Sim-sim.az Fidan Fərzəliyevanın Xalq yazıçısı Kamal Abdullanın “Sehrbazlar dərəsi” romanı haqqında yazdığı “Təkcənələr diyarı” yazısını təqdim edir.
Xalq yazıçısı Kamal Abdullanın “Sehrbazlar dərəsi” romanı Şərq nağıl silsilələri üslubundadır. Hadisələr bir-birinə elə calanır ki, bir hissəni oxuduğun yerdə digər, tamam fərqli hissə qəfildən peyda olur və oxucu hadisələri daha diqqətlə izləməyə çalışır. Hə, bax bu məqamlarla qarşılaşanda mənə əvvəlcədən deyilənləri bir daha xatırladım. Ki, deyilmişdi axı, aram-aram, düşünərək oxu! İlk səhifələrdə bu “xəbərdarlığa” məhəl qoymadığım üçün sonrakı səhifələrdə mənim üçün hər şey qarışmışdı.
Sevinərək deyə bilərəm ki, nəinki əsəri oxumağı dayandırdım, hətta bitəndən sonra yenidən oxudum. Axı sadəcə yarısını başa düşmüşdüm. O da necə? Sonları o qədər gözəl idi ki, romana bir daha səyahət etməmək olmazdı.
“Sehrbazlar dərəsi” ruhlarla, qeyri-real qüvvələrlə bağlı oxuduğum neçəmincisə əsərdir. Real olmayan (əlbəttə ki, mənə görə) hadisələrə yer verilən əsəri oxumam daha da maraqlıdır.
* * *
Bütün sehrbazlar həmin o məşhur dərədə toplaşıblar. Orda həyat bir başqa cürdür. Onlar şad-xürrəm yaşamaqdadır. Ya da ki, mənə elə gəldi. Orda adı paltar əvəzinə geyinirlər. Orda sehrbazların təkcənəlik vaxtı var. Bu vaxtda hər bir sehrbaz, təbii ki, istədiyi vaxt təkcə qalmağı seçir, özü nə ilə istəyirsə, o işlə məşğul olur. Belə başa düşdüm ki, şəxsi meditasiya kimi bir şeydir. Bu vaxt onlar üçün müqəddəsdir və heç kim o vaxt onları narahat edə bilməz.
İndi isə mən “təkcənəlik vaxtı”ma çəkilmiş olaraq təhlilə davam edirəm…
Əsərin surətlərindan Karvanbaşını, Xacə İbrahim ağanı, cəllad Məmmədqulunu, Səyyah sehrbazı hadisələrdə çox görürük. Əvvəldə də qeyd etdiyim kimi, əsərdə hekayət hekayətə elə calanıb ki, çətin ordakı kimi ardıcıllıqla şərh edə biləm. Amma öz beynimdə necə yer tutublarsa, elə də davam edirəm.
Karvanbaşı atası Məmmədqulunun ruhunu çağırmaq fikrinə düşüb. Bu heyndə də yaxın adamı Xacə İbrahim ağa daim onun köməyindədir. Bir şey maraqlıdır ki, bu yerdə ruh çağırmaq fikri hardan gəlib düşüb Karvanbaşının ağlına?! Məncə, yüz faiz yuxuda görüb. Yuxudamı görüb, hardansamı eşidib, dəqiq deyə bilmərəm. Amma axırda bu axtarışın sonu ona baha başa gələcək. İndidən dedim, bilin ki, sonra deməyə başqa şeylər çox olacaq.
Karvanbaşı, Xacə İbrahim ağa karvanları ilə birlikdə ona görə Sehrbazlar dərəsinə üz tuturlar ki, ordan bir sehrbazı gətirib, ruhu çağırsınlar. Əsərin bu yerlərində inanmırdım o ruh gələcək. Həmçinin elə bu maraq da sürətlə oxumağa sövq edirdi məni. Məndən fərqli olaraq, Karvanbaşı buna qəlbən inanırdı.
Xacə İbrahim ağa Sehrbazlar dərəsinə enə bilir və ordan bir sehrbazı onunla gəlməyə razı salır. Uzun yolçuluqdan sonra Karvanbaşının istəyinin bir hissəsi reallaşmışdı. Həm də sehrbaz onları inandırır ki, ruhu çağıra biləcək. Tək maneə qalır, o da göyün rəngi. Düzdür, qəribə səslənsə də, belədir. Səyyah sehrbaz deyir ki, göyün, yəni səmanın rəngi ruhun çağırılması üçün uyğun – o istəyən rəngdə olmalıdır. Yazıq Karvanbaşı və Xacə İbrahim ağa fikirləşir ki, ay Allah, o hansı rəngdir, görəsən? Səyyah sehrbaz da onlara o rəngin necə olduğunu demir. Bəs deyə bilərsiniz ki, niyə heç ruhunun çağırılması arzulanan cəllad Məmmədquludan danışmırsan?..
Məmmədqulunun atası o uşaq olan zaman quldurlar tərəfindən öldürülür. Halbuki, elə deyildi. Sonradan aydın olur ki, kişinin öz arvadı və onun əmisi oğlu əlbir olub onu öldürüblər. Məmmədqulu biraz yetkin yaşa çatanda artıq hər şeydən aşina olur və bu hadisələrə biganə qalmır. Deməli, birinci anasını quyuya itələyir, yəni o biri dünyaya göndərir. Sonra da atasının yerini almağa çalışan o kişinin də xətrinə dəyməyib göndərir anasının yanına. Bu onun cəlladlıq yolunda ilk “məharəti” idi. Sonra başlayır dağda – daşda qaçaqçılığa. Nəhayət, gəlib çıxır şahın hüzuruna. Başlayır sarayda xidmətə. Cəlladbaşı kimi. Necə deyərlər, işini rəsmiləşdirir. Bu işi elə ustacasına bacarır ki, şahın sadəcə bir baxışından bilir ki, kimə hansı cəzanı verməlidir. Cəzanın sirri baxışdan-baxışa keçir.
Cəllad Məmmədqulu həmişə belə davam etsəydi, həyat onun üçün daha asan olacaqdı. Nəyi də olmasa, ad-sanı vardı. Heyif, çox davam etmədi. Hər aşığın bir dövranı var. Qoşunun məğlub olduğu şəhərdə vurulur Pərnisə adlı gəlinə. Elə o vaxtdan da unudur cəlladlıq sevgisini.
Bir də Məmmədqulunun bir oğulluğu vardı. Adı da Şahverən. Şah vermişdi, axı. Bir gün yenə kiminsə başını vuranda, həmin zavallının uşağı qalıbmış qıraqda. Şah deyib ki, götür, olsun sənin. Məmmədqulu onu öz övladı kimi çox istəyirdi. Pərnisəyə olan sevgisi onun üçün heç yaxşı olmayacaqdı. Xəbər gedib şahın qulağına çatdı ki, bəs cəllad Məmmədqulu şəhəri bizimlə birlikdə tərk etmək istəmir, burda qalmaq istəyir. Şah yaxşı bilirdi onu necə cəzalandıracaq.
Karvanbaşının anası Pərnisədir. Bir gün şirin yuxudan möhkəm səsə oyanan Məmmədqulu çölə çıxanda nə ilə qarşılaşsa, yaxşıdır? Çuvalın içində oğulluğu Şahverənin başı bədənindən ayrı cəsədi. Va-aay! Dünya başına fırlanmadımı? Fırlandı. Canından can getmədimi? Getdi. Sonradan cəllad qəhrəmanımızın ağlına nə gəlirsə, uğruna fədalar etdiyi Pərnisəni də qayadan atır.
İndi qayıdım Səyyah sehrbazın Məmmədqulunun ruhunu çağırmasına. Səyyah sehrbazın beyninə nə verir, nə vermir, deyir ki, göyün rəngi müsaitdir, bu axşam toplaşaq. Axşam Xacə İbrahim ağa, Karvanbaşı və sehrbaz bir otağa yığışırlar.
Bu yerdə bəzi şeylər demək istəyirəm, birazdan qayıdacam. Əsərdə Ağ dərviş, Seyid Sarı kimi ilahilərin adı çəkilir və haqlarında uzun-uzadı danışılır. Deməli, Ağ dərviş azad fikirli, üsyankar təbiətli olduğu üçün, həm də dediyi ilə razılaşmadıqlarına görə onu edam edirlər. Şəyirdləri də onun qisasını almaq üçün özlərini qayadan atırlar. Niyə? Çünki sadəcə onlar dərvişin bildiyi çox şeyi bilirdilər. Bunu etdilər ki, heç kim onlardan yararlana bilməsin. Amma onlar 23 nəfər canlarına qəsd edəndə 24-cü şəyird onlara qoşulmur. O da kimdir, kimdir? … Səyyah sehrbaz. Səyyah sehrbaz da onların düşündüklərinin əksinə hərəkət edir və bildikləri ilə faydalı olmağa çalışır.
Ağ dərviş Allahın sırdaşı idi. Ölümdən əvvəl ruhun bədəni tərk etməsini məhz o icad edib.
Sehrbazlar dərəsi Çərxi-fələk diyarı da adlandırılır. O diyarda bucağı olan hər şey qəbuledilməzdir. Ordan çıxıb başqa ölkəyə getmək mümkün deyil. Lakin bunu ancaq Səyyah sehrbaz bacarır…
***
Dönək ruhun çağrılacağı otağa.
Səyyah sehrbaz öz aləmində ruhu çağırır: “Sən ölmüşün, ərinmə, gəl”. “Sən hələ bunun ruhla rəftarına bax” – deyirdim ki, sonra fikrimi dəyişdim. Çünki ruh o xitabdan sonra artıq gəlmişdi. Gəlmişdi gəlməyinə, amma heç kimin gözləmədiyi tərzdə. Başlamışdı ağzına nə gəldi danışmağa. Sözün əsl mənasında ağzına gələni danışırdı. Bu vaxt Karvanbaşının gələn səsə ürəkdən “ağam” deyə müraciət etməsi necə də ümidverici idi.
Artıq Səyyah sehrbaz öz aləmində idi. Deyəsən, təkcənəlik vaxtında idi. Məmmədqulunun ruhunun sadəcə səsi gəlirdi. Onun birdən Karvanbaşıya “gicinəqulu” adı ilə müraciət etməsindən sonra oğul əmin oldu ki, qarşısındakı atasının ruhudur. Düzdür, atası o çox uşaqkən öldürülmüşdü. Onu nənəsi saxlamış, elə o ona demişdi ki, atan sənə “gicinəqulu” deyərdi. O nənə var ha, nəvəsini intiqam yanğısı ilə böyütmüşdü. Özü Məmmədquludan qisas almaq istəyirdi, nə idisə, uşağa ancaq atasının intiqamını almasını öyrədərdi. Buna sürükləməklə uşağın gələcək arzu olunmayan taleyini cızırdı əslində…
Məmmədqulunun ruhu əvvəllərdə nə danışdığını bilməsə də, sonradan dediyi bir neçə fikirdə məntiq vardı. Oğlunun “ağa, intiqamını alacam” deyişinə “Nə danışırsan? Nə intiqam? Nəyin intiqamı? O biri dünya burdan yaxşıdır” deməsi insanı fikrə daldırıb düşündürür.
Karvanbaşı deyirdi ki, alacaq atasının intiqamını. Əslində almağa başlamışdı. Artıq zəhər saçan əsanı çoxdan şaha hədiyyə etmişdi. Məmmədqulunun ruhundan ağıllı fikirlər çıxırdı. Deyir – “Ay gicinəqulu, intiqamla yaşamaq olmaz. Həm məni indiki padşahın babası öldürüb, bunun nə günahı var axı?”. Deyəsən Karvanbaşı atasının fikri ilə razı olmağa başlamışdı. Amma gec idi. Darvazalar döyülməyə başladı. Şah intiqamdan duyuq düşmüşdü. Darvazada əsgərlər necə qışqırıq salmışdılarsa… Nəyə görə? Gəlmişdilər Karvanbaşının harayına. Əslində Karvanbaşı şahın güvənilən adamlarından idi. İntiqam arzusunu saymasaydıq.
Çöldəki haray-qışqırığı eşidən ruhun oğluna son məsləhəti oldu. Dedi: “Onsuz da yaxa qurtara bilməyəcəksən, yaxşısı, götür divardakı xəncəri, sapla ürəyinə.” Karvanbaşının lap ürəyincə oldu bu məsləhət. Həməncə də yerinə yetirdi.
Bu qədərmi asan idi həyatı tərk etmək, Karvanbaşı? Hara getdi sənin intiqamın? İntiqam bir yana, gözləməzdim belə tez vaz keçməyini. Deməli belə, Karvanbaşı ilk və son dəfə atasının sözünə qulaq asdı, o da bu oldu nəticəsi.
İndi Karvanbaşı öldü, ruh da kı gəldiyi yerə qayıtdı. Karvanbaşının qalırdı arvadı və bir uşağı.
Şahın əsgərləri qapıdan keçib gəldilər. Elə yoldaca Xacə İbrahim ağanı əzdilər (öldürdülər). Arvadı da öldürdülər. Sonra gəlib Karvanbaşının ölü bədənini gördülər. Yadlarına düşdü ki, şah onun başını bədənindən ayrı istəyib. Şahın istəyini oradaca yerinə yetirdilər. İndi başladılar Karvanbaşının balaca oğlunu axtarmağa. Tapa bildilərmi? Xeyr… Səyyah sehrbaz onu sinəsinə basıb çoxdan aradan çıxmışdı. Hara? Sehrbazlar dərəsinə…