Belçikanın Lier şəhərində anadan olan, dövrünün əfsanəsi, hazırda isə klassikə çevrilmiş Felisk Timmermans flamand ədəbiyyatının dünya dillərinə ən çox tərcümə edilmiş müəllifidir. O, romanları ilə yanaşı dini mətnlər, şeirlər, dram əsərləri, qısa hekayələri ilə də Avropada özünə kifayət qədər böyük oxucu kütləsi qazanmışdır. Timmermans 60 yaşında, yaradıcılığının ən məhsuldar çağında vəfat etmişdir. Yazıçının ən məşhur əsəri “Palliter”dir. Əsər Belçikada o qədər sevilib məşhurluq qazanmışdır ki, sonralar ölkədə bir neçə tütün və içki məmulatları həmin əsərin baş qəhrəmanının adı ilə adlandırılmışdır. Timmermans “Polleke van Mher” təxəllüsü ilə də yazmışdır.
Yazıçılıqla yanaşı, məşhur rəssam və karikaturaçı olan Timmermans ədəbi reputasiyasını “Palliter” əsəri ilə qazanmışdır. Birinci Dünya Müharibəsinin işğal edilmiş Belçikasında bu kitab oxucular tərəfindən cana yaxın cövhər kimi qəbul edilmişdir. Müəllif əsərindəki xarakterlər üçün yaşadığı şəhərdə tanıdığı insanları seçmişdir. Əsəri oxuyarkən yazıçının Nobel mükafatı laureatı, Norveç yazıçısı Knut Hamsundan ilhamlandığını görməmək mümkün deyil. “Pan”ın incə yumoru, möhtəşəm təbiət təsvirləri, “Viktoriya”nın heyrətamiz təhkiyəsi, güclü insan siması bu və ya başqa formada “Palliter” də qarşımıza çıxır, bizi düşündürür, riqqətə gətirir.
Əsərdə yazıçının XX əsrin ilk yarısına aid mənəvi-dini krizisin fonunda təsiri getdikcə güclənməkdə olan depressiv naturalizmə, qismən də arasıkəsilməz, xüsusilə amansız Birinci Dünya Müharibəsinə görə insan ilə insan, insan ilə təbiət, insan və mənəvi paklıq münasibətlərini tədqiq etməsi və qərar verməyə çətinlik çəkməsi diqqətli oxucunun nəzərindən yayınmayacaq.
Stefan Svayq demişdir ki, Timmermansın “Palliter” əsəri bir simfoniyadır, oxucu ondan məhz bu şəkildə həzz almalıdır. Əsər səslənən bir musiqi kimi sizi nəşələndircək, hər keçən bölüm oxucuya israrla dərdini-ələmini unutduracaq, onu rəqs etməyə dəvət edəcək.
Romanın qəhrəmanı təbiət aşiqi, istədiyi həyatı yaşamağa, hər gündən doya-doya həzz almağa çalışan, kiçik şeylərdən xoşbəxt olan, kənddə yaşayan dəyirmançı Palliterdir. Gülərüz və təbiət aşiqi Palliterin neçə yaşı var, əvvəlki həyatı necə olub ? – biz bunları bilmirik, lakin onun Nete çayının sahilindəki balaca bir fermada bacısı Şarlotla birgə yaşadığını əsərin elə ilk səhifələrindəcə öyrənirik. Şarlot ona ev işlərində, təsərrüfatı idarə etməkdə kömək edir. Bayram günlərinin birində Palliter Marieke ilə tanış olur, ilk baxışdaca ona vurulur. Ona qoynunda yaşadığı təbiəti, ürəkaçan mənzərələri göstərir. Marieke də ona aşiq olduğuna görə artıq toy çaldırmağa heç nə mane olmur. Toydan sonra sevgililər içki və yeməklə dolu olan bir gəmi ilə bal ayına yollanırlar. Bununla da onların saf sevgilərinə kölgə düşməyə başlayır.
Timmermans bu əsərində canlı xəyalları sözlərlə ifadə edərək “tutmağı” bacarıb. Yazıçı əsərinin melodiyası ilə milyonlarla oxucusunu nəhəng xalq rəqsinə qoşulmağa şirnikləndirib.
Dünyanın 20-dən çox dilinə çevrilən əsəri dilimizə Anar Rəhimov orijinaldan tərcümə edib. Əsər “Alatoran” nəşriyyatında çap edilib.