Sim-sim.az Ernest Heminqueyin “the Paris Review” dərgisinə verdiyi müsahibənin birinci hissəsini təqdim edir.
“Yazı prosesindən danışa bilərsinizmi? Nə vaxt işləyirsiniz? Gündəlik iş planı qurursunuzmu?”
“Hava işıqlaşan kimi işləməyə başlayıram. O vaxt mənə heç kim mane olmur. Həm də adam səhərin sərinliyində yazdıqca isinir. İlham işartılarını tükətməmiş dayanmaq… Səhəri gün yenə eyni duyğu ilə günü başa vurmaq lazımdır.
O əhvalda olanda heç nə zərər verməz, heç kim toxuna bilməz. Növbəti gün eyni proses başlayanadək hər şey boş, hər şey mənasız olur. Ən çətini sabahı gözləməkdir.
“Makinanı kənara qoyandan sonra işlədiyiniz yazını fikrinizdən tamam çıxara bilirsinizmi?”
“Əlbəttə. Amma bu bir az intizamla əlaqəlidir, bunu öyrənmək lazımdır. Başqa yolu yoxdur.”
“Bir gün əvvəl fasilə verdiyiniz yerə qədər oxuyanda, həmin yeri təzədən yazmağa qərar verdiyiniz vaxtlar olurmu, yoxsa kitabı bitirəndən sonra əvvələ qayıdırsınız?”
“Mən hər gün fasilə verdiyim yerədək oxuyur, təzədən yazıram. Əlbəttə ki, kitab bitdikdən sonra əvvəldən axıra qədər bir də nəzərdən keçirirəm. Mətni başqası yığanda düzəlişlər edib bəzi hissələri yenidən yazmaq imkanı yaranır, beləcə, çap edilməmişdən əvvəlki vəziyyəti görə bilirəm. Son düzəlişləri edəndə də gözdən keçirirəm. Təbii ki, müxtəlif mərhələlərdə kitaba nəzər sala bilmək böyük şansdır.”
“Kağıza köçürdüklərinizi yenidən yazmağa çox vaxt ayırırsınız?”
“Vəziyyətdən vəziyyətə dəyişir. “Əlvida, silah”ı bitirəndə, son hissəni dəfələrlə yazmışdım. Son səhifə heç cür alınmırdı, otuz doqquz dəfə yenidən yazası oldum.”
“Texniki problem idi? Harasında çətinlik çəkdiniz?”
“Düzgün kəlmələri seçməkdə.”
“İlham işığınızı canlı tutan nədi, yazdığınızı təkrar-təkrar oxumaqmı?”
“Təkrar oxu zamanı beyninizdə hekayənin növbəti mərhələsi formalaşmağa başlayır. Sizi davam etməyə ruhlandıran isə o hissəni yaza biləcəyinizə olan inamdır. İlham işartıları həmişə üzə çıxmağa yer tapır.”
“Amma ilhamın bəzən tamamilə gözdən itdiyi, öləzidiyi anlar da olur…”
“Təbii ki. Dediyim kimi, sonrakı səhnə beyninizdə canlananda fasilə versəniz, davam etmək çətin olmayacaq. Hekayəyə qayıtmaqda çətinlik çəkmirsinizsə, heç bir problem yoxdur. İşartıları yenidən tuta bilərsiniz.”
“Tornton Uaylder yazıçının gündəlik iş tempini dəstəkləmək üçün zehin açıqlığı yaradan üsullardan bəhs edir. Siz də bir dəfə ona demisiniz ki, hər gün 20 təzə qələmlə yazmaq üsulundan istifadə edirsiniz.”
“Ömrümdə heç vaxt birdən-birə 20 qələmim olmayıb. Yeddi ədəd iki nömrə qələmi korşaldacaq qədər yazmışamsa, deməli, iş günüm yaxşı keçib.”
“İşinizə müsbət təsir etdiyini düşündüyünüz yerlər, məkanlar varmı? Orada yazdığınız kitabların sayına nəzər yetirsək, yəqin ki, belə yerlərdən biri “Ambos Mundos Oteli”dir. Yoxsa məkanın heç bir təsiri yoxdur?”
“Havanada “Ambos Mundos Oteli” işləmək üçün əla məkan idi. Finka da möhtəşəm yerdi, ya da əvvəllər elə idi. Amma mən həmişə hər yerdə çox yaxşı çalışmışam. Yəni müxtəlif şəraitlərdə həmişə əlimdən gələnin ən yaxşısını eləmişəm. İş prosesini telefon və qonaqlar ləngidir.”
“Sizcə, yaxşı yaza bilmək üçün emosional tarazlığa nail olmaq mütləqdirmi? Bir dəfə mənə təkcə aşiq olanda yaxşı yaza bildiyinizi demişdiniz. Bu barədə başqa nə deyə bilərsiniz?”
“Sual tam deyil, amma yaxşı cəhddir. Ətrafınızda işinizi ləngidən kəslər yoxdursa, yaza bilirsiniz, ya da hər şəraitdə yaza biləcək qədər cəsur ola bilərsiniz. Amma yenə də aşiq olanda daha yaxşı yazmaq olur. Etiraz etmirsinizsə, bu barədə çox danışmaq istəməzdim.”
“Yaxşı bəs maddi arxayınlıq? Yaxşı yazmaq üçün mühüm rol oynayırmı?”
“Maddi rahatlığa cavan yaşda nail olmusunuzsa və yaşamağı işinizi sevdiyiniz qədər sevirsinizsə, həddi aşmamaq üçün möhkəm iradə sahibi olmaq lazımdır. Ancaq yazmaq ən ağır günahınıza və ən böyük zövqünüzə çevrilibsə, yeganə maneə ölümdür. Təbii ki, maddi zəmanət yazıçını bir çox qayğılardan xilas etdiyi üçün çox yararlıdır. Narahatlıq yazı bacarığını yox edir. Sağlamlıqla bağlı problemlər də qayğılanmağınıza səbəb olur. Bu isə şüuraltınızı narahat edir, zehni ehtiyatlarınızı tükədir.“
“Yaddaşınızda yazıçı olmağa qərar verdiyiniz anla bağlı bir görüntü varmı?”
“Xeyr. Bu, ani qərar deyildi. Mən həmişə yazıçı olmağı arzulamışam.”
“Filip Yanq öz kitabında iddia etmişdi ki, 1918-ci ildə aldığınız qəlpə yarasının yaratdığı travmatik şok bir yazıçı kimi sizdə çox böyük iz qoyub. Madriddə bu iddiaya qısaca münasibət bildirdiyinizi xatırlayıram. Bu fikrin doğru olmadığını demişdiniz. Onu da demişdiniz ki, yazıçılıq sonradan qazanılan bir xüsusiyyət yox, əksinə irsidir.”
“Görünür, Madriddə keçirdiyim həmin il hələ tam özümə gəlməmişdim. Yaxşı ki, Yanqın kitabı və ədəbiyyatda travma nəzəriyyəsi barədə az danışmışam. Bəlkə də bu cür diqqətsiz açıqlamalarım keçirdiyim iki beyin sarsıntısının və kəlləmdəki çatın nəticəsidir. Yadımdadır, həmin gün sizə təxəyyülümün nəsildən-nəsilə keçən təcrübələrin bir nəticəsi ola biləcəyinə inandığımı demişdim. Beyin sarsıntısı keçirdiyimi nəzərə alsaq, ondan sonra belə bir söhbət heç də pis deyil. Yaraların insana təsiri müxtəlifdir. Sümüklərə zərər verməyən sadə yaraların elə də əhəmiyyəti olmur. Hətta bəzən özünə inamı artırır. Digər tərəfdən sümüklərə və sinirlərə böyük ziyan vurmuş yaraların nə yazıçıya, nə də başqalarına bir xeyri dəyir.”
“Yazıçı olmaq istəyənlərə tövsiyə edə biləcəyiniz zehni məşğələlər varmı?”
“Yaxşı yazmağı çətin iş hesab edirsə, getsin özünü assın, sonra da rəhmsizcə ipi kəsib özünü yazmağa məcbur etsin. Bu halda, əlində ən azı intihar barədə əhvalatı olacaq.”
“Bəs akademik karyera quranlara nə deyirsiniz? Universitetlərdə dərs deyən yazıçıların ədəbi karyeralarından güzəştə getdiklərini düşünürsünüzmü?”
“Bu, güzəştə getmək deyəndə nəyi nəzərdə tutduğunuzdan asılıdır. Laqeyd münasibət görən qadınla eyni mənada? Yoxsa bir dövlət adamının güzəştə getmək mənasında? Yoxsa baqqala, qəssaba, ya da yeni tikdirdiyin paltara pulun çatmayanda, razılaşmaya gəlmək üçün dərziylə girişdiyin söhbət kimi? Yazıçı həm yaza, həm də dərs deyə bilirsə, hər iki işlə də məşğul olmalıdır. Bir çox istedadlı yazıçı bunun mümkün olduğunu sübut edib. Bilirəm ki, mən bacarmazdım və bacaranlara həsəd aparıram. Təbii ki, akademik həyat xarici dünya ilə ünsiyyətdə məsafə qoyur, bu hal məlumat dağarcığının böyüməsini ləngidir. Halbuki məlumatlı olmaq yazıçının boynuna böyük məsuliyyət qoyur və yazı yazmağı daha da çətinləşdirir. Kağıza köçürmək gündə cəmi bir neçə saat aparsa da, ortalığa yaddaqalan əsər çıxarmağa bütün gün sərf olunur. Yazıçını dərin quyuya bənzətmək olar. Yazıçılar müxtəlif olduğu kimi, quyular da müxtəlifdir. Əsas məsələ quyudakı suyun yaxşı olmağıdır. Mütəmadi olaraq müəyyən miqdarda su çıxarmaq quyudan sui-istifadə edib qurutmaqdan daha yaxşıdır. Sualdan uzaqlaşdığımı bilirəm, onsuz da maraqlı sual deyildi.”
“Gənc yazıçılara qəzetdə işləməyi məsləhət görürsünüzmü? “The Kansan City Star” qəzetindəki təcrübənizin sizə bir faydası oldumu?”
“Həmin qəzetdə sadə, informativ cümlənin necə yazıldığını adama zorla öyrədirdilər. Bu hamının karına gəlir. Qəzetdə işləməyin gənc yazıçıya heç bir zərəri dəyməz, hətta bu işdən vaxtında uzaqlaşmağı bacarsa, xeyir də götürə bilər. Üzr istəyirəm, amma bu ən qədim klişelərdəndir. Ancaq çox təkrarlanmış, şablon sual verirsinizsə, aldığınız cavab da çox təkrarlanmış və şablon olacaq.”
“Siz “Transatlantic Review”dakı bir yazınızda qəzetdə işləməyin yeganə səbəbinin yaxşı gəlir olduğunu yazmışdınız. Bir dəfə də demişdiniz ki, “sahib olduğunuz dəyərli şeylər haqqında yazıb onları itirmək riskinə gedirsinizsə, onda bu işə görə çoxlu pul istəyə bilərsiniz.” Yazı yazmaq insanın bir növ öz-özünü yox etməsidir?”
“Belə şey yazdığımı qəti xatırlamıram. Digər tərəfdən həyəcanlanıb düzgün açıqlama verməkdən çəkinərkən belə bir axmaq və aqressiv cümlə demiş ola bilərəm. Yazı yazmağı özünü yox etmək üsulu hesab etməsəm də, jurnalistika ciddi yazıçı üçün məhvedici ola bilər.“
“1920-ci illərdə Parisdəki başqa yazıçı və sənətçilərlə eyni qrupa daxil olduğunuzu hiss etmişdiniz?”
“Xeyr. Hansısa qrupa aidlik hissi yox idi. Bir-birimizə hörmət bəsləyirdik. Bir çox rəssama hörmət edirdim; bəziləri mənimlə yaşıd, bəziləri məndən yaşlıydı; məsələn, Qris, Pikasso, Braq, Mone (hələ sağ idi) və bir neçə yazıçının adını çəkə bilərəm: Coys, Ezra və Staynın yazdıqlarının bəziləri.”
“Heç yazı yazanda o ərəfədə oxuduqlarınızdan təsirlənmisiniz?”
“Coysun “Uliss”i yazdığı vaxtdan bu yana olmayıb. Onu da birbaşa təsir etmək hesab etmək olmaz. Bildiyimiz kəlmələri istifadə edə bilmədiyimiz həmin günlərdə hər kəlmə uğrunda mübarizə aparmalıydıq. Onun əsərinin təsiriylə hər şey dəyişdi və sürətlə zəncirləri qıra bildik.”
“Yazıçılardan yazmaqla bağlı bir şey öyrənə bilmisinizmi? Məsələn, dünən dediniz ki, Coysun yazmaq barədə söhbətlərdən xoşu gəlmirdi.“
“Özünüz kimi yazıçılarla görüşəndə, adətən orada olmayan yazıçıların əsərləri barədə söhbət edirsiniz. Bir yazıçı nə qədər yaxşıdırsa, öz yazdıqları barədə də o qədər az danışar. Coys möhtəşəm yazıçı idi və təkcə axmaqlara nə yazdığından bəhs edərdi.“
“Sanki son illər başqa yazıçılarla görüşməkdən qaçırsınız. Bir səbəbi varmı?”
“Bu məsələ bir az qarışıqdır. Yazdıqlarınızla nə qədər yol qət edirsinizsə, insanlardan bir o qədər uzaqlaşırsınız. Ən yaxın və ən köhnə dostların çoxu vəfat edir, bəziləri başqa yerlərə köçür. İstisna hallardan başqa elə də görüşmürsünüz, amma yazışmağa davam edirsiniz, birlikdə kafedə oturduğunuz keçmiş günlərdəki kimi mehriban söhbətiniz davam edir. Bir-birinizə gülməli, bəzən əyləncəli, ədəbsiz və uşaqcasına məktublar yazırsınız. Bu, üzbəüz söhbət qədər zövq verir. Amma tənhalığınız getdikcə böyüyür, çünki işləməlisiniz və işləmək üçün vaxtınız getdikcə azalır. Boşa keçən hər beş dəqiqəyə görə özünüzü günahkar hiss edirsiniz.“
“Əsərlərinizdə eyni dövrün yazıçılarından izlər varmı? Gertruda Stayn və ya Ezra Pound, ya da Maksuel Perkinsin yazdıqlarınıza töhfəsi olubmu? Olubsa, necə töhfə veriblər?”
“Təəssüf ki, meyit yarmağı bacarmıram. Ədəbiyyat sahəsində və ya bundan kənar mövzularda ixtisaslaşmış adamlar var. Xanım Stayn ondan nə dərəcədə təsirləndiyim barədə uzun, ancaq ciddi səhvlərlə dolu bir yazı yazmışdı. Dialoq yazmağı “Günəş də doğulur” kitabından öyrənəndən sonra belə etməsi mütləq idi. Onu çox sevirdim və dialoq yazmağı öyrənməyinə çox sevinmişdim. Sağ olan və ya olmayan adamlardan yeni şeylər öyrənmək həmişə elədiyim şey idi, Gertrudanın bu qədər aşırı reaksiya verəcəyini bilməzdim. Dialoq yazmağı öyrənməmişdən əvvəl də müxtəlif formalarda kifayət qədər yaxşı yazırdı. Ezra bildiyi mövzularda hədsiz ağıllıdır. Sizcə, bu söhbətlər darıxdırıcı deyil? Otuz beş il bundan əvvəlin sandığını açıb pambığını ortaya tökməyi, ədəbiyyatla bağlı ucuz dedi-qoduya girişməyi iyrənc hesab edirəm. Əgər biri peyda olub gələcəyi olduğu kimi nəql etməyə başlasaydı, başqa məsələ, bunun bir dəyəri olardı. Bu yerdə Gertrudaya onu nə qədər sevdiyimi demək və kəlmələrin mücərrəd əlaqəsi barədə ondan öyrəndiyim hər şeyə görə təşəkkür etmək; böyük şair və sadiq dost Ezraya bağlılığımı bir daha vurğulamaq və Maksuel Perkinsə onun ölümünü qəbul etməkdə çətinlik çəkdiyimi demək daha asan və daha yaxşı olar. O vaxtlar çapa getməyəcək bəzi sözləri çıxartmağımı istəmişdi, amma heç vaxt yazdıqlarımda nəyisə dəyişdirməyimi istəməmişdi. Sözlərin yerində boşluq qalardı və bilənlər bu sözlərin hansılar olduğunu başa düşərdilər. Mənim üçün redaktor yox, müdrik dost və əla yoldaş idi. Papağını başına qoyub dodaqlarını qəribə formada oynatmağını çox xoşlayırdım.”
“Ədəbi əcdadlarınız kimlərdir? Ən çox hansı yazıçılardan öyrənmisiniz?”
“Mark Tven, Flober, Stendal, Bax, Turgenyev, Tolstoy, Dostoyevski, Çexov, Endryu Marvel, Con Donn, Mopassan, Kiplinqin bir neçə əsəri, Toro, Kapitan Marriat, Şekspir, Motsart, Kuevedo, Dante, Vergili, Tintoretto, İeronim Bosx, Brugel, Patinir, Qoyya, Ciotto, Van Qoq, Qogen, San Xuan de la Kruz, Qonqora – hamısını saymaq istəsək, bir gün keçər. Həm də elə bilərlər ki, həyatıma və yazılarıma təsir etmiş adamları xatırlamaq əvəzinə nə qədər bilikli olduğumu göstərirəm. Bu adi sual deyil. Çox yaxşı, sanballı sualdır və vicdanla hesablaşmağı tələb edir. Bir neçə rəssamın adını da çəkdim. Çünki yazmaqla bağlı yazıçılardan öyrəndiyim qədər rəssamlardan da müəyyən şeylər öyrənmişəm. Bunun necə olduğunu soruşursunuz. İzah etməyə bir gün sərf etmək lazımdır. Deyəsən, bəstəkarlardan, harmoniya və kontrapunkt təhsilindən öyrəniləsi şeylər məlumdur.”
“Hansısa musiqi alətində ifa edə bilirsiniz?”
“Violonçel çalıram. Anam sırf musiqi və kontrapunkt öyrənim deyə, məni bir il məktəbə yollamayıb. İstedadım olduğumu düşünürdü, amma heç yox idi. Ailə orkestri qurduq – bir nəfər skripkada ifa edirdi, bacım viyola, anam isə piano.
Yazıq violonçel. Yəqin dünyada məndən pis ifaçı ilə rastlaşmamışdı. Təbii ki, həmin il kənarda başqa şeylərlə maraqlanırdım.”
“Siyahınızdakı yazıçıları təkrarən oxuyursunuzmu? Məsələn, Mark Tveyni?”
“Tveni təkrar oxumaq üçün iki-üç il fasilə vermək lazımdır. Çünki hər bir detalı yaddaşda qalır. Hər il Şekspir oxuyuram. “Kral Lir” həmişə adamın kefini açır.”
“Onda demək olar ki, oxumaq davamlı bir məşğələ və zövqdür?”
“Həmişə kitab oxuyuram, əlimdə nə qədər varsa. Özümə cədvəl tutmuşam, beləcə, həmişə növbədə oxumalı bir kitab olur.”
“Çap olunmamış yazıları da oxuyursunuz?”
“Əgər yazıçını şəxsən tanımırsınızsa, problem yarana bilər. Bir neçə il əvvəl bir nəfər məni məhkəməyə vermişdi ki, “Əcəl zəngi”ni romanımı onun çap olunmamış ssenarisindən oğurlamışam. Yazdığı ssenarini Hollivudda bir qonaqlıqda oxuyubmuş. Guya mən də orada idim. Ya da orada Erni adlı adam var imiş və bu mənə qarşı bir milyonluq iddia qaldırmağına kifayət etmişdi. Eyni zamanda, “Şimal-şərqin atlı polisləri” və “Sisko Kid” filmlərinin prodüserlərini də həmin ssenaridən plagiatda ittiham etmişdi. Məhkəməyə getdik. Təbii ki, qalib gəldik, adam isə iflas etmiş bir biznesmen imiş.”
“Saydığınız adlara qayıdaq. Məsələn, İeronim Bosxdan danışaq. Onun əsərlərindəki kabus simvolunun sizin yazdıqlarınıza heç bir dəxli yoxdur.”
“Mənim kabuslarım var, başqalarının kabuslarından da xəbərdaram. Amma bunların kağıza köçürülməsi mütləq deyil. Bildikləriniz kağıza köçürülməsə də, yazdıqlarınızda gizlənir və özünü mütləq biruzə verəcək. Bir yazıçı fərqinə varmadığı şeyləri yazmayıbsa, bunlar əsərlərində boşluq formasında özünü göstərir.”
“Adlarını çəkdiyiniz adamların əsərlərini yaxından tanımaq bir qədər əvvəl bəhs etdiyiniz “quyunun” dolmağına kömək edibmi? Yoxsa bunlar yazı texnikasını inkişaf etdirməyə yarayır?”
“Onlar mənim üçün görməyi, duymağı, düşünməyi, hiss edib-etməməyi və yazmağı öyrənmək prosesinin bir parçası oldular. Quyu ilham pərinizin olduğu yerdir. Heç kim özünün nə olduğunu bilmir, sizin də heç nədən xəbəriniz yoxdur. İşartını tutanda fərqinə varırsınız, yoxsa gələnə qədər gözləməlisiniz.”
“Romanlarınızda simvolizm olduğunu qəbul edirsinizmi?”
“Tənqidçilər daim bəzi simvollardan bəhs edirlərsə, yəqin ki, var. Məni bağışlayın, amma bu mövzuda danışmağı və sualları xoşlamıram. Kitab və hekayə yazmaq onsuz da kifayət qədər çətin işdir, bunun təqdimatına heç ehtiyac yoxdur. Mənim yazdığım istənilən əsəri sadəcə oxumaq zövqünü duymaq üçün oxuyun. Bundan başqa nail olduqlarınız oxuma prosesinə öz töhfəniz olacaq.”
(ardı var)
Tərcümə etdi: İlahə Əkbər