sim-sim
No Result
Bütün nəticələr
  • Proza
  • Poeziya
  • Kino & Teatr
  • Yaradıcılıq fakultəsi
  • Mənim sevimli hekayəm*
  • Kamal Abdulla – 70
sim-sim

Ezra Paund. Katay – Həmid Piriyevin tərcüməsində

12/02/2022 - 10:53
A A
Facebookda paylaş

Ezra Paund

 

Amerikan şair və tənqidçi Ezra Paund (1885 – 1972) ingilisdilli modernizmin və imajizmin yaradıcısıdır. Professor Ernest Fenollozanın araşdırmalarından bəhrələnərək qədim Çin poeziyasından etdiyi tərcümələri 1915-ci ildə “Katay” (“Səmavi”) adıyla çap etdirib. Məhz bu kitab Amerika ədəbiyyatında verlibr (sərbəst şeir) ənənəsinin əsasını qoyub. Dünya poeziyasından etdiyi çoxsaylı tərcümələr və müxtəlif şeir kitablarından əlavə, 1917-ci ildən 1970-ci ilə qədər “Kantos” (“Nəğmələr”) eposunu yazıb. Amma eposu tamamlamaya bilməyib. Siyasi düşüncələrinə, Mussolinini dəstəklədiyinə və faşizmi təbliğ etdiyinə görə həbs olunan Paund XX əsr dünya poeziyasının qabaqcıl simalarındandır.

 

Katay

 

Çoxusu Rixokunun çincəsindən,

mərhum professor Ernest Fenollozanın qeydlərindən,

professor Mori ilə professor Ariqanın çevirdiyi yazılardan

(1915)

 

Şu oxatanlarının nəğməsi

 

Buradayıq, ilk ayıdöşəyi köklərini yığırıq,

Və deyirik ki: görəsən haçan qayıdacağıq evimizə?

Buradayıq, Qen-inlər düşmənlərimizdir çünki,

Monqolların ucbatından rahatlığımız qalmayıb.

Yaz ayıdöşəyi köklərini qazıyıb çıxartırıq,

Kimsə “qayıdış” desə, kədərlənirik hamımız.

Kədərliyik, aclıqdan və istidən əziyyət çəkirik,

Tezliklə qayıdacağımıza da ümidimiz yoxdur.

Payız ayıdöşəyi köklərini yığırıq,

Görəsən oktyabrda qayıda biləcəyikmi?

Borcumuzu yerinə yetirməsək asudə olmarıq,

Dərdimiz böyükdür, amma geri çəkilməyəcəyik.

Görəsən vətəndə hansı çiçəyin açan vaxtıdır?

Bəs o kimdir arabayla gəlir? Sərkərdəmizdir.

Arabaya qoşulan atlar da yorulub. Onun atları da yorulub.

Rahatlıq nədir bilmirik. Ayda üç döyüş olur.

İlahi, onun atları da yorulub.

Zabitlər seçmə atlara minib, əsgərlər yanlarıyca piyada gedir,

Onların oxları fil dişindən hazırlanıb.

Düşmən cəlddir, ayıq olmalıyıq.

Yola düşəndə baharı salamlayırdı söyüd ağacları,

Qar yağıb, indi qayıdırıq.

Acıq, susuzuq, ağır-ağır gedirik –

Dərdimizi kim başa düşər, halımıza kim yanar?

 

Gözəl bəzək

 

Mavidir, mavidir çayın sahilindəki otlar,

Sahildəki bağdan boylanan söyüd ağacları.

Evin gənc, gözəl, ağbəniz xanımı,

Qapıda dayanıb.

İncə əlini uzadır yarıaçıq qapıdan.

 

O haçansa kurtizanka idi,

Sonra bir əyyaşla evləndi.

Əri içib küçələrdə veyillənir

Və xanım çox vaxt tək qalır evdə.

 

Çay nəğməsi

 

Saqo ağacından hazırlanıb qayığımız, planşiri manqoliyadan,

Qızıl tütək, daş-qaşlı fleyta çalan musiqiçilər sıralanıb göyərtədə,

Min badəyə çatar şərabımız,

Gözəl səsli qızlar üzür bizimlə,

Axın bizi aparır.

Heç nəyə baxmayaraq, senninə səyahət üçün sarı durna lazımdır,

Dənizçilərimizsə ağ qağayılara minib gedir

Ağ qağayılara.

Amma Kut-sunun nəğmələri

Günəş və ay kimi dolanır yerin üstündə.

 

Hömdar Sonun eyvanlı sarayı

Xaraba təpəyə dönüb indi.

Qayıq yırğalanır, amma mən yenə də qələmimi işlədirəm,

Titrədirəm Beş dağı.

Mavi Ada sakinlərinin şənliyi sevinc qatır sevincimə.

(Hanın suları tərsinə axsaydı,

Şöhrət davam edərdi əsrlər boyu.)

 

Yazıb-yaratmaq əmrini gözləyə-gözləyə İmperator sarayında darıxdım,

Göyüzünü əks edən

Əjdahalı hovuzun zümrüdü-yaşılı sularına baxdım.

Minlərlə bülbülün məqsədsiz cəh-cəhinə qulaq asdım.

 

Şərq küləyi otlara yaşıllıq gətirir,

Bənövşəyi ev, qızılı dam da baharın yumşaqlığıyla dolu.

Hovuzun cənubundakı sarmaşıqların açıq mavi, daha açıq mavi yarpaqları

Duman içində qıvrılır saraya tərəf.

Yüz ayaq uzunluğundakı budaqlar oyma barmaqlıqlardan sallanır,

Söyüd budaqlarında cəh-cəh vurur quşlar,

Səhər mehini salamlayıb, baharın gəlişinə sevinirlər.

Amma tərpənmir göyümtül buludlar, şərq küləyi də kəsir,

Baharın şaqraq səsi yayılır minlərlə qapının üstünə.

İmperator Qo şəhərindədir.

 

Bənövşəyi göyüzündə beş dağı xatırladan beş bulud asılıb,

İmperatorun alayı qızıl saray qapılarından çıxır parıldayan zirehləriylə,

İmperator daş-qaşlı arabasına minib Xori parkına gedir,

Suda durnaların qanad çalmağına və güllərinə baxmağa.

Qayıdanda bülbüllərə qulaq asmaq üçün Sey qayası tərəfdən qayıdır.

Çünki Dzö-rin sarayının bağçası bülbüllə doludur,

Quşların səsi qarışıb bu fleytanın

Və on iki tütəyin səsinə.

 

Gəmi tacirinə arvadından məktub

 

Uşaq vaxtı, hələ saçım alnımın üstündən kəsilən vaxtlarda

Həyət qapısının qabağında oynayardım, çiçək yığardım.

Sən bambuk ağacından düzəltdiyin atın üstündə gələrdin,

Ətrafımda dolanardın, kal əriklərlə oynayardın.

Beləcə yaşayardıq Työ-kan kəndində –

Dərdsiz-sərsiz iki balaca uşaq.

 

On dörd yaşım olanda səninlə evləndim.

Amma heç gülmədim, çünki çox utancaq idim.

Başımı aşağı saldım.

Nə qədər səsləsən də, hay vermədim.

 

On beş yaşımda kədərlənməyi tərgizdim,

Səninlə sevinək istədim,

Həmişə, həmişə, həmişə səninlə.

Kədərlənməli nə vardı ki?

 

On altı yaşımda məndən ayrıldın.

Ku-to-en çayıyla şərqə üzməyə başladın.

Beş aydır uzaqdasan.

Bircə kədərlə səslər çıxartan meymunlar qalıb burda.

 

Ayaqlarını sürüdə-sürüdə çıxdın qapıdan.

Keçdiyin yerlərdə ot bitib indi, cürbəcür otlar.

Dərinə kök salıblar artıq.

Payız da tez gəldi bu il, külək əsəndə yarpaqları qopardır,

Bağımdakı kəpənəklər hələ avqustdan saralıb.

 

İncidirlər məni. Yaşlanıram.

Yantzı çayıyla gələcəksənsə,

Mənə əvvəlcədən xəbər göndər.

Çıxıb gələrəm səni qarşılamağa

Työ-fu-Saya qədər.

 

Ten-Sin körpüsü yanında şeir

 

Mart ayı gəldi artıq körpünün üstünə.

Şaftalı budaqlarıyla qaysı budaqları yarpaqlanır minlərlə saray qapısının üstündə.

Səhərlər ürəyi dayandıran çiçəklər açır,

Axşamsa şərqə axan suya tökür ləçəklərini.

Axan sular aparır onları, axan sular.

Adamlarısa əsrlər aparır özüylə,

Amma körpüdən keçənlər çoxdur yenə əvvəlki kimi.

 

Və yenə əvvəlki kimi yazda dəniz gülümsəyir,

Səhər şəfəqlərinin altında.

İmperator taxtının ətrafında göz vuran ay

Bir anlıq əsas giriş qapısını aydınladıb

Dzö-yö sarayının arxasında qeyb olur.

Buludları yandıran günəş şəfəqlərinin altında

İmperatorun adamları saraydan çıxıb ölkəyə yayılır,

Uzaq sərhədlərə gedir,

Əjdaha kimi heybətli, qızıl yüyənli atların belində.

 

Heybətli atlar ağır-ağır çıxır saray qapılarından,

Adamlar yoldan çəkilir onları görəndə,

Qürurla gedirlər onlar.

İmperatorun adamlarını ziyafət gözləyir,

Fleyta musiqisi, rəqslər gözləyir

Möhtəşəm saraylarda.

Əyləncəylə keçir onların gecəsi, gündüzü,

Həftələri, ayları, illəri.

 

Elə bilirlər həmişə belə davam edəcək,

Minlərlə il boyunca.

Amma artıq sarı itlər gözləyir onları,

Rö-kyu-syunun yanında heç nədir onların oynaşları,

Elə özləri də yaddan çıxartıblar möhtəşəm ziyafətlərdə

Xun-i-tszının taleyini.

O, ancaq özünə ümid olub,

İmperatorun qəzəbinə tuş gəlməkdən qorxmayıb,

Çıxıb gedib istəkli sevgilisiylə təkbaşına.

 

Qızıl pilləkanın kədəri

 

Pilləkanın qızıl pillələri şehdən ağarıb,

O qədər çox dayanmışam ki, artıq ipək corablarım islanıb.

Büllur pərdəni də çəkmişəm,

Aydın payız havasında göyümtül aya baxıram.

 

Qeyd: Kədər varsa, deməli kədərlənməli nəsə var. Qızıl pilləkan – deməli, saraydır. İpək corablar – deməli, kədərlənən adi qulluqçu yox, saray xanımlarından biridir. Və o, çoxdan burdadır, çünki pilləlkanlardakı şeh onun corablarına işləyib. Bu şeir, kədərin səbəbi birbaşa göstərilmədiyi üçün dəyərlidir.

 

Sərhəd mühafizəçisinin ağısı

 

Şimal qapısında külək qumu sovurur,

Zamanın başlanğıcından indiyə qədər, tək-tənha.

Payız ağacların yarpaqlarını tökür, otları saraldır.

Nəzarət Qülləsindən barbar torpaqları görürəm:

Bomboş göyüzü, bomboş səhra, atılmış qala,

Bu kənddə heç divar qalmayıb.

Günəşin qurutduğu sümüklər ağarır,

Böyük təpələri kol-kos, ot-alaq basıb.

Buranı kim xarabazara çevirdi?

Kim imperatorun qəzəbini oyatdı?

Bu döyüşləri kim başladı?

Barbar kralları.

O sevimli bahar qana susamış payıza döndü.

Üç yüz altmış min döyüşçünün səsi Orta İmperiyaya yayıldı,

Yağış kimi səpələndi üstümüzə kədər.

Gedən kədər, qayıdan, qayıdan kədər.

Kimsəsiz, kimsəsiz çöllər.

Müharibə uşaqları yoxdur artıq,

Hücum etməyə, qorumağa heç kim yoxdur artıq.

Heç kim başa düşməz kədərimizi.

Rixokunun adı unudulub,

Biz mühafizəçilər isə pələnglərə atılmışıq.

 

Sürgün olunanın məktubu

 

Qen hakimi, köhnə dostum, Rakuyölü So-kinə.

Ten-sin körpüsünün yanındakı meyxananı mənə bağışlamağın yadımdadır.

Nəğmələrə, gülüşlərə sarı qızıl, ağ mirvari verirdik,

Kralları, şahzadələri unudub aylarla, aylarla içirdik.

Hardansa bir müdrik gəlib çıxsa, o saat onunla içməyə başlayırdıq,

Nə onlarla, nə də səninlə sözümüz çəp gəlmirdi.

Kim olsa süfrəmizə dəvət edirdik, təki dostluqla gəlmiş olaydı.

Ürəklərimizi, başlarımızı açırdıq çəkinmədən.

Sonra məni Lodan cənuba göndərdilər,

Səni isə Rakuyönün şimalına.

Təkcə düşüncələrimiz, xatirələrimiz ayrılmadı.

Sonra, həsrət ən dözülməz həddinə çatanda rastlaşdıq,

Sen-qoya səfər etdik bir yerdə,

Dənizin otuz altı axınını keçib

Minlərlə gül açmış düzənliyə çatdıq.

Birinci düzənlik idi o.

Sonra səslərlə, şam ağaclarıyla dolu on min düzənlikdən keçdik,

Bizi San-tonun hakimi qarşıladı,

Si-yönün Düzgün Adamı,

Bahalı fleytasında musiqi çala-çala.

Ziyafət başladı,

Hakim nəğmə sədaları altında rəqs etdi,

Yumşaq parçaya büründüm, başımı hakimin dizinə qoyub yatdım.

Ürəyim elə uçunurdu ki, göyüzünə yüksəlmişdi.

Amma elə həmin axşam ulduzlar kimi səpələndik,

Yağış damcıları kimi ayrıldıq.

Mən Soya göndərildim – çaydan çox uzağa,

Sənsə Rakuyöyə, körpünün yanına.

 

Pələng kimi qorxusuz olan atan Xey-syunun hakimiydi,

Barbar ordusunda qiyamı yatırtmağıyla şöhrətlənmişdi,

May ayında səni mənim dalımca göndərdi uzaq Soya.

Gəlib çatdın və biz yola düşdük dolanbac dağ cığırlarıyla.

Şimal küləyi nəfəsimizi kəsirdi, il sona yaxınlaşırdı,

Arabalar yolda sınırdı,

Sən hər şey üçün pul ödəyirdin, səni düşündürən bircə şey vardı:

Bizim taleyimiz!

Xey-syuya çatan kimi ziyafət quruldu.

Qırmızı qədəhlərdə şərab, mavi örtüklü masada növbənöv yeməklər.

İçib sərxoş oldum, evə qayıtmalı olduğum haqda heç fikirləşmədim.

Ətrafında çay axan Qərb sarayına getdik bir yerdə,

Suda qayıqlar üzürdü, fleyta və baraban səsləri bir-birinə qarışmışdı,

Qızlar oxuya-oxuya axşam alatoranından sərxoş olurdu,

Su yaşılımtıl rəngə çalırdı.

Külək qızların nəğmələrini aparırdı düz buludlara qədər.

Amma həmişə hər şeyin axırı çatır.

Bu yaşanılanlar da xatirəyə döndü.

Bəxtimi sınamaq üçün saraya getdim,

Layunun adını andım, Si-yönün nəğməsini oxudum,

Amma nişan ala bilmədim.

Təzədən Şərq dağlarına getdim.

Saçlarım ağarmışdı.

Səninlə sonra yenə görüşdük, Ten-sin körpüsünün yanındakı meyxanada.

Görüşümüz qısa çəkdi, sən yenə San sarayına qayıtdın.

Səninlə ayrılmağıma nə qədər üzüldüyümü soruşsan deyərəm ki,

Payızda yarpaqların tökülməyi kimi bir şey oldu bu.

Daha nə danışım ki, amma səninlə əbədiyyətə qədər danışardım.

Nökəri çağırıram, qabağımda diz çöküb oturur,

Məktubu verməyimi gözləyir.

Mənsə gecikdirirəm məktubu möhürləyib

Min mil uzağa göndərməyi.

 

Dörd vida şeiri

 

Narın yağış damcıları düşür torpağa.

Meyxananın həyətindəki söyüdlər

Günü-gündən daha çox yaşıllaşacaq.

Amma sən şərab götür özünlə,

Çünki çətin ki, böyük Qo şəhərində

Dost tapasan.

 

Tö-ka çayında vida

 

Dostum Ko-dzi qayıqla qərbə üzür,

Duman çiçəkləri yayılıb çayın səthinə.

Tənha yelkən uzaqda ləkə kimi görünür.

Ancaq çayı görürəm artıq,

Üfüqəcən uzanan Tö-kanı.

 

Dosta vida

 

Şimalda Mavi Dağlar və qala divarı.

Şərqdə bəyaz sulu çay.

Burda, burda ayrılmalıyıq səninlə.

Qabaqda, minlərlə mil o tərəfdə ölü otlar.

 

Xatirələr bulud kimi əriyir,

Hisslər günbatımı kimi öləziyir,

Əllərimiz bir-birindən qopur.

Atlarımız kişnəyir

Biz ayrılanda.

 

Syö-kuda ayrılıq

 

Syö-ku hökmdarı San-so yol saldırıb

 

Deyirlər, San-so yolları

Dağlardakı qayalar kimi əzəmətlidir.

Yolçunun qabağında divar kimi yüksəlir.

Bulud topası kimi əriyir

At ayaqlarının altında.

Gözəl ağaclar var yol qırağında

Gövdələri qayalardan çıxır,

Şəlalələrin buzlu suyu axır

Syö-kunun mərkəzinə.

 

Onsuz da yazılıb taleyimiz,

Nə üçün falçılardan soruşaq?

 

Töandan uzaqda

 

Haçansa simurq quşları uçuşurdu buralarda,

Simurq quşları gedib, çay tənha axır indi.

Qaranlıq yolu basıb

Otlarla çiçəklər.

Qo sarayına aparan yolu.

 

Uzaqdakı Üç Dağ göyüzünə dirənib,

Bəyaz Vağ adası iki yerə bölür çayı.

Buludlar günəşin qabağınl tutur,

Uzaqdakı Töanı görə bilmirəm.

Kədərliyəm.

 

Soyuq ölkədəki cənublular

 

Day atlarının etsu küləyindən xoşu gəlmir,

Cənubun etsu quşları şimala uçmur.

Hiss vərdişdən yaranır.

Dünən Qaz qapısından keçdik,

Bu gün Əjdaha dağından*.

Çaşıb qaldıq. Səhra. Günəş.

Sabahsa qar, vəhşi soyuq.

Bit qarışqa kimi qaynaşır paltarımızda.

Ruhumuzla ağlımız bayraqlarımızdadır,

Şiddətli döyüş şöhrət gətirmir,

Vəfa deyilən şeyin elə də mənası yoxdur.

Ölkə üçün bəyaz başından keçən

General Ri-syö-quya kim yas saxlayacaq?

 

* Başqa sözlə desək, imperiyanın bu başından o başına hər yerdə, bütün sərhədlərdə vuruşduq.

 

 

Senninin şeiri

 

Yaşıl-zümrüdü zərricə quşları

İşıltılarını bir-birinə ötürə-ötürə

Orxideyalarla yoncaların arasında parıldayır.

 

Dağın ətəyində böyük çardaq hörüblər,

Sarmaşıq dolanıb ətrafına.

Bir adam tək-tənha oturub

Mızıldanır, simlərə toxunur barmaqları.

Ürəyi göyüzünə millənir.

Çiçəyin ləçəklərini dişləyib,

Ətrini ciyərlərinə çəkir.

Qırmızı şam ağacının tanrısı ona baxıb təəccüblənir.

Bənövşəyi dumanı yarıb sennini görməyə gedir.

“Uçan təpə”nin qolundan yapışır,

Əlini Ulu Su senninin kürəyinə vurur.

 

Bəs siz, lənətəgəlmiş qanadsız ağcaqanadlar!

Heç olmasa bir tısbağanın yaşını bilirsiniz?

 

 

Tut haqda şeir

 

Günəş cənub-şərq tərəfdən çıxır səhərlər

Sinlərin evinə baxmağa.

Rafu adlı qızları var onların (olduqca gözəl qızdır),

“Tut ağacı” deyir özünə,

Çünki ipəkqurdlarına tut yarpağı yedizdirir.

Şəhərin cənubundakı bağlardan yığır yarpaqları.

Yaşıl qamışlardan hörülüb səbəti,

Dəstəyi ağac budağındandır.

Başının sol tərəfinə yığır saçını.

 

Rafunun sırğaları mirvaridəndir,

Ətəyi yaşıl ipəkdən,

Köynəyisə bənövşəyi ipəkdəndir.

Bağın yanından keçən kişilər

Yüklərini yerə qoyub

Uzun müddət bığlarını eşirlər.

 

Töan haqda xatirələr

 

I

 

Dar küçələr geniş dağ yoluna çıxır Töanda,

Ağ atlar, qara öküzlər

yanlarında nökərlər gedən yeddi arabanı çəkib aparır.

Arabalar ətirli ağaclardan düzəldilib.

Yol kəsişməsində, hökmdarın sarayının qapısında dayanırlar.

Külək tərpədir şax ipəkləri,

Örtüyün üstündəki əjdaha şəkilləri

Günəşi içib şəfəqini əks etdirir.

Axşam düşür, duman çökür ətrafa.

Ağaca oxşayan duman layları yayılır.

Gecə quşlarıyla gecə qadınlarının

Səsi yayılır bağlara.

 

II

Qanadları gül ləçəklərinə oxşayan quşlar,

Canlı çiçəyi xatırladan kəpənəklər

Minlərlə qapının üstündə uçuşur.

Yaşıl ağaclar parıldayır,

Eyvanlar gümüşü rəngə boyanıb.

Bir-birinə qarışmış, min bir rəngə çalan xiyabanlar, keçidlər –

Xoşbəxt görüş yerləri.

Xan sülaləsindən imperator Butey

Şeh damcılarını toplamağa çalışır.

Ryönün evi isə göyüzünə yüksəlir elə bil.

Onunla üzbəüz isə başqa bir ev var.

İnsan necə xatırlaya bilər

Qəribə yollarda rastlaşdığı bütün dostlarını?

 

Dözülməz bulud

 

“Nəm bahar, – To-em-mey deyir, –

Nəm bahar gəlib”.

 

I

 

Buludlar yığıldı, yığıldı, yağış yağır, yağır,

Göyün səkkiz qatı eyni cür qaralıb.

Geniş, düz yol uzanıb gedir.

Otağışda səssizcə, səssizcə dayanıb şərqə baxıram,

Şərab çəlləyini sığallayıram.

Dostlarım küsüb məndən, bəziləri də uzaqdadır,

Başımı aşağı salıram.

 

II

 

Yağış, yağış, buludlar sıxlaşıb.

Göyüz səkkiz qatı da qaralıb.

Geniş yol gölə dönüb.

“Şərab, şərab, şərab çəlləyi…”

Şərqə baxan pəncərənin qabağında içirəm,

Danışmağı, insanları fikirləşirəm,

Nə qayıq görünür gözümə, nə də araba.

 

III

 

Şərqə baxan bağçamda ağaclar tumurcuqlayır,

Təzə sevgilər cücərtməyə çalışır.

Adamlar deyir ki, günəşlə ay

Oturmağa yumşaq yer tapmadıqları üçün daim hərəkətdədir.

Quşlar qanad çalıb ağacıma qonmaq istəyir,

Deyəsən belə dediklərini eşitdim:

– Dünyada adam çox olsa da,

Ən çox bu adamı sevdik biz.

Amma danışmaq istəsək də,

Dərdimizi başa düşməz.

 

Katayın sonu

 

Qeydlər: “Çay nəğməsi” (iki müstəqil şeirin birləşməsidir), “Gəmi tacirinə arvadından məktub”, “Ten-Sin körpüsü yanında şeir”, “Qızıl pilləkanın kədəri”, “Sərhəd mühafizəçisinin ağısı”, “Sürgün olunanın məktubu”, “Soyuq ölkədəki cənublular” və “Dörd vida şeiri” silsiləsinin müəllifi Li Bo`dur (VIII əsr).

“Gözəl bəzək” şeiri müəllifi məlum olmayan “On iki qədim şeir” (I – II əsrlər) toplusundan götürülüb.

“Senninin şeiri” və “Dözülməz bulud” Qo Pu (III – IV əsrlər) və Tao Yuan-minin (IV – V əsrlər) şeirlərinə uyğun gəlir.

“Töan haqda xatirələr” Lu Çjaolin`in şeiridir (VII əsr)

“Şu oxatanlarının nəğməsi” qədim Çin poeziyası antologiyası “Şintszin”dəndir.

“Tut haqda şeir” xalq poeziya nümunəsidir (e.ə. II – I əsrlər).

 

Tərcümə: Həmid P.

sim-sim

Sim-sim.az gündəlik köşə, araşdırma, esse, poeziya və nəsr nümunələri, eləcə də kino, teatr, musiqi, rəssamlıq, memarlıq və incəsənətin digər sahələrinə aid geniş spektrdə maraqlı materiallar təqdim edir.
Portalda ölkəmizdə və xaricdə çap olunmuş kitablar haqqında resenziyalar, tanınmış incəsənət xadimləriylə müsahibələr, müzakirələr və debatlar, dünya mədəni irsiylə bağlı tərcümə materialları dərc olunur.


Təsisçi: Kamal Abdulla
Baş redaktor: Qismət Rüstəmov
Şef redaktor: Ömər Xəyyam
Redaktor: Cavid Zeynallı

© sim-sim.az

No Result
Bütün nəticələr
  • Proza
  • Poeziya
  • Kino & Teatr
  • Yaradıcılıq fakultəsi
  • Mənim sevimli hekayəm*
  • Kamal Abdulla – 70

© sim-sim.az