Etqar Keretin “Hədiyyə kimi hekayələr” haqqında söhbəti
(Seyfəddin Hüseynlinin tərcüməsində)
İsrail yazıçısı Etqar Keret (1967) postmodernist təmayüllü ədib kimi ölkəsində və dünyada məşhurdur. Əsasən absurd və ironiya yüklü qısa hekayələri ilə şöhrətlənib. Onun sadə, çevik dilli, zəngin məzmunlu yığcam hekayələri İsrail ədəbiyyatında bu janrın populyarlaşmasına ciddi təkan verib. Yaradıcılığı nüfuzlu mükafatlarla dəyərləndirilən Etqar Keret bədii ədəbiyyatla yanaşı teatr, kino, televiziya sahəsində də önəmli uğurlar qazanıb.
– Qısa hekayələr yazmağa əsgərlik illərində başlamısınız. O dövrdə içərisində olduğunuz mühit yaradıcılığınıza necə təsir göstərirdi? Yazdıqlarınız Sizdən ötrü nə dərəcədə şəxsidir? Yazmağın terapiyaya bənzər təsirindən danışmaq mümkündürmü?
– Yazmaq – o dövrdə də, elə indi də – məndən ötrü bir növ terapiyadır, əslində. Duyğularından tam baş aça bilən adam saymaq olmaz məni, amma yazdıqlarıma baxanda sanki güzgü qarşısında dayanmış kimi oluram. Əks olunan görüntüdə – əvvəllər fərqinə varmadığım – yeni cizgilər kəşf edirəm hər dəfə. Əsgərlik vaxtı əhatə olunduğum mühitin özümlə bağlı mənə xatırlatdıqları arasında çox şübhəli, qarmaqarışıq məqamlar vardı. Odur ki, özlüyümdə dəqiq, dürüst bir biçimdə əks olunmağa ehtiyac duyurdum. Bu baxımdan, yazmaq mənim üçün həyati önəm daşıyırdı.
– Üslubunuzu necə səciyyələndirərdiniz? Özünüzü yaxın hiss etdiyiniz yazıçılar kimlərdir?
– Üslubumu səciyyələndirmək məndən ötrü çox çətindir. Yazdıqlarım mənsiz də bu üslubu nişan verirlər. Həm də, hekayələrim haqqında mənim dediklərimdənsə, onların öz dedikləri əsasdır. Sevdiyim yazıçılar çoxdur, ancaq ən çox Kafkadan təsirləndiyimi və onun əsərləri sayəsində özümdə yazmaq istəyi duyduğumu deyə bilərəm.
– Yazmaq Sizin aləminizdə nəyi ifadə edir?
– Yazanda özümü hazırkı zamanın lap içərilərində hiss edirəm. Həyatımızın çox hissəsi gələcəyə aid planlar qurmaqla, ya da ətrafımızdakıların ehtiyac və tələblərini ödəməklə keçir. Yazdıqda isə bu labirintdən kənara çıxıram: hər bir anı yaşaya, keçmişimin, hətta adımı unutduğum fərqli məkanın ab-havasını duya bilirəm. Böyük bir yük qalxır üstümdən. Zaman-zaman yaza bilmədiyim dönəmlər də olur ki, onda əlimdən heç nə gəlmir, sadəcə həmin dönəmin keçib getməsini gözləyirəm. Hekayələr hədiyyə kimidir hardasa: gələndə özü gəlir, məcburiyyət sevmir. Səbrlə gözləmək lazımdır.
– Hekayələr üzərində bəlli bir iş texnikanız, yazmaq üçün gündəlik həyatda xüsusi rejiminiz varmı?
– Elə bir rejimimin olduğunu deyə bilmərəm. Sadəcə, mütləq yazmaq istədiyim bir hekayə olanda yazmağa başlayıram. Bunu texnika adlandırmaq olmaz bəlkə, amma misal üçün, yazdığım hansısa hekayədəki obrazlardan birində natamamlıq sezirəmsə, oturub – bu dəfə onu ön planda götürdüyüm – başqa bir hekayə yazıram. Beləcə, obrazı daha yaxından öyrənir, zəruri korrektələr aparıram. Obraz qaynağına çevrilən belə hekayələrimdən bir neçəsini, maraqlı bildiyim üçün, sonralar çapa da vermişəm.
– Maraqlıdır, bir oxucu olaraq, çağdaş ədəbiyyatda kimləri üstün sayır, kimlərin yaradıcılığını izləyirsiniz?
– Rus klassiklərinin – Qoqol, Çexov kimi yazıçıların əsərləri ilə böyümüşəm, demək olar. Vonnequtu, Karveri, Selinceri çox sevirəm. Çağdaş yazarlardan Aleksandr Hemonun, Natan İnqlanderin, Conatan Safran Foerin yaradıcılığını bəyənir və izləyirəm.
– Orta Şərqin çaxnaşmalı mühitində yaşayıb-yaradırsınız. Milli mənsubiyyətiniz, mövqeyiniz və içərisində yaşadığınız siyasi atmosfer yaradıcılığınızda nə kimi rol oynayır?
– Bu məkanın sərt gerçəkliyi, əslində, insanın şəxsiyyətinə, mövqeyinə birbaşa təsir göstərir. İnsanı dəyişdirməsi, fərqliləşdirməsi bir yana, onu öz seçimləri və dünyagörüşü baxımından son dərəcə şüurlu, həssas davranmağa vadar edir.
– Əvvəlkilərə nisbətən, son dövr hekayələrinizin daha ağıryana, ləngərli olduğu vurğulanır. Özünüzlə birgə hekayələrinizin də tədricən yetkinləşdiyini demək mümkündürmü?
– Zənnimcə, hə. Həyatımdakı ən böyük dəyişiklik indi bir övlad atası olmağımdır. Ata olmazdan əvvəl, adətən, övlad prizmasından yazırdım hekayələrimi. İndi valideyn prizmasından yazıram.
– Ədəbiyyatın siyasətçilərin bacarmadığını gerçəkləşdirəcəyinə – insanlar arasında körpülər qura biləcəyinə inanırsınızmı?
– Sənət belə körpülərin qurulması üçün bir vasitədir, amma çox kövrəkdir bu körpülər: sadəcə, məsafələr qət etməyə meylli olanların ağırlığına davam gətirə bilir. Mənim təcrübəmə əsasən, bu körpülər çox çətin qurulur və qurulsa da, onların büsbütün dağılması üçün bəzən tək bircə güllə bəs edir.
– Bəzi hekayələrinizdə ironiya yoluyla ifadə olunan təsirli siyasi tənqidlərə yer verirsiniz. Belə əsərlərinizə görə İsraildə sərt reaksiya ilə üzləşmisinizmi?
– Xüsusən sağ təmayüllü, dinçi qrupları hiddətləndirdiyimi deyə bilərəm. Dərsliklərə düşən bəzi hekayələrim var ki, bir çox liseylərdə müəllimlər onları keçməkdən imtina ediblər. Qısa bir teletamaşam üzündən ümumən proqramın ləğvi müzakirəyə çıxarılıb. Amma məni ruhdan salmır bunlar. Tutduğum mövqeyin kimlərəsə xoş gəlməməsi qaçılmazdır.
– Hekayələriniz 30-dan çox dildə yayılır və oxunur. Ərəbcə də nəşr olunubmu?
– “Tanrı olmaq istəyən avtobus sürücüsü” adlı kitabım Fələstin Muxtariyyətində ərəbcə nəşr edilib. Oradakı naşirim demişdi ki, kitablarının satışı yaxşıdır, hər gün sifariş verirlər, amma bilmirəm, bu sifarişlər sənin heyranlarındanmı gəlir, yoxsa “Həmas” fəalları yandırmaq üçün alırlar.
– Söhbətlərinizin birində demisiniz ki, həyatda insan üçün ən xarakterik duyğu məğlubiyyət duyğusudur. Bunu bir az açıqlamaq olarmı?
– Bir qədər kobud desək, nə vaxtsa hamımız öləcəyik. Amma bunu bilə-bilə, yenə də öz həyatımızı yaşamaqdayıq. Ölümlə oynadığımız bir oyun kimi baxsaq buna, qalib tərəf əvvəlcədən bəllidir. Bizə qalan isə, bu oyundan zövq almaq, məğlubiyyətimizlə barışıb, meydanı qürurla, cırnamadan tərk etməkdir.
– Hekayələrlə yanaşı, ssenarilər də yazırsınız, üstəlik, rejissorluğunuz da var. Bir ifadə forması kimi kinonu necə dəyərləndirərdiniz?
– Film çəkmək, ilk növbədə, kollektiv işdir, bu işin özünəməxsus üstünlükləri də var, zəif cəhətləri də. Yazmağın əsasında isə yalqızlaşma dayanır. Kino üçün çalışanda başqalarıyla bərabər yaradıcı bir prosesə qoşuluram. Bununla da yazı prosesindəki gecəli-gündüzlü yalqızlığı üstümdən atmış oluram. Amma ikisindən birini seçməli olsaydım, yazmağı seçərdim.
Tərcümə etdi: Seyfəddin Hüseynli