Sim-sim.az yazıçı, ədəbiyyatşünasl Fəxri Uğurlunun “Alber Kamünün “Yabançı” romanı haqqında düşüncələr” essesini təqdim edir.
Vur-tut qırx dörd yaşında Nobel mükafatına layiq görülmüş Alber Kamü filosoflar arasında yazıçı, yazıçılar sırasında filosofdur. Əlcəzairin kasıb məhəlləsində atasız, ehtiyac içində böyüsə də, bir fikir adamı kimi o, çox tez yetişmişdi. 1960-cı ildə dostu, naşiri Mişel Qallimarla birgə ölümcül avtomobil qəzasına düşən qırx yeddi yaşlı Kamü özündən sonra üç bitkin roman, xeyli esse, hekayə, pyes, üstəlik, dünyaya sığmayan azman ad-san qoyub gedib.
O, iyirminci əsr ədəbiyyatına, düşüncəsinə ən çox təsir göstərmiş müəlliflərdən sayılır. Hələ sağlığında şöhrəti göz qamaşdırırdı, anlayan da, anlamayan da onu yamsılamağa, onun personajlarının qılafına girməyə çalışırdı. Parisdə onun təlimini bir növ həyata keçirən, nəzəriyyədən praktikaya çevirən məbədlərə bənzər absurd kafeləri açılmışdı, gənclər bu rind ocaqlarında içib-çəkib hallanır, fani zamanı, puç həyatı yelə verirdilər. Kamü öz fəlsəfəsinin bu sayaq interpretasiyasını bəyənmirdi, yazdıqlarının, dediklərinin düzgün anlanmamasını özünə dərd eləyirdi. Epikürdən Nitsşeyəcən ta qədimdən üzübəri filosofların fikirlərini yanlış yozan belə pəjmürdə hallar çox olub.
Kamü bir əli ədəbiyyatda, bir əli fəlsəfədə olan müəllif idi, deyirdi ki, filosof olmaq istəyirsənsə, roman yaz. Özünün ilk romanı “Yabançı” ilə ilk böyük fəlsəfi essesi “Sizif haqqında mif”i, demək olar, eyni zamanda, paralel şəkildə ərsəyə gətirmişdi, həm də hələ otuz yaşına çatmamış. Kamünün fəlsəfi baxışlarına bələd olmadan onun bədii yaradıcılığını anlamaq mümkün deyil. Özü bu anlayışdan xoşlanmasa da, Alber Kamü bir filosof kimi Sören Kyerkeqor, Martin Haydegger, Karl Yaspers, Nikolay Berdyayev, Jan-Pol Sartrla bir sırada ekzistensializm cərəyanının nümayəndəsi sayılır. Ekzistensialistlər iki qismə bölünürdülər – bir qismi teist, bir qismi ateist idi. Sartrla Kamü mövcudluq fəlsəfəsinin ateist qanadının başında dururdu.
Dilimizə alim-tərcüməçi Cavanşir Yusiflinin çevirdiyi “Yabançı” romanı Kamü dünyagörüşünün bədii şərhidir. Bu səbəbdən əsər bəzi tədqiqatçılara quru, sxematik, həyatdan uzaq görünür. Onlar romanın baş qəhrəmanı (hərçənd bu sözü ona aid eləmək çox çətindir) Mersonun canlı insandan çox fəlsəfi-psixoloji konstrukt, hipotetik varlıq olduğunu söyləyirlər. Zənnimcə, bu fikirlə qismən razılaşmaq olar, ancaq qismən! “Yabançı” cəmiyyətdəki qüsurları ifşa eləməyi hədəf götürmüş adi realist roman deyil, bu əsərə sosial romanın meyarlarıyla yanaşmaq doğru nəticəyə aparıb çıxara bilməz. “Yabançı” eynən Kafkanın “Qəsr”i, “Məhkəmə”si kimi ədəbi-fəlsəfi pritçadır, buradakı obrazlar, hadisələr həm realdır, həm də real deyil. Merso bir yandan fəlsəfi ümumiləşdirmə, o biri yandan real adamların arasında yaşayan canlı insandır. Burada mücərrədlə konkret, nəzəriyyə ilə praktika ruhla bədən kimi bir arada, bir qabdadır, ikisindən biri olmasa, o biri zühura gələ bilməz.
***
Merso epikürçü tipdir, onun vücudunu zövq həvəsi, həzz istəyi hərəkətə gətirir. Bu adam həyatın ağrı-acılarına, həyəcanına, qorxusuna, ölümünə biganədir. Əsər onun anasının ölüm xəbərini almasıyla başlayır. Merso vaxt itirmədən Əlcəzairdən səksən kilometr aralıdakı Marenqo şəhərinə yola düşsə də, əhvalında xüsusi bir pozuntu duyulmur, ağlayıb sızlamır, anasını qocalar evinə qoyduğuna görə xəcalət, peşmanlıq çəkmir. Mənzil başına çatanda tabutun qapağının açılmasına razılıq vermir, anasını son dəfə görməyə həvəs göstərmir. Cənazənin yanında qəhvə içir, siqaret çəkir, bir sözlə, matəm saxlamalı, yasa batmalı olduğu məqamda belə ona zövq verən nemətləri dadmaqdan imtina eləmir. Sonralar bütün bunların əleyhinə işləyəcəyini ağlına da gətirmir.
Merso günəşdən, səmadan, dənizdən həzz alan, təbiətlə həmahəng yaşayan panteistik varlıqdır. O, təsadüflərin sağa-sola əsdiyi absurd dünyada indiki zamanda yaşayır, çünki həyat yalnız indiki zamanda vücuda gəlir – keçən keçib, gələcəksə heç zaman gəlməyəcək, ona ümid bağlamağa dəyməz. Ümumiyyətlə, Kamü ümidi reallıqdan qaçış, yaşanmalı anları bada verən mərəz sayırdı.
Mersonun keçmişi haqda biz, demək olar, heç nə bilmirik, bircə ondan başqa ki, nə vaxtsa ali təhsilini yarımçıq qoyub. Onun keçmişə bağlı nostaljisi, gələcəyə bağlı illüziyası yoxdur. Anasına münasibəti də keçmişə münasibətindən seçilmir, zatən ana elə insanın keçmişi deməkdir. Sabah üçün də Mersonun heç bir planı yoxdur, həyatda nəyinsə dəyişilə biləcəyinə inamını çoxdan itirib. Təsadüfün yedəyində, həyat dolu bir anın – həyat havasıyla dolu bir köpüyün içində sərgərdan dolanan Merso yalnız ucsuz-bucaqsız göylə, onun yerdəki əksinə bənzər dənizlə, dənizi ilıq ana bətninə çevirən günəşlə təmasda rahatlıq, dinclik tapır, təbiətə sığınanda özünü beşikdəymiş kimi, ana qucağındaymış kimi bəxtəvər sanır.
***
Romanın birinci bölümü mənasız-məntiqsiz təsadüflərlə, cəfəng, puç, bayağı macəralarla doludur. Bir təsadüfdən ayrı bir təsadüf doğulur, təsadüflər zənciri uzana-uzana gedir. Əslində, buna səbəb-nəticə zənciri mənasını verən determinizm də deyə bilərik. Göründüyü kimi, determinizm (filosofların qulaqlarından iraq) təsadüfün alternativi yox, ta özüdür, onun başqa bir adı, ikinci üzüdür. Birinci bölümün sonunda təsadüflər zənciri Mersonun təsadüfən adam öldürməsiylə qırılır.
Bilmirəm buna da təsadüf demək olarmı, çünki bu qətlə gətirib çıxaran konkret səbəblər silsiləsi var. Səbəbdən səbəb törəyir, hər səbəb özündən sonrakı səbəbi qabağına qatıb qovur: Merso sutenyor qonşusunun intriqasına cəlb olunmasaydı, özünə yox yerdən düşmən qazanmasaydı, o düşmənlə dəniz qırağında üz-üzə gəlməsəydi, birinci qarşılaşmada qonşusunun tapançasını əlindən alıb öz cibinə qoymasaydı, günəşin zərbindən anlaqsız hala düşməsəydi, ərəbin bıçağının tiyəsində əks olunan gün işığı gözünü qamaşdırmasaydı… bu amansız qətl də baş verməyəcəkdi. Göründüyü kimi, günəş təkcə həyat mənbəyi deyil, həm də ölümcül qüvvədir.
Bədbəxt hadisə Mersonun ekzistensial yaşantılarının təsiri altında baş verir. Onun əməli Raskolnikovun əvvəlcədən dəqiq planlaşdırdığı ideoloji qətlə bənzəməz, ona görə də Mersonun qəlbini vicdan əzabı didmir, o, başını peşmanlıq daşına döymür. Ondan peşman olub-olmadığı soruşulanda qeyri-müəyyən cavab verir, bircə bunu deyə bilir ki, mənə xoş deyil. Ondan ötrü bu həyatın günləri, saatları, dəqiqələri iki qismə, iki tirəyə bölünür – xoş olan, bir də xoş olmayan anlar.
***
Əsərin birinci hissəsinin üslubu da mahiyyətinə, məzmununa tam uyğundur: qırıq, təntik, çaparaq cümlələr, bir-birini sürətlə əvəzləyən kadrlar, epizodlar, xüsusi məna kəsb eləməyən səhnələr, dəqiq, amma qısa təsvirlər, bir sözlə, teleqraf üslubu. İkinci bölümdə isə hər şey – məzmun da, stil də dəyişir. Romanın ikinci hissəsi birinci hissəni tərsinə göstərən güzgüdür. Kamü deyirdi ki, bu kitabın mənasını, mahiyyətini iki hissənin paralelizmində axtarmaq lazımdır.
Birinci bölümdə sadalanan təsadüflər silsiləsinə ikinci bölümdə prokurorun, hakimlərin, tamaşaçıların iştirakıyla allı-güllü zərurət donu biçilir. Əksər dindarlar kimi çox qəddar olan, özünü Tanrıdan insanları mühakimə eləmək lisenziyası alıbmış kimi aparan ittihamçı Mersodan Allaha inanıb-inanmadığını soruşanda müttəhim ona sakit, iddiasız bir səmimiyyətlə “yox” cavabı verir. Bununla da prokuror onu, necə deyərlər, qaralayır, məhkəmədə ən böyük günahları, ən ağır ittihamları onun başından yağdırır, ancaq Merso öz vəziyyətini yüngülləşdirmək üçün müstəntiqin allahına yaltaqlanmaq yolu tutmur, əvvəl dediyi sözdən dönmür.
Merso özü vəkilə ehtiyac duymasa da, dövlət hesabına ona müdafiəçi ayrılır – necə deyərlər, qanun belə tələb eləyir. Vəkil çəkinə-çəkinə ondan anasının dəfnində gerçəkdənmi kədərlənmədiyini, ağlamadığını soruşanda o, vəkilə freydanə bir cavab verir: hər kəs heç olmasa ömründə bir dəfə ona doğma, əziz olan adamın ölümünü arzulayıb. Müdafiəçi həyəcan içində onu başa salmağa çalışır ki, amandır, məhkəmədə də belə sözlər söyləməsin, yoxsa öz vəziyyətini birə-beş qat ağırlaşdırar.
Fəqət Merso nəyə başa gəlir gəlsin, öz həqiqətindən sapmır, mərhəmət dilənmək üçün yalan danışmır, məhkəmə heyətinin, bu teatra baxmaqdan ötrü zala toplaşmış tamaşaçıların rəğbətini qazanmaq xatirinə maskalanmır, nə duyubsa, nə düşünübsə, onları dilə gətirir. Kamü bir dəfə onun haqqında belə demişdi: “Heç bir qəhrəmanlığa iddia eləmədən həqiqət uğrunda ölməyə hazır adam”.
***
Məhkəmə prosesində Merso təkcə anasının tabutu yanında qəhvə içib siqaret çəkdiyinə, gecə mürgülədiyinə, tabutun qapağını qaldırıb meyidə baxmadığına, anası məzara qoyulanda gözündən yaş çıxmadığına, dəfndən sonra qəbrin yanında ləngimədiyinə görə yox, həm də ertəsi gün çimərliyə getdiyinə, dəniz qırağında köhnə tanışı Marini görüb onunla macəra başlatdığına, axşam qızla birgə kinoya baxdığına, sonra da Marini evinə apardığına görə ittiham olunur. Onun bütün absurd, cəfəng hərəkətlərinə, heç bir anlamı, mahiyyəti olmayan təsadüfi addımlarına xüsusi məna yükləyirlər, ondan ictimai təhlükəli cani obrazı yaratmağa çalışırlar ki, Mersonun törətdiyi qətlə məntiqi yozum versinlər. Guya onun bütün bivec gedişləri əvvəlcədən dəqiq düşünülüb, zərurət qanunları əsasında planlaşdırılıb. Düşünürəm ki, Kamü bununla həm də klassik Avropa fəlsəfəsinin məntiqi rasionalizminə rişxənd eləyir.
Merso öz dürüstlüyü ilə toplumun içində təkdir. O, cəmiyyətin istədiyi kimi yox, öz ekzistensial varlığının, azad iradəsinin diktəsiylə davranır, çoxluğun tabe olduğu qaydalara məhəl qoymur. Belə olanda ekzistensializm fəlsəfəsinin təsbit elədiyi daha bir prinsip, müddəa işə düşür: kütlə fərdin azad mənini onun içindən “şprislə” çəkib yerinə özünün tapındığı normaları doldurmağa, onun şəklini cismindən pozub vücudunun boş çərçivəsinə kollektiv ictimai obrazın portretini yerləşdirməyə çalışır, başqa sözlə, fərdi öz gerçək mənindən aralayıb özünə yad-yabançı hala salır. Bu əməliyyat baş tutanda fərd özlüyünü itirib sürünün bir üzvünə çevrilir.
Fəqət Merso öz varlığının, azad iradəsinin keşiyində sonacan durur, zatən onun varlığı elə bundan ibarətdir, Mersonun başqa məni, başqa mənliyi, ayrı özü, ayrı özlüyü yoxdur. O ya özündə olmalı, ya da heç olmamalıdır. Onun öz həqiqətinə, öz varlığına sadiqliyi hansısa fəlsəfi-ideoloji mülahizələrdən irəli gəlmir; müəllif bilərəkdən Mersodan qəhrəman düzəltməyə çalışmayıb, ona ağıllı, müdrik don biçməyib, onu qəsdən böyük ideyalarla, sanballı ideallarla yükləməyib.
***
Merso düşünən, plan cızan, qərar verən tip deyil, ana təbiətdən pay aldığı duyğularından savayı onu hərəkətə gətirən mühərrik yoxdur. Hətta edam cəzasından yayınmaq üçün yalan danışmır. Hakim ərəbi nə üçün öldürdüyünü xəbər alanda Merso təqsirin günəşdə olduğunu deməklə hamını özünə güldürür, halbuki oxucu onun yalan danışmadığını yaxşı bilir. Mari ondan sevib-sevmədiyini soruşanda səmimiyyətlə “yox” cavabı verir, təhkiyəsində də dönə-dönə qızı sevdiyini yox, “istədiyini” deyir. Belə görünür ki, o heç sevgiyə də inanmır. Məhkəmədə ondan nəyə görə anasını qocalar evinə qoyduğu soruşulanda donluğunun azlığını üzürlü səbəb kimi gətirməklə yanaşı bunu da deyir ki, bizim daha bir-birimizə deyiləsi sözümüz qalmamışdı.
Qısası, adam sadəcə özünün anarxist tənhalığı içində, təsadüflər qoynunda azad, asudə yaşamaq istəyir (Avropa fəlsəfəsində irrasional xəttin banisi Artur Şopenhauer klassik idealizmin “azadlıq – dərk olunmuş zərurətdir” postulatını qəbul eləmirdi, əksinə, azadlığı mütləq təsadüfün balası sayırdı). Ancaq cəmiyyət belə özbaşınalıqla barışa bilməz – ya biz deyən kimi yaşamalısan, ya da sıramızdan qovulmalısan! Alber Kamü ilk romanının qəhrəmanı haqqında bir kədərli fikir də söyləmişdi: “Bizim layiq olduğumuz yeganə Məsih odur”, – demişdi.
***
Edam cəzası kəsiləndən sonra kütlə ona acımağa başlayır. Gözlərdə mərhəmət işarır. Bu, ölümcül xəstəsinə toxtaqlıq verən həkimin saxta təskinliyinə bənzəyir. Ancaq Mersonun təskinliyə ehtiyacı yoxdur. Ondan ötrü prokuror da, hakim də, vəkil də, tamaşaçılar da eyni bədnam tamaşada cürbəcür rollar almış personajlardır. Prokurorun ittihamı nə qədər yalan dəlillər üstündə qurulubsa, advokatın qatilə bəraət qazandırmaq üçün gətirdiyi arqumentlər də bir o qədər saxtadır. Bu tamaşada ittihamçı ilə müdafiəçi bir medalın iki üzüdür, hətta arada öz rollarını yaxşı oynadıqlarına görə bir-birinə tərif də söyləyirlər.
Ölüm kamerasında onu Tanrı dərgahına hazırlamaq üçün gələn keşişə belə Merso üz göstərmir, azad qəlbini keşişin saxta mərhəmətiylə zəhərləmək istəmir. Keşiş dirəşəndə Merso heç vaxt olmadığı kimi coşub özündən çıxır, yaxasından tutub onu möhkəm silkələyir, deyir ki, bu dünyaya gəlmək şansı qazanan hər kəs seçilmiş insandır, deyir ki, yer üzündə hamıya ölüm hökmü kəsilib, nə fərqi var, bu gün, ya illər sonra – gec-tez hamımız öləcəyik, bizdən heç bir nişanə qalmayacaq. Bir sözlə, üzünə açılı dərgah qapısını Merso təpiklə örtür, eynən Kamünün özü kimi azad iradəsini Tanrıya belə təhvil vermək istəmir.
Ekzistensializm fəlsəfəsinin dədələrindən sayılan Haydegger deyirdi ki, insanın gerçək mahiyyəti ölümlə üz-üzə qalanda açılır. Qəzəb odu içindəki kin-küdurəti qarsıb son damla ümidi yandırandan, ölümlə arasından bütün sədlər götürüləndən sonra Merso da qəlbinin səsini daha aydın eşitməyə başlayır, ilk dəfə könlünün qapılarını özü kimi laqeyd dünyanın üzünə taybatay açır. Yalnız indi anlayır ki, insan əzablarına biganə təbiət (bu yerdə “Atalar və oğullar” romanının sonluğu yada düşür) ona lap əkiz qardaşı kimi bənzəyirmiş. Bu kəşfi onu son dəfə xoşbəxt eləyir. Bundan sonra Mersoya yalnız bir şeyi arzulamaq qalır: tənhalığının meydanını daraltmaq üçün edamına çoxlu tamaşaçı gəlsin, onu yoxluğuna nifrət dolu bağırtılarla yola salsınlar…
***
Şübhəsiz, Merso obrazı avtobioqrafik çalarlardan məhrum deyil. Sələfləri Çexov kimi, Kafka kimi Alber Kamünün də adı fələyin qara siyahısına erkən düşmüşdü, hələ on yeddi yaşında ona vərəm diaqnozu qoyulmuşdu. Sağalmaz xəstəliyə mübtəla olan hər kəs kimi Kamü də çox pessimist, ümidsiz idi (Kafka ona gələcəklə təskinlik verən dostuna əlini vərəmli sinəsinə qoyub “gələcək buradadır” demişdi). Görünür həm də xəstəliyin xarakterindən idi ki, ədəbi övladı Merso kimi Tanrıya, əbədiyyətə inanmağa özündə güc tapmırdı. Kilsəyə münasibəti də Mersonun münasibətindən seçilmirdi. Başqa sözlə, Merso – filosof olmayan, roman yaza bilməyən Kamüdür.
Yəqin tibb elmi o illərdə güclü inkişaf mərhələsi keçdiyinə görə Çexovu, Kafkanı öldürən mərəz Kamünün canını ala bilmədi. On yeddi yaşında qətlinə fərman verilən Alber fələyin hökmündən düz otuz il yayındı. Otuz ilin tamamında amansız fələk onu Parisə gedən yolda – paytaxtın yüz kilometrliyində haqlayıb hökmünü yerinə yetirdi. Cəmi bəşər övladı kimi “Yabançı”nın dahi müəllifi də Mersonun aqibətindən qaçmaq üçün ucu-bucağı bilinməyən bu soyuq, qaranlıq zindanda özünə künc tapmadı.
“Yeni Azərbaycan” qəzeti