Sim-sim.az Emin Əliyevin fləş hekayələrini təqdim edir.
Qızıl
Amilin dəniz kənarında keçirilən ad gününə qohumları dörd bir tərəfdən gəlmişdilər. Lənkərandan Rasim, Qubadan Qorxmaz, Goranboydan Malik, Qaxdan isə dayısı Əhməd bu gözəl və dəbdəbəli məclisə təşrif buyurmuşdu. Hər kəs aldığı hədiyyəni gətirir, uşağa və onun valideynlərinə bəyəndirməyə çalışırdı. Şəhər ətrafından gələn qonaqlar isə yolun uzunluğuna dəyəcək dəyərdə hədiyyələr almışdılar. Hədiyyələrə sərmayə kimi baxan qohumların aldığı şeylər açıldıqca qonaqların bütün diqqəti bu mərasimə yönəlirdi. Hər kəs bir-birinin hədiyyəsini heyranlıqla izləyir, son nəticəyə öz ehtimallarını oynayırdılar. İlk olaraq qutudan ağ kostyum çıxdı və onu uşağa geyindirib yenidən mərasimin ortasına gətirdilər. Daha sonra pultlu maşın qutudan çıxdı, amma onun batareyaları üstündə deyildi. “Sonra taxarıq oynayarsan” – deyib onun üstündən keçdilər. Sonrakı hədiyyələr nə qonaqları, nə də valideynləri bir o qədər də təəccübləndirməsə də nəzakət xətrinə onlar gülümsəməyə və qane olduqlarını bildirməyə davam edirdilər. Sonra viski, ətir, saat kimi əcaib əşyalar da qutudan çıxmağa başlayırdı.
Sıra son hədiyyəyə çatanda Əhməd aldığı qutunu özü açmağa qərar verdi. Boynundakı tərli dəsmalı düzəldəndən sonra yerə çöməldi. Qutudan qızıl boyunbağı çıxdı. Əhmədin aldığı qızıl boyunbağını elə oradaca uşağın boynuna salmağa çalışdılar. Uşağın bu hədiyyədən canının necə sıxıldığını görməmək mümkün deyildi. Ağ kostyum və qara ayaqqabını əyninə məcbur geyindirdikdən sonra indi də sıra boyunbağına çatmışdı. Qızıl boyunbağı digər hədiyyələrdən daha parlaq görünürdü. Uşaq yerində dayanmırdı, ağlayırdı, ətrafındakı digər uşaqlardan kömək istəyirdi, lakin ona heç kim kömək edə bilməzdi, çünki ətrafda çox insan var idi. Ağır cəhdlərdən sonra qızılın əyarı görünsün deyə Əhməd boynunda onu tərsinə çevirdi. Hər kəs gözucu da olsa əyara fikir verdi. Əhməd diqqətlərin əyara fokuslanacağını əvvəlcədən hesablamışdı, etdiyi hərəkət də əbəs yerə deyildi. Qızıl verilən hədiyyələr arasından yalnız ağ kostyumla yarışa bilərdi. Əhmədin orada rəqibi yox idi. Əhməd bu yarışdan da başı uca çıxmışdı.
Baron
Fatma öz Pradosu ilə bizim məhəlləyə tez-tez gələrdi. Kişi kimi qadın idi, düşüb mağazada adamların borclarını bağlatdırar, uşaqlara hədiyyələr verərdi. Məhəlləmizin cavan oğlanlarının varlanmasında Fatmanın birbaşa əli var idi. Təhsilsiz Əliağa da, ali təhsilli Elnur da eyni dərəcədə varlanmış, hər ikisi özünə yeni maşın almış, küçədə piyada görünməməyə başlamışdılar. Bu hadisələrin necə baş verdiyi isə məni həmin zamanlar çox maraqlandırmırdı. Çünki, səhər 9-da işə gedib, 6-da işdən qayıdanda heç kimi görmürsən.
Fatmanın belə cəsarətə sahib olması, təzəlikcə ayda iki dəfə, sonradan həftədə üç dəfə gəlməsi bizim kənd camaatını təəccübləndirməyə bilmirdi. Çünki, Bakı kəndlərindəki qadınlar həyətdən çölə çıxdıqda ya hicabla, ya sadə başörtüsü ilə çıxırdılar. Kişilərə onların başını bağlatdırmaq sərf edirdi, çünki onlar rahat kənarda başqa qadınla gəzə bilirdilər. Fatma məsələsi isə gündüzlər mağazada yığışan qadınların, gecələr küçədə oturan kişilərin əsas tapmacasına çevrildi.
Günlər keçdi, aylar ötdü, Pradolu qadının küçə-küçə, məhəllə-məhəllə əlaqə qurduğu adamların sayı artdı, onunla tanış olan adamların üzündən saflıq itməyə başladı, maddi imkanları yaxşılaşdı. Şəbəkə genişləndikcə kənddə kasıblayanlar da çoxalmağa başladı. Fatmanın nə işlə məşğul olduğu sualını tapmaq isə kənd camaatına baha başa gəldi. Onlar sualın cavabını tapanda artıq kənddə bir çox ailə narkokuryerlik edirdi. Oğlanlar özləri evdə olmayanda analarını mal dalınca göndərirdilər. Küçənin xəstəsi (o əlil idi, ona görə onu xəstə kimi çağırırdılar) Şahindən isə bu məsələdə heç kim şübhələnmirdi. Ailəsi daha çox onu alış-verişə göndərir, o yazıq isə həmişə malı satdıqdan sonra şəhid bulağında əllərini yuyur, təmizlənir, təmizləndiyini sanırdı.
Məhəllədən 10 nəfər uşaqlıq dostumu eyni vaxtda telekanalların birində görəndə isə hər şeyin sonu gəlmişdi. Birinin evindən 2 kq metamfetamin, 2 kq kokain, 10 kq marixuana tapmışdılar. Həmin axşam narkomanlardan biri öz evini yandırıb qaçmışdı. Fövqəladə Hallar Nazirliyinin maşınları sürətlə məhəlləyə daxil olmuşdular. Qışqırıq səsləri səngimirdi.
Həmin gündən sonra Fatmanı daha bizim küçədə görməmişdim. Sakitcə aradan sivişmişdi. Onu sonralar nə hansısa kanalda, nə də saytda gördüm.
Şikayət
– Dreli götürmüsən?
– Hə
– Bəs çəkiclə mıxları? Bir də pereferatoru?
– Hamısını götürmüşəm.
– Dünən metro çıxışında, pilləkənlərdə gördüm ki, əlil arabasında yadplanetli oturub. Başı həddən artıq yekə idi, ayaqları balaca, özü də siqaret çəkirdi. Yanında isə qoca qarı pul dilənirdi.
– Aha, sonra.
– Qarı onu göstərib tez-tez yardım istəyirdi, “dərman almağa pulum yoxdur”, “Allah sizin başınıza belə bəla gətirməsin” deyirdi.
– Bunu yanında oturan adam üçün istəyirdi?
– Adam yox, yadplanetli idi o.
– Yaxşı, olsun yadplanetli. Sonra nə oldu?
– Sonra polislər gəldi, ikisini də qovdular. Qarıya dedilər ki, bir də bu yetimçə ilə bura gəlsən, səni içəri basacağıq. O gedən qadın getdi, bir də görmədim onu.
– Sən nəşəli deyilsən ki?
– Bunun məsələyə aidiyyəti yoxdur, mən birinci dəfə deyil ki, çəkirəm.
– Yaxşı, sonra nə oldu?
– Manatlıq taksiyə oturdum. Sürət həddini aşdığımıza görə maşını saxladılar. Mən arxada oturmuşdum onda. Polislə bir az söhbət etdilər, qayıtdı ki, 200 manat ver mənə, istəyirsən Suraxanıda göydə sür maşını.
– Sonra?
– Sonra maşının təkərləri yerdən aralandı, səmaya doğru uçmağa başladı, buludların arasında gözdən itdik.
– Qəribədir. Sürücünü tanıyırdın?
– Babaş idi
– Onu həbs etməmişdilər?
– Etmişdilər, sonra buraxdılar.
– O necə olur?
– Dedilər ki, həbsxanada narkomanlara yer yoxdur. Gətirməyin bu adamları, biz onlara havayı yemək vermək istəmirik.
– Axı onu televizorda göstərmişdilər, özü də “qruppavoy” tutmuşdular.
– Gülməli danışma. Televizor sikən gəlib? Əgər yer yoxdursa, yoxdur.
– Sənə bunu bölmədə dedilər?
– Hə.
– Şikayətinin axırı nə oldu bəs?
– Dedilər, sən biləni biz də bilirik, istəyirsənsə yenə yaz… Sənin iş məsələn nə oldu? Zavodda mühafizədən çıxmadın?
– Qazon şirkətində işləyirəm, bağ evlərinə qazon vururuq.
– Yaxşı a, mən heç reklamlarınızı görməmişəm.
– Reklamları varlı məhəllələrinə vururuq.
– Əcəb işdi… Sahilə gedənlərin hamısı necə səliqəli geyinib. Bax, bilinir ki, 20 Yanvara gedirik.
– Ev yiyəsindən beh alım, şəhərə çıxarıq.
2022