İddialar
- “İnsan torpaqdan yaranıb”
Human – humus – qum
“Humus” – torpaq; heyvan və bitkilərin torpağa qarışmış qalıqları.
- “İnsan sudan yaranıb”
Öləndən sonra şişməsi insanın sudan gəldiyinin, balıqdan dönməyinin işarəsidir. Şişib su üzünə çıxır ki, öldüyü, sıralardan uzaqlaşdığı bilinsin. Suyu bulandırmasın. Dalğalar onu aparıb quruya atsın, heyvanlara yem, ağaclara gübrə olsun.
Torpaqdan yaranma mifin, dilin yaddaşıdır, bədii ədəbiyyat nümunəsidir.
Su materiyadır, elmin dilidir.
***
Fransada ailədaxili məsələlər haqqında çəkilmiş qısa reportaja baxırdım. IPSOS araşdırma şirkətinin təqdim etdiyi anketə görə 2020-ci ildə hər 10 uşaqdan biri ailə üzvü tərəfindən cinsi istismara uğrayıb. Xalq ailə daxilində insest hallarının artdığından və bunun ortodoksal və mühafizəkar ailə dəyərləri səbəbindən, ictimailəşmədiyindən, ailədən kənara çıxmadığından şikayətlənirdi.
Bir zamanlar tanrı fransız ailələrinin içinə girə bilirdi, bu gün qanun girə bilmir.
***
TV daha ciddi müstəviyə keçir. Çünkü başqa çıxış yolu yoxdur. O sosial media ilə əyləncə yarışına girə bilmir, TV əyləncə dozasını aşdıqca, sosial media daha artığını edir. Sosial medianın məsuliyyət hissi yoxdur, mahiyyətcə dağıdıcıdır, TV-nin isə dövlət qarşısında öhdəliyi var.
***
İmperiyalara bərabərlik siyasəti yaramır. Yoxsa ki, imperiya əsgərləri müstəmləkə əsgərləri ilə bərabər olduqlarını anlasalar döyüşə bilməzlər. Buna görə onlar empatiya qura bilməzlər. “Heç kim bərabər deyil, biz və digərləri var” – onlar belə düşünür. “Egalite” – inciməyin, yalnız bizə aiddir.
***
Ey Avropa, gürcülərin süfrəsinə bax!
“Mənim qocaman və hər zaman gənc, müdrik və mədəni Avropam! Sən mənim acikamdan, təbii mineral sularımdan, şərablarımdan və xaçapurimdən xəbərsizsən. Sən bizim sağlıqlardan və Süfrə Akademiyamızdan hələ də xəbər tutmamısan.”
- Odişariya “Prezidentin pişiyi”
Ey Avropa, gürcülərin ədəbiyyatına bax!
“Mən demək istəyirəm ki, Gürcüstan ədəbiyyatı çox qədimdir, 1500 illik tarixi var. İlk bilinən hekayəmiz 5-ci əsrdə yazılıb. Əlifbamız mədəniyyətimizin önəmli bir hissəsidir. Siz bunu oxuya bilmirsiniz, sizə maraqlı gəlir. Amma biz sizin əlifbanızı rahatlıqla oxuyuruq. Uzun illər biz müxtəlif dillərdən tərcümələr etmişik. Lakin, biz tərcümə olunmamışıq.”
- Morçiladze 2018-ci il, Frankfurt Kitab Sərgisinin açılış nitqindən
Və Avropa baxdı.
***
Poeziya muzası hardadır?
Bir-neçə il bundan öncə saytlar qroteskvari başlıqlarla oxucuları çaşdırmışdı. Mədəniyyət nazirliyinin şöbə müdiri Vaqif Bəhmənli nazir Əbülfəs Qarayevə onu mədh edən şeir həsr etmişdi. Bu hadisədən sonra şair töhmət almış, işdən azad olunmuş və saytlardan birində müsahibəsi dərc olunmuşdu. Vaqif Bəhmənliyə verilən “Bundan sorna hansısa vəzifəli şəxsi şeir ithaf edəcəksiniz?” sualına isə o belə cavab vermişdi:
“Şeir yazmaq məndən asılı olan iş deyil”.
***
“Evin yıxılsın”
Köçəri xalqlarla müqayisədə şərq xalqlarında ev, ocaq daha simvolik məna daşıyır, nəsildən-nəslə ötürülür, möhkəmlənir. Ev onların qalasına çevrilir. Yəqin ki, buna görədir ki, Hindistanda və İsraildə müsəlmanlarla mübarizəyə evlərini buldozerlə sökməklə başlayıblar.
***
Fiziki məhdudiyyətli Brahma
Hindistanın bu çirkabdan göz açılmayan, gigiyena qaydalarının vəhşicəsinə pozulduğu günlərində 4 ayaqlı, 4 əlli uşağın, 3 gözlü inəyin doğulmasını seyr edərkən anlayırsan ki, hind tanrılarının əfsanəvi vücud formaları ən yaxşı halda anadangəlmə inkişaf qüsuru olub.
***
Cavanşir Quliyev müsahibələrinin birində qeyd edir ki, aşıq musiqisi muğamdan daha dərindir. Çünki, aşıq musiqisi daha qədimdir, xalqın musiqisidir, muğam isə saray musiqisidir.
Dəqiqləşdirilməlidir ki, “dərin” nəyi identifikasiya edir. “Dərin musiqi”, “dərin film”, “dərin roman” – bu ifadələr artıq arxaikləşib. Daha konkret diaqnoz qoymaq lazımdır. Bir sənət əsəri nə qədər peşəkardır, nə qədər fəlsəfidir, işlədiyi mövzunu hansı genişlikdə araşdırır, hansı üslubda işlənib.
Tarixi faktlara əsaslansaq muğamın tarixi eramızdan əvvələ qədər uzanır, muğamın coğrafiyası, tarixi yoxdur, o hüdudsuzdur. Aşıq musiqisindən gənc olması müzakirə mövzusu deyil.
Bəs bir musiqinin xalqa və ya saraya yaxın olması onun köklərini dərinləşdirirmi? Tarix hər dövrdə ağıllı adamları saraya yığıb. İnqilablar, müharibələr, talelər saraydan idarə olunub. Klassik musiqi Avropa saraylarının sifarişi idi. Sarayda bunlar baş verərkən xalq nə dinləyirdi?
Bu suala bu gün cavab tapmaq daha rahatdır…
***
Heç bir cinayət dövlət nəzarətindən kənarda qalmır.
Pablo Eskobarın oğlu müsahibəsində bildirirdi ki, Amerika hökuməti atasını seriallar, sənədli filmlərlə tənqid hədəfinə çevirir, lakin heç vaxt onun CIA (Mərkəzi Kəşfiyyat İdarəsi) ilə gizli əlaqələrindən danışmır…
Türkiyədə və Azərbaycanda həmişə belə bir mif olub: mafiya (kabadayılık) dövlətin əlinin girmədiyi küçələrdə, tinlərdə haqsızlığa qarşı mübarizə aparıb.
Keçən əsrdə ortaya çıxan mafiya kommunistləri məhv etmək üçün yaradılmışdı. Türkiyədə və Yaponiyada millətçi mafiya kommunistləri, solçuları məhv edirdi. SSRİ-də isə əksinə, kosmopolit mafiya millətçilik anlayışını məhv edirdi.
Mövzu isə heç zaman “haqsızlığa qarşı mübarizə” olmayıb. Mafiyanın bir məqsədi var idi – faktiki “sol”u oyundan kənarlaşdırmaq.
***
“Zərrələr get-gedə lap zərrələşər”
Çağdaş dünya təsnifatlaşdırma dünyasıdır həm də.
Əvvəl 7 rəng var idi. Bu gün hər rəngin onlarla tonu var. Rəngin tonları kodlaşır, yüzlərlə yeni kod yaranır.
Hər kateqoriya yeni alt kateqoriyalar yaradır.
Vahid mərkəzlilik yerini çoxmərkəzliliyə verir.
Ən yaxşı yerini, çoxlu yaxşılara verir.
Belə dünyada yaşamaq da, onu idarə etmək də çətinləşir. Ümumiləşdirmə aparmaq tənbəllik, köhnəlik əlaməti sayılır.