Sim-sim.az Ernest Heminqueyin “The Paris Review”ə verdiyi müsahibənin ikinci hissəsini təqdim edir.
birinci hissə – Ernest Heminquey – Roman sənəti – I hissə – “The Paris Review”müsahibələri
“Demişdiniz ki, yazıçının hələ bitməmiş əsər haqda danışmağı təhlükəlidir. Niyə belə düşünürsünüz? Axı Tven, Uayld, Truber, Steffans yazdıqlarını dinləyənlərlə paylaşırdı…“
“Tvenin “Heklberri Finnin macəraları”nı oxuyub, dinləyicilərin düşüncələrini öyrəndiyinə inanmaram. Elə edibsə, əmin olun, həmin əsərdə dinləyənlərin diktəsi var. Tanıyanlar Uayldın natiqliyinin yazıçılığından daha yaxşı olduğunu deyirlər. Steffans yazdığından daha yaxşı danışırdı. Bəzən yazdığına da, dediyinə də inanmırdılar, yaşlandıqca hekayələrinin dəyişdiyinə özüm şahid olmuşam. Əgər Truber danışmağı da yazmaq qədər yaxşı bacarırsa, ən böyük və ən qulaq asılan natiqlərdən biri olmalıdır. Mənin tanıdıqlarım arasında öz işindən ən yaxşı bəhs edən və ən zövqlü, iynəli dilə sahib adam matador Xuan Belmontedir.”
“Özünüzə xas tərzinizi ortaya çıxarmaq üçün nə qədər səy göstərmisiniz?”
“Bu uzunmüddətli, yorucu sualdır və cavablamaq üçün bir neçə gün sərf etsəniz, özünüzə qapanar, yazı yaza bilməzsiniz. Həvəskarların üslub adlandırdıqları şey, çox vaxt onsuz da edilmiş bir şeyi ilk dəfə etməyə çalışanda meydana çıxan qaçılmaz yöndəmsizliklərdir. Demək olar ki, heç bir klasik əsər özündən əvvəlkilərə bənzəmir. Əvvəla insanlar bu yöndəmsizlikləri görürlər. Bir müddət sonra bunlar o qədər də gözə dəymir. Yöndəmsizliklər bu qədər göz qabağında olanda, insanlar bunu tərz hesab edirlər, çoxu da bunu təqlid edir. Təəssüf. “
“Bir dəfə mənə fərqli hekayələri qələmə alanda sizi əhatələyən şərtlərin öyrədici ola biləcəyini yazmışdınız. Hamısını bir gün ərzində yazdığınızı dediyiniz “Qatillər”, “On hindu” və “Bu gün cümədir” və bəlkə də ilk romanınız “Günəş də doğulur” barədə eyni sözləri deyə bilərsinizmi?”
“Deməli belə. “Günəş də doğulur”u Valensiyada iyulun 21-i yazmağa başladım, doğum günüm idi. “Feria festivalı”na iki bilet almaq üçün yoldaşım Hadli ilə Valensiyaya getmişdik. Festival ayın 24-ü başlamalı idi.
Mən hələ də bir paraqraf yazmaqda çətinlik çəkirdim, amma yaşıdlarımın çoxu romanlarını bitirmişdilər. Elə bu əhvalda doğum günündə romanımı yazmağa başladım. Festival ərzində səhər yataqda yazırdım, sonra Madriddə davam etdim. Stollu bir otaq tutduq, stolda yazmaq böyük lüks idi, istidən qaçmaq üçün bir otelin tinində yerləşən Alvarez pasajındakı pivəxanada yazmağa davam etdim. Axırda hava o qədər isindi ki, Hendayeyə yollandıq. Uzandıqca uzanan sahilin kənarında kiçik, ucuz otel var idi, orada çox yaxşı işlədim. Parisdə – ilk qaralamanı başladıqdan altı həftə sonra, taxta fabriki ilə üzbəüz “Rue Notre des Champs 113” ünvanındakı binada əsəri bitirdim və romançı Natan Aşa göndərdim. O vaxt Natanın qəribə aksenti vardı. Mənə sərt aksentlə dedi: “Roman yazmışam nə deməkdir? Roman ha! Uzaqbaşı səyahət kitabı olar.”
Natan həvəsimi qıra bilmədi və Vorarlberq bölgəsində “Schruns Taube” otelində əsəri təzədən yazdım.
16 mayda Madriddə bir gün ərzində yazdığım hekayələri qeyd etmişdiniz. O gün San İsidiro buğa döyüşləri qar yağdığı üçün ləğv edilmişdi. Əvvəlcə yazmağa başlayıb axıra çıxa bilmədiyim “Qatillər”i bitirdim. Nahardan sonra da isinmək üçün yatağa girib “Bu gün cümədir”i yazdım. İlham işartıları beynimin içində uçuşurdu, elə bildim ki, ağlımı itirirəm. Beynimdə bunlardan başqa altı hekayə də var idi. Keçmiş buğa döyüşçülərinin getdiyi “Fornos” kafesinə yollandım. Bir qəhvə içib qayıtdım. Sonra “On hindu”nu yazdım. Bitirəndə çox kədərləndim və bir az brendi içib yatdım. Yemək yeməyi yaddan çıxarmışdım, qarsonlardan biri mənə bir az bakalao, bir kiçik bifşteks, bir az qızardılmış kartof və bir şüşə Valdepenas şərabı gətirdi.
Pansion sahibəsi düz-əməlli yemək yemədiyimə görüb narahat olmuş və qarsonu göndəribmiş. Qarson “bir şüşə də gətirərəm” – dedi. Bir də sahibənin bütün gecə yazıb-yazmayacağımla maraqlandığını dedi. “Xeyr” dedim. Bir müddət uzanıb dincəlmək istəyirdim. Qarson soruşdu: “Niyə bir hekayə də yazmağa cəhd etmirsiniz?” Əslində, əvvəlcə məqsədim elə bir hekayə yazmaq idi. “Boş sözdür, istəsən altı dənə də yazarsan” – dedi. “Sabah yenə cəhd edərəm” – dedim. “Bu gecə hələ bitməyib, səncə, yaşlı qadın sənə niyə yemək göndərib?” – dedi.
“Yorğunam” – dedim yenidən. “Boş sözdür, (yeri gəlmişkən, o, “boş sözdür” ifadəsini işlətmirdi) üç düşük hekayə yazan kimi yorulmusan? Heç olmasa birini mənim üçün tərcümə et” – dedi. “Əl çək. Başımın üstünü kəsdirmisən, necə yazım” – deyib hirsləndim. Sonra yataqda dikəldim, Valdepenası başıma çəkdim və əgər ilk yazdığım hekayə gözlədiyim qədər yaxşıdırsa, mükəmməl yazıçı olduğumu düşündüm.
“Qısa hekayənin yazmamışdan əvvəl zehninizdə nə qədər hissəsi tamamlanmış olur? Mövzusu və ya qəhrəmanları yazı prosesində dəyişirmi?”
“Bəzən hekayəni bilirsiniz. Bəzən hekayə yazı prosesində meydana çıxır və son məhsulun necə olacağını bilmirsiniz. Hər şey hərəkətdə olarkən dəyişir. Hekayənin yaradan hərəkətə səbəb olan da budur. Bəzən hərəkət o qədər yavaş olur ki, sanki heç yerindən tərpənmir. Ancaq dəyişiklik və hərəkət həmişə mövcuddur.”
“Roman yazanda da vəziyyət eynidir, yoxsa romanın əsas xətlərini yazmağa başlamamışdan əvvəl hazırlayıb tamamilə ona sadiq qalırsınız?”
“Əcəl zəngi”nin hər günü çətin keçdi. Nəzəri baxımdan romanın gedişatını bilirdim. Amma hər gün yazacağım şeyləri elə həmin gün formalaşdırıb yazdım.”
“Afrikanın yaşıl təpələri”, “Olmaq, ya da olmamaq”, “Çayı keçmək” romanlarınızı qısa hekayə yazmaq məqsədilə başlayıb sonradan romana çevirmisiniz? Əgər elədirsə, bu iki ədəbi növ bir-birinə bu qədər bənzəyirmi və yazar bir növdən digərinə yanaşmasını dəyişmədən keçə bilərmi?”
“Xeyr. Bu doğru deyil. “Afrikanın yaşıl təpələri” roman deyil, amma bir ölkənin formasını və bir ay ərzində baş verənləri realistcəsinə əks etdirəndə, təxəyyül məhsulu bir əsərlə rəqabətə necə davam gətirəcəyini görmək istədiyim, tamamilə mütləq həqiqətlərə əsaslanan bir kitab yazmaq cəhdidir. Bu kitab bitdikdən sonra iki qısa hekayə yazdım. “Kilimancaroda qar” və “Frensin Makomberin uzun sürməyən xoşbəxtliyi”.
Bu hekayələri “Yaşıl təpələr”i yazmaq üçün çıxdığım bir aylıq ov gəzintisində əldə etdiyim məlumat və təcrübələrə əsasən yazmışam. “Olmaq, ya da olmamaq” və “Çayı keçmək” isə qısa hekayə kimi başlamışdı.”
“Bir ədəbi layihədən başqasına keçmək sizə asan gəlir, yoxsa başladığınız kimi bitirirsiniz?”
“İntensiv işə fasilə verib bu suallara cavab versəm, deməli, çox axmağam və sərt şəkildə cəzalandırılacağam. Cəzalandırılacağım dəqiqdir. Nə isə.”
“Digər yazıçılarla rəqabət apardığınızı düşünürsünüzmü?”
“Əsla. Bir vaxtlar, artıq vəfat etmiş, ədəbi dəyərləri bilinən bəzi yazıçılardan daha yaxşı yazmağa çabalamışdım. Artıq uzun müddətdir ki, yaza biləcəyimin ən yaxşısına nail olmağa çalışıram. Bəzən bəxtim gətirir və əlimdən gələndən də yaxşı iş görürəm.”
“Yazıçı qocaldıqca, yazmaq qabiliyyəti azalırmı? “Afrikanın yaşıl təpələri”ndə amerikan yazıçılarının müəyyən yaşa çatanda gücsüz qocalara çevrildiklərindən bəhs etmisiniz.“
“Bundan xəbərim yoxdur. İşini bilən insan başı işlədiyi müddətcə işə davam etməlidir. Dediyiniz kitaba yenidən baxsanız görərsiniz ki, başım başqa işlə qarışıq olanda məni söhbətə tutan, duzsuz zarafatlar edən avstriyalı qəhrəmanın açdığı “Amerikan ədəbiyyatı” temasını bağlamağa çalışırdım. Bu söhbəti əslinə sadiq qalaraq yazmışam. Məqsədim ölümsüz rəsmi açıqlamalar vermək deyildi. Onsuz da rəsmi açıqlamalar kifayət qədərdir.”
“Qəhrəmanlardan danışmadıq. Əsərlərinizdəki qəhrəmanların hamısı gerçək həyatdan götürülüb?”
“Təbii ki, yox. Yalnız bəziləri. Amma qəhrəmanlar əksərən insanlar haqqında məlumat, qavrayış və təcrübələrə əsasən yaradılır.“
“Gerçək həyatdan götürülmüş qəhrəmanı ədəbi müstəviyə necə keçirirsiniz?”
“Bunu necə etdiyimi izah etməyə başlasam, təhqir iddiaları ilə məşğul olan vəkillər üçün əl kitabı olar.“
“Siz də E.M. Forster kimi, birbaşa və yuvarlaq qəhrəmanları ayırırsınız?”
“Birini təsvir edirsinizsə, bu düzünə yazıdır, fotoşəklin səthi kimi düzdür və mənim fikrimcə, qabiliyyətsiz işdir. Digər tərəfdən bildiklərinizə əsaslanaraq bir qəhrəman təsvir edirsinizsə, bütün ölçüləri tam olmalıdır.”
“Arxaya boylananda yazdığınız qəhrəmanlardan hansı sizdə fərqli iz qoyub?”
“Bu siyahı çox uzanar.”
“Qəhrəmanlarınıza adları necə verirsiniz?”
“Əlimdən gəldiyi qədər yaxşı.”
“Kitabın adını yazı prosesində tapırsınız?”
“Xeyr. Hekayə, ya da kitabı bitirəndən sonra siyahı tərtib edirəm – bəzən yüzə çatır. Sonra dənləməyə başlayıram, bəzən hamısını tullayıram.”
“Başlıq hekayənin gedişatında açıq-aşkar görünəndə də belə elə edirsiniz? Məsələn, “Ağ fillərə bənzəyən təpələr” kimi.”
“Bəli. Başlıq həmişə sonradan gəlir. Nahardan əvvəl ilbiz yeməyə getdiyim Prunierdə bir qızla tanış olmuşdum. Bir dəfə abort etdirdiyini demişdi. Yenə ora getdiyim günlərin birində oturub uzun-uzun danışdıq. Abortla bağlı danışmasaq da, evə qayıdanda hekayəsini düşündüm və naharın başını buraxıb günortadan sonra bütün günümü bunu yazmağa ayırdım.”
“Yəni yazmadığınız vaxtlarda daim material kimi istifadə edə biləcəyiniz bir şey görmək üçün ətrafı izləyirsiniz?”
“Təbii ki. Əgər bir yazıçı müşahidə etməyi dayandırsa işi bitər. Ancaq müşahidə prosesi şüurlu və material axtarışı məqsədilə həyata keçirilməməlidir. Dediyiniz yeni başlayan yazıçı üçün keçərli ola bilər. Amma sonra bildiyi və ya gördüyü hər şey böyük yaddaş anbarında öz yerini tutar. Bir mövzunu bilməyin həqiqətən əhəmiyyəti varsa, onda həmişə aysberq prinsipi ilə yazmağa başlayıram.Yəni yazdıqlarım əslində aysberqin suyun üstündəki hissəsidir, qalan səkkizdə yeddilik hissəsini məndə gizlənib. Məlumatlı olduğunuz mövzunu yazıdan kənar qoya bilərsiniz, bu aysberqi daha da böyüdər. Bu, yazılı olmayan hissədir. Bir yazıçı kifayət qədər məlumatlı olmadığı mövzuları yazıdan kənar saxlayanda hekayədə böyük boşluqlar yaranır. “Qoca və dəniz” min səhifədən daha uzun ola bilərdi. Kənd sakinlərinin necə dolandıqları, harada doğulduqları, oxuduqları, neçə uşaqları olduğu əlavə oluna bilərdi. Bunu mükəmməl şəkildə həyata keçirmək olardı, başqa yazarlar bunu ediblər. Ədəbiyyatda həmişə o vaxta qədər yazılıb bəyənilmiş əsərlərin cızdığı sərhədlərin içindəsiniz. Mən də başqa bir şey etməyi öyrənməyə çalışdım, beləcə, oxucular mütaliədən sonra yazdıqlarımı öz yaşadıqları hadisələr kimi qəbul edirlər və sanki bu hadisələrin həqiqətən baş verdiyini hiss edirlər. Çox çətin işdir, bunun üçün çox çalışmışam.
Bir dəfə bəxtim yaman gətirdi, necəliyini izah etmədən hekayəni oxucuya tam nəql edə bildim və bu heç sınanmamış bir təcrübə idi. Bəxtim onda gətirdi ki, hekayədəki böyük də, uşaq da yaxşı insanlar idi. Sanki yazıçılar son vaxtlar yaxşı adamların olduğunu unudublar. Sonra nə deyim, okean haqqında da insan kimi hekayələr yazmağa dəyər. Bu məqamda da bəxtim gətirmişdi, qılınc balığının cütləşməyinə şahid olmuşdum və bu bildiyim mövzu idi, ona görə mövzunu yazmayıb üstündən keçirəm. Dənizdə əllidən çox kaşalotdan ibarət böyük sürü görmüşdüm və bir dəfə metr yarımlığını qarmağa keçirsəm də, əlimdən çıxdı. Bunu da yazmadım. Balıqçı kəndi haqqında bildiyim bütün əhvalatlar da yazılmadı. Bu məlumatlar aysberqin suyun altında qalan hissəsi kimidir, görünmür, amma oradadır.”
“Şəxsi məlumatınız olmayan mövzudakı vəziyyəti təsvir etməyə çalışmısınızmı?”
“Qəribə sualdır. Peşəkar öz şəxsi və şəxsi olmayan məlumatlarından bir şey kəşf edər, ya da ortaya çıxarar. Bəzən özü də bilmədən unudulmuş irqindən və ya ailəsindən gələn məlumatlara malik olur. Ev göyərçininə uçmağı kim öyrədir, döyüşçü buğanın cəsarəti haradan gəlir və ya ov itinin iybilmə qabiliyyəti haradandır?
Bunlara Madriddə başım üstümdə olmayanda danışdığımız mövzuların daha detallı və ya sıxlaşdırılmış halı deyə bilərik.“
“Təcrübənizi hekayəyə çevirməmişdən əvvəl ondan nə qədər uzaqlaşmalısınız? Məsələn, Afrikada düşdüyünüz təyyarə qəzaları?”
“Bu, yaşadığınız təcrübədən asılıdır. Bir tərəfiniz hadisəni əvvəlcədən kənardan seyr edir, digər tərəfiniz isə tamamilə hadisənin içindədir. Elə hesab edirəm ki, bir təcrübə haqqında hadisəni yaşadıqdan nə qədər sonra yaza biləcəyinizi müəyyənləşdirən qayda yoxdur. Bu fərdin hadisələrin təsirindən nə qədər müddətə azad olması və yaxşılaşma gücü ilə bağlıdır. Təhsilli yazıçının təyyarə qəzası keçirməyi çox mühüm təcrübədir. Bu, bir çox əhəmiyyətli şeyi daha tez öyrənməyinə səbəb olur. Təbii ki, bunların faydalı olub-olmamağı qəzadan sağ çıxmağından asılıdır. Şərəflə xilas olmaq dəbi keçmiş və həyati ifadədir, bir yazıçı üçün hər şeydən daha çətindir və həyati əhəmiyyətə malikdir. Bu dünyadan tez köçən yazıçılar uzun, ətalətli, qəddar, heç bir qazancı olmayan davalarda görünməyəcəkləri üçün daha çox sevilirlər. Hər dəfə tez ölənlərin və ya işini yarımçıq qoyanların anlaşıqılı və daha insani olduqları düşünüldüyü üçün onlara daha müsbət münasibət göstərilir. Uğursuzluq və yaxşı gizlədilmiş qorxaqlıq daha insani hesab edilir və daha çox sevilir.”
“Sizcə, bir yazıçı yaşadığı dövrün sosiopolitik problemləri ilə nə dərəcədə maraqlanmalıdır?”
“Hamı öz vicdanına görə məsuliyyət daşıyır və vicdanın necə davranacağı barədə heç bir qayda olmamalıdır. Politik yazıçı haqqında söyləyə biləcəyimiz tək şey budur: əgər yazdıqları qalıcıdırsa, gələcəkdə onun yazdıqlarını oxuyanda siyasətlə bağlı hissələri ötürməlisiniz. Bir siyasi dünyagörüşünə yaxın yazıçılar əksər fikirlərini tez-tez dəyişirlər. Bu, onlar və aldıqları politik-ədəbi tənqidlər üçün çox həyəcanvericidir. Hətta bəzən dünyagörüşlərini başdan yazmağa vadar olurlar və adətən bu tələsik baş verir. Bəlkə də buna bir xoşbəxtlik axtarışı kimi baxaraq hörmət etməliyik.”
“Əsərlərinizdə didaktik yanaşma olduğunu deyə bilərsinizmi?”
“Didaktik səhv istifadə edilən və mənası dəyişmiş sözdür. “Nahardan sonra ölüm” öyrədici kitabdır.”
“Deyilir ki, bir yazıçının bütün əsərləri əslində, bir, yaxud iki fikrə həsr olunub. Bu sizin əsərləriniz üçün də keçərlidir?”
“Onu kim deyib? Çox bəsit səslənir. Bəlkə də bunu deyən adamın cəmi bir-iki fikri var imiş.”
“Yaxşı bu sualı başqa cür formalaşdırım: Qrem Qrin güclü ehtirasın bir rəf dolusu romanı nizamladığını deyib. Səhv etmirəmsə, siz də mükəmməl yazıların bir ədalətsizlik duyğusundan meydana çıxdığını demişdiniz. Sizcə, bir romançının belə xoşagəlməz hissin təsirində olmağı mühümdür?”
“Cənab Qrin mənim çox da bacarmadığım bəyanat vermək məsələsinin ustasıdır. Bir rəf dolusu romanı, bir ov torbası dolusu cüllütü və ya bir qaz sürüsünü ümumiləşdirmək mənim üçün qeyri-mümkündür. Yenə də qoy, elə indi sınayım. Ədalət və ya haqsızlıq duyğusu olmayan yazıçı roman yazmaqdansa, dahi uşaqlar məktəbinin illiyinə redaktorluq etsə, daha yaxşı olar. Birini də yoxlayım. Görürsünüz, çox bəlli mövzular barədə olanda elə də çətin iş deyil. Yaxşı yazıçı üçün əsas hünər bədənində şoka dözümlü, axmaqlığı qavrama cihazına sahib olmaqdır. Buna yazıçı radarı da demək olar və bu bütün böyük yazıçılarda var.”
“Sonda ümumi sual: yaradıcı yazıçı olaraq, sizcə, sənətin funksiyasının nədir? Həqiqətin özü yerinə niyə təmsilinə üstünlük verirsiniz?”
“Bunda təəccüblü nə var ki? Olmuş şeylərdən, var olan şeylərdən və bütün bildiklərinizdən və heç vaxt bilməyəcəklərinizdən bir şey yaradırsınız və bu təmsil deyil, tamam yeni şeydir, bütün həqiqi və yaşayan şeylərdən daha doğru. Siz ona can verirsiniz və əgər bunu yaxşı edirsinizsə, ölümsüzləşdirirsiniz. Bax buna görə yazırsınız və bildiyiniz başqa heç bir səbəb yoxdur. Və başqa heç kimin bilməyəcəyi bütün səbəblər…”
Söhbətləşdi: Corc Plimpton, 1958
Tərcümə etdi: İlahə Əkbər