Məşhur Avstriyalı həkim Ziqmurd Freydin psixoanaliz təlimi yalnız nevrotik pozuntulardan əziyyət çəkən xəstələrin müalicəsində istifadə olunmayıb, bununla yanaşı XX əsrin humanitar elm və mədəniyyət tarixində də yeni bir eranın başlanğıcını qoymuşdur.
“Psixoanaliz” terminini ilk dəfə fransız dilində 30 mart 1896-cı ildə Nevroloji jurnalda çap olunan nevrozların etimologiyası haqqında yazdığı məqaləsində işlədən Z.Freyd insanın şüuraltı meylləri və psixoanalizin ideyalarının digər elm sahələrinə, xüsusilə də, humanitar elm sahəsinə təsiri barəsində onlarla əsərlər yazmışdır. Onun məşhur əsərləri sırasında “Yuxuların şərhi”, “V.Yensenin “Qradivada sayıqlama və yuxular”ı”, “Leonardo da Vinçi haqqında xatirələr”, “Totem və tabu”, “Psixoanalizə girişə dair mühazirələr”, “Həzz prinsipinin o tayında”, “Kütlə psixologiyası və insan Məninin təhlili”, “Mən və İd”, “Bir illüziyanın gələcəyi”, “Dostoyevski və ata qatilliyi”, “Mədəniyyətdən narazılıq”, “Musa və təkallahlıq” və s. xüsusi yer tutur.
Şəxsiyyətin psixi strukturunu Freyd Ono-İd, Mən-Eqo, Fövqəl-Mən-Super-Eqo olmaqla üç yerə ayırmışdır. Şəxsiyyətin ilkin, əsas, mərkəzi hissəsi İd (Ono) insan kimliyinin təməlini təşkil edir. İnsanın komplekslərini, fantaziyalarını, xatirələrini, istəklərini özündə ehtiva edən qaranlıq, əlçatmaz hissəsi olub bütünlükdə şəxsiyyətin enerji mənbəyi rolunu oynayır və tamamilə şüursuzdur. Xarici və daxili aləmdən ayrılaraq tamamilə müstəqil olan və zaman və məkan anlayışlarına tabe olmayan İd uşaqlıq dövründən etibarən insanın həyata keçirə bilmədiyi və sıxışdırılaraq şüuraltına atılan bütün hisləri özündə toplayaraq son məqsədi həzz duyğusudur. Həm də qeyd etmək lazımdır ki, Eqo və Super-Eqo İddən ayrılaraq inkişaf etmişdir.
İdlə xarici dünya arasında bir vasitəçi rolunu oynayan Eqo İddən inkişaf edir və onun enerjisi ilə qidalanır. Eqo inkişaf etdikcə İdin tələbləri üzərində nəzarət əldə edib ondan fərqli olaraq təlabat yerinə imkan bildirir və qeyd etməliyik ki, Eqo funksiyalarını daima daxili və xarici impulsların təsiri altında həyata keçirir. Şüurlu və şüursuz olmala 2 hissədən ibarət olan Eqonun şüurlu hissəsinə İd, Super –Eqo və xarici aləmdən gələn istəkləri uyğunlaşdırıb qərar vermək və bunu həyata keçirmək funksiyalarını daxil etdiyimiz halda şüursuz hissəyə isə İddən gələn cinsi və bəzi aqressiv istəklərə qarşı yaradılan müdafiə mexanizmləri aiddir.
Ziqmund Freydin nəzəriyyəsinə görə, narahatlıq yarandıqda psixikamızda müdafiə mexanizmləri fəaliyyətə keçməyə başlayır. Bu müdafiə mexanizmləri həyəcanımızı azaldır və eqonu reallıqdan, id və super-eqodan qorumağa başlayır. O, bu mexanizmlərin həqiqəti təhrif etdiyini və problemlərdən qaçmaq üçün insanların fəal istifadə etdiyini iddia edirdi.
Zimruq Freydin müdafiə mexanizmləri:
1)Sıxma (Repression) müdafiə mexanizmi vasitəsilə İd tərəfindən Eqoya təlqin olunub realizə olunmasını gözləyən istəklər Super-Eqo tərəfindən tamamilə rədd olunur və sıxışdırılaraq şüuraltına atılır. Lakin daha sonra bu sıxışdırılmış istək və arzuların yenidən şüuröncəsinə keçməsi və realizə olunmasını tələb etməsi mümkündür.
Biz bunu bədii ədəbiyyatda Qustav Floberin “Madam Bovari” əsərində və İlqar Fəhminin “Aktrisa” romanında müşahidə edə bilirik.
Qustav Floberin “Madam Bovari” əsərində baş obraz olan Emma öz daxili hislərini və istəklərini sıxışdırmağa çalışır. Çünki o, arzu etdiyi sevgi həyatını, yaşayışını öz ərində görə bilmir. Buna görə həddindən artıq özünü bədbəxt hiss edir. Əsərin sonrakı hissələrində Emmanın şüuraltına sıxışdırdığı hislər baş qaldırıb onu öz ərinə xəyanət etməsinə və öz həyatını məhv etməsinə səbəb olur.
İlqar Fəhminin “Aktrisa” romanında sıxma müdafiə mexanizmini əsərin baş qəhrəmanı aktrisa Lalə Fətəliyeva və “VEB-Bank”-ın prezidenti Vaqif Fətəliyev obrazlarının həyatında müşahidə edirik. Aktrisa Lalə xanım Vaqif Fətəliyev ilə evləndikdən sonra öz sevimli peşəsini atmaq məcburiyyətində olur. Həyatı tamaşaçı qarşısında rol oynamaqdan ibarət olan və bununla xoşbəxt olan Lalə xanıma bu yeni həyatı heç də xoşbəxtlik gətirmir. Sıxışdırdığı hislər onu pəncərəsindən izləyən yazıçı Rüfət Hüseyzadəni gördükdən sonra yenidən baş qaldırır və artıq teatr qabağında deyil, öz həyatında tamaşa oynamağa başlayır. Onun tamaşası nəticəsində təkcə öz həyatı deyil, Vaqif Fətəliyev və Rüfət Hüseynzadənin də həyatını məhv olur.
Vaqif Fətəliyev obrazında sıxma müdafiə mexanizmi özündən yaşca kiçik Lalə xanımla tanış olub evlənməsində müşahidə edilir. Vaqif Fətəliyev ilk xanımı ilə ailəsinin istəyilə evlənmiş, buna görə də öz sevgi istəyini şüuraltına sıxışdırmaq məcburiyyətində olmuşdu. Laləni gördükdən sonra bu hislər yenidən baş qaldırır və gənclik dövründə yaşaya bilmədiyi sevgi hissini Lalə ilə yaşamağa qərar alır və nəticədə ilk xanımı ilə boşanıb onunla evlənir.
2) Super-Eqo tərəfindən gerçəkliyin bəzi faktlarına inanmsızlıq və onların varlığının inkarı inkar (denial) müdafiə mexanizmi vasitəsilə həyata keçirilir. Bu müdafiə mexanizmini biz bədii ədəbiyyatda Nobel mükafatlı Ernest Heminqueyin “Qoca və dəniz” romanında müşahidə edə bilirik.
Əsərdə inkar müdafiə mexanizmi köməkçi Manolin obrazında özünü göstərir. Köməkçi Manolin hər kəsdən fərqli olaraq öz sevimli ustası qocalmış balıqçı Santiagonun artıq balıq tuta bilmədiyi həqiqətini qəbul edə bilmir. Öz ailəsinə baxmaq məcburiyyətində olmasına baxmayaraq yenə də sevimli ustasına kömək etmək üçün yanında olur.
3) Fərdin öz ödənməsi mümkün olmayan istəklərini, yolverilməz impulslarını başqalarına aid edərək onların xarici dünyadan gəldiyini zənn etməsi eqonun əks etdirmə (Projection) müdafiə mexanizmidir. Bununla eqo “günah” hissini öz üstündən ataraq rahatlayır. Biz bunu Sabahətdin Alinin ilk romanı olan “Kuyucaklı Yusif” əsərində Hilmi bəyin oğlu Şakir obrazında müşahidə edirik. Şakir Kübra adında bir qıza təcavüz edib atasının adından istifadə edərək bu günahı Yusifin üstünə atmağı planlaması, Əlini öldürməsi, Muazzesi alkoqol asılısına çevirməsi və s. törətdiyi bütün cinayətlərin səbəbini və tək günahkarını Yusifdə görür. Yusif onların həyatlarına girməsə və Muazzesə aşiq olmasa, bunların heç birinin baş verməyəcəyini düşünür. Buna görə də, etdiyi heç bir hərəkətdə özündə günah görməyib vicdan əzabı çəkmir.
4) Hər hansı bir qüsura görə orqanizm çox çalışaraq itirilən funksiyanı bərpa etməyə və ya əvəzləməyə cəhd etməsi eqonun kompensasiya (compensation) mexanizmi adlanır. Bunu biz Helen Kellerin avtobioqrafik əsəri olan “Hər şey su ilə başladı” romanında müşahidə edə bilirik.
Lal, kar və kor olan Helen Keller müəllimi Anne Sulivanın dəstəyi ilə həyatındakı bütün çətinliklərin öhdəsindən gəlmişdir. Sullivanın özünün də qismən korluğu onu kiçik qızın qapalı dünyasını açmağa həvəsləndirir. Müəlliminin möcüzəvi öyrətmə metodu – Kellerin əllərindən birini axan suyun altına qoyub digər əlinə isə onun su olduğunu işarət dililə yazması Helenin qaranlıq dünyasına işıq olur. Müəllimin köməyilə Helen Keller İncəsənət bakalavr dərəcəsinə yiyələnən ilk görmə və eşitmə qüsurlu bir insan kimi adını tarixin qızıl səhifəsinə yazdırır. Əlil olmasına baxmayaraq, etdikləri işlərlə- beş dildə danışan, velosiped sürən, səyahət edən, üzgüçülük edən və şahmat oynayan Helen Keller öz həyatı ilə insanları ruhlandırmışdır.
5)Eqonun yer dəyişmə (displacement) mexanizmi vasitəsilə super-eqo tərəfindən qəbul olunmayan hiss və impulslar öz ünvanını əsl obyektdən başqa obyektlərə dəyişərək realizə olunur. Bunu biz Stefan Sveyqin “Səbirsiz ürək” əsərində Antonun simasında müşahidə edirik. Anton Edithin ölümündə və baş verən bütün hadisələrdə tək günahkar özünü görür. O özünə olan qəzəb hissini başqa bir istiqamətə – hərbə yönəldərək müharibədə düşmən üzərində böyük uğur qazanır. Ancaq qazandığı medallara layiq olmadığını düşünərək bütün medallardan imtina edib hərbi xidmətdən istefa edərək çıxıb gedir.
6) Qəbul olunmayan hislərə qarşı insan özündə yaratdığı müəyyən davranışlar eqonun qarşıçıxmaq (reaction) mexanizmi adlanır. Bu davranışlar tamamilə o istəklərə zidd olur və həmin istəkləri sıxışdırır. Məsələn Qurban Səidin “Əli və Nino” əsərində professor Saninin keçirdiyi hisləri nümunə göstərə bilərik. Professor Sani Maarif Nazirliyi tərəfindən Bakıya müəllimlik etmək üçün göndərilib və o, tələbələrinə Bakının Şərqə deyil də, Avropaya aid olduğunu öyrətməlidir. Ancaq şagirlərin Bakının Avropaya aid deyil də, Şərqə aid olduğunu deyəndə qəzəblənsə də, öz hislərini boğub daha nəzakətli cavab verir. Bunun səbəbi isə azərbaycanlı tələbələrə kobud cavab verən müəllimlərin başına gələn bəd hadisələrin özünün də başına gəlməyindən qorxmasıdır.
7) Cəmiyyət tərəfindən qəbul olunmayan hər hansı bir hərəkətin düzəldilməsinə eqonun düzəltmə (undoing) mexanizmi deyilir. Biz bu mexanizmə Stefan Sveyqin “Səbirsiz ürək” əsərində Anton obrazın simasında rast gəlirik.
Əsərdə Anton obrazında eqonun düzəltmə mexanizmini özünü iki situasiyada göstərir. Birinci, Anton Edithini fiziki qüsurlu olduğunu bilmədən rəqsə dəvət edir və bu zaman qız gözyaşlarına boğulur. Anton etdiyi hərəkətin peşmançılığı ilə hərəkətini düzəltmək üçün Edithilə görüşür və onunla maraqlanır.
İkinci situasiya isə əsərin sonlarına yaxın müşahidə edilir. Antonun öz vicdanını sakitləşdirmək üçün etdiyi hərəkətlər hadisələri qarmaqarışıq vəziyyətə gətirir və o, Edithi ilə nişanlamalı olur. Ancaq sevmədiyi bir qadınla evlənmək hissinə daha da dözə bilməyib nişan üzüyünü atıb gedir. Lakin yenə vicdan hissi onu rahat buraxmır və Edithlə yenidən barışmaq üçün məktub yazır və bütün həqiqəti sətirlərə tökərək ömrünü sonuna kimi onunla yaşamaq istədiyini bildirir.
8)Eqonun gerçəklikdə həyata keçirə bilmədiyi şeyləri fantaziyalarda həyata keçirməyə çalışması onun fantaziya mexanizminin funksiyasıdır. Bədii əsərdə biz bunu Çingiz Aytmatovun 1970-ci ildə qələmə aldığı “Ağ gəmi” əsərində müşahidə edə bilirik.
Əsər başdan ayağa eqonun fantaziya müdafiə mexanizmi üzərində qurulmuşdur. Mömin babanın nəvəsindən kitabda bir çox yerdə bəhs olunur və o, tam bir xəyalpərəstdir. Uşağın bu qədər xəyalpərəst olmasına babasının nağıl etdiyi əfsanələr səbəb olmuşdur. Bunlardan biri də “Ana Maral“ əfsanəsidir. Uşaq bu hekayə ilə böyüyərək marallara qarşı böyük sevgi bəsləyir. Ana və atasının onu tərk etməsi səbəbi ilə zamanını, babasının durbinini götürərək dağın ətəyini seyr etməklə keçirir. Ən böyük xəyalı isə Ağ Gəmidir. Hər gün eyni saatda bir Ağ Gəmi Isık gölündə görünərək sonra gözdən itir. Uşaq illər öncə onu tərk edən atasının o gəmidə işlədiyini xəyal edir. Beləcə gölə atılaraq üzüb Ağ Gəmiyə çıxmasını və atası ilə görüşəcəyini xəyal edir. Reallıqdan qaçan və xəyallar arxasına gizlənən uşaq bu xəyalların qurbanına çevrilir. Yuxuda “Ana Maralı” görən və yuxudan oyandıqdan sonra bütün ümidləri və xəyalları alt-üst olan uşaq artıq ailəsi yanında qala bilməyəcəyini düşünərək balıq kimi üzüb Ağ Gəmiyə çatmaq istəyir və bununla öz məhvinə səbəb olur.
Yuxarıda müşahidə etdiyimiz kimi eqonun müdafiə mexanizmləri insanları reallıqdan, id və super-eqodan qoruyur. Ancaq müdafiə mexanizmləri insanları reallıqdan nə qədər çox uzaq tutarsa, bir o qədər insanın məhvinə səbəb ola bilər.
Ədəbiyyat siyahısı:
1)Həmidə Əliyeva. Ədəbiyyat və psixoanaliz. Dərs vəsaiti (mühazirə)
2)Çingiz Aytmatov. Seçilmiş əsərləri. Bakı-“Şərq-Qərb”,2009, 760 səh.
3)İlqar Fəhmi. Aktrisa. Qanun nəşriyyat, 2011, 156 səh
4)Qustav Flober. Madam Bovari. Qanun nəşriyyat, 428 səh
5) Ernest Heminqueyin.“Qoca və dəniz”. Altun nəşriyyatı, 128 səh
6) Sabahətdin Alin. “Kuyucaklı Yusif”. Yapı Kredi Yayınları, 1999, 222 səh
7) Qurban Səid. “Əli və Nino” Qanun nəşriyyatı, 2012, 384 səh
8) Hellen Kellerin.“Hər şey su ilə başladı” pdf.
9) Stefan Sveyqin “Səbirsiz ürək” pdf.
Kəmalə Həsənova
Azərbaycan Dillər Universitetinin magistrantı