Son beş ildə “Oskar” mükafatının dünyada tənəzzül yaşamasını təşkilatçılar çox yaxşı anlayırlar. Hətta mərasimin reklam gəlirlərinin azalması barədə müxəlif media orqanlarında informasiyalara da rast gəlirik. 2018-ci ildə “Amerika Kino Akademiyası” bununla bağlı müəyyən yolla axtarılmağa başladı. Mərasimdə ulduzların adlarının daha çox hallanması, tədbirdə iştirak edəcək şəxslərin səs-küylü təqdimatları mərasimdən qabaq mediada hallanmağa başladı. Bundan başqa tamaşaçıların marağında olan bir filmə mükafat təqdim etmək də təşkilatçıların son illər reytinqi bərpa etmək planlarının tərkib hissəsidir. “Oskar”a marağın azalmasının müxtəlif səbəbələri var. Məncə, əsas səbəb ulduzlarla sıravi tamaşaçılar arasındakı pərdənin, divarın aradan götürülməsidir. Tamaşaçı demək olar ki, istədiyi vaxt ulduzun sosial şəbəkədəki canlı paylaşımlarını, gündəlik həyatından paylaşdığı foto və informasiyaları sosial şəbəkədən izləyir. Onlara istədiyi vaxt suallar ünvanlayır və s. Yəni əvvəllər oldugu kimi onları ancaq efirdən, jurnal səhifələrindən izləmir. Bu problem dünyanın hər yerində baş verir. Necə deyərlər, ulduzlar göydən yerə enib. Ona toxunmaq da olur, uzaqdan olsa da, onunla canlı müsahibə almaq da. “Oskar” təşkilatçıları 2018-ci ildə mükfatın nüfuzunu qaldırmaq haqda düşünərkən, 2020-ci ildə onları dünyanı ağuşuna alan PANDEMİYA qarşıladı; film istehsalı və yayımı ciddi zərbələr aldı. Pandemiya səbəbindən mərasimin onlayn formatda keçirilməsi də, “Oskar”ın nüfuzuna ciddi zərbə oldu. Hər il dörd saat (bəzən daha çox) davam edən mərasimi canlı 30 milyondan çox tamaşaçı izləyirdi. Amma 2021-ci ildə pandemiya səbəbindən daha qısa və yığcam şəkildə keçirilən mərasimi sadəcə altı milyona yaxın tamaşaçı izlədi.
2022-ci ildə isə (pandemiya qadağaları müəyyən qədər ortadan qalxandan sonra) təşkilatçılar köhnə reytinqi bərpa etmək üçün yeni yollar axtarmağa başladılar. Pandemiyadan sonra reytinqi necə qaldırmalı? Əsas sual bu idi. Və mükafatlandırma mərasimində iki qaradərilinin (xüsusi olaraq, iki qaradərili) “savaşı” təşkilatçıların artıq yetərincə maraqdan düşməkdə olan “Oskar”ı yenidən gündəmə gətirmək cəhdindən başqa bir şey deyildi. Yaddan çıxarmayaq ki, ötən il mükafata maraq beş dəfə azalmışdı və bunu hansısa yolla bərpa etməliydilər. Bundan başqa təşkilatçılar “mərasimdə gözəl işlər də olur” fikri formalaşdırmaq üçün “Xaç atası” filminin 50 illiyi münsasibəti ilə səhnəyə yaşlı Frensis Ford Koppola, Al Paçino və Robert De Nironu çıxartdılar.
Avropanın mərkəzində Ukrayna ilə Rusiya arasında gedən müharibənin fonunda “Oskar”ın dünya tamaşaçısına maraqsız ola biləcəyini də düşünən amerikalılar kinoda nə etdiklərini və nə üçün etdiklərini çox yaxşı bilirlər.