Embros Birz (Ambrose Bierce) (1842-1914) Amerikalı yazıçı, jurnalist. Amerika ədəbiyyatında XIX əsrin ən məşhur hekayə ustalarından sayılır.
Steyli Fleminqin qarabasması
Danışan iki kişidən biri həkim idi.
-Həkim sizi mən çağırmışam – digər kişi dedi, – amma mənə kömək edə bilməyəcəyinizi düşünürəm. Ola bilsin ki, psixopatiya üzrə mütəxəssis tövsiyə edə bilərsiniz. Mənə elə gəlir ki, dəli olmuşam.
-Yaxşı görünürsüz – həkim dedi.
-Buna siz qərar verəcəksiniz; qarabasmalar görürəm. Hər gecə oyanıram və otağımda məni diqqətlə izləyən ağ qabaq ayağı olan böyük qara Nyufaundlend iti görürəm.
-Oyandığınızı deyirsiniz buna əminsiniz? Qarabasmalar bəzən yalnız yuxulardan ibarətdir.
-Oh, mən oyanıram, əmin ola bilərsiniz. Bəzən uzun müddət hərəkət etmədən durub itə onun mənə baxdığı kimi ciddi şəkildə baxıram, həmişə işığı yanılı qoyuram. Daha dözə bilməyib çarpayıdan qalxıram və budur orada heç nə yoxdur.
-Maraqlıdır. Heyvanın üz ifadəsi necə olur?
-Mənə pis görünür. Əlbəttə, bilirəm ki, sənət əsərlərindən başqa, sakit vəziyyətdə olan heyvanın siması həmişə eyni ifadəyə malikdir. Ancaq bu əsl heyvan deyil. Bilirsiniz ki, Nyufaundlend itləri olduqca sakit görünür, görəsən onun nə problemi var?
-Əgər iti müalicə edə bilməyəcəmsə diaqnozumun heç bir mənası olmaz.
Həkim öz zarafatına güldü, ancaq gözünün ucu ilə diqqətlə xəstəyə baxdı, ardınca dedi:
-Fleminq, sənin təsvir etdiyin vəhşi heyvan mərhum Atvel Bartonun itinə uyğundur.
Fleminq həyacanla kreslosundan qalxdı, yenidən oturdu və laqeydliklə dedi:
-Bartonu xatırlayıram; məncə, yəni deyilənlərə görə onun ölümündə şübhəli nəsə vardı.
Həkim xəstəsinin gözlərinin içinə dik baxaraq dedi:
-Üç il əvvəl köhnə düşməniniz Atvel Bartonun cəsədi onun və sizin evlərinizin yerləşdiyi ərazinin yaxınlığında tapıldı. O, bıçaqlanaraq öldürülmüşdü. Heç bir həbsetmə olmayıb, dəlil də yox idi. Bəzilərimizin “nəzəriyyələri” var idi. Mənim də var, bəs sizin necə ?
-Mən? Ruhu şad olsun, mən bu haqda nə deyə bilərəm? Xatırlayırsınız ki, mən demək olar ki, hadisədən dərhal sonra uzunmüddətli Avropaya getdim. Qayıtmağımdan bir neçə həftə keçib, bu müddət ərzində siz məndən bir “nəzəriyyə” uydurmağımı gözləyirsiniz. Əslində, bu məsələyə fikir verməmişəm. Bəs onun itinə nə oldu ?
-Cəsədi ilk tapan o idi. Məzarın başında aclıqdan öldü.
Biz təsadüflərin altında yatan amansız qanunu bilmirik. Steyli Fleminq də bunu bilmirdi, yoxsa gecə küləyi uzaqda fəryad içində ulayan itin səsini açıq pəncərədən evə dolduranda mütləq ayağa qalxardı. Fleminq həkiminki kimi səbatlı baxışlarla otaqda bir neçə dəfə var-gəl etdi; sonra qəfil onun qarşısına keçərək az qala qışqırdı:
-Bütün bunların mənim problemimlə nə əlaqəsi var, doktor Halderman? Nəyə görə çağrıldığınızı unudursunuz.
Ayağa qalxan həkim əlini xəstənin qoluna qoydu və yumşaq bir şəkildə dedi:
-Bağışlayın. Sizin xəstəliyinizə diaqnoz qoymaq üçün fikirləşməliyəm. Bəlkə sabah nəsə deyə bilərəm. Zəhmət olmasa, qapınızı açıq qoyaraq yatın. Gecə sizinlə qalacam və kitablarınızla vaxt keçirəcəm. Yataqdan qalxmadan məni çağıra bilərsiniz ?
-Bəli, elektrik zəngi var.
-Əla, sizi narahat edən nəsə olarsa, yerinizdən qalxmadan zəngi basarsınız. Gecəniz xeyrə qalsın.
Kresloda rahat oturmuş tibb adamı gözlərini parıldayan kömürlərə dikib dərindən və uzun-uzadı fikirləşirdi, amma yəqin ki, heç bir ortaq məxrəcə gələ bilmirdi.
Tez-tez qalxıb pilləkənlərə aparan qapını açır, diqqətlə qulaq asırdı; sonra yerinə otururdu. Axırda yuxuya getdi, oyananda vaxt gecə yarısını keçmişdi. Sönmüş kömürü qarışdırdı, yanındakı stolun üstündən bir kitabı qaldırıb başlığına baxdı. Bu Dennekerin “Meditasiyalar” kitabı idi. Təsadüfən onu açıb oxumağa başladı:
-Nə qədər ki, bütün bəşəriyyətin ruhu var və bununla bərabər Allah tərəfindən yaradılan ruhani qüvvələr də var. Xortdanların, bədniyyətli varlıqların törətdikləri vəhşilikləri nəzərə alsaq, görərik ki, ruh bədəndən çıxıb ayrı yaşasa belə, cismani güclərə malikdir. Bədəni tərk edib, başqa bədəndə yenidən canlanan varlıqlar təkcə insanları özünə hədəf seçmir, bəzən onlar heyvanları da ələ keçirə bilərlər və …
Mütaliə evin ağır əşyanın düşməsinə bənzər silkələnməsi ilə kəsildi. Həkim kitabı yerə atıb, otaqdan qaçaraq çıxdı, pilləkənlərlə Fleminqin otağına qalxdı. Qapını açmağa çalışdı, lakin nə qədər cəhd etsə də, otağın qapısı açılmırdı. Var qüvvəsini çiyninə verərək, qapını açdı. Fleminq dağınıq çarpayının yanında gecə paltarında son nəfəsini verirdi.
Həkim ölüm ayağında olan kişinin başını yerdən qaldırdı və boğazında yara gördü. İntihar olduğunu düşünərək:
-Bunu düşünməliydim – dedi.
Ölümdən sonra edilən tədqiqlərdən sonra şah damara dərindən batmış heyvanın dişlərinin aydın izləri aşkar edildi. Amma heyvan orada yox idi
Tərcümə edən: Əkbər Rzayev