sim-sim
  • Proza
  • Poeziya
  • Kino & Teatr
  • Yaradıcılıq fakultəsi
  • Mənim sevimli hekayəm*
  • Kamal Abdulla – 70
Reading: Elvin İntiqamoğlu. İtkin əsgər anası – şeirlər
sim-simsim-sim
Font ResizerAa
Axtar
  • Proza
  • Poeziya
  • Kino & Teatr
  • Yaradıcılıq fakultəsi
  • Mənim sevimli hekayəm*
  • Kamal Abdulla – 70
© sim-sim.az
sim-sim > Blog > Köşə > Elvin İntiqamoğlu. İtkin əsgər anası – şeirlər

Elvin İntiqamoğlu. İtkin əsgər anası – şeirlər

Published 09/06/2023
Paylaş

Sim-sim.az Elvin İntiqamoğlunun şeirlərini təqdim edir.

 

 

İTKİN ƏSGƏR ANASI

(“İkinci Qarabağ şeirlər silsiləsi”ndən)

 

– Çörək keçmir sualların boğazından:

İtən bəxtim, hardasan,

nə yeyirsən, nə içirsən?

Şəhidlər də sağ-salamat gəldilər –

Sən nə vaxta çatarsan,

hansı kəndi keçirsən?

 

– Mən də dözümlüyəm, bala,

sən acsansa, mən də acam –

Sənə qurban olsun anan,

sənə qurban olsun bütün çörək qırıntıları…

 

– Şəkillərin sildiyim əllərimi

açıram sənə, Allah:

Mən oğlumu bayrağa,

Oğlum məni torpağa

verməmiş öldürmə məni –

Ölüsünü, dirisini

görməmiş öldürmə məni…

 

– Bircə əsir düşməsin,

razıyam, qara olsun

gözlərimin ümidli göy yaşları,

əllərimin qırmızı duaları,

ürəyimin yaşıl sıxıntıları…

 

QƏM BİZƏ İRSƏN KEÇİB

 

Sizi deyə bilmərəm,

qəm bizə irsən keçib –

O vaxtı ulu babam,

dərd çəkə-çəkə ölüb…

Külqabının ağzını

tütünlə bağlayarmış –

Ulu nənəm həyətə

kül tökə-tökə ölüb…

 

Ulu babam oğluna

bircə dərd qoyub gedib –

Babam ağlı kəsəndən

ev tikə-tikə ölüb…

Babam atası kimi

tütünə aldanmayıb –

Nənəm küllü torpağa

gül əkə-əkə ölüb…

 

Atam babam kimidi,

Mən də ulu babamam…

 

GÖY ÖLÜMÜ

 

Bir deyil, iki deyil,

dəfələrlə

səhərdən axşamacan

boğazı kəndirli halda

ayaq üstə yatıb biri…

 

İstədiyi baş tutmayıb,

göylərə üz tutub biri…

 

Bəlkə də

arzulamadığı gündə

arzusuna çatıb biri –

Cinayət xəbərlərində göstərdilər:

dünən saat 03:30-da

birinci mərtəbədən

özünü göyə atıb biri…

 

DÜNYAYA GƏLƏNDƏ

 

Mən dünyaya gələndə

Oğul sahibi oldu

Adın belə bilmədiyim iki nəfər…

Heç kim mənim gözləməyib gəlişimi

Onlar qədər…

 

Mən dünyaya gələndə

Sıfır yaşın içindəydim,

Dərd sıfırın içiydi…

Məndən qabaq doğulmayan körpələr

Vaxtca məndən kiçik idi…

 

Mən dünyaya gələndə

Vaxtı bitmiş beş insanın

ölüm düşdü payına…

Mən doldurdum yerlərini –

Bir nəfər bərabər oldu

beş nəfərin sayına…

 

RƏSSAM VƏ ŞAİR

 

Rəssam dedi şairə:

– Gəl bir yerdə canlandıraq həsrəti –

Mən fırçada-tabloda,

Sən qələmdə-kağızda…

 

Rəssam çəkdi:

Sarı yarpaq, oğlan, qız –

Sevgililər ayrılırlar payızda…

 

Şair yazdı:

Yarpaqlar da vəfasızdı, o qız da…

 

QARA GÜNƏŞ

 

Səhər qara pişik keçib

Günəşin qabağından –

Əlləşir, çıxa bilmir

ümidsizlik zolağından…

 

Yer qaradı, göy qaradı,

göz gözü görə bilmir –

İşıq dirəkləri də

ürək-dirək verə bilmir…

 

Günəşə həsrətlə baxır

Ömrümün cavanlığı –

İşığın yerin tapın,

söndürün bu qaranlığı…

 

QADINSIZ ŞƏRAB

 

İlk dəfə içdiyim şərab

ilk dəfə sevdiyim qadın qədər qalıb yadımda…

 

Xəyalımda üzbəüz durub əvvəlki qadınla,

indiki sərxoşluğum –

İçəndə doldururam

həyatımda olmayanın boşluğun…

 

Qadın sevgisinin mükəmməlliyin

gülüşündən anladım,

gözlərindən oxudum –

Bir qədəh də süzün mənə,

istəmirəm unudum…

 

Məndən sənə

aldığım qızılgülün solan ləçəyi qaldı,

Səndən mənə

bir şüşəlik xatirə –

O da qızılgülün ətri azaldıqca azaldı…

 

GƏLİŞ ÇAĞI

 

İndi gəlsən, ömrümü

təpədən dırnağacan

dərd içində görərsən –

Dərdin az çağında gəl…

 

Yazım baxışlarından,

saçından, gülüşündən –

Sözün söz çağında gəl…

 

Payızda gəlsən, yerə

sarı ümidlər düşər –

İlin yaz çağında gəl…

 

Qışın oğlan çağında

üşüyərsən, donarsan –

Qışın qız çağında gəl…

 

Paylaş
Facebook Twitter Whatsapp Whatsapp Telegram Email Copy Link

Sim-sim.az gündəlik köşə, araşdırma, esse, poeziya və nəsr nümunələri, eləcə də kino, teatr, musiqi, rəssamlıq, memarlıq və incəsənətin digər sahələrinə aid geniş spektrdə maraqlı materiallar təqdim edir.
Portalda ölkəmizdə və xaricdə çap olunmuş kitablar haqqında resenziyalar, tanınmış incəsənət xadimləriylə müsahibələr, müzakirələr və debatlar, dünya mədəni irsiylə bağlı tərcümə materialları dərc olunur.

Təsisçi: Kamal Abdulla
Baş redaktor: Qismət Rüstəmov
Şef redaktor: Ömər Xəyyam
Redaktor: Cavid Zeynallı

 © sim-sim.az

Welcome Back!

Sign in to your account

Username or Email Address
Password

Lost your password?