Fernanda Melçor daha çox “Qasırğa Mövsümü” romanı ilə tanınan venesuelalı yazıçıdır. O, bu əsərinə görə “Anna Zegers Mükafatı”nı qazanıb və “Beynəlxalq Buker Mükafatı”nın qısa siyahısına düşüb. Həmçinin, sözügedən əsərin “Netflix” platforması üçün adaptasiyasına da start verilib. Verakruz Universitetinin Jurnalistika fakültəsini bitirən müəllif “The Paris Review”dan “GQ Latinoamerika”yadək bir çox məşhur nəşrlə əməkdaşlıq edib.
Tramvaydan düşmək istəyirəm, amma ürək eləmirəm. Yaxınlaşdığımızı bilirəm, çünki daşla dolu yarğanlar görünməyə başlayıb. Elə bil, Adelfanın yaşadığı məhəllənin evləri palçıqdan və qaya parçalarından tikilib. Nə pəncərələrdə şüşə, nə də damlarda kirəmit var. Məhəllə itləri qırıq dişli və palçıqlı ağızlarını böyük-böyük açıb arxamızca düşüblər.
Kəlləmi çatlatsam da, beynim reyslərə dağılsa da, ölsəm də, tramvaydan indi düşmək istəyirəm. Çünki indi ölsəm, daha heç bir sirr saxlamalı, kiməsə verdiyim sözləri tutmalı olmayacağam. Adelfa dəliyə dönərdi, atam kədərdən ölərdi, amma mən azad olardım. Tramvaydan düşüb çoxlu qan itirdiyim üçün ölsəm, Adelfa keçəl qalanadək saçlarını yolardı. Xəstəxanadan uşaqsız qayıtdığı gün elədiyi kimi. Atam isə hər kəs tərəfindən unudular, ruhlar və toz basmış mebellər arasında qocalardı.
Bəs ölməsəm? Tullanıb sadəcə zədələnsəm, ağzı-gözü əzilmiş səfehə dönsəm? Bədənimi idarə etmək üçün məni də dal otaqda oturacağa bağlasalar? Atam anamın əziyyət çəkmədiyinə, onun beynini elektriklə müalicə elədiklərinə and içərdi. Adelfa isə məni sinəsinə sıxıb qucaqlayar, mahnı oxuyar, qışqırıqları eşitməməyim üçün barmaqları ilə qulaqlarımı bağlayardı.
Kaş Adelfa əlimi buraxaydı, yaylıqla ovucumu qurulamaq istəyirəm. Tər alnımdan, yanaqlarımdan süzülüb saçımın dibindən çənəmə qədər axır. Kaş nifrət etdiyim ağır döşlərim büsthalterin altından bu cür dik durmayaydı; kaş yanlarım və qarnım balacalaşıb dümdüz, qıvrımsız olaydı. Kaş məni bu qədər istiləndirən və topuqlarımı iyrənc göstərən corabları geyinməyə məcbur olmayaydım. Adelfa barmaqlarımı sıxıb təbəssümlə mənə yaxınlaşır. Deyəsən, sürücü bütün bu vaxt ərzində ayaqlarıma baxırmış. Gülümsəyirəm, amma boğazımda boşluq hiss edirəm, sanki udduğum bütün hava bu boşluqdan sızıb gedir.
Adelfa həyəcanıma o qədər bələddir ki, əlini bir saniyəlik boşaltsa, qaçacağımı, çox düşünmədən tramvayın arxa qapısından tullanacağımı bilir. Kobud əlləri ilə çənəmi sığallayıb mənə “şahzadə”, “gözəl qızcığaz” deyib könlümü alır. Deyir ki, hər şey yaxşı olacaq, tezliklə onun məhəlləsinə çatacağıq, yuxu yozan hindlini tapmaq elə də çətin olmayacaq.
Başımı onun ətəyində gizlətmək, üzümü onun qarnına sıxmaq istəyirəm. Ruhların iniltisi yuxularıma qarışdığı gecələrdə də qorxudan titrəməmək üçün Adelfanın yatağına sürünürəm. Atam bunun işlərini görmək üçün zirzəmiyə girən pişiklərin miyoltusu olduğunu deyir, amma Adelfa ilə mən bilirik ki, bu dəhşətli qıyyaların səbəbi nə pişik, nə də yer üzündə yaşayan başqa heyvandır. Hər yerə tələlər və zəhər qoymuşuq, amma hələ bircə ziyanverici belə tuta bilməmişik. Adelfa deyir ki, bunlar ərafdakı ruhların fəryadıdır, Allah onları bizə öz günahlarımızın cəzasını çəkmək üçün çatdırır. Buna görə ikimiz də hər gecə yüksək səslə Məryəm Anaya, İsaya, Allaha, Müqəddəs Martin de Porresə, Müqəddəs Faddeyə, Müqəddəs Ramon Nonatoya dua edib bağışlanma və mərhəmət diləyirik. Biz onların şəkillərini yapışdırdığımız komodun önündə diz çökərək dua edirik, amma şeytani səs-küy dinmək bilmir. Adelfanın dediyinə görə, günahlarımız o qədər ağırdır ki, səsimizin buludları keçib səmadakı müqəddəslərin qulağına çatması üçün üç min dua oxusaq belə bəs eləməz.
Adelfa həmişə mənimlə yaxşı rəftar edir. Öz yatağına buraxır və qolları ilə məni yorğan kimi sarır. Onun dərisindən isti çörəklə yağ, karamellə çürük meyvə iyi gəlir. Adelfa barmaq ucları ilə dairəvi xəttlər çəkərək saçlarımı sığallayır, bu spirallar qarışqalara çevrilib qollarımın, ya da göbəyimin altında yoxa çıxır və mən bir anlıq ağzımdakı qorxu dadını və ya dəhşətli sirrin ağırlığını unudub qıdıqlanır, gülürəm.
Sürücü siqnala basır, amma nə tramvayı saxlayır, nə də yeni sərnişin mindirir. Adelfa ilə ikimizik. Onun əyilmiş qamətinə, poladdan oyulmuş maska kimi sərt üzünə baxıram, içimdə onu öpmək arzusu baş qaldırır, amma bilirəm ki, buna icazə verməyəcək. Ən azından, arzuları yerinə yetirmək kimi şeytani güclərə malik olduğu deyilən cadugərlə danışanadək.
Tramvaydan tullanmaq istəyirəm, çünki sirrimi heç kimlə bölüşmək istəmirəm. Nə Adelfa ilə, nə atamla, nə anamın həkimi ilə, nə də insanların ruhunda ilahi yuxuları axtaran hindli ilə. Adelfa əlimi sıxır, gülümsəyir, sakit baxışlarla məni süzür. Papağın altından gözəl qızılı qıvrımları görünür. Onun boynundan tutub dodaqlarına yapışmaq, barmaqlarımla müqəddəs bədəninə toxunmaq üçün kişi olmaq istərdim. Özümü onda yox etmək, qan dənizində boğulmuş balaca oğlunu qaytarmaq istərdim.
Tramvay dayanır. Adelfa əlimi tutur. Lampa onun qaşlarını işıqlandırır. Eşitdiyim ulaşmalar yuxumu həmişəlik əlimdən alsa belə, onun yanında qalmaq üçün ruhumu şeytana satmağa hazıram.
İspancadan çevirən: İlahə Əkbər