Sim-sim.az Ernest Heminqueyin “The Paris Review”ə verdiyi müsahibənin birinci hissəsini təqdim edir.
“Yazı prosesindən danışa bilərsinizmi? Nə vaxt işləyirsiniz? Gündəlik iş planı qurursunuzmu?”
“Hər gün hava işıqlaşan kimi işləməyə başlayıram. Günün o saatlarında mənə heç kim mane olmur, həm də adam səhərin sərinliyində yazdıqca isinir. Artıq növbəti səhnə fikrinizdə canlanırsa, ən yaxşısı fasilə verməkdi, həm də fasilədə yazdıqlarınızı da oxuya bilərsiniz. Bir növ, ilham işartılarını tükətməmiş dayanmaq, səhəri gün yenə eyni duyğu ilə fasilə verənədək günü başa vurmaq lazımdır.
Fasilə vaxtı böyük boşluq hiss edirsiniz, eyni zamanda elə bil, indicə sevişmisiniz. O əhvalda sizə heç bir şey zərər verə, toxuna bilməz. Növbəti gün eyni proses başlayanadək, hər şey boş, hər şey mənasız gələr. Ən çətini sabahı gözləməkdir.
“İşlədiyiniz materialı yazı masasından qalxandan sonra fikrinizdən tamam uzaqlaşdıra bilirsinizmi?”
“Əlbəttə. Amma bu intizamla əlaqəlidir, bunu öyrənmək lazımdır. Başqa yolu yoxdur.”
“Bir gün əvvəl fasilə verdiyiniz yerə qədər oxuyanda, həmin yeri təzədən yazmağa qərar verdiyiniz vaxtlar olurmu, yoxsa kitabı bitirəndən sonra əvvələ qayıdırsınız?”
“Mən hər gün fasilə verdiyim yerədək oxuyur, təzədən yazıram. Əlbəttə ki, kitab bitdikdən sonra əvvəldən axıra qədər bir də nəzərdən keçirirəm. Mətni başqası yığanda düzəlişlər edib bəzi hissələri yenidən yazmaq imkanı yaranır, beləcə, çap edilməmişdən əvvəlki vəziyyəti görə bilirəm. Son düzəlişləri edəndə də gözdən keçirirəm. Təbii ki, müxtəlif mərhələlərdə kitaba nəzər sala bilmək böyük şansdır.”
“Kağıza köçürdüklərinizi yenidən yazmağa çox vaxt ayırırsınız?”
“Vəziyyətdən vəziyyətə dəyişir. “Əlvida, silah”ı bitirəndə, son hissəni dəfələrlə yazmışdım. Son səhifə heç cür alınmırdı, otuz doqquz dəfə yenidən yazası oldum.”
“Texniki problem idi? Əsərin harasında çətinlik çəkdiniz?”
“Düzgün kəlmələri seçməkdə.”
“İlham işığınızı canlı tutan nədi, yazdığınızı təkrar-təkrar oxumaqmı?”
“Təkrar oxu zamanı beyninizdə hekayənin növbəti mərhələsi formalaşmağa başlayır. Sizi davam etməyə ruhlandıran isə o hissəni yaza biləcəyinizə olan inamdır. İlham işartıları həmişə üzə çıxmağa yer tapır.”
“İlhamın bəzən tamamilə gözdən itdiyi, öləzidiyi anlar da olurmu?”
“Təbii ki. Dediyim kimi, sonrakı səhnə beyninizdə canlananda fasilə versəniz, davam etmək çətin olmayacaq. Hekayəyə qayıtmaqda çətinlik çəkmirsinizsə, heç bir problem yoxdur. İşartıları yenidən tuta bilərsiniz.”
“Tornton Uaylder yazıçının gündəlik iş tempini dəstəkləmək üçün zehin açıqlığı yaradan üsullardan bəhs edir. Siz də bir dəfə ona demisiniz ki, hər gün 20 təzə qələmlə yazmaq üsulundan istifadə edirsiniz.”
“Ömrümdə heç vaxt birdən-birə 20 qələmim olmayıb. Yeddi ədəd iki nömrə qələmi korşaldacaq qədər yazmışamsa, deməli, iş günüm yaxşı keçib.”
“İşinizə müsbət təsir etdiyini düşündüyünüz yerlər, məkanlar varmı? Orada yazdığınız kitabların sayına nəzər yetirsək, yəqin ki, belə yerlərdən biri “Ambos Mundos” otelidir. Yoxsa məkanın heç bir təsiri yoxdur?”
“Havanadakı “Ambos Mundos” oteli işləmək üçün əla məkan idi. Finka da möhtəşəm yerdi, ya da əvvəllər elə idi. Amma mən müxtəlif şəraitlərdə həmişə bacardığımın ən yaxşısını eləmişəm. İş prosesini telefon və qonaqlar ləngidir.”
“Sizcə, yaxşı yaza bilmək üçün emosional tarazlığa nail olmaq mütləqdirmi? Bir dəfə mənə təkcə aşiq olanda yaxşı yaza bildiyinizi demişdiniz. Bu barədə başqa nə deyə bilərsiniz?”
“Sual tam deyil, amma yaxşı cəhddir. Ətrafınızda işinizi ləngidən yoxdursa, yaza bilirsiniz, ya da hər şəraitdə yaza biləcək qədər cəsur ola bilərsiniz. Amma yenə də aşiq olanda daha yaxşı yazmaq olur. Etiraz etmirsinizsə, bu barədə çox danışmaq istəməzdim.”
“Yaxşı bəs maddi arxayınlıq? Maddiyat yaxşı yazmaq üçün mühüm rol oynayırmı?”
“Maddi rahatlığa cavan yaşda nail olmusunuzsa və yaşamağı işinizi sevdiyiniz qədər sevirsinizsə, həddi aşmamaq üçün möhkəm iradə sahibi olmaq lazımdır. Ancaq yazmaq ən ağır günahınıza və ən böyük zövqünüzə çevrilibsə, yeganə maneə ölümdür. Təbii ki, maddi zəmanət yazıçını bir çox qayğılardan xilas etdiyi üçün çox yararlıdır. Narahatlıq yazı bacarığını yox edir. Sağlamlıqla bağlı problemlər də qayğılanmağınıza səbəb olur. Şüuraltınızı narahat edir, zehni ehtiyatlarınızı tükədir.“
“Yaddaşınızda yazıçı olmağa qərar verdiyiniz anla bağlı bir görüntü varmı?”
“Xeyr. Bu, ani qərar deyildi. Mən həmişə yazıçı olmağı arzulamışam.”
“Filip Yanq öz kitabında iddia etmişdi ki, 1918-ci ildə aldığınız qəlpə yarasının yaratdığı travmatik şok bir yazıçı kimi sizdə çox böyük iz qoyub. Madriddə bu iddiaya qısaca münasibət bildirdiyinizi xatırlayıram. Bu fikrin doğru olmadığını demişdiniz. Onu da demişdiniz ki, yazıçılıq sonradan qazanılan bir xüsusiyyət yox, əksinə irsidir.”
“Görünür, Madriddə keçirdiyim həmin il hələ tam özümə gəlməmişdim. Yaxşı ki, Yanqın kitabı və ədəbiyyatda travma nəzəriyyəsi barədə az danışmışam. Bəlkə də, bu cür diqqətsiz açıqlamalarım keçirdiyim iki beyin sarsıntısının və kəlləmdəki çatın nəticəsidir. Yadımdadır, həmin gün sizə təxəyyülümün nəsildən-nəsilə keçən təcrübələrin bir nəticəsi ola biləcəyinə inandığımı demişdim. Beyin sarsıntısı keçirdiyimi nəzərə alsaq, ondan sonra belə bir söhbət heç də pis deyil, amma dediklərimi sadəcə o çərçivədə analiz etmək lazımdır. Növbəti çılğın “zəncirləri qırmaq” travmasına qədər bu mövzunu bir kənara qoyaq. Nə deyirsiniz? Yeri gəlmişkən, dəxlisiz yerə işə qarışan yaxınlarımın adlarını çəkmədiyiniz üçün təşəkkür edirəm. Söhbətin ən əyləncəli tərəfi zehni məşğələ üçün əlverişli olmağıdır, ancaq gəlişi gözəldirsə, qəti şəkildə yazıya köçürülməməlidir. Söhbət yazılı sənədə çevrilirsə, dediklərinizi müdafiə etməyə vadar olursunuz. Bəzən sadəcə inanıb-inanmadığınızı görmək üçün bir fikri sözə çevirə bilərsiniz. Sualınıza gəldikdə isə yaraların insana təsiri müxtəlifdir. Sümüklərə zərər verməyən sadə yaraların elə də əhəmiyyəti olmur. Hətta bəzən özünə inamı artırır. Digər tərəfdən sümüklərə və sinirlərə böyük ziyan vurmuş yaraların nə yazıçıya, nə də başqalarına bir xeyri dəyir.”
“Yazıçı olmaq istəyənlərə tövsiyə edəcəyiniz zehni məşğələlər varmı?”
“Yaxşı yazmağı çətin iş hesab edirsə, özünü assın, sonra da ipi kəsib özünü yazmağa məcbur etsin. Heç olmasa, əlində intihara cəhd haqda əhvalat olacaq.”
“Bəs akademik karyera quranlara nə deyirsiniz? Universitetlərdə dərs deyən yazıçılar ədəbi karyeralarına güzəşt edirlər?”
“Güzəşt deyəndə nəyi nəzərdə tutursunuz? Laqeyd münasibət görən qadınla eyni mənada? Yoxsa bir dövlət adamının güzəşti mənasında? Yoxsa baqqala, qəssaba, ya da yeni tikdirdiyin paltara pulun çatmayanda, razılaşmaya gəlmək üçün dərziylə girişdiyin söhbət kimi? Yazıçı həm yaza, həm də dərs deyə bilirsə, hər iki işlə də məşğul olmalıdır. Bir çox istedadlı yazıçı bunun mümkün olduğunu sübut edib. Bilirəm ki, mən bacarmazdım və bacaranlara həsəd aparıram. Təbii ki, akademik həyat xarici dünya ilə ünsiyyətdə məsafə yaradır, bu hal məlumat dağarcığının böyüməsini ləngidir. Halbuki məlumatlı olmaq yazıçının boynuna böyük məsuliyyət qoyur və yazı yazmağı daha da çətinləşdirir. Kağıza köçürmək gündə cəmi bir neçə saat aparsa da, ortalığa yaddaqalan əsər çıxarmağa bütün gün sərf olunur. Yazıçını dərin quyuya bənzətmək olar. Yazıçılar müxtəlif olduğu kimi, quyular da müxtəlifdir. Əsas məsələ quyudakı suyun yaxşı olmağıdır. Mütəmadi olaraq müəyyən miqdarda su çıxarmaq quyudan sui-istifadə edib qurutmaqdan daha yaxşıdır. Sualdan uzaqlaşdığımı bilirəm, onsuz da maraqlı sual deyildi.”
“Gənc yazıçılara qəzetdə işləməyi məsləhət görürsünüzmü? “The Kansan City Star” qəzetindəki təcrübənizin sizə bir faydası oldumu?”
“Həmin qəzetdə sadə, informativ cümlənin necə yazıldığını adama zorla öyrədirdilər. Bu hamının karına gəlir. Qəzetdə işləməyin gənc yazıçıya heç bir zərəri dəyməz, hətta bu işdən vaxtında uzaqlaşmağı bacarsa, xeyir də götürə bilər. Üzr istəyirəm, amma bu ən qədim klişelərdəndir. Ancaq çox təkrarlanmış, şablon sual verirsinizsə, aldığınız cavab da çox təkrarlanmış və şablon olacaq.”
“Siz “Transatlantic Review”dakı bir yazınızda qəzetdə işləməyin yeganə səbəbinin yaxşı gəlir olduğunu yazmışdınız. Bir dəfə də demişdiniz ki, “sahib olduğunuz dəyərli şeylər haqqında yazıb onları itirmək riskinə gedirsinizsə, onda bu işə görə çoxlu pul istəyə bilərsiniz.” Yazı yazmaq insanın bir növ, öz-özünü yox etməsidir?”
“Belə şey yazdığımı qəti xatırlamıram. Digər tərəfdən həyəcanlanıb düzgün açıqlama verməkdən çəkinərkən belə bir axmaq və aqressiv cümlə demiş ola bilərəm. Yazı yazmağı özünü yox etmək üsulu hesab etməsəm də, jurnalistika ciddi yazıçı üçün məhvedici ola bilər.“
“Başqa yazıçılarla qarşılıqlı intellektual təsirin müsbət təsiri olurmu?”
“Əlbəttə.”
“1920-ci illərdə Parisdəki başqa yazıçı və sənətçilərlə eyni qrupa daxil olduğunuzu hiss etmişdiniz?”
“Xeyr. Hansısa qrupa aidlik hissi yox idi. Bir-birimizə hörmət bəsləyirdik. Bir çox rəssama hörmət edirdim; bəziləri mənimlə yaşıd, bəziləri məndən yaşlıydı; məsələn, Qris, Pikasso, Braq, Mone (hələ sağ idi) və bir neçə yazıçının adını çəkə bilərəm: Coys, Ezra və Staynın yazdıqlarının bəziləri.”
“Heç yazı yazanda o ərəfədə oxuduqlarınızdan təsirlənmisiniz?”
“Coysun “Uliss”i yazdığı vaxtdan bu yana olmayıb. Onu da birbaşa təsir etmək hesab etmək olmaz. Bildiyimiz kəlmələri istifadə edə bilmədiyimiz həmin günlərdə hər kəlmə uğrunda mübarizə aparmalıydıq. Onun əsərinin təsiriylə hər şey dəyişdi və sürətlə zəncirləri qıra bildik.”
“Yazıçılardan yazmaqla bağlı bir şey öyrənə bilmisinizmi? Məsələn, dünən dediniz ki, Coysun yazmaq barədə söhbətlərdən xoşu gəlmirdi.“
“Özünüz kimi yazıçılarla görüşəndə, adətən orada olmayan yazıçıların əsərləri barədə söhbət edirsiniz. Bir yazıçı nə qədər yaxşıdırsa, öz yazdıqları barədə də o qədər az danışar. Coys möhtəşəm yazıçı idi və təkcə axmaqlara nə yazdığından bəhs edərdi. İnanırdı ki, hörmət etdiyi digər yazıçılar onun yazdıqlarını oxuduqca, məlumatlı olacaqlar.“
“Sanki son illər başqa yazıçılarla görüşməkdən qaçırsınız. Bir səbəbi varmı?”
“Bu məsələ bir az qarışıqdır. Yazdıqlarınızla nə qədər yol qət edirsinizsə, insanlardan bir o qədər uzaqlaşırsınız. Ən yaxın və ən köhnə dostların çoxu vəfat edir, bəziləri başqa yerlərə köçür. İstisna hallardan başqa elə də görüşmürsünüz, amma yazışmağa davam edirsiniz, birlikdə kafedə oturduğunuz keçmiş günlərdəki kimi mehriban söhbətiniz davam edir. Bir-birinizə gülməli, bəzən əyləncəli, ədəbsiz və uşaqcasına məktublar yazırsınız. Bu, üzbəüz söhbət qədər zövq verir. Amma tənhalığınız getdikcə böyüyür, çünki işləməlisiniz və işləmək üçün vaxtınız getdikcə azalır. Boşa keçən hər beş dəqiqəyə görə özünüzü günahkar hiss edirsiniz.“
“Əsərlərinizdə eyni dövrün yazıçılarından izlər varmı? Gertruda Stayn və ya Ezra Pound, ya da Maksuel Perkinsin yazdıqlarınıza töhfəsi olubmu? Olubsa, necə töhfə veriblər?”
“Təəssüf ki, meyit yarmağı bacarmıram. Ədəbiyyat sahəsində və ya bundan kənar mövzularda ixtisaslaşmış adamlar var. Xanım Stayn ondan nə dərəcədə təsirləndiyim barədə uzun, ancaq ciddi səhvlərlə dolu bir yazı yazmışdı. Dialoq yazmağı “Günəş də doğulur” kitabından öyrənəndən sonra bu cür yazı təbii idi. Onu çox sevirdim və dialoq yazmağı öyrənməyinə çox sevinmişdim. Mən həmişə sağ olan-olmayan adamlardan öyrənmişəm, Gertrudanın bu qədər sərt reaksiya verəcəyini bilməzdim. Dialoq yazmağı öyrənməmişdən əvvəl də müxtəlif formalarda kifayət qədər yaxşı yazırdı. Ezra bildiyi mövzularda hədsiz ağıllıdır. Sizcə, otuz beş il əvvəlin söhbətləri darıxdırıcı deyil? Ədəbiyyatla bağlı belə ucuz dedi-qodular iyrəncdir. Əgər biri peyda olub gələcəyi olduğu kimi nəql etməyə başlasaydı, başqa məsələ, bunun bir dəyəri olardı. Bu yerdə Gertrudaya onu nə qədər sevdiyimi demək və kəlmələrin mücərrəd əlaqəsi barədə ondan öyrəndiyim hər şeyə görə təşəkkür etmək; böyük şair və sadiq dost Ezraya bağlılığımı bir daha vurğulamaq və Maksuel Perkinsə onun ölümünü qəbul etməkdə çətinlik çəkdiyimi demək daha asan və daha yaxşı olar. O vaxtlar çapa getməyəcək bəzi sözləri çıxartmağımı istəmişdi, amma heç vaxt yazdıqlarımda nəyisə dəyişdirməyimi istəməmişdi. Sözlərin yerində boşluq qalardı və bilənlər bu sözlərin hansılar olduğunu başa düşərdilər. Mənim üçün redaktor yox, müdrik dost və əla yoldaş idi. Papağını başına qoyub dodaqlarını qəribə formada oynatmağını çox xoşlayırdım.”
“Ədəbi əcdadlarınız kimlərdir? Ən çox hansı yazıçılardan öyrənmisiniz?”
“Mark Tven, Flober, Stendal, Bax, Turgenyev, Tolstoy, Dostoyevski, Çexov, Endryu Marvel, Con Donn, Mopassan, Kiplinqin bir neçə əsəri, Toro, Kapitan Marriat, Şekspir, Motsart, Kuevedo, Dante, Vergili, Tintoretto, İeronim Bosx, Brugel, Patinir, Qoyya, Ciotto, Van Qoq, Qogen, San Xuan de la Kruz, Qonqora – hamısını saymaq istəsək, bir gün keçər. Həm də elə bilərlər ki, həyatıma və yazılarıma təsir etmiş adamları xatırlamaq əvəzinə, nə qədər bilikli olduğumu göstərirəm. Bu adi sual deyil. Çox yaxşı, sanballı sualdır və vicdanla hesablaşmağı tələb edir. Bir neçə rəssamın adını da çəkdim. Çünki yazmaqla bağlı yazıçılardan öyrəndiyim qədər rəssamlardan da müəyyən şeylər öyrənmişəm. Bunun necə olduğunu soruşursunuz. İzah etməyə bir gün sərf etmək lazımdır. Deyəsən, bəstəkarlardan, harmoniya və kontrapunkt təhsilindən öyrəniləsi şeylər məlumdur.”
“Hansısa musiqi alətində ifa edə bilirsiniz?”
“Violonçel çalıram. Anam sırf musiqi və kontrapunkt öyrənim deyə, məni bir il məktəbə yollamayıb. İstedadlı olduğumu düşünürdü, amma mənim istedadım yox idi. Ailə orkestri qurduq – bir nəfər skripkada ifa edirdi, bacım viyola, anam isə piano.
Yazıq violonçel. Yəqin, dünyada onu məndən pis heç kim ifa etməyib. Təbii ki, başqa şeylərlə də maraqlanırdım.”
“Siyahınızdakı yazıçıları təkrarən oxuyursunuzmu? Məsələn, Mark Tveyni?”
“Tveni təkrar oxumaq üçün iki-üç il fasilə vermək lazımdır. Çünki hər bir detalı yaddaşda qalır. Hər il Şekspir oxuyuram. “Kral Lir” həmişə adamın kefini açır.”
“Onda demək olar ki, oxumaq davamlı bir məşğələ və zövqdür?”
“Həmişə kitab oxuyuram, əlimdə nə qədər varsa. Özümə cədvəl tutmuşam, beləcə, həmişə növbədə oxumalı bir kitab olur.”
“Çap olunmamış yazıları da oxuyursunuz?”
“Əgər yazıçını şəxsən tanımırsınızsa, problem yarana bilər. Bir neçə il əvvəl bir nəfər məni məhkəməyə vermişdi ki, “Əcəl zəngi”ni onun çap olunmamış ssenarisindən oğurlamışam. Yazdığı ssenarini Hollivudda bir qonaqlıqda oxuyubmuş. Guya mən də orada olmuşam və bu mənə qarşı bir milyonluq iddia qaldırmağına kifayət etmişdi. Eyni zamanda, “Şimal-şərqin atlı polisləri” və “Sisko Kid” filmlərinin prodüserlərini də həmin ssenaridən plagiatda ittiham etmişdi. Məhkəməyə getdik. Təbii ki, qalib gəldik, adam isə iflas etmiş bir biznesmen imiş.”
“Saydığınız adlara qayıdaq. Məsələn, İeronim Bosxdan danışaq. Onun əsərlərindəki kabus simvolunun sizin yazdıqlarınıza heç bir dəxli yoxdur.”
“Mənim kabuslarım var, başqalarının kabuslarından da xəbərdaram. Amma bunların kağıza köçürülməsi mütləq deyil. Bildikləriniz kağıza köçürülməsə də, yazdıqlarınızda gizlənir və onlar bir gün mütləq parlayacaq. Bir yazıçı fərqinə varmadığı şeyləri yazmayıbsa, bunlar əsərlərində boşluq formasında özünü göstərir.”
“Adlarını çəkdiyiniz adamların əsərlərini yaxından tanımaq bir qədər əvvəl bəhs etdiyiniz “quyunun” dolmağına kömək edibmi? Yoxsa bunlar yazı texnikasını inkişaf etdirməyə yarayır?”
“Onlar mənim üçün görməyi, duymağı, düşünməyi, hiss edib-etməməyi və yazmağı öyrənmək prosesinin bir parçası oldular. Quyu ilham pərinizin olduğu yerdir. Heç kim özünün nə olduğunu bilmir, sizin də heç nədən xəbəriniz yoxdur. İşartını tutanda fərqinə varırsınız, yoxsa gələnə qədər gözləməlisiniz.”
“Romanlarınızda simvolizm olduğunu qəbul edirsinizmi?”
“Tənqidçilər daim bəzi simvollardan bəhs edirlərsə, yəqin ki, var. Məni bağışlayın, amma bu mövzuda danışmağı və sualları xoşlamıram. Kitab və hekayə yazmaq onsuz da kifayət qədər çətin işdir, bunun təqdimatına heç ehtiyac yoxdur. Üstəlik beləliklə təqdimat edənlərin işini də əllərindən alarıq. Əgər beş-altı, yaxud daha çox yaxşı təqdimat yazarı bu işlə məşğuldursa, mənim müdaxiləmə ehtiyac varmı?
“Bu istiqamətdə bir sualla davam edək: məsləhətçi redaktorlardan biri “Günəş də doğulur” romanında arenada buğa döyüşünü tamaşaya çevirənlərlə romanın qəhrəmanları arasında paralel hiss ediyindən bəhs edir. Kitabın ilk cümləsində Robert Kohnun bir boksçu olduğuna işarə vurur; sonra arenaya buraxılmış buğanın da buynuzlarını bir boksçunun yumruqları kimi istifadə edib hücuma keçməyi təsvir edilir. Arenaya buraxılan xədim edilmiş öküzün buğanın diqqətini çəkib sakitləşdirməyi kimi, “xədim” Ceyk də Robert Kohnu cəlb edir. Maykı isə Kohnu qıcıqlandıran pikadora bənzədir. Redaktorun şərhləri beləcə davam edir, ancaq sizin buğa döyüşü arenasındakı ayinin tragik strukturunu bilərək istifadə etdiyinizə inanmıram.”
“Deyəsən, bu məsləhətçi redaktorun başı xarabdır. Ceykin öküz kimi xədim olduğunu kim deyib? Əslində onun yarası daha fərqli yerdədir. Yəni bir kişinin bütün normal duyğularına sahibdir, amma həyata keçirə bilmir. Yarasının psixoloji yox, fiziki olmağı və xədim olmamağı mühüm fərqdir.”
“Deyəsən, işin ustalığını mühakimə edən suallar başa bəladır.”
“Əgər bir sual həssasdırsa, zövq də versə, başa bəla da olsa, fərqi yoxdur. Amma yenə də mən yazıçının necə yazdığını başa salmağını düzgün hesab etmirəm. Yazıçı oxunmaq üçün yazır, açıqlamalara və ya tezislərə ehtiyac yoxdur. Kitabla bağlı açıqlamalara girişmək yazıçının işi deyil, ya da yazıçı bir məkanı xaricilərə təqdim edən turist bələdçisi kimi olmamalıdır.“
(ardı var)
Söhbətləşdi: Corc Plimpton, 1958
Tərcümə etdi: İlahə Əkbər