(Xalq yazıçısı, akademik Kamal Abdullanın 70 yaşına)
Elmlə sənətin yolları ayrılandan onları qovuşdurmağa çox cəhdlər göstərilib – dini mətnlərdə (onların da sənət əsəri olduğuna inansaq) elmi həqiqətlər axtarmaqdan tutmuş, elmi düsturlarda poetik gerçəklərin lakonik, gizli ifadəsini aşkarlamağa qədər. Bu cəhdlərin bir görüntüsü (ya bəlkə mərhələsi) XIX əsrdə Emil Zolyanın yazıçıdan, bədii əsərdən hadisələrə, xarakterlərə yanaşmada analitik təfəkkür, elmi bəsirət tələb eləməsiydisə, başqa bir görüntüsü XX əsrdə Eynşteynin ona hər bir alimdən, hətta Qaussdan da çox Dostoyevskinin təsir göstərdiyini söyləməsiydi.
Bir az da uzağa baxsaq, elmlə sənət, ədəbiyyat arasında əməkdaşlığın, müştərəkliyin çox parlaq örnəklərini maarifçilik dövründə tapa bilərik: liberal-demokratik dəyərlər üzərində bərqərar olunan modern cəmiyyətin siyasi-fəlsəfi sütunlarını Con Lokk kimi filosoflar, iqtisadi-fəlsəfi sütunlarını Adam Smit kimi alimlər, ədəbi-fəlsəfi sütunlarını Volter, Didro, Bomarşe kimi ədiblər ucaltmaqla misilsiz bir sosial harmoniyanın yaranmasına nail oldular; obrazlı desək, ən müxtəlif səslərlə, çox fərqli dillərdə danışan musiqi alətləri bir orkestrdə birləşib yeni epoxanın ruhunu heyrətamiz dəqiqliklə ifadə eləyə bildi.
Bəzi pillələrin üstündən adlayıb yaxına baxsaq, ötən yüzilin sonlarına doğru ədəbiyyat sahəsində filoloji təfəkkürlə bədii istedadı calamağa yönəlik yeni təmayülün, Kamal Abdullanın sevimli obrazından yararlanmaqla desək, ştil halından çıxıb çalxalanmağa, dalğalanmağa başladığını görərik. Sovet tənqidinin “literaturşina” adlandırdığı bu prosesi hərəkətə gətirən qüvvə, çox güman, bir yandan dünya filologiya elmində semiotika deyilən yeni bir sahənin ortaya çıxmasının, o biri yandan da Coys, Borxes kimi ədəbiyyat bilicisi olan, qəliz fəlsəfi-filoloji mətləbləri nağıl, əfsanə, rəvayət üslubunda çatdıran konkret müəlliflərin təsirinin nəticəsiydi.
Nəticədə Umberto Eko, Milorad Paviç kimi şöhrətli filologiya professorları ədəbiyyatın nəzəriyyəsiylə praktikası arasına möhkəm körpü atıb elmlə sənəti növbəti dəfə qovuşdurmaqla bədii söz sahəsində yaranmış boşluğu bir xeyli doldurdular. Yaradıcı beyinin hər iki yarımkürəsinin həm oyaqlığını, həm də sıx əməkdaşlığını istəyən bu çətin işi bizim milli ədəbiyyatımızda alim-yazıçı Kamal Abdulla gördü.
Bir zaman gəlmişdi ki, ədəbiyyatımızın köhnə dərdlərə, xəstəliklərə qoyduğu diaqnozlar yeni dövrün, yeni (yaxud da yeniləşmiş) insanın ağrılarını, bəlalarını tam görməyə, köhnə vasitələr yeni dərdlərin mənzərəsini lazımınca göstərməyə yetmirdi. Bundan ötrü yeni alətlər, yeni görmə aparatları tapılmalı, insanın konkret mərəzi konkret zamanın kontekstindən çıxarılıb, ötən minilliklərin anaxronik zamansızlığında, ümumbəşəri kontekstdə, arxetiplər aləmində tədqiq olunmalıydı. Filologiya elmimiz bu metoda az-çox yiyələnmişdi – uzağa getmədən elə Kamal Abdullanın “Gizli Dədə Qorqud”larını misal çəkə bilərik. Qalırdı həmin metodu bədii ədəbiyyata calamaq. Bu işi də Kamal müəllim hələ ötən əsrin doxsanıncı illərindən elmin fəndlərini, üsullarını bədii janrlara tanıdıb mənimsətməklə asta-asta, mərhələ-mərhələ həyata keçirirdi – əvvəlcə esselərin, şeirlərin, ardınca pyeslərin, sonra da hekayələrin, romanların diliylə.
Sonuncu mərhələyə çatanda belə təsəvvür yaranırdı ki, Kamal Abdulla elmlə sənət arasında çəkdiyi çoxtağlı körpünün o tayına daha qayıtmayacaq; yəni elmi həqiqətlər bədii sənətin suvağıyla möhkəmləndirilib ornamentləriylə bəzədiləndən sonra bu qovuşağın, bu neytral zolağın, bu körpünün elm tayına geri dönməyə daha ehtiyac qalmır. Ancaq Kamal müəllimin yenidən o başlanğıca qayıdıb ən son sualtı müşahidə qurğusuyla “Dədə Qorqud” poetikasının indiyəcən varılmayan dərinliklərinə dalması (üç kitab kimi nəzərdə tutulmuş bu silsilənin hələlik birinci cildi işıq üzü görüb) məni sözün yaxşı mənasında heyrətləndirdi. Sən demə, elmlə sənətin (eləcə də miflə tarixin, reallıqla fantaziyanın, hisslə ağılın, birunla əndərunun, Dümayla Coysun…) qovuşması birinin o birinə keçib bitməsi, birinin o birində əriyib itməsi deyilmiş, beyinin iki yarımkürəsinin, iki əlin, iki ayağın, iki gözün əməkdaşlığı sayaq fasiləsiz müştərək proses, aramsız, həm də çox ədalətli bir alvermiş.
“Qovuşaq” situasiyasının əlamətləri Kamal Abdullanın həm yaradıcılığında, həm taleyində, həm də xarakterində özünü büruzə verir. Yeni dövrün nasiri, nəsrimizdə yeni tendensiyanın banisi kimi o, meydana məhz iki əsrin, iki minilliyin kəsişməsində, elmi araşdırmayla bədii uydurmanın, macəra-detektiv üslubuyla fəlsəfi-psixoloji janrın qovuşağında (Dümayla Coys arasında) yazdığı “Yarımçıq əlyazma” romanıyla girdi. Onun romanlarının, hekayələrinin, pyeslərinin, esselərinin bir çoxu aralıq situasiyasında vaqe olur, onun yazıçı kamerası adətən neytral zolaqda – paralel dünyaların həm qovuşduğu, həm toqquşduğu, həm birləşdiyi, həm ayrıldığı bir məkanda qurulur. Paralel dünyaların – o dünyayla bu dünyanın, ruhlar aləmiylə cismani aləmin, yuxuyla gerçəkliyin, reallıqla fantaziyanın, təhtəlşüurla şüurun, duyğularla ağılın, birunla əndərunun, gəncliklə ahıllığın, miflə tarixin, qədimliklə çağdaşlığın, sənətlə elmin, Dümayla Coysun…
Kamal Abdullanın ədəbi taleyini də nəsilləri qovuşduran düyün nöqtəsi saymaq olar. Hələ uşaqlığından, eləcə də sonralar ədəbiyyat aləminə ayaq açmağa başladığı dövrdən azman elm adamlarının, görkəmli sənət xadimlərinin gözü qarşısında, əhatəsində böyüyüb püxtələşib. Vaxtilə özündən otuz-qırx yaş böyük müdrik kişilərlə dostluq-doğmalıq elədiyi kimi bu gün özündən otuz-qırx yaş kiçik müdrik dostları da var. Hekayələri aşağı-yuxarı on beş-iyirmi il bundan qabaq dərc olunmağa başlamış gənc nasir Kamal Abdullanı öz ədəbi nəsildaşı saydığını deyəndə təəccüblənirsən, ancaq hesablayanda görürsən ki, aşağı-yuxarı düz deyir.
Tanıyanlar bilirlər, Kamal müəllim xasiyyətcə də iki qütbün arasında, qovuşağında qərar tutmuş adamdı: bəzən çox sərt (xüsusən iş prosesində), bəzən çox mülayim olur; nə qədər tez qəzəblənib hövsələdən çıxırsa, bir o qədər tez kövrəlib tez yumşalır. Qıraqdan baxana ünsiyyətcil görünməyə bilər, ancaq çox maraqlı, dolu, duyğulu söhbətləri var. Bir an əvvəl acıqlandığı, hətta yıxıb sürüməyə hazır olduğu adamın düşdüyü çətinlikdən bu ovqatın üstündən yel ötməmiş xəbər tutanda onun problemini yubanmadan çözməyə tələsməyi var. Bütün bunları müşahidə elədikcə bir deyimin gerçəkliyinə inanmaq istəyirsən ki, insanın taleyi elə onun xarakteridi.
Tale demişkən, xalqımıza döşündən süd verən anamız Bakıda doğulsa da, Kamal müəllimin dünyaya gəlişi iki qədim şəhərimizin, iki parlaq mədəniyyət ocağımızın – Şuşa ilə Ordubadın qovuşağında baş verib. İndi o gündən yetmiş il keçir. Bu yetmiş ildə başımıza çox işlər gəlib. Bu yetmiş ilin üçdə birindən çoxunu Şuşasız yaşamışıq. Şükür, artıq yaman illər arxada qalmaqdadı. Bu gün yenə aralıq dövrdə – işğaldan əvvəlki dönəmlə işğaldan sonrakı dönəmin arasındakı minalanmış neytral zaman zolağında yaşayırıq. O zolağı adlayıb keçməyimiz günlərin-saatların məsələsidi.
Bundan sonra həyat başqa cür olacaq, ömrümüz təzələnəcək. Həm də hər birimizin ayrıcana yox, hamımızın birgə ömrümüz. Mən Kamal müəllimə tər istəklər, təzə diləklərlə süslənib bəzənmiş bu şərikli, ortaq ömrü doyunca yaşamağı arzulayıram.
28 noyabr 2020-ci il