Milena
Qayıtma bu şəhərə, nə yaxşı ki, getmisən
uzaqlara, milena.
Evə-uşağa qarış, sonra da məni danış
uşaqlara, milena.
Uşaq dediyim də ki, dostlarımdı, biləsən-
Mən səni danışıram burdakı uşaqlara.
Burdakılar bənzəmir ordakı uşaqlara.
Bu şəhərə qayıtsan,
ya yalqız olmalısan,
Ya da ki, hamı üçün
“yaxşı qız” olmalısan.
Həyatda da belədi;
pis olanın yerini
yaxşı olanlar tutur.
Milena, bu şəhərdə
“Yaxşı qızın” əlini
“Yaxşı oğlanlar” tutur.
Milena, bu şəhərdə
biz əl-ələ tutmasaq,
qışı qala bilmərik.
Milena, bu şəhərdə
yaxşı ola bilərik,
yaxşı qala bilmərik…
Qayıtma bu şəhərə.
Hönkür-hönkür ağlasan,
Gözünü silən olmaz
bir nəfər də, milena.
Ən gözəl duaları
dilənçilər bilirlər
bu şəhərdə, milena.
Gecə dua elədim,
bax, anam sağalmadı
bu səhər də, milena.
Pulum olmadı deyə
gecəni ac yatıram
bu səfər də, milena.
Düzəlməyən nə var ki?
bu şəhər də nə vaxtsa,
düzələr də, milena…
*****
Eşq başına düşəndə
Günəşdən də daha erkən oyanarıq səninlə,
Dayandığım hər sətirdə dayanarıq səninlə.
Bəlkə bir gün nağıllara inanarıq səninlə,
Bəlkə bir gün ağıllanar daş başına düşəndə.
Mənli-mənsiz xatirələr boş başına düşəcək,
Gözlərimdən töküləcək yaş, başına düşəcək.
Unutma ki, gün gələcək, daş başına düşəcək,
Adım qızıl hərflərlə baş daşına düşəndə.
Söylə, kimdən borc almısan gözəlliyi sən, gözəl?
Gözlərimin yaşlarını sən silirsən ən gözəl.
Deməyə heç gərək yoxdu, sən bilirsən ən gözəl
Heç nə başa düşmək olmur eşq başına düşəndə.
Göz bəbəyim, gözlərimdə yaşa döndün, eybi yox,
Badi-səbam, bahar qızım, qışa döndün, eybi yox.
Daş ürəklim, mənə qarşı daşa döndün, eybi yox,
Heç olmasa, sənsizliyin düş başına düşəndə.
*****
Yerin qulağı
Öz yaranı öz əlinlə sağaldıb
Arada bir özünə də gəlirsən.
Yaraları ən çox olan kimdisə,
Ən mükəmməl həkim odu, bilirsən?
Düz etmisən mənim kimi axmağa
Hər səhvini zövq alaraq keçərdim.
Oruc olsam gözlərinə baxmağa,
Göz yaşını qurtum-qurtum içərdim.
Gün gələcək, ovudacaq özünü
Göz-qaşınla ovutduğun bu adam.
Yüz yaşında yenə səni unutmaz,
Qız yaşında unutduğun bu adam.
Sevdiyimi necə deyim mən sənə?
Hər yaxının uzağı var üşüdən.
Necə deyim, göydən tanrı seyr edir,
Yerin də ki, qulağı var eşidən.
*****
Aylar palitrası
Dekabr
Gedənin bəxtinə gülmək bir ümid var, düşəcək.
Yanvar
Dedilər, hansısa səhraya bu il qar düşəcək.
Fevral
Düşəcək həm də həmin qar qışın hər aylarına
Mart
Tələsir aldığım hər gül anamın bayramına.
Aprel
Allah ki eybini mütləq görəcək cümləmizin
May
Bəlkə mənsiz güləcək indi o solmuş bənizin.
İyun
Bəlkə bir gül açacaq, rəhm edəcəksən azacıq.
İyul
Eyvah-eyvah, geyimin indi çayımdan da açıq…
Avqust
Bir mənəm, bir də günəş, yəni ki, hər yerdə günəş
Sentyabr
Qaçacaq, gizlənəcək, dözməyəcək dərdə günəş.
Oktyabr
Sevgilim, məndən uzaqsan, güləcəksən, bilirəm.
Noyabr
Gələcəksən, gələcəksən, gələcəksən, bilirəm.