir cüt şam!” Qaraqızın müqəddəsliyinə inandığı pirin əslində öz uydurmalarından ibarət bir xəyal, yalan olduğunu öyrənməsi, ona başqalarının deyil, ilk növbədə öz ruhundakıların əzab verdiyini anlaması ilə bu günə qədər yaşadığı xəyali dünyası sona çatır, o real həyatın bir parçasına çevrilərək yenidən dünyaya gəlmiş bir insan kimi yaşamağa başlayır.
“Dərdin sarı çəpkəni” romanının qəhrəmanı isə qəribə bir xəstəliyə düçar olub. Bütün dünyanı sarı rəngdə görən qəhrəmanın qeyri-adi xəstəliyinə görə aldığı pul onun övladlarının doğru yoldan sapmasına vəsilə olur. Öz xəstəliyindən türkəçarə ilə azad olmağa çalışan qəhrəman əslində taleyin ona yazdığı sonluğa – ölümə doğru getdiyinin fərqində deyil. Əsər boyu onu məhz ölümün atributu -göyərçin obrazı müşayiət edir. Ümumiyyətlə, quşlar qədim zamanlardan mifik-magik simvol kimi çıxış etmişdir. Hətta falabaxma növlərindən biri olan ornitomantiyada quşların hərəkətinə əsasən insanın gələcəyi, taleyi müəyyən edilirdi. Göyərçin müasir dövrdə əsasən sülhün, əmin – amanlığın rəmzi kimi təqdim edilsə də tarixən bu quş ölümü, ruhu simvollaşdırmışdır: ““Riqveda”nın himnlərindən birində oсağın üstündə gəzişən göyərçini görən insanın təlaşı təsvir edilir, insan öləcəyini öyrənir. Xristian ənənəsində, o cümlədən bir sıra Orta Asiya və Şimali Amerika xalqlarının inanclarına görə də göyərçin ölümün xəbərçisi və ruhun simvoludur” (4). Əsər boyu qəhrəmanın yuxularında gördüyü qarışqa və qızmış öküz də rəmzi məna daşıyır: “…nə qədər eləyirdimsə o nəhəng, o uzun bacaqlı atlı qarışqanın belinə dırmaşıb çıxa bilmirdim. bir əlimlə qanadından sallana-sallana qalmışdım. kim idisə qolumdan tutub qaldırırdı və töyşüyə-töyşüyə deyirdi ki, tez elə, tez elə, odu haa, qızıxmış öküz fınxıra-fınxıra, yorta-yorta yaxınlaşmaqdadı, indicə özünü yetirib səni vurub öldürəcək… mənsə: yooox! yooox! yooox! – deyə bağırırdım, amma deyəsən, səsim çıxmırdı…”. Fikrimizcə, qarışqa qəhrəmanın halal zəhmətini, qızmış öküz isə onun nəfsini təmsil edir. Təəssüf ki, əsər boyu dərdinə çarə axtaran qəhrəman nəfsə, şəhvətə məğlub olur, haram – öküz halalı-qarışqanı məhv edir: “…uzun bacaqlı atlı qarışqanın cəsədini bəbəkləri bərəlib qıpqırmızı qanla dolmuş dəmbələngöz öküzün belinə yıxmışdılar. öküzün buynuzunun biri qırılmışdı, qırıq buynuzuna baxtımın şikəst qaraçuxası – həmin o çolaq göyərçin qonmuşdu, boynunu yetim-yetim içinə qısıb büzüşmüşdü”.
Əsərdə qəhrəmanın dərdinə çarə olacaq gülün məhz sarı rəngdə olması da maraqlı məqamlardandır: “Gözlərimi nohurun çılın-çılpaq sahiliylə gəzdirib suyun dərəyə tökülən yerinə zillədim. Ah! Budur! Sağ əldə, düz nohurun qırağında balaca bir daşın yanında sapsarı bir gül, – özü də necə gül! – bu mehsiz-küləksiz havada mənə sarı diri-diri titrəyən bir gül açılırdı, İlahi… Ovuc içi boyda, sapsarı, qalın ləçəkli… O qədər canlıydı ki, dindirsəm, danışacaqdı sanki… Beş-on addımlığımdaydı… Heyrətdənmi, sevgidənmi, qorxudanmı, sevincdənmi suyun içindəcə, çökdüyüm yerdəcə donub qalmışdım.” Fikrimizcə, əsərdəki sarı rəng təsəvvüflə bağlı bir məqamdır. Lakin sarı rəng təsəvvüfdə çoxçalarlı bir rəngdir. “Sarı renge gelince bu renk¸ tasavvufî hâlin zaafına¸ sûret ve bastın varlığına işarettir. Nasıl ki bir bitkinin sararması¸ onun bazı arızalardan dolayı za’fiyete uğradığını gösteriyorsa¸ sarı renk de seyyarın gidişâtındaki zaafı ve zayıflığı simgeler. Halvetiyye’de nefs-i levvâmenin rengi¸ Nakşibendiyye’de ise kalbin nûru sarıdır” (5). Qəhrəmanın hər şeyi sarı rəngdə görməsi ruhun xəstələndiyinə, aurasının zədələndiyinə işarə edir. Lakin gözlənildiyi kimi sarı çəpkən gülü fiziki dərdə çarə ola bilməzdi. Sarı çiçək məhz ruhun qurtuluşuna yönəlmişdi və qəhrəmanın fiziki əzablarına son verərək onu ilahi məkana qovuşdurur. Sarı gül, sarı çiçək simvolu həm də Yunus Əmrənin “Sordum sarı çiçəyə” ilahisi ilə asossiasiya olunur.
Fikrimizcə, Zahid Sarıtorpağın bir yazar kimi uğurunun səbəblərindən biri də müəllifin qeyri-adi, magik-mistik süjetlərini oxucuya məhz canlı, rəvan, effektli bir dildə nəql etməsidir. Onun istifadə etdiyi ifadələr, bənzətmələr nəsrimiz üçün yenidir, lakin bu yenilikdə oxucu üçün doğma nüanslar var. Belə demək caizsə, Zahid Sarıtorpaq mətni yazmır, o oxucunu bu mətnin içinə çəkərək onunla sanki söhbət edir. Beləliklə, yazıçı oxucunu yalnız süjetlə deyil, süjetətrafı effektlərlə də əsərin aurasına daxil edərək öz dəsti-xəttini yarada bilir və məhz mətni ilə tanınan, seçilən nasirlərdən birinə çevrilir.
Ədəbiyyat:
- Zahid Sarıtorpaq. Kül (roman). “Azərbaycan” jurnalı, 2016, №1.
- Zahid Sarıtorpaq. Quşların intiharına ağlamayın (roman). “Azərbaycan” jurnalı, 2018, №2
- Zahid Sarıtorpaq. Dərdin sarı çəpkəni (roman). “Azərbaycan” jurnalı, 2014, № 9.
- Птицы // Мифы народов мира: Энциклопедия. М., 1980. – Т. 1. – С.389-406.
- Muslu. Mustafa Kemaleeldin Bekri ve Tasavvufi Görüşleri, İstanbul: Erkarn Yay., 2005