Cek London xaraktercə bir-biriylə toqquşan arzularının tezliklə həyata keçməsini tələb edən anadangəlmə asi idi. Onda hələm-hələm görünməyən təmin olunmaq istəyi, iştah dialektikası vardı. Bir dəfə etiraf etmişdi ki, ağlının güclü qollarıyla qırx atı yan-yana sürmək istəyir. Onun yazıçılıq və əkinçilik sahəsindəki ehtirasları fərdi intizamı və həyat enerjisi kimi həddindən artıq idi. Dayanmadan özünü çətinə salırdı, bu da arabir xəstəliklə, kədərlə bitən depressiv çöküntülərə yol açırdı. Sonra həmin atlar sahibini dəyişdilər. Belə yazmışdı: “Doymuşluq və mülkiyyət Ölümün cüt qoşulmuş atlarıdır.”
“Martin İden” əsəri Cek Londonun ən avtobioqrafik romanıdır. Bu roman onun cavanlığında təhsil üçün, ədəbi şöhrət üçün verdiyi mübarizədən və orta yaşlarda uğurun sehrindən xilas olmağından bəhs edir. Roman zülmətdən zirvəyə çıxmağı mifləşdirir, müəllifin qırx yaşındakı vaxtsız vəfatını əvvəlcədən xəbər verir. Yazıçının var gücüylə özünü Martin İdenlə eyniləşdirməsi kitabın gücünü və mənəvi təzyiqini əmələ gətirir ki, bu da günümüzdə bu romanı yaşamaq iradəsini belə özünə tabe edən yazmaq instinktinin arxetipik variantı kimi Knut Hamsunun “Aclıq” əsərinə yaxınlaşdırır.
Sirli şəkildə atası-anası olmayan, ancaq avara qardaşlardan, kirli-pasaqlı bacılardan ibarət bir ailəsi olan Martin İdeninki qədər olmasa da, Cek London da çətinlik içində böyüyüb. Cek London orta təbəqəli bir ailədən gələn spiritualist və musiqi müəllimi Flora Velmanın yeganə övladı kimi 1876-ci ildə San-Fransiskoda doğulub. Atası çox güman ki, Vilyam Henri Çeyni adlı gəzərgi bir astroloq idi. Oğlu doğulandan bir müddət sonra anası Con Londonla evləndi və övladına ögey atasının soyadı verildi.
Balaca Cekin uşaqlığı Oklənd civarındakı kiçik fermalarda keçib. Bir az pul qazanmaq üçün qəzetpaylayan işlədi və Martin İdeninin sallaqsifətlə olan davalarından bəzisi həqiqətən başına gəldi. Erkən yaşda kitablara və San-Fransisko Körfəzində dənizə girməyə vurulmuşdu. On beş yaşına çatanda cinayətkar bir uşaq, banda başçısı və istridyə qulduru idi. Quruda qalsa cavan yaşda öləcəyini düşünərək, insanlarla heyvanlar arasındakı qanlı həyat mübarizəsinə şahid olmaq üçün dənizdə yeddi aylıq suiti ovuna çıxdı. Ovdan qayıdandan sonra, Vaşinqtona getməyə hazırlaşan işsizlər ordusuna qoşulmamışdan qabaq, bir neçə fabrikdə işlədi. Avaralığına görə 30 günlük həbs cəzası aldı, bundan sonra başını işlətmək və İctimai Çuxurda kölə kimi alçalmaldan yaşamaq qərarı verdi. Bu qərarın ardınca belə bir qənaətə gəldi ki, əzələ gücünü yox, ağlını satacaq. Bunun üçün gərgin bilgi axtarışına başladı.
Cek Londonun qəhrəmanı Martin İdenin ortaya çıxması da həyatının oxşar bir anında olub. Yazıçı anasının, bir də məktəblərdən birində tapdığı fəhləlik işi sayəsində liseyi bitirdi, Berklidəki Kaliforniya Universitetinin imtahanlarına girdi və orada iki il ərzində boğulmaqda olan bir adamın çarəsizliyi və özünütəhsilin təkəbbürü ilə elm öyrənməyə çalışdı. Orta təbəqədən olan Apliqartlar ailəsi ilə tanış oldu, onların forslu və gözəl qızları Mabelə aşiq oldu, bu qız yazıçının gözündə sevdiyi şairlərin təsvirlərindəki gözəllərin cisimləşmiş hal idi. Cek London üçün Brauninq və Suinbern həmişə üstünlük ifadəsi idi.
Mabel Apliqartın on bir il boyunca qəddarlıqla müşahidə edilməsi “Martin İden” romanındakı Ruf Morz xarakterinin modeli oldu. Romanda Rufun vişnə rəngli dodaqlarını boyadığı üçün qadın kimi görüldüyü hissə Cek Londunun Mabeli “ölümsüzlüyündən sıyrılarkən” gördüyü ilk andır. 1900-ci ildə ikinci sevgilisi Anna Strunskiyə yazdığına görə, dördcə il sonra Mabel onun gözünə çox kiçik görünürdü: “Bacarıqları heç nə vəd etmirdi. Bəs əsərləri? Heç bir əsəri yox idi. Mədəniyyəti səthi ləkə, dərinliyi cəh-cəh vuran dayazlıq idi. Başa düşürsən? Daha ətraflı açıqlayım? Ayıldım, mühakimə etdim və məhəbbətim bitdi.”
Bununla yanaşı, gənc Cek London Mabel Apliqarta aşiq olduğu dövrdə onun sinfi dəyərlərini mənimsəməyə, öz dəyərlərindən xilas olmağa çalışırdı. O illəri yada salarkən xatırladığı duyğular bizə “Martin İden”in başlanğıc fəsillərdəki möcüzəni – cavan dənizçinin Morzların evinə girəndən qısa müddət sonra özünü “Bir busə üçün ölə biləcək Tanrının çılğın aşiqi” kimi hiss etməsini – açıqlayır. Martin İdenin burjua standartları və mədəniyyəti qarşısında hörmətlə təzim etməsi, Cek Londonun burjualarla qarşılaşanda hiss etdiyi böyük sevinci əks etdirir. Yazıçı romanını əvvəla burjuaziyaya və onun təmsil etdiyi hər şeyə hücum kimi ifadə edəndə yanılmırdı; amma yaxşı ki, sənətkarlığının və köhnə səhvlərinin fərqindəydi. Çünki bu ona imkan yaradırdı ki, qəhrəmanı ilə birgə Morzların evindəki suvenirlər və yalanlar arasında akrobatlıq etsin, hər şeyi Kamelot və Parnas kimi görsün.
Cek Londonun daim israr etdiyi kimi, romanı fərdiyyətçiliyə də hücum idi: “Başqalarının ehtiyaclarından, bəşəriyyətin kollektiv ehtiyaclarından xəbərdar olmadan Martin İden ancaq özü üçün yaşadı, özü üçün öldü.” Bəşəriyyətə inamı olmadığı üçün öldü. Bununla yanaşı, London deyirdi ki, bəşəriyyətə inanıram. O sosialist idi, fərdiyyətçi deyildi. Elə bu cür də yaşadı.
Əfsus ki, Cek Londonun xarakteri Martin İdenə onun nəzərdə tutduğundan daha yaxın idi. Fərdiyyətçiliyə və gücə bəslədiyi nitşevari inam çox vaxt sosializmə olan inamdan daha qabarıq idi. Dözümlülərin həyatda qalmasına və intellektin aristokratiyasına olan inamını iş yoldaşlarına bəslədiyi mərhəmətlə uzlaşdırmaq qırx atı yan-yana sürmək qədər çətin vəzifə idi. Bir fərdiyyətçi kimi yaşayan və ölən, ölməmişdən qabaqkı son arzusunda sosializmi öyən, gözdən düşməkdə olan Brissendeni görməzdən gələn Martin İden müəllifindən daha tutarlıydı.
Cek London Berklidən ayrılandan sonra Martin İdenin Cənub Dənizlərindəki xəzinə ovuna bərabər tutduğu faydasız bir macəraya – Klondayk Qızıl Axtarışına qoşuldu. Ordan ilk həyat yoldaşı Bess Madderlə evlənmiş olaraq geri döndü və ilk ədəbi uğurlarını qazanmağa başladı. Qısa Klondayk hekayələrinin uğurundan sonra “Əcdadların harayı” (1903) və “Dəniz qurdu” (1904) ona qəfildən beynəlxalq şöhrət qazandırdı, lap Martin İden kimi. Şöhrətdən xəyal qırıqlığına uğramış halda, Oklənddən Qlen-Ellendəki böyük bir fermaya köçdü. Burada amerikan torpağının təcavüzünə qarşı bakirə torpağı yenidən canlandırıraq mübarizə aparmağa və əvvəlki nəsillərin acgözlüyü ilə yağmalanmış torpaqlarda cənnət yaratmaq planları qurmağa başladı.
1906-cı ildə Cek Londonun aşırı işləməyə və şöhrət sahibi olmağa – Martin İdeni intihara sürükləyən səbəb – verdiyi reaksiya onu uzun çəkən pessimizm-ikrah girdabına sürüklədi. Bunları “Con Barleykorn” romanındakı içki asılılığı etirafında dilə gətirib:
“Uğrunda savaşdığım, gecəmi gündüzə qataraq çalışdığım şeylər məni uğursuzluğa sürüklədi. Uğur – ona nifrət etdim. Şöhrət – sönmüş küllər kimiydi. Cəmiyyət, aşağıların üstündəki kişilər və qadınlar, sahilin və qəsəbənin çirkabı – onların zəhlətökən bəsitliklərindən dəhşətə gəldim. Qadınlara duyulan sevgi – o da digərləri kimiydi. Pul – bir dəfəyə ancaq bir çarpayıda yata bilərdim və sadəcə bir ağız yeyə bilərdim, yüz restoranının qazandığını qazanmağın nə mənası vardı ki? Sənət, mədəniyyət – biologiyanın mərhəmətsiz həqiqətləri qarşısında belə şeylər gülünc idi, belə şeylərin müdafiəçiləri də gülüncdür.”
Pessimizm-ikrah dönəmindən çıxmağın yolu insanları sevmək və qaçmaq idi. Cek London 1906-ci ildə Çarmian Kitredclə evləndi, ABŞ-da inqilabi sosializmi yaymaq üçün müharizələr oxumağa başladı və öz düzəltdiyi Snark adlı iki dirəkli təknəylə dünya turuna çıxdı. Qlen-Ellendə xeyli torpaq satın almış və təknəsini düzəldəndə əldən düşmüşdü. Kapitanı istedadsız, təknəsi səmərəsiz idi və Cek London bir də gördü ki, həqiqi “həyat yoldaşı-qadın”ı Çarmianla birgə təknəni özü sürür. Təkcə polad kimi əzmi – təcili səyahət etmək və Kaliforniyadakı fermanın pulunu ödəyə bilmək üçün böyük məbləğdə pul qazanmaq ehtiyacı ilə – ona hər cür hava şəraitində gündə min söz yazdırırdı.
Səyahət ərzində yazdığı kitab “Martin İden” idi. Otuz bir yaşı vardı, ancaq indidən çox şey əldə etmişdi. Zehni enerjisi bəzən ona şizofreniya kimi gəlirdi. Əzəmətli bədəni zədələnmiş, bağırsaq xəstəliyinə yoluxmuşdu. Snarkla səyahət yazıçının fiziki üstünlüyünü yenidən qaytarmalı idi, amma onun fiziki çöküntüsüylə nəticələndi. Snark Havaiyə çatana qədər Cek London yelkənlərin, kanatların və döşəmələrin günəşdə çürüməsinə göz yumduğu üçün kapitanı işdən qovmalı olmuşdu. Qara qəpiksiz halda təknəsini təzədən abıra salmaq üçün naşirindən avans dilənməli oldu; Pasifik Traversindən Pol Qoqenin fantaziyadan qopub ölümü tapdığı Markiz Adalarına tərəf iki min mil yol qət etdi. Cek London orada dəliqanlılıq dövründə özünə ideal seçdiyi Robert Luiz Stivensonun vaxtilə qaldığı evi kirayə götürdü və Herman Melvilin Happar cənnətinə doğru yola düşdü. Tuberkulyoz, cüzam və fil xəstəliyi Melvilin məğrur döyüşçülərini qırıb çatmışdı. Həyatda qalanlar monstrlar idi.
Hələ qarşıda xeyli məyusluq vardı. ABŞ-da iqtisadi böhran yaşanırdı.Cek Londonun çekləri banklardan geri qayıdırdı, mülklərinin üstündəki girovlar hər şeyini əlindən çıxara bilərdi. Dəhşətli halda olan (Martin İdenin əksinə) dişləri ona dözülməz ağrılar verirdi. Romanı yazıb bitirmək və onun qazancıyla borclarını ödəmək üçün Mariposa gəmisiylə Kaliforniyaya dönüş bileti aldı.
Cek Londonun ikrahı və kədəri, fiziki ağrıları, onu sıxan maddi problemlerin hamısı birgə götürülündə, onun niyə öz qəhrəmanını Kaliforniyaya qayıdan gəmidən dənizə atması anlaşılır. Çarmianın gündəliyi evə dönərkən yolda “Martin İden”i yazan Cek Londonun əhvalını gözümüzdə yaxşı canlandırır: “Cek bəzən zehni olaraq xəstələnir, yoxsa belə etməzdi. Bu düşüncə mənə bəzi ümidsiz, sevgisiz zamanları adlamaqda kömək edir – Tanrıya şükür ki, nadirən olur.” Cek Londonun ikrahı və həmin dövrdə onu məhv edən instinktlər Martin İdenə köçürülmüş, amma tam şəkildə açıqlanmamışdılar. Nəticə etibarilə Martin İdenin qəfil intihar etməsi qaçılmaz deyil, amma bilərəkdəndir – lovğa bir gəncin özünü məzlum göstərməsidir. Bu, güclü adamın edəcəyi hərəkət deyil. Çap olunan kimi əsər tənqidçilərin və ictimaiyyətin gözündə uğursuzluğa düçar oldu, fəqət yazıçının həmişəki məqsədi müvafiq olaraq “Tanrıya inanmadığı üçün yox, insanlığa inanmadığı üçün” ölməyə məcbur olan bir fərdiyyətçinin ibrətamiz hekayəsi kimi uzun vədədə uğur qazandı.
Cek London ötəri bir ikrah hissinə düşməsəydi, axırda köpüklü dalğaların arasında görkəmli şəkildə boğulsa da, Martin İdenin əvvəldə qarşısına qoyduğu məqsəd kimi Cənub Dənizlərində səyahət edə bilərdi. Roman kifayət qədər uzun, axırı xeyli kədərli olsa da, hər şeyi yerli-yerindəydi. Əsər müəllifin daxili dünyasının qaranlıq tərəflərinə uyğun gəlirdi: həyatı boyu ölümlə mübarizə aparmış, enerjisinə, sağlamlığına vecsiz yaşanmış, yeyib-içmək məsələlərində əndazəni aşmışdı. Qırx yaşında bədəni artıq iradəsinin tələblərinə cavab verə bilmirdi, istəmədən ölümə sürükləndi. Cavanlığında bir dəfə dənizdə intihara cəhd etmişdi və bu, Martin İdenə layiq gördüyü aqibət idi – ölümün ağrıtmadığı, bilmə anında ağlın artıq bilməyi tərk etdiyi aqibət.
Təkcə heç nəyi bilmədiyini bilən və ömrünü sual verməklə keçirən Sokratın əksinə, Martin İden də, Cek London da, hər şeyi bilsələr də, bilməyin doğurduğu hədsiz sıxıntıdan öldülər. Doymuşluq pişiyi öldürür, maraq həyata qaytarır. “Həyata keçirilən iş” Martin İdenin beynində fasiləsizcəsinə onu həyatdan bezməyə və özünü məhv etməyə vadar edən maraq idi. Hədsiz çox işləmişdi, artıq heç nə etmək istəmirdi. XX əsrin əvvəlində özünü təhsillə yetişmiş bir Amerikalı üçün Herbert Spenserin səthi dünyagörüşü bütün bilgilərin yerinə keçirdi və digər fəlsəfi təlimləri mənasızlaşdırırdı. Ziddiyət müəllif üçün də, onun yerinə keçən personajı üçün də aydın deyildi: Əgər Təkamül və İctimai Darvinizm hər şeyi izah etsəydi, düşüncə irəli gedə bilməzdi, darvinistlər də fanatik və geridəqalmış olardılar.
“Martin İden” əsərində hadisələr daha çox torpaqda baş versə də, romana hakim olan qüvvə dənizdir. Əsərin başlanğıcında Martin İden mükəmməl bir matros kimi – yöndəmsiz yerişinin və enli kürəyinin ətrafdakı nəyisə aşıracağından ehtiyat edərkən təqdim olunur. O, Morzlar ailəsinin aristokrat salonunda, sözün həqiqi mənasında, özünü dənizdəki kimi hiss edir. Fırtınaya düşmüş yelkənli bir gəminin yağlı boya ilə çəkilmiş tablosunu görür, rəsmə yaxınlaşır və bunun bir illüziya, hiyləli bir şəkil olduğunu anlayır. Yeni dünyanın onu aldadacağı ilə bağlı bu xəbərdarlıq yersizdir. Martinin şam yeməyində dənizdəki həyatla bağlı coşğun söhbətləri hamıya təsir edir və Rufun içində qəribə bir arzu oyanır, qıza elə gəlir ki, bəyaz vampir əlləriylə oğlanın kobud boynunu qucaqlasa, onun bütün gücünü, qüdrətini öz zərifliyinin, zəifliyinin içinə çəkəcək.
Martin İdenin orqanizmi civə kimidir; hər şeyə çox tez uyğunlaşır, su axıntısı kimi yön almağa hazırdır. Ruf ona bəslədiyi arzunu birinci dəfə yelkənli gəminin sükanına söykənərkən bildirir, qısqanclığını isə birinci dəfə dağılmış bir gəmini və cüzamlı bir şahzadəni xatırlayanda hiss etdirir. Rufun onunla evlənməyi qeyri-mümkündür, çünki matrosa dəniz fahişələrindən xəstəlik yoluxmuş ola bilər; Xanım Morz düşünürdü ki, Martinin təhlükəli, cır-cındır içindəki küçə satıcıları ilə çox sıx ünsiyyəti var… Təhsil məsrəflərini qarşıla bilməyəndə, Martin İden yenidən dənizə dönməyi düşünür, amma şəhər onu əldən salarkən, dənizin cazibəsi, Cənub Dənizinin gənc qızlarından və tropik sahillərindən gələn sirena çağırışları daha xəyali və ədəbi hala gəlir. İblisanə fiqur Brissenden israrla ona – Martinə tövsiyə edir ki, şəhər onu çürütməmiş buralardan getsin, amma o getmir. Təhkiyənin içində fraqmentar şəklində keçmişə qayıtdığı anlarda gəmidəki həyatıyla bağlı obrazların yerini özünü lotularda, qoçulardan ibarət bandanın lideri kimi təsəvvür edir, bunlar dənizə getməmişdən, yaxud kitablara maraq göstərməmişdən qabaq içində məhv etməli olduğu obrazlardır. Martinin uğur qazanan əsəri Konrad qələminə layiq “Gecikmiş” adlı bir dəniz romanıdır. Axırda Martin Mariposa gəmisində A klass bir sərnişin kimi dənizə geri qayıdanda roman öləcək. O artıq öz sinfini, öz təbəqəsini tərk edib və təzə sinfə girməyi qeyri-mümkün hesab edir. Gəmi heyvani, baş zabitlər alçaqdırlar, kapitan isə təkcə məşhur olmaqla maraqlanan ədəbazdır. Buna görə də Martin özünü suyun dərinliklərinə atmağa səsləyən şair Suinberdən ən sevdiyi dördlüyü oxuyaraq intihar etməyi seçir. Yaşamaqdan bezmişdi.Ölülərin qətiyyən təzədən doğulmadıqlarını bilir. Beləcə, yorğun bir çay kimi özünü dənizə təslim edir, bir də qaranlığa.
Dəniz temasının qarşısına yerləşdirilən tema isə Mərkəzi Asiyada antik dövrlərdə uşaqların qurban verildiyi tanrı Moloç kimi, kişilərin və qadınların, ümidin və yaşamaq enerjisinin, cavanlığın və qocalığın kökünü qurudan maşındır. Lizzi Konnolinin əllərini sərtləşdirən edən və onu Martinin gözündə sevgisinə layiq olmayan biri qıza çevirən konserv fabrikinin maşınlarıdır; Rufun əlləri isə yumuşaqdır, çünki o heç vaxt işləmək məcburiyyətində qalmayıb, buna görə də mədəni baxımdan üstündür. Jurnal redaktoru da elə bil əlyazmaları udub onları dişli çarxlardan keçirən, rədd cavabları yapışdırıb çölə püskürdən bir maşındır. Martin Co ilə birgə bir camaşırxanada işləməyə məcbur ediləndə, paltaryuyan maşınlar onu tez tükənən bir maşına, köhnələn və sıradan çıxan bir maşına döndərirlər. “Bəzək-düzək” Martinin romantik sevgisindən əmələ kabusdur – üstəlik, Okləndə qədər velosipedlə yüz on kilometr qət etməlidir. Mariya Silva üçün adi bir paltaryuyan maşın quraşdıranda, qadının gözündəki dəyərini itirir, çünki qəfildən elə görünür ki, o artıq yazıçı yox, fəhlədir. Qısa müdddət sonra qızdırması qalxanda, camaşırxananı redaktor maşını ilə qarışdırır, beləcə, Martin çekləri məngənədən keçirər, Co isə kraxmallayır. Qədim yazı makinası yazılarının oxunması və qəbul edilməsi üçün zərurətdir, makinanı girov qoyanda yaza bilmir. Və nəhayət, redaktorlar aparatına qalib gəlib yenidən sərvət qazananda, Mariyanı bir süd fermasına, Conu bir camaşırxanaya yerləşdirir, yeznələrini isə avtomatik olaraq mövcudiyyətlərinin bəsitliklərindən xilas etmək üçün ticarət dünyasına qoşur. Martin həyata keçirdiyi işdən bezmiş halda əbədiyyən dincəlmək üçün dənizin dibinə gedir.
Romanın başlıca mahiyyəti Cek Londonun fasiləsiz şəkildə ədəbi şöhrət qazanmaq çabasını yenidən əldə etməsində gizlidir. Cek London əvvəlcə əsərinə “Uğur”, ya da “Ulduz tozu” adını vermək istəmişdi. Həm özü, həm də Martin İden üçün şöhrətin cazibəsinin nə demək olduğunun fərqindəydi. Əksərən sənətkarlığını, sözlə davranmaq bacarığını üslub və zəriflik sahibi kimi yox, ədəbiyyatın dəmirçisi şəklində təqdim edərək kiçildərdi. Həvəsli gənc yazıçıya belə məsləhət verdi: “Avaralıq etmə və ilhamın gəlməsini gözləmə, onun dalınca yabayla qaç, əgər tuta bilməsən, yenə də ona oxşayan nəsə əlinə keçəcək.” İşin sirri daim işləməkdə idi. Martin İdenin fasiləsiz konsentrasiyası – yalnız bir neçəsi uğur qazansa da – on minlərlə gənc yazıçıya ilham mənbəyi olub.
Romanın ikinci mahiyyəti isə Cek Londonun ictimai sinifləri dəyişdirməyin çətinliyini anlamasıdır. Martin İden (mübarizəylə və məsumiyyətlə assosasiya olunan “İncil”dən seçilmiş bir ad) Rufa (sevgini və gözləntini xatırladan “İncil”dən seçilən başqa bir ad) pərəstiş edir, Lizzi isə Martinə vurğundur. Martin öz təbəqəsindən olan Lizzini sevməlidir, amma Rufun təbəqəsinə qəbul edilənə qədər bu həqiqətlə razılaşmır, amma sonra da Lizzinin yanına qayıtmır. Əgər Cek London fəlsəfi suallardan çox, sinfi təbəqələri dəyişdirməklə bağlı verilən ümidsiz cəhdin hissi tərəfləri üstündə daha çox dayansaydı, San-Fransiskodakı bohem və radikal “Cəmiyyət”lə bağlı xatirələr əvəzinə, məhəbbət üçbucağı məsələsinə daha çox yer ayırsaydı, romanın zəif bir tərəfinin qabağını almış olardı. Çünki təkamül, üst-insan və sosializmlə bağlı o uzun monoloqların vaxtı keçib. Avtobioqrafiya yazmaq ehtiyacı romançı kimi Cek Londonun istedadını üstələyib və çətinliklə əldə edilmiş müdrikliyini göstərmək instinkti personajlarına bəslədiyi hislərə qalib gəlmişdi. Sinfi mübarizəni göstərmək üçün Rufla Lizzini bir dəfə qarşılaşdırmaq Martin İden və Brissenden, eləcə də digər Oklənd sosialistlər arasındakı gözəbatan mübahisələrdən on qat daha dəyərli olardı.
Brissenden obrazı yazıçının ən yaxın dostu “Yunan” Cors Sterlinqdən təsirlənərək yaradılıb. Sterlinq yazıçının dəlisov enerjisinə və təbii dühasına heyran olan, qibtə edən ortabab bir şair idi. Brissenden Sterlinqin ideallaşdırılmış portreti şəklindədir və onun danışıq tərzi, gözəllik və deqradasiya ilə bağlı hədsiz sentimental fikirləri romanda ən pis yazılmış hissələrdir. Sterlinq Suinberni oxuyub xətm etmiş, Rossetini isə oxuyub başa çatdıram bilməmiş bir adam kimi danışmağa və yazmağa meyilliydi. Brissenden Martinə belə deyir: “Gözəllik səni ağrıdır, o sənin içində sağalmaz yara, atəşdən bir bıçaq kimidir. Niyə jurnallara vaxt sərf edirsən? Qoy gözəllik sənin son mənzilin olsun. Gözəlliyi pula dəyişmək nəyə lazım?” Bu zərif qarışıqlıq Brissendenin ölümündən sonra çap olunan şah əsəri “Efemerida” qədər efemerdir, yəni ötəridir. Amma əfsus ki, əbədiyyətə qədər yalnız Martin İdenə məlum olacaq. Mətndə oxucuya batan tikanlar var: Rufun kasıblığı məqbul olmayan mövcudluq şərti kimi dərk etməsi, ya da Lizzinin “Düşüncə maşınında nəsə problem var” şəklindəki sərt şərhləridir.
Örl Laborun yazdığı kimi, “Martin İden” əsəri “bildunsroman”dır, yəni cavan bir adamın müdriklik sınaqlarından keçərək cahillik və məsumiyyət halından şüurlu vəziyyətə, kamilliyə doğru getməsiylə bağlı haqqındadır. Russo və Hötü, Melvil və D.H. Lourens, Tomas Vulf və Tomas Mann bu ənənəyə uyğun romanlar yazıblar. Cek London yazdıqlarının çoxunda özünü mifikləşdirən bir qəhrəman olduğu üçün, əlli kitabının əksəriyyəti bir-birinin davamı olan “bildunsroman” tipindədir. Xüsusilə də “Martin İden” bu cürdür. Cek London özünü yetişdirməyinin bir hissəsini bunlar təşkil edirdi: ilk dəfə San-Fransiskodakı Koppanın restoranında tanış olan və Karmeldə işləri-gücləri gündəlik hedonizm, arabir baş verən intihar cəhdləri, dəniz dalğıclığı, Sterlinqdən, “cəmiyyət”dən və özlərindən başqa hamını tənqid etmək olan gənc və özündənrazı yazıçılar qrupundan xilas olmaq. Martin İden çox adam olan yerdən, izdihamdan bezir və adamlara qulaq asmaqdansa sulara qərq olub ölməyi seçir. Sonrakı romanı şəhərdən dənizə yox, torpağa qayıdışı tərifləyən “Av vadisi”ndə, Cek London intellektualların etibarlı şəhəryanı meşələrdə toroçuluq oynadığı Karmel koloniyasındakı saxta cənnətin parodiyasını yazdı. Cek London üçün həqiqi cənnət Qlen-Ellendəki ferma idi.
Kitab şəklində ilk dəfə 1909-cu ildə çap olunan “Martin İden” kimi bir əsər oxucular üçün çox tez idi. Çox çalışaraq uğur qazanmaq əfsanəsi hələ də amerikan kültüründə prioritetdir. Cek London adamların kefini pozurdu, amma Horatsio Alger ilham verirdi. Sevimsiz, mexanikiləşən bir cəmiyyətdə çox işləmək və uğurun insana mane olan bir şey olması ilə bağlı inqilabi fikir, həm radikallar, həm də cumhuriyyətçilər üçün xoş deyildi. Cek London sosialist fikirlərinə görə, solçular tərəfindən sevilirdi, bununla yanaşı, Martin İdenin qəzəbi sosializmə qarşı bir hücum, nitşevari qəhrəmanın və at üstündəki adamın böyüdülməsi şəklində görünür. Cek London əsərinin sosializmə yox, fərdiyyətçiliyə hücum olduğunu desə də, romanını elə avtobioqrafik atmosferə bürümüşdü ki, radikal oxucuları onu əsas qəhrəmandan ayırd edə bilmirdilər. Yazıçı sosialist maraqlarının Martin İdendən fərqləndiyinin fərqində olsa da, özünün şöhrətə çatmağıyla bağlı həqiqətlərini qəhrəmanınkıyla qarışdıraraq bir satqın kimi qınağa tuş gəlmək riskini gözə alıb. Onsuz da həyat tərzi və siyasi fəaliyyətləri arasında ziddiyət vardı. Mark Tvenin bir vaxtlar dediklərinə istinadən desək, əgər Cek London istədiyi cəmiyyətdə yaşasaydı, qonorarını almaq üçün milisləri işə cəlb etməli olardı. Cek Londonun sosialist yoldaşlarının çoxu “Martin İden”i əsərini Snark gəmisinə minib dənizə çıxan və ferma sahibi kimi mübarizəni yarı yolda qoyan bir adamın vəsiyyətnaməsi kimi qəbul etdilər. O sosialistlərdən biri yazıçıya demişdi ki, Martin İdenin taleyi başına gəlsin: “Batmamışdan qabaq ağzına dolan sonuncu ovuc dolusu duzlu suyu udanda xatırla ki, nələrə qarşı çıxmışdıq, nələri protest etmişdik.”
Tanınmış tənqidçilər “Martin İden”i uğursuzluq kimi görürdülər. Onlara görə yazıçı hər hansı bir alternativ təklif etmədən kapitalizmə, özünü inkişafa və əzmkarlığa qara yaxırdı. Cek London bəşərin həyatda qalmaq üçün verdiyi mübarizəni və ən qaramat həyat şərtləri altında yaşamaq iradəsini öyməsi ilə tanınırdı. İndi isə yazıçı, elə bil, kitabının qəhrəmanı ilə iç-içə keçərək, bihudəliyi məsləhət görür və əvvəlki kitablarındakı təbiət, Klondayk və dənizlə bağlı mesajın başlıca, arxetipik gücünü rədd edirdi. “Martin İden” bəşəri mənada qınağa tuş gəldi və Cek Londonun şöhrəti azaldı, ta ki 1910-ci ildə coşğun, optimist bir Klondayk macərası olan, heç nəyi tərifləməyən, fəqət əyləndirici “Yanan günəş şüası” çap olunana qədər. “The Bookman”dakı tənqidçinin ifadə etdiyi kimi, Cek Londonun “içindən “Martin İden” kimi bir əsərin çıxdığı –bir adamın öz hislərinin bu cür bərbad hala düşməsi üzücüdür – böhran dövrü”nü keçdikdən sonra öz gücündən hekayəçi kimi istifadə etməyə qayıtdığını görmək sevindiricidir.
İronik şəkildə “Martin İden” əsərinə yönəldilən bu günkü tənqidlər Cek Londonun oxuculara, kritiklərə bəslədiyi ikrahı aşağıdakı pasajda görürük:
“Martinin şöhrətini yayan və kitablarını əldən qapan yüz minlərlə adam üçün bu əsərlərin gözəllik və mənasının heç bir əhəmiyyəti yoxdur. “Mən, sadəcə olaraq, bəxtəvərəm, allahların başının qarışdığını görüb fürsətdən istifadə edərək, Parnasa soxulmuş, görmədiyi günə düşən bir adamam. Bu yüzlər məni heyvani bir qanmazlıqla oxuyur və mənə heyran qalır, bir zamanlar isə eyni qanmazlıqla Brissendenin “Efemerida”sı üstünə atılmış, onu parçalayıb dağıtmışdılar. Bunlar birinin qabağında quyruq bulayan, digərlərinin boynuna köpək dişlərini saplayan alçaq canavarlar sürüsüdür. Hər şey təsadüfdən asılıdır!”
Gələcək nəsillər Cek Londonun yuxarıdan baxışını təsdiq etdilər. “Martin İden” vaxtından əvvəl gəldiyi üçün öz dövründə bir fiasko olsa da, müəllifin əlli kitabı içində naşiri Makmillanın yetmiş il boyunca dəri cilddə çap etdiyi, yarım milyon satılan yeganə kitabı oldu. Müəllifin məqsədinin əksinə, iradə və bağlılıq gücüylə, fitri istedadının köməyi olmadan uğur qazanmağa qərarlı olan gənc yazarların xoşuna gəldi. Romanın burjua dəyərlərinin yuxusundan oyanmaq havası 1920-ci illərin bütləri yıxmaq, 1930-cu illərdəki böhranın anti-kapitalist əhvalına uyğun gəlirdi. Nə bahasına olur-olsun, uğur qazanmaq instinkti ilə zəfərin dalınca gələn qüssə, kədər arasında hər an pozula biləcək tarazlıq real görünürdü. Bircə Martin İdenin intiharı məsələsi – Cek Londonun 1916-cı ildəki erəkən ölümüylə müqayisə olunaraq – onun bütövlükdə qəbul olunmasının və alqışlanmasının qarşısını aldı.
Maksvel Gesmar və Franklin Volker tərəfindən başladılan Cek Londonun bütün əsərlərinin yenidən dəyərləndirilməsi aksiyasında “Martin İden” romanın böyük təsiri olub. Romanın gücü və cazibəsi zamanın sınağından çıxdı, əsərin qüsurlarının və çatışmazlıqlarının mövzuya çox da dəxli yoxdur. Fransa və İtaliyada, Almaniya və Rusiyada həmişə populyar olan bu roman, yaxın zaman xeyli Avropa ölkəsində “Köklər” və “Holokost” kimi seriallardan belə daha çox uğur qazanan bir tele-serial oldu. Çünki Cek London dayanmadan yol gedən Kaliforniyalı bir səyyah idi. Özü özünə nə qədər çox mane olsa da, ağlı bəşərin sonsuz ehtimallar silsiləsinin ardınca düşmüşdü. Zaman-zaman ümidsizliyə qapılsa da, təzələnmiş bir dünya, yeni bir baxış bucağı axtarırdı. “Martin İden” onun ən avtobioqrafik romanı idi. Cek Londonun prinsipiallığı və axtarışları onu bu gün də yaşadır.
Tərcümə edən: Qismət