sim-sim
No Result
Bütün nəticələr
  • Proza
  • Poeziya
  • Kino & Teatr
  • Yaradıcılıq fakultəsi
  • Mənim sevimli hekayəm*
  • Kamal Abdulla – 70
sim-sim

Elşən Mehdi – Babalar ölməsəydi…

02/10/2019 - 05:24
A A
Facebookda paylaş

Babalar ölməsəydi

Evlər aynabənd idi

Təbiətə dəyməsək,

Dünya yekə kənd idi

 

Ömür siyahdan siyah

Azalır günah-günah

Nə dünən var, nə sabah,

Zaman sonsuz indidi

 

Hər gələn bu adamın

Bir az qırdı inamın

Ən möhkəm ip atamın

Qollarının bəndidi

 

*****

 

Bizim bir kəndimiz varıydı orda

Dağlar buludlardan uca olardı

Yoldaşı döyüşdə ölən qadınlar

İyirmi beş yaşında qoca olardı

 

Nənələr varıydı ağzı dualı

Yaylığı gül qoxan üzləri nurlu

Dərdi məzaracan özüylə gedən

Nənələr varıydı kişi qürurlu

 

Babalar yarıtmaz nəvələrinə

Kəndin dəlisini misal çəkirdi

Kişilər atlara qamçı vururdu

Qadınlar belinə sığal çəkirdi

 

O kənddə mollalar arıq olardı

Falçılar həmişə ümid verərdi

Xəstəyə həkimlər baxardı ancaq

Hamının şəfasın “seyid” verərdi

 

İndi nə o kənd var,nə o adamlar

Babam da səngərdən o yanda qaldı

Dünyayla axirət sərhədi ruhun

Erməni sərhədi məzarın aldı…

 

Polkovnik Rəşad Atakişiyevə

 

Polkovnikə mən yazıram

Göyün qapısında növbə var.

Göylər yerdən dərindi.

Yüksəklikdən qorxmamaq daha ürpədicidi, qorxmaq yox

İnsan torpağındı, yerindi.

Polkovnikə uzaq bir yerdən yazıram

 

Səma ildırım barmaqlarını şaqqıldadanda,

Eyni dildə qorxurlar

Quşlar və pilotlar.

Biri qanadlarını, biri çiyinlərini çəkər…

Çiynindəki ulduzlar göydəki ulduzların əksi

Gözləri səmavi göylərə baxmaqdan mavi.

Polkovnikə göylərdən yazıram

Üfiqdə iki göyərçin

qanadlarıyla “x” işarə edir göylərçün,

Yer yoxdu

Göyün qapısında növbə var deyir.

Uşaqlar ölümdən anlamaz

Onların oyuncaq təyyarələri qırılsa da şirəli barmaqlarının arasında uçar,

Səmadasa qəzalar bağışlanılmaz

Polkovnikə qədərdən yazıram.

Bir gün çərpələngə aşiq olar yaşlı qağayı

Uçmağını gözləyər, çərpələngsə uçmaz tir-tir əsib qalar bu sevdaya

Hə, bu nə yerdəki məftil sərhəddi, nə də divar

Göyün qapısında növbə var

Bu da iki dünya arasında yol ayrıcı

Şəkillərinə son dəfə baxdım,

Sinəndə qırıcı yazılmışdı, qırıcı

Polkovnikə mən yazıram.

Pəncərəmdən yazıram

Üzü göylərə…

sim-sim

Sim-sim.az gündəlik köşə, araşdırma, esse, poeziya və nəsr nümunələri, eləcə də kino, teatr, musiqi, rəssamlıq, memarlıq və incəsənətin digər sahələrinə aid geniş spektrdə maraqlı materiallar təqdim edir.
Portalda ölkəmizdə və xaricdə çap olunmuş kitablar haqqında resenziyalar, tanınmış incəsənət xadimləriylə müsahibələr, müzakirələr və debatlar, dünya mədəni irsiylə bağlı tərcümə materialları dərc olunur.


Təsisçi: Kamal Abdulla
Baş redaktor: Qismət Rüstəmov
Şef redaktor: Ömər Xəyyam
Redaktor: Cavid Zeynallı

© sim-sim.az

No Result
Bütün nəticələr
  • Proza
  • Poeziya
  • Kino & Teatr
  • Yaradıcılıq fakultəsi
  • Mənim sevimli hekayəm*
  • Kamal Abdulla – 70

© sim-sim.az